Parisdə UNESCO-nunQeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”nın iştirakçı dövlətləri Baş Assambleyasının 5-ci sessiyası keçirilir

 

İyunun 2-də UNESCO-nun Parisdə yerləşən baş qərargahında “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 5-ci sessiyası işə başlamışdır.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiyada UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 2012-ci ildən 2014-cü ilədək fəaliyyətinə dair hesabat, reprezentativ siyahıya daxil edilmiş elementlərin mövcud vəziyyəti haqqında məruzələr dinlənilir. Sessiyada, həmçinin sözügedən komitənin üzvləri seçiləcəkdir.

Müzakirə ediləcək əsas məsələlərdən biri də 2015-ci ildən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına və Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil ediləcək elementləri qiymətləndirən strukturun dəyişməsi məsələsidir. İndiki halda bu struktur iki hissədən - köməkçi orqan və məşvərətçi orqanlardan ibarətdir. Təklif qəbul ediləcəyi təqdirdə isə bu struktur bir təsisatdan - qiymətləndirici orqandan ibarət olacaqdır.

Qeyd olunan struktur dəyişikliyi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 2013-cü il dekabrın 2-dən 7-dək Bakıda keçirilmiş VIII sessiyasında da təklif edilmişdir.

Sessiya öz işini iyunun 5-də başa çatdıracaqdır.

 

Azərbaycan.-2014.- 5 iyun.- S.12.