Bodrumda Türkdilli Dövlətlərin
Əməkdaşlıq
Şurasının IV Zirvə
toplantısı keçirilmişdir
Azərbaycan Prezidenti İlham
Əliyev Zirvə toplantısında iştirak etmişdir
Iyunun 5-də Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak etmişdir.
Türkiyə Prezidenti Abdullah Gül Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.
Sonra prezidentlər birgə foto çəkdirdilər.
Zirvə toplantısında iştirak edən dövlət
başçılarını bir daha salamlayan Türkiyə
Prezidenti Abdullah Gül türkdilli dövlətlərlə əlaqələrin
genişlənməsində bu təşkilatın
böyük rolu olduğunu bildirdi. Qeyd etdi ki, təşkilat
çərçivəsində dövlət
başçıları arasında əlaqələr də səmərəlidir
və bu da öz növbəsində ikitərəfli
münasibətlərin inkişafına xidmət edir. 2009-cu ildə Naxçıvan Zirvə
toplantısında təsis olunan Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının ötən
dövrdə böyük inkişaf yolu keçdiyini deyən
Abdullah Gül builki Zirvə toplantısının
mövzusunun turizmə həsr olunduğunu diqqətə
çatdırdı. Bu istiqamətin
ölkələrimiz arasında işbirliyinin genişlənməsində
mühüm rol oynayacağını vurğuladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev
çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Əziz qardaşım, hörmətli Prezident Abdullah
Gül.
Hörmətli dövlət başçıları.
Əziz dostlar.
Cənab
Prezident, ilk növbədə bizə göstərdiyiniz qonaqpərvərliyə
və bu Zirvə toplantısını yüksək səviyyədə
təşkil etdiyinizə görə Sizə minnətdarlığımı
bildirmək istəyirəm.
Deyə bilərəm ki, bu gün biz sədrliyi
Türkiyəyə təhvil veririk. Bir il bundan əvvəl
Qəbələ şəhərində
Qırğızıstandan Şuraya sədrliyi təhvil
almışıq və il ərzində
çalışmışıq ki, Şuranın işi
uğurlu olsun. Hesab edirəm ki, il ərzində
görülən işlər bizim birliyimizi daha da möhkəmləndirəcəkdir.
Əlbəttə ki, növbəti dövr
üçün Türkiyəyə sədrlik işində
uğurlar arzulayıram.
Keçən
il ərzində müxtəlif istiqamətlər
üzrə əməkdaşlığımız davam
etmişdir. Bu gün sadəcə olaraq bir
neçə məqamı qeyd etmək istərdim. İl ərzində BMT Məclisi çərçivəsində
xarici işlər nazirlərinin görüşü
keçirilmişdir. Bu, Şuranın
siyasi məsələlərinin həlli üçün
önəmli bir addım idi. Eyni zamanda,
iqtisadi sahədə görülən işlər də təqdirəlayiqdir.
Biznes forum keçirilmişdir. Diaspor təşkilatlarının fəaliyyətini
təkmilləşdirmək üçün önəmli
addımlar atılmışdır. Təhsil,
nəqliyyat nazirlərinin görüşləri
keçirilmişdir. Çox şadam ki,
Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti
və İrsi Fondunun yaradılması da artıq
reallaşır. Əminəm ki, bu Fond
yaranandan sonra müxtəlif layihələri, mədəniyyətlə,
incəsənətlə, ortaq tariximizlə bağlı tədbirləri
keçirmək üçün yaxşı imkanlar
olacaqdır.
Eyni
zamanda, qeyd etməliyəm ki, keçən il
Qəbələdə Azərbaycan tərəfi bir təşəbbüslə
çıxış etmişdir ki, biz beynəlxalq turizm sərgilərində
birgə stendlərlə çıxış edək. Şadam ki, artıq birinci addım
atılmışdır. Bakıda
keçirilmiş beynəlxalq turizm sərgisində Əməkdaşlıq
Şurasına üzv ölkələrin birgə fotostendi də
nümayiş etdirilmişdir. Yəni, bu,
birinci addımdır. Hesab edirəm ki,
növbəti illərdə biz başqa ölkələrdə
birgə turizm potensialımızı təqdim etməliyik.
Bunun həm də birliyimiz üçün
önəmi vardır. Çünki bu,
birliyimizin bir təzahürü və praktik nöqteyi-nəzərdən
önəmli addım olacaqdır. Biz
dünən söhbət əsnasında bu barədə fikir
mübadiləsi aparmışıq.
Mən bu gün xüsusilə TÜRKSOY-un fəaliyyətini
yüksək qiymətləndirmək istəyirəm. Çünki
TÜRKSOY bizi mənəvi cəhətdən, mədəniyyət
sahəsində birləşdirən təşkilatdır.
Bizim birliyimizin təməlində əlbəttə
ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır
və bu gün biz bu möhkəm təməl üzərində
gözəl əməkdaşlıq yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə
də fəaliyyətini gücləndirmək
üçün əlimizdən gələni edəcəyik.
Əlbəttə, siyasi məsələlərin həllinə
gəldikdə, beynəlxalq təşkilatlarda
qarşılıqlı dəstəyə böyük ehtiyac
vardır. Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda
bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də,
İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı
çərçivəsində bir-birimizin dəstəyini
hiss edirik, görürük.
Eyni zamanda, ölkələrimizin üzv
olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq
Şurasına üzv ölkələrin fəaliyyəti də
böyük önəm daşıyır. Mən bu
gün xüsusilə hörmətli Nursultan Nazarbayevin
addımını qeyd etmək istəyirəm. O, bu
yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis
toplantısında Ermənistanın bu təşkilata
üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin
narahatlığını ifadə etmişdir. Biz
buna görə hörmətli Nursultan Abişeviçə
minnətdarlığımızı bildirmək istəyirik.
Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.
Bu, əsl dostluq, qardaşlıq addımı
idi. Eyni zamanda, bu addım ədalətə
və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT
tərəfindən tanınan sərhədləri
toxunulmazdır. Ölkələrin ərazi
bütövlüyü toxunulmazdır. Ərazi
bütövlüyü hər bir ölkənin suverenliyini əks
etdirən əsas məsələdir.
Bildiyiniz kimi, Azərbaycanın ərazi
bütövlüyü uzun illərdir ki, pozulubdur. Ermənistan
Azərbaycana qarşı işğalçılıq siyasəti
aparır. Bu siyasət nəticəsində
20 faiz torpağımız işğal altındadır, bir
milyondan artıq qaçqın-köçkün vardır.
Bizə qarşı etnik təmizləmə
siyasəti aparılmışdır, Xocalı
soyqırımı törədilmişdir. Bu gün dünyanın 10 ölkəsi Xocalı
soyqırımını rəsmən soyqırımı kimi
tanıyır.
Beynəlxalq təşkilatların bu məsələ ilə
bağlı mövqeyi bəllidir. BMT Təhlükəsizlik
Şurası Ermənistan işğalçı qüvvələrinin
Azərbaycan torpaqlarından qeyd-şərtsiz
çıxarılmasına dair dörd qətnamə qəbul
etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr
bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı,
Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq
Təşkilatı – bütün bu mötəbər təşkilatlar
öz qərar və qətnamələrində ədaləti,
beynəlxalq hüququ və əslində Azərbaycanın mövqeyini
dəstəkləmişlər. Ancaq əfsuslar
olsun ki, işğalçı ölkə buna məhəl
qoymur və işğal davam edir. Bu məsələnin həlli
yalnız beynəlxalq hüququn norma və
prinsipləri üzərində mümkündür. BMT Təhlükəsizlik Şurasının dörd
qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Ölkəmizin ərazi bütövlüyü bərpa
edilməlidir və soydaşlarımız öz dədə-baba
torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq
ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları
işğal edilmiş torpaqlara iki dəfə səfər
etmişlər və onların məruzələrində orada
bütün dağıntılar öz əksini
tapıbdır. O cümlədən bizim tarixi, dini abidələrimiz
ermənilər tərəfindən vəhşicəsinə
dağıdılıbdır.
Bu münaqişə böyük regional təhlükədir,
eyni zamanda, bizim üçün iqtisadi cəhətdən də
böyük problemlər yaradır. Buna baxmayaraq, Azərbaycan
iqtisadiyyatı son illərdə uğurlu inkişaf
dövrünü yaşayır. Hesab edirəm
ki, biz Şura çərçivəsində iqtisadi əməkdaşlığı
daha da dərinləşdirməliyik. Bu sahədə
investisiya layihələrinin icrası xüsusi önəm
daşıyır. Deyə bilərəm
ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə
investisiya qoymağa başlamışdır. Növbəti
5-6 il ərzində bu investisiyaların həcmi
ən azı 20 milyard dollar olacaqdır. Hesab edirəm
ki, qarşılıqlı investisiyaların qoyuluşu həm
bizim maraqlarımızı təmin edəcək, eyni zamanda,
birliyimizi daha da möhkəmləndirəcəkdir.
Biznes forumların keçirilməsi, investisiya
imkanlarının araşdırılması,
üçüncü ölkələrə birgə
investisiya layihələri ilə çıxmağımız
hesab edirəm ki, növbəti dövr üçün diqqətəlayiq
məsələlərdən biridir.
Eyni zamanda, bizim birliyimizi nəqliyyat infrastrukturu ilə
möhkəmləndirmək üçün Azərbaycan
öz səylərini qoyur. Bakı-Tbilisi-Qars dəmir
yolunun tikintisi tarixi hadisədir. Əminəm
ki, gələn ildən başlayaraq bu yol açıq
olacaqdır. Beləliklə, yeni dəmir
ipək yolu bərpa ediləcəkdir. Bu
layihənin həyata keçirilməsi Şuranın
bütün üzvləri üçün əlavə fayda gətirəcəkdir.
Çox şadam ki, həm Azərbaycanda, həm
Qazaxıstanda, həm Türkmənistanda mövcud olan limanlar
genişləndirilir. Eyni zamanda, Xəzərdə
yeni ticarət limanları tikilir ki, gələcəkdə biz
yük daşımalarının artırılmasına tam
şəkildə hazır olaq. Limanların,
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ticarət dövriyyəsinin
artırılması, əlavə yüklərin və
mövcud olan yüklərin bu yolla nəqli iqtisadi
maraqlarımızı artıracaqdır, eyni zamanda, işimizi
konkret tədbirlərlə zənginləşdirəcəkdir.
Enerji sahəsində əməkdaşlıq
uğurludur. Bu gün Azərbaycan Xəzərin şərq
sahilindən Qərb istiqamətinə neft məhsullarının,
neftin nəqlini təmin edir, yəni, tranzit rolunu oynayır.
Bakı-Tbilisi-Qars dəmir yolu işə
düşəndən sonra bu rol daha da artacaqdır. Biz enerji sahəsində əməkdaşlığı
daha da dərinləşdirmək əzmindəyik. Buna nail olmaq üçün bütün
imkanlar vardır. Bizi birləşdirən
coğrafiya geniş coğrafiyadır. Bizim
ölkələrimizin bir neçəsi təbii resurslarla zəngindir.
Bu resurslar artıq müxtəlif yollarla
dünya bazarlarına çıxarılır. Yəni, həm Türkmənistanın, həm
Qazaxıstanın, həm Azərbaycanın müstəqil və
çoxşaxəli ixrac yolları vardır. Yəni, heç bir ölkə ixracla bağlı
heç bir problem yaşamır. Ancaq
maraqlarımızı daha da dolğun şəkildə təmin
etmək, birliyimizi möhkəmləndirmək
üçün biz bu sahədə birgə tədbirləri
görməliyik və əminəm ki, görəcəyik.
Beləliklə, əməkdaşlığımız
növbəti illərdə daha da möhkəm olacaqdır. Yeni təşəbbüslər
irəli sürüləcəkdir. Hesab
edirəm ki, müəyyən mərhələdə biz birgə
investisiya fondunun yaradılması haqqında da
düşünməliyik. Çünki
ölkələrimizin maliyyə vəziyyəti çox
sabitdir, yaxşıdır. Biz heç bir
problem yaşamırıq. Hətta
özümüz də başqa ölkələrə kredit
verməyə başlamışıq.
Bir daha qeyd etməliyəm ki, Azərbaycan Şuradakı
fəaliyyətinə çox böyük əhəmiyyət
verir. Biz çox şadıq ki, Şura artıq
güclü bir beynəlxalq təşkilata çevrilib.
Əminəm ki, qardaş Türkiyənin sədrliyi
ilə biz yeni uğurlara imza atacağıq. Təşəkkür edirəm.
X X X
Zirvə toplantısında iştirak edən digər
dövlət başçıları da çıxış
etdilər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısına yekun vuran
Türkiyə Prezidenti Abdullah Gül tədbirdə müzakirə
olunan məsələlərin türkdilli dövlətlər
arasında əməkdaşlığın daha da genişləndirilməsinə
yeni təkan verəcəyini vurğuladı.
Prezident Abdullah Gül V Zirvə toplantısının
Qazaxıstanda keçiriləcəyini bildirdi.
Sonra dövlət başçıları Zirvə
toplantısının birgə Bəyannaməsini, Türk
Şurası baş katibinin və müavinlərinin təyin
olunması, eləcə də Türk Akademiyasının
prezidentinin seçilməsi ilə bağlı qərarı
imzaladılar.
Qərara əsasən, Ramil Həsənov Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının yeni baş katibi seçildi. Türk
Akademiyasının prezidenti vəzifəsinə isə Darxan
Kıdırəli təyin olundu.
Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısı işini
başa çatdırdı.
AzərTAc
Azərbaycan.-2014.- 6 iyun.- S.1-2.