Novruz Məmmədov: Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısındakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoymuşdur

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bodrumda keçirilən IV Zirvə toplantısı başa çatmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov toplantının nəticələri ilə bağlı AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantılarının keçirilməsi ənənə halı almışdır. Türkdilli dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 2009-cu ildə Azərbaycanın qədim Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi barədə qərar qəbul olunmuşdur. Təşkilat ötən dövrdə əhəmiyyətli inkişaf mərhələsi keçməklə bərabər, dəqiq hədəflər müəyyən edə bilmişdir. Bodrumda keçirilən IV Zirvə toplantısında türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələri əhatə edən əlaqələrin qurulması üçün imkanların araşdırılmasına dair qərarlar qəbul edilmişdir. Prezident İlham Əliyevin Bodrumdakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoymuşdur. Tərəflər Azərbaycanın sədrliyi ilə təşkilatın ötən dövrdəki fəaliyyətini yüksək dəyərləndirmişlər.

Zirvə toplantısında qəbul olunmuş Bəyannamədə Dağlıq Qarabağ barədə maddənin salınması Azərbaycan üçün əhəmiyyətli bir məsələdir. Digər tərəfdən, qəbul olunmuş qərara əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi vəzifəsini Azərbaycan tərəfi - Ramil Həsənov tutmuşdur. Təşkilata sədrlik Türkiyə tərəfinə keçmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə toplantısının Qazaxıstanda keçirilməsi barədə razılıq əldə olunmuşdur”.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Bodrum

Azərbaycan.-2014.- 6 iyun.- S.4.