Pakistan bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində iyunun 5-də Pakistan İslam Respublikasının Fəlakətlərin İdarə Olunması Milli Agentliyinin sədri Muhammad Saeed Aleem ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Kəmaləddin Heydərov Pakistan nümayəndə heyətinin beynəlxalq konfransda fəal iştirakına görə qonağa təşəkkür etmişdir.

Kəmaləddin Heydərov qeyd etmişdir ki, İslamabad bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləmişdir. Azərbaycan da öz növbəsində beynəlxalq tədbirlərdə dost ölkə olan Pakistana dəstəyini əsirgəməmişdir.

K.Heydərov bildirmişdir ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində ölkələrimizin müvafiq qurumları arasında faydalı əməkdaşlığın geniş perspektivləri mövcuddur. Pakistanlı gənclər mülki müdafiə və yanğınsöndürmə sahələrində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil ala bilərlər.

Pakistanlı qonaq Qəbələdə beynəlxalq konfransın yüksək səviyyədə keçdiyini diqqət çatdıraraq demişdir ki, Pakistan dostqardaş Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuş və həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bunun əksinə olaraq, İslamabad işğalçı Ermənistan ilə diplomatik əlaqələr yaratmamışdır. O, Azərbaycanın fövqəladə hallar nazirinin təkliflərini yüksək qiymətləndirmiş, rəhbərlik etdiyi qurumun azərbaycanlı həmkarları ilə daha sıx əməkdaşlıq etmək istədiyini demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 6 iyun.- S.4.