Uğur vəd edən
görüşlər
XXI Beynəlxalq Xəzər neft və
qaz sərgisində
Builki Beynəlxalq Xəzər neft və qaz sərgisinin həm quruluşundan, həm də məzmunundan qırmızı xətlə keçən mövzu diqqəti çox tez cəlb edir. Bu, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, buradan çıxarılacaq mavi yanacağı Türkiyə ərazisindən Avropa sərhədlərinədək daşıyacaq TANAP və oradan bir sıra ölkələrə nəql edəcək TAP kəmərləri barədədir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərginin açılış mərasimindəki nitqində bu barədə geniş bəhs edilmişdir: "Bu gün "Cənub" qaz dəhlizinin reallaşması böyük dərəcədə "Şahdəniz" yatağının işlənilməsindən asılıdır. Sevindirici hal ondan ibarətdir ki, "Şahdəniz" qaz yatağının işlənilməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. "Şahdəniz-2" layihəsinə start verilib. O vaxta qədər TANAP layihəsi imzalanıb və beləliklə, bizim qarşımızda heç bir maneə yoxdur".
"Şahdəniz-2"-nin reallaşması ilə bağlı olan şirkətlədrən biri "BOS-Şelf"dir. Bu, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsində çalışan, 100 faiz ARDNŞ-yə məxsus olan yerli müəssisədir.
"BOS-Şelf" 2001-ci ildən başlayaraq "Azəri-Çıraq-Günəşli" layihəsi üçün böyük əhəmiyyətli və genişmiqyaslı işlər görüb. Dəniz qurğularının tikintisi kimi məsul bir işin öhdəsindən layiqincə gəlib.
Vaxt var idi burada çalışanların - həm müəssisənin rəhbərliyində, həm də istehsalatda işləyənlərin çoxu əcnəbilər idi. Sonra tədricən onları yerli mütəxəssislər, işçi qüvvəsi əvəz etdi. Müəssisənin ictimaiyyətlə əlaqələr üzrə meneceri Zülfiyyə Şəmiyeva ötən illərə nəzər salaraq dedi ki, "BOS-Şelf" əvvəlcə Fransanın "Byuqz Ofşor", qısa müddətdən sonra isə İtaliyanın "Saypem" şirkəti ilə birgə müəssisə olub. Indi isə ARDNŞ-yə məxsusdur.
Indi bütün dünyanın diqqəti XXI əsrin müqaviləsinə - "Şahdəniz"ə yönəlib. "Şahdəniz-2" layihəsi çərçivəsində işlər vüsət almaqdadır. Artıq bir çox podratçı şirkətlərlə görəcəkləri işlərə aid müqavilələr imzalanıb. "BOS-Şelf"in də üzərinə böyük yük və məsuliyyət düşür. Məsələn, "Şahdəniz" yatağının ərazisində quraşdırılacaq 2 yeni platformanın dayaq bloklarını və digər sualtı qurğularını "BOS-Şelf" şirkəti "Saypem"lə və "Star Gulf"la birlikdə inşa edəcək.
Şirkətin nümayəndələri bütün bunlar barədə sərgiyə gələnlərə məmnuniyyətlə məlumat verirlər. Onlar qarşıdakı işləri yüksək səviyyədə yerinə yetirəcəklərinə əmindirlər. Bu inamı onlarda ötən illərdə topladıqları təcrübə və səriştə yaradıb.
Neft-qaz sərgisinin daimi iştirakçılarından olan "Azfen"in də deməyə sözü çoxdur. Onlardan "Şahdəniz"ə aid olanlar da var.
"Azfen" 1996-cı ilin əvvəlində ARDNŞ-nin və Türkiyənin "Tekfen" şirkətinin təsis etdikləri birgə müəssisədir. O vaxtdan bəri Azərbaycanın neft-qaz sənayesində elə bir mühüm layihə olmayıb ki, "Azfen" orada öz imzasını atmasın. Müəssisə Şimal və Qərb ixrac boru kəmərlərinin çəkilişində, Səngəçal terminalının genişləndirilməsində, "Azəri-Çıraq-Günəşli" platformalarının tikintisində "Tekfen"lə, AMEK-lə alyans yaradaraq mühüm işlər görüb.
Birgə müəssisənin baş direktorunun müavini Vidadi Həsənov sərgini işıqlandıran jurnalistlərə bildirdi ki, indi estafet "Şahdəniz"indir. Belə ki, "Azfen" yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində Səngəçal terminalının genişləndirilməsində, dənizdə quraşdırılacaq iki yeni platformanın inşasında yaxından iştirak edəcək.
"Azfen" istehsalatda, inşaat meydançalarında olduğu kimi, neft-qaz sərgisində də "Tekfen"lə yanaşıdır. Ümumiyyətlə, müəssisənin əməkdaşları neft-qaz sərgisinə önəm verirlər. Çünki burada onlar yeni şirkətlərlə tanış olur, köhnə dostlarla görüşür, gələcək sərmayələr və əməkdaşlıq əlaqələri barədə söhbətlər aparırlar.
Məlumat verildiyi kimi, Bakı Ekspo Mərkəzində sərgi sərgiyə qovuşub. Geniş bir sahədə IV Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi öz ekspozisiyalarını nümayiş etdirir. Bu sərginin iştirakçıları arasında MDB ölkələrindən gəlmiş şirkətlər də çoxdur.
Belarusun "Bylectrica" ticarət brendi ilə məhsul buraxan "Svetopribor" ("İşıq cihazları") şirkətinin ekspozisiyaları qarşısında ayaq saxladıq. Müəssisənin marketinq üzrə aparıcı mütəxəssisi Dmitri Dovnar bildirdi ki, onlar əvvəllər də bir dəfə sərgidə iştirak ediblər. Azərbaycanda iş qurmaq istəyi onları yenidən bu məkana gətirib.
"Svetopribor"un çox da böyük olmayan stendləri qarşısında ara-sıra dəstə-dəstə mütəxəssislər, Bakının sakinləri görünürdü. Şirkətin tanışlıq üçün gətirdiyi, gündəlik məişətdə işlədilən cihazlar hamının diqqətini cəlb edirdi. Mütəxəssislərin fikrincə, "Bylectrica" brendli, kiçik həcmli bu elektrik cihazları və avadanlıqları həm keyfiyyətinə, həm də təklif ediləcək qiymətinə görə Azərbaycan alıcısı üçün çox münasibdir. Ona görə də firmanın meneceri gələcək əməkdaşlığa böyük ümid bəsləyir. Deyir ki, əməkdaşlıq etdikləri Rusiya, Moldova, Litva, Latviya və digər ölkələr sırasına Azərbaycanın da daxil olması onları çox sevindirər.
Dmitri Dovnar çalışdığı müəssisənin bir özəlliyini də qeyd etdi. Bir çox gözdən əlil insanları işə götürdüklərini dedi. Təqdirəlayiqdir ki, bu, məhsulun keyfiyyətinə heç bir mənfi təsir göstərmir. Paradoksa fikir verin: dünya işığına həsrət olanlar insanlara işıq bəxş edən cihazlar hazırlayırlar...
Belarus qonaq Bakını ilk dəfədir görür, onun gözəlliyinə heyran qaldığını bildirir: "Dənizkənarı Milli Park nə qədər müasir və səfalıdırsa, qədim İçərişəhər bir o qədər tarixi və düşündürücüdür. Şəhərinizin gündüzləri bir yana qalsın, gecələri sözlə ifadə edilməyən bir aləmdir. Mən hələ Xəzərin füsunkarlığını demirəm..."
Sərgi pavilyonlarında işgüzar əhval-ruhiyyə ilə yanaşı, bir səmimiyyət, anlaşma ab-havası da hökm sürür. Bəzən insanlar bir-birini tərcüməçisiz də anlayırlar. Söhbətin mövzusu dərinləşəndə - söz işgüzar əlaqələrdən, gələcək əməkdaşlıqdan düşəndə isə tərcüməçilər, yaxud sadəcə müsahiblərin danışdıqları dili yaxşı bilənlər dəvətsiz də köməyə gəlirlər. Bütün bunlar uğur vəd edən amillərdir.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 6 iyun.- S.5.