Azərbaycan tarixşünaslığında Bakıxanov səhifəsi

 

Abbasqulu Ağa Bakıxanov-220

 

XIX əsrdə Azərbaycanda yerli tarixçilər və  salnaməçilərin  bütöv bir  nəsli yetişmiş, onlardan hər biri Vətən tarixşünaslığının inkişafına öz töhfəsini  vermişdir. Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy, İskəndər bəy Hacınski, Kərim ağa Fateh, Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, Mirzə Kazım bəy və başqaları  bu qəbildəndir. Lakin  təkzibolunmaz həqiqətdir ki, XIX əsrin birinci yarısında Azərbaycan tarixi üzrə ən mükəmməl əsəri Abbasqulu Ağa Bakıxanov yazmışdır.

O, Azərbaycan tarixşünaslığına yeni bir nəfəs gətirmiş, Azərbaycan tarixşünaslığında zəngin qaynaqlara, mötəbər mənbələrə əsaslanan, AvropaRusiya tarixşünaslığının o zamankı ənənələrindən bacarıqla bəhrələnərək yeni tarixnəvislik məktəbinin bünövrəsini qoymuşdur.

Akademik Z.M.Bünyadov "Gülüstani-İrəm" əsərinin 1991-ci il nəşrinin ön sözündə yazırdı ki, XIX əsrin I yarısının görkəmli tarixçisi, filoloqu, şairi, filosofu və ensiklopediyaçı alimi Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (Azərbaycan tarixşünaslığında) akademik planlı ilk monoqrafik tədqiqatdır.

Sonuncu Bakı xanlarından birinin - II Mirzə Məhəmmədin ailəsində dünyaya göz açmış Abbasqulu Ağa çox mükəmməl təhsil almışdır. Onun  dünyagörüşünün, o cümlədən də elmi  dünyagörüşünün zənginləşib formalaşmasında həyatının Tiflis dövrü böyük rol oynamışdır. Qafqazdakı rus qoşunları baş  komandanının dəftərxanasında çalışan, bir çox Şərq dillərini mükəmməl bilən A.A.Bakıxanov hələ rus-qacar, rus-osmanlı müharibələrinin gedişində rusların işğal etdikləri müsəlman şəhərlərində ələ keçirilmiş məscid, məqbərə kitabxanalarının, o cümlədən Batumun Cümə məscidinin kitabxanasının, Ərdəbildəki çox məşhur Şeyx Səfi kitabxanasının siyahılarını tərtib edərkən Şərq və Qərb qaynaqları ilə tanış olmuş, həmin  məxəzlərdən  dürlü-dürlü məlumatlar əxz etmişdir.

Fəaliyyətinin Tiflis dövründə Qafqaz administrasiyasının tanınmış hərbi  siyasi xadimləri, Tiflisə baş çəkən Avropa səyyahları və elm adamları  ilə görüşlər, Qafqaz, Ön Asiya, Avropa ölkələrinə səyahətlər bu istedadlı şəxsiyyətin formalaşmasında mühüm rol oynamışdır. A.A.Bakıxanov özü  yazırdı ki, dövlət xadimləri, elmi və sənəti ilə məşhur olan adamlardan bütün görüb-eşitdiklərindən fayda götürməyə çalışmış, ən sonda isə belə bir nəticəyə gəlmişdir: insan əməllərinə baxarkən mən əmin  oldum ki, dünyada möhkəm heçyoxdur; sərvət və hakimiyyət itirilə bilər, şəxsi ləyaqət olmadan ali mənşə yad torpaqda tanınmamış qalar, öz torpağında  isə utanc  gətirər və ancaq elmi əsərlərdə təzahür edən elm  yer üzündə bizə səadət gətirər və ölümdən sonra bizim mövcudluğumuzu uzadar. Beləliklə, A.A.Bakıxanov belə bir nəticəyə gəlir ki, xalqının rifahı ancaq elmdədir.

Azərbaycan elmi ictimaiyyətinin yekdil fikrincə, onun elmi yaradıcılığının zirvəsi "Gülüstani-İrəm"dir. XIX əsrin I yarısında Rusiyanın hərbi-siyasi xadimləri yanında ciddi nüfuza malik olan, görkəmli tədqiqatçı İ.Yenikolopovun fikrincə, A.S.Qriboyedovun Şərq üzrə müəllimlərindən olan A.A.Bakıxanov bu əsəri  yaratmazdan öncə tədqiq edilən bölgə üzrə materialların saxlanıldığı külli miqdarda müxtəlif dilli qədim və orta əsr qaynaqlarından istifadə etmiş, çoxsaylı sinxron tədqiqatlarla tanış olmuşdur. Akademik Z.M.Bünyadov yazırdı ki, bu, A.A.Bakıxanovun  dövrü üçün elmdə  igidlik idi, çünki ona qədər heç bir Şərq tədqiqatçısı belə  erudisiyaya malik deyildi.

Cənubi Qafqazın şərq hissəsində məskunlaşmış xalqların tarixinə aid olan "Gülüstani-İrəm", qeyd etdiyimiz kimi, Abbasqulu Ağa Bakıxanovun ən böyük elmi  əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı  müraciətnamələrində əsər haqqında "mənim uzun illər zəhmətinin məhsuludur" - deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən dəfələrlə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, qədim artefaktlardan, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini  kitablardan, qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların səyahətnamələrindən, gürcü və ləzgi salnamələrindən, digər Şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir.

Abbasqulu Ağa Bakıxanov bu əsərini də  müqəddimə ilə başlayır. O, yığcam, lakin dolğun məzmunlu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə çox ciddi elmi tələblər nöqteyi-nəzərindən yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır, həyatı yaxşı qurmaq üçün bu təcrübədən istifadə etməyi lazım bilir. Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Abbasqulu Ağa Bakıxanov tədqiq etdiyi bölgədə yaşayan xalqların tarixini mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və  buna əsasən də əsərini 5 fəslə bölmüşdür:

1. İslam diniilk islam dövlətinin  zühurundan ərəb qoşunlarının bölgəyə gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr. 2. Xilafət ordularının Azərbaycana gəlməsindən başlayaraq monqolların  istilasına qədər olan dövr. 3. Monqol istilasından Səfəvilərin meydana çıxmasına qədər olan dövr. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr. 4. Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər olan dövr. 5. Nadir şahın vəfatından "Gülüstan" adlı yerdə Rusiyaİran dövlətləri arasında bağlanan sülh müqaviləsinə qədər.

2. A.A.Bakıxanov əsərin birinci fəslində "Tarixi-Təbəri", "Tarixi-qozidə", "Nizam-üt-təvarix", "Kitabi-məsalik-ül-məmalik", "Xəritət-ül-əcaib" və s. kimi qədim Şərq və başqa mənbələrə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, HamŞam nəsilləri, Yəcuc və  məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verir.

Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdikləri hakimlər, ərəb-xəzər müharibələri, xarici işğalçılara qarşı Babəkin mübarizəsi, onun Samirədə vəhşiliklə edam olunması  s. haqqında məlumat vardır. Xürrəmilər hərəkatı, Babək üsyanı haqqında verilən məlumat bir qədər müxtəsərdir. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı amansızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyətini çox yığcam əks etdirir.

Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm"də məşhur Azərbaycan coğrafiyaşünası Hacı Zeynalabdin Şirvaninin "Riyazüs-səyahə" əsərinə əsaslanaraq Azərbaycan sözünü Babəkin adı ilə  əlaqələndirir.

Əsərin üçüncü fəslində hülakülərin və teymurilərin hakimiyyəti dövrü işıqlandırılır və Şirvanşahlar səltənətinə dair tarixi məlumat verilir. Bu fəsildə Ağqoyunluların və Qaraqoyunluların mənşəyi, habelə məşhur alim görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi haqqında da maraqlı məlumatlar var.

Əsərin ən böyük hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların dövlətinin süqutundan sonra Azərbaycan dövlətçiliyinin dirçəldilib möhkəmləndirilməsində mühüm rol oynamış Nadir şah Əfşarın hakimiyyəti dövrünə həsr olunub. "Fütuhati-Əmini", "Tarixi-aləm-arayi-Abbas", Qolikovun "Böyük Pyotrun fəaliyyəti", Ustryalovun "I Pyotrun səltənət tarixi" və b. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, bu fəsildə I Şah İsmayıl, I Şah AbbasNadir şahın hərbi səfərləri, Rusiya və Osmanlı qoşunlarının Dağıstana və Azərbaycana hücumları, I Sultan Səlim Yavuzla (1512-1520) qoşunları ilə I Şah İsmayılın (1501-1524) qoşunları arasında gedən məşhur Çaldıran döyüşü (1514) haqqında zəngin məlumat toplanmışdır.

"Gülüstani-İrəm"in beşincison fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə RusiyaQacarlar arasında bağlanmış Gülüstan müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Fikrimizcə, bu fəsil "Gülüstani-İrəm"in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqteyi-nəzərindən beşinci fəslin çox böyük elmi əhəmiyyəti vardır.

A.A.Bakıxanovun bu əsərində mühüm önəm verilmiş problemlərdən biridemoqrafiya, etnik tərkib, müxtəlif xalqların etnik mənşəyi və s. məsələlərdir.

Müəllif,  təbii ki, nümayəndəsi olduğu  Azərbaycan xalqının etnogenezi məsələlərini daim diqqətdə saxlamış, türk xalqının təşəkkülündə yaxından iştirak etmiş türk qövm və tayfalarının tarixinə dair qiymətli məlumatlar vermişdir. Məsələn o, hunlar haqqında yazarkən qeyd edib ki, "Hun  tayfası  haman Ğun adlanan tayfadır... Xəzər dənizinin qərb sahilində sakin imişlər. İndi məlum olmayan Varçan bunların ən böyük şəhəri  olmuşdur" ("Gülüstani-İrəm", s.18).

Qədim türklərin tarixi məsələsinə böyük diqqət verən A.A.Bakıxanov alan tayfalarının massaget nəslindən olduğunu yazır, skiflərin cəsarətli  qəbilələrdən ibarət olduğunu, sarmatların "skif gəncləri və Amazon qızlarının qarışmasından" meydana çıxdığını qeyd edir.

Qədim mənbələrdə adı çəkilən Alban şəhərini Dərbəndlə eyniləşdirən müəllif ulu babalarımızdan olan kaspilərin tarixinə ekskurs edərək yazır: "qədim dövrlərdə Qaspi adlı tayfa dəniz kənarında və Kürün sağ sahilində sakin idi. Rumlular arasında bu dəniz həmin tayfanın adı ilə adlanmışdır. Sahilində olan vilayətlərə nisbətlə, bu dəniz müsəlmanlar arasında da Bəhri-Xəzər Bəhri-Cürcan, Bəhri-Gilan və Bəhri-Şirvan  adı ilə şöhrət tapmışdır".

Xalqının etnik tarixinə yaxından bələd olan müəllif türk tayfalarının Azərbaycanda  yayılma arealına xüsusi diqqətlə yanaşaraq yazırdı: "QubaŞirvanda Zəngənə, Xəlilli və Gəngərli; Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli; Qubada Ocallı, Ərşəli, Ustacallı və Qacar  tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qəbiləsi; Şəkidə və Şirvanda Qaraqoyunlu, Xələc və s. bir çox tayfalar vardır. Bunlar İranRum ölkələrində sakin olan tərəkəmə və sair elat kimi, türk tayfalarındandır" (s.25). A.A.Bakıxanov Təbəristandan tutmuş Azərbaycanın bütün vilayətlərində "əhalinin dili türkcədir" deyərək bu dilin İranda və Dağıstanda da geniş yayıldığını bildirir.

Türkün  ən qədim tarixini əfsanəvi Yafəsin böyük oğlu və vəliəhdi Türkün adı ilə bağlamaqla bəşər sivilizasiyasının beşiyi başında duran ən qədim xalqlardan olduğumuzu yazan A.A.Bakıxanov Bizans elçisinə cavab verən türk xaqanının dili ilə fəxrlə deyir: "Siz o rumlular deyilsiniz ki, on dildə danışıb hamısı ilə də insanları eyni dərəcədə aldadırsınız? Biz türkük, yalanaldatmaq bilmərik!".

"Gülüstani-İrəm" "Nəticə" adlı sonluqla bitir. Lakin bu "Nəticə" əsərdə verilən məlumatın yekunuya xülasəsindən ibarət deyil. Əsərə, sadəcə, əlavədir. Burada Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında da qısa məlumat verilir.

Müəllif bu əsərin sonunda çox  maraqlı və ibrətamiz bir nəticəyə gəlir: "Hicri 1248-ci (=1833) ildə, səyahət qəsdilə səfərə çıxıb, iki il Don ölkəsini, Malorossiyanı, Velikorossiyanı, Lifliyandiyanı, Litvanı və Lehistanı (Polşanı) gəzdim. Avropa ölkələrinin təcrübəli dövlət adamları, məşhur alimləri və bilici sənətkarları ilə görüşdüm. Bir çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdən bilik və təcrübəmi artırdım.  Get-gedə cəhalətim azaldı. Yavaş-yavaş xəyalat və təsəvvüratımın puçluğu aydınlaşdı  gördüm ki, dünyanın yüksək mənsəbləri çox alçaqdır və bizim əziz saydığımız tədbirlər bir sərxoşun ağıl sınamasına bənzər; çünki mal və dövlət hər halda puç olacaq, ixtiyariqtidar  əldən gedəcəkdir. Sənae cürbəcür alətlərə və bədən qüvvəsinə möhtacdır.  Şəxsi ləyaqət olmadan, nəsəb və sülalə şərafəti qürbətdə naməlum, vətəndə isə məzəmmətə məruzdur. Bunlara təkyə etmək mənasızdır, etibar ediləcək və arxalanacaq bir dövlət varsa, o da hər bir halda elmadabdan ibarətdir... Bu elmadab da zahirpərəst adamların boşboğazlıq edib, özləri üçün fəzilət sandıqları mənzum kəlmələrdən və mövhumi (xəyali) qaydalardan ibarət deyildir"....

 

Hacı HƏSƏNOV,

A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri,

 tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı

Azərbaycan.-2014.- 6 iyun.- S.7.