Prezident İlham
Əliyevdən Ermənistana növbəti diplomatik
- siyasi zərbə
Avrasiya İttifaqı Azərbaycanın siyasi və iqtisadi qüdrətini
bir daha təsdiq etdi
Ötən həftə Astanada Rusiya, Belarus, Qazaxıstan Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə imzaladı. İclasda Ermənistan prezidenti S.Sarkisyan iştirak etsə də, rəsmi Yerevanın Avrasiya İttifaqına qoşulması məsələsi ləngidi. Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev Sarkisyana Avrasiya İttifaqına üzvlüyü üçün Azərbaycan Prezidenti İlham Əliyevin şərtlərini xatırlatdı. N.Nazarbayev Azərbaycan Prezidentinin Ermənistanın BMT və Ümumdünya Ticarət Təşkilatının tanıdığı ərazilər çərçivəsində Avrasiya İttifaqına üzvlüyü ilə bağlı şərtlərini özündə əks etdirən məktubu oxuyarkən S.Sarkisyan bunu pərt halda susqunluqla qarşıladı. Onun susqunluğu fonunda sifətinin mimikasındakı narahat ifadələr Azərbaycanda birmənalı qarşılansa da, Ermənistanda bunun əksi baş verdi.
Erməni mətbuatı və ekspertləri S.Sarkisyanı çox ciddi şəkildə tənqid etdi. Erməni politoloqlar hesab edirlər ki, Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində Ermənistan faktiki olaraq köməksiz vəziyyətdə qalıb, hətta ən yaxın müttəfiqlərinin belə "üzüdönüklüyünü" müşahidə edir. Əsas vurğunu Azərbaycan diplomatiyasının Ermənistanın əlindəki rıçaqları darmadağın etməsi faktına yönəldən erməni politoloqlar bu vəziyyətin rəsmi Yerevanı məğlubiyyətə yaxınlaşdırdığını bildirirlər. Erməni mətbuatının təqdim etdiyi analitik məqalələrdə "İlham Əliyev Ermənistanı təkbaşına məğlub edir" kimi fikirlərə yer verir və rəsmi Bakının silaha əl atmadan da Ermənistandan üstün olduğu etiraf olunur.
Göründüyü kimi, artıq ermənilər Azərbaycan diplomatiyasının qələbəsini etiraf edir və "İlham Əliyev Ermənistanı təkbaşına məğlub edir" deməklə, əslində, Azərbaycan Ordusunun hərəkətə gətiriləcəyi təqdirdə Ermənistanın çıxılmaz duruma düşəcəyinə işarə edirlər. Başqa sözlə, ermənilər hiss edirlər ki, Azərbaycan hərbi vasitələrə əl atmadan da Ermənistanı məğlub etmək qüdrətindədir.
Astanada yaradılan quruma gəlincə isə bir daha təsdiq olundu ki, Ermənistan adıçəkilən ittifaqa Dağlıq Qarabağsız daxil olacaq. Ümumiyyətlə, Azərbaycan Prezidentinin məktubunun əsas mahiyyəti ondan ibarətdir ki, Ermənistan bu ittifaqa qəbul edilərsə, beynəlxalq hüquq, onun norma və prinsiplərinə əməl olunmalıdır. Azərbaycanın maraqlarına xələl gətirən heç bir addım atılmamalıdır.
Suyu süzülə-süzülə Astanadan geri dönən S.Sarkisyan hakim Respublika partiyasının gənclər təşkilatının Tsakadzorda keçirilən toplantısında çıxışı zamanı N.Nazarbayevin xəbərdarlığı barədə ilk dəfə danışıb: "Kim demişdi ki, biz Gömrük İttifaqına Qarabağla birlikdə girəcəyik? Belə şey olmayıb və ola da bilməz. Çünki Qarabağ ən azından bizim qanunvericiliyə görə bu gün Ermənistanın tərkib hissəsi deyil".
Tam aydın olur ki, S.Sarkisyan Azərbaycan Prezidentindən aldığı növbəti diplomatik-siyasi zərbəni kompensasiya etməyin yollarını axtarır. Azərbaycan siyasətçiləri, politoloqları hesab edirlər ki, Prezident İlham Əliyevin məktubunun Avrasiya İttifaqının təsis konfransında elan edilməsi çox müsbət hadisədir. Çünki bununla Ermənistanın fitnəkar planlarına son qoyuldu və bütün dünyaya bir daha göstərildi ki, Azərbaycanın artıq ciddi diplomatik çəkisi var və onunla hesablaşırlar.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasəti Ermənistana daha bir diplomatik zərbə vurdu. Çünki Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini də bu ittifaqa üzv etməyə cəhd edirdi. Amma Azərbaycan diplomatiyasi nəticəsində bu ittifaqın təsisçilərindən biri olan Qazaxıstan tərəfi bəyan etdi ki, Ermənistan yalnız bu quruma BMT-nin tanıdığı ərazilər çərçivəsində üzv ola bilər. Bu isə o deməkdir ki, Avrasiya İttifaqı bu addımla Azərbaycanın siyasi və iqtisadi qüdrətini bir daha təsdiq etdi".
Onun sözlərinə görə, Ermənistanın Avrasiya İttifaqına qəbul olunması, avtomatik olaraq onun Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərini tanıması olacaq. Diqqətdən qaçırmaq lazım deyil ki, Ermənistanın bu ittifaqa yalnız öz sərhədləri daxilində qəbulu məsələsi qoyulur. Bu gün Ermənistan istədi-istəmədi, de-fakto Azərbaycanın ərazi bütövlüyünü tanımış durumdadır. Digər tərəfdən də Azərbaycanın Avrasiya İttifaqının digər ölkələri ilə çox gözəl münasibətləri var. Bu dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sərhədlərin toxunulmazlığını qəbul edirlər. Ona görə də Avrasiya İttifaqı Ermənistanla iş görərkən burada yalnız dünya birliyi tərəfindən tanınmış sərhədlərdən söz açır: "İstənilən halda, gec-tez Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Çünki işğalçılıq ona ancaq ziyan vurur. Hətta Avrasiya və Gömrük İttifaqına girməsi ona çoxlu problemlər yaradacaq. Çünki Ermənistanın Avrasiya İttifaqı ilə birbaşa sərhədi yoxdur. Hansı formada o iqtisadi əlaqələri həyata keçirəcək? Eyni zamanda, Ermənistan ümumi bazara qoşulsa da, nə Rusiya, nə Qazaxıstan, nə də Belarus Ermənistana nəyisə, sadəcə, bağışlamaq fikrində olmayacaq".
Deputat hesab edir ki, Ermənistan bu ittifaqa qoşulmaqla Avropa Birliyi ilə olan güzəştli münasibətlərdən məhrum olacaq. Yəni Ermənistan üçün qarşıda yaranacaq çox çətin məsələlər var. Azərbaycanla münasibətlərə gəldikdə isə Ermənistan ölkəmizin qüdrətləndiyini, Azərbaycan həqiqətlərinin dünya birliyi tərəfindən qəbul edildiyini gizlin və ya açıq şəkildə etiraf etməyə məcbur olur: "Ermənistanda artıq başa düşməyə başlayıblar ki, nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərini azad etsələr, bir o qədər də tez iqtisadi tənəzzüldən yaxa qurtara bilərlər".
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov da bildirdi ki, Ermənistanın ümidləri yenə alt-üst oldu. Onun fikrincə, işğalçı ölkə çox istəyirdi ki, Dağlıq Qarabağı da Avrasiya İttifaqına daxil etdirsin və Gömrük İttifaqının qanunlarını da qondarma rejimə şamil etdirməklə onun üçün iqtisadi inkişaf perspektivləri yaratsın. Ancaq indi S.Sarkisyan ümidlərinin puça çıxdığını görüb Dağlıq Qarabağın ayrıca müstəqil qurum olduğunu söyləməyə başlayıb: "Hesab edirəm ki, konkret olaraq cılız Ermənistanı təsisçilərin sırasına qatmaq istəmədilər. Belarus və Qazaxıstan ikiüzlü Ermənistanın apardığı siyasətə bələd olduqları üçün işğalçı ölkəni kənara itələyib "hələ gözlə, sənin məsələnə sonra ayrıca baxarıq" dedilər.
Politoloq hesab edir ki, işğalçı ölkə gec də olsa, bu quruma üzv qəbul ediləcək. Amma əlaltı, cılız ölkə kimi.
R.BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 7 iyun.- S.2.