Azərbaycan-İsveçrə əlaqələri
uğurla inkişaf edir
Prezident İlham
ƏLİYEV: "Gələcəkdə uzunmüddətli
enerji tərəfdaşlığı
bizim münasibətləri daha da gücləndirəcəkdir"
İnkişaf dinamikasına görə dünyada öncül yerlərdən birini tutan, Cənubi Qafqazda isə lider dövlət olan Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər genişmiqyaslı və sanballıdır. Məhz bu uğurlar ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, sivil və modern dövlətlərlə bir sırada dayanmasına zəmin yaratmış, respublikamızın beynəlxalq rəydə artan imicə malik olmasını təmin etmişdir.
Bu gün Azərbaycanın qazandığı uğurları bütün dünya etiraf edir. Təsadüfi deyil ki, ölkəmizə səfər edən xarici qonaqlar - dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını bəyan edirlər. Bu fikirlər bir neçə gün əvvəl İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin ölkəmizə rəsmi səfəri zamanı bir daha səsləndi.
İsveçrə Azərbaycanın dövlət müstəqilliyini 1991-ci ilin sonlarında tanıyan dövlətlərdən biri olsa da, ikitərəfli əlaqələrin inkişafında canlanma sonrakı illərdə yaranmışdır. Ulu öndər Heydər Əliyevin 1995-ci ilin yanvarında İsveçrəyə işgüzar səfəri bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Sonrakı illərdə müxtəlif səviyyəli rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, 2004-cü ildə Azərbaycanın İsveçrədə, 2007-ci ildə isə İsveçrənin Azərbaycanda səfirlik təsis etməsi əlaqələrin inkişafına təkan vermişdir. Hazırda Azərbaycan Milli Məclisində Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, İsveçrə Milli Şurasında isə İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
İki ölkə arasında yüksək səviyyəli siyasi təmasların həyata keçirilməsi baxımından Davos İqtisadi Forumu vacib platforma kimi mühüm əhəmiyyət kəsb edir. Vaxtilə ulu öndər Heydər Əliyevin və 2003-cü ildən sonra Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində isveçrəli rəsmilərlə keçirdiyi ikitərəfli görüşlər ölkələrimiz arasındakı siyasi və iqtisadi dialoqun davamlılığına və genişləndirilməsinə yol açmış, əlaqələrimizin dinamik inkişaf etdirilməsi işinə böyük töhfələr vermişdir.
Azərbaycan-İsveçrə münasibətlərini xarakterizə edərkən onu da qeyd etmək lazımdır ki, hər iki tərəf əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. İnkişaf dinamikası ilə seçilən sözügedən münasibətlər bu gün özünün yüksəliş dövrünü yaşamaqdadır. Son illər ərzində həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi sahədə həyata keçirilən layihələr və mədəniyyət günlərinin təşkili münasibətlərin əsas inkişaf göstəricilərindəndir. İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün zəruri normativ-hüquqi baza yaradılmışdır ki, bu da mövcud potensialdan istifadə etməklə Azərbaycan-İsveçrə ticari-iqtisadi əlaqələrini daha da inkişaf etdirmək üçün real imkanlar yaradır.
Azərbaycan-İsveçrə ikitərəfli əlaqələrinin hazırkı vəziyyətinin aydın təsəvvür edilməsi baxımından son illərdə həyata keçirilmiş yüksək səviyyəli səfərlərin və görüşlərin qeyd edilməsi önəmlidir. Xüsusilə dövlət başçıları səviyyəsində aparılan siyasi dialoq ölkələr arasında münasibətlərin formalaşmasında və inkişafında müstəsna rola malikdir. Bu baxımdan İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, bu, İsveçrə Prezidentinin Azərbaycana son 6 ildə üçüncü rəsmi səfəridir.
Hazırda İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə yatırılmasında fəal iştirak edir. Bununla belə, Azərbaycan və İsveçrə arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu imkanlardan istifadə etməklə əlaqələrin daha sürətli inkişafına nail olmaq hər iki tərəfin diqqət mərkəzindədir. O cümlədən enerji təhlükəsizliyi münasibətlərin bir hissəsidir və Azərbaycanla İsveçrə bu sahədə bir çox yüksək səviyyədə əməkdaşlıq edirlər. Azərbaycan İsveçrənin enerji bazarında təmsil olunur, orada pay sahibidir.
Bakıda İsveçrə Prezidenti Didye Burkhalterlə geniş tərkibli görüş başa çatdıqdan sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bu barədə deyib: "Qaz nəqli sahəsində son zamanlarda baş verən proseslər ikitərəfli münasibətlərimizi gücləndirəcəkdir. Bildiyiniz kimi, ötən ilin sonunda "Şahdəniz-2", o cümlədən Trans-Anadolu və Trans-Adriatik boru kəməri kimi nəhəng layihələrə imza atdıq. Bunlar birlikdə Avropada ən böyük infrastruktur layihəsidir. Bu da Azərbaycana öz enerji ehtiyatlarını müxtəlif bazarlarda tam realizə etmək imkanı verəcəkdir. Mən şadam ki, İsveçrə bizim tərəfdaşımızdır. Əlbəttə ki, gələcəkdə uzunmüddətli enerji tərəfdaşlığı bizim münasibətləri daha da gücləndirəcəkdir. Ona görə də ikitərəfli çərçivəyə gəldikdə, biz əməkdaşlığın hazırkı səviyyəsindən razıyıq və onu davam etdirəcəyik".
Öz növbəsində Prezident Didye Burkhalter Azərbaycanla İsveçrə arasında ikitərəfli əlaqələrin dostluq xarakteri daşıdığını və intensiv olduğunu diqqətə çatdırıb. İqtisadi sahədə əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd edən Prezident Didye Burkhalter bildirib ki, Azərbaycanla İsveçrə arasında əlaqələr möhkəmdir.
İsveçrə Prezidentinin Azərbaycana səfəri uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələri nəzərdən keçirmək və gələcək perspektiv üçün mühüm əhəmiyyət kəsb edirdi. Təbii ki, prezidentlər səviyyəsində mövcud olan yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, müxtəlif sahələri əhatə etməsinə və dərinləşməsinə böyük təsir göstərəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 7 iyun.- S.3.