Qəlblərə yaxın səs

 

Sənət dünyası

 

Zakirgilin ailəsində musiqiçi, müğənni olmayıb. Səkkiz qardaş-bacıdan bu sahəyə gəlmək yalnız onun payına düşüb. Odur ki, bu səsi, bu sənəti də respublikanın əməkdar artisti  Zakir Əliyev tale qisməti, alın yazısı hesab edir.

...1968-ci ilin may ayında Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olub. 12-13 yaşına çatanda səsi diqqəti cəlb edib. Özü də təkcə adi musiqisevərlərin deyil, həm də böyük sənətkarların...

Ötən əsrin 80-ci illərində ulu öndər Heydər Əliyev respublikanın bölgələrində yaşayan istedadlı uşaqların və gənclərin axtarılıb tapılmasına, onların üzə çıxarılmasına, təhsil almasına dəstək və qayğı göstərılməsi barədə ciddi tapşırıqlar vermişdı. Belə bir xeyirxah məqsədi gerçəkləşdirmək üçün görkəmli sənətkarlar ayrı-ayrı rayonlara, ən ucqar kəndlərə belə üz tutmuşdular. O vaxt Neftçala rayon mədəniyyət şöbəsinin müdiri Əli Bağbanov Zakirin səsini, ifasını dinləyib bəyənəndən sonra onu istedadların sırasına daxil edir. Açıq-aşkar qəlbində bu yeniyetmənin gələcəyinə böyük ümid və inam olduğunu görür.

1983-cü ildə Zakir bölgələrdə seçim nəticəsində toplanmış istedadlı uşaqların III Respublika Baxış Müsabiqəsində iştirak edir. Burada "Samovar almışam, silənim yoxdur" xalq mahnısını oxuyur. Maestro Niyazi, Əbülfət Əliyev, İslam Rzayev, Şövkət Ələkbərova, Habil Əliyev, Arif Babayev kimi görkəmli sənətkarlardan ibarət münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin qaliblərindən biri elan edilir. Hətta böyük sənətkar Əbülfət Əliyev Zakirin ifasından o qədər xoşlanır ki, münsiflərin stolundakı güllərdən birini təşəkkür əlaməti olaraq ona verir.

Qısa müddətdən sonra Bakıda yaşayan qardaşı Rafiq Əliyev Zakirin Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olduğunu öyrənir və bu sevincli xəbəri ailəyə ilk dəfə, o, çatdırır.

Beləliklə, Zakir Əliyev Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbəsi olur. Burada xalq artisti, professor Arif Babayevin muğam sinfində təhsil alır, sənətin dərin sirlərinə yiyələnir. Bakı mühiti, görkəmli sənətkarlardan aldığı biliklər həm də onun istedadının inkişafına böyük təsir göstərir. Məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək arzusu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. Birinci kursdan sonra ordu sıralarına çağırılır. Hərbi xidmətini o zaman Rusiyanın Çita vilayətində sovet ordusunda keçir. Həmin illərdə Zakir hiss edir ki, nədənsə səsi batır. Təbii ki, bu, yaş dövrü ilə bağlı idi. Hətta o, fikirləşir ki, səsi açılmasa, ixtisasını dəyişib aktyorluq fakültəsinə keçsin. Hərbi xidmətdən qayıtdıqdan sonra birdən-birə səsi açılmağa başlayır. Gecəli-gündüzlü öz üzərində işləyir. Xalq artisti Alim Qasımovun dərslərinə gedir. Görkəmli sənətkar ona qulaq asdıqdan sonra deyir ki, səsin, səsinin tembri, diapazonu əladır, amma qəzəlləri kassetdən öyrənirsən, get onları kitablardan oxu. Bir də qaval çalmağı öyrən. Bu məsləhət və tövsiyələr Zakir Əliyevə yeni bir nəfəs verir. Öz üzərində dayanmadan çalışır, xalq musiqisinin incəliklərini öyrənir, muğamın spesifik xüsusiyyətlərini mənimsəyir, müxtəlif hissələrini, təsnifləri oxumağa başlayır, məzmunlu lirik qəzəllər seçib əzbərləyir. Bu da onun xanəndəlik və ifaçılıq üslubuna xeyli kömək edir.

Nəhayət, 1990-cı ildə Azərbaycan televiziyasında gedən "Muğam saatı" verilişində Zakir Əliyev "Çahargah" muğamını dəstgah şəklində ifa edir. Muğam üçlüyünün müşayiət etdiyi ifa ustad xanəndələr tərəfindən bəyənilir. Həmin konsert onun gənc muğam ifaçısı kimi kamilliyinin təsdiqlənməsində və özünün geniş tamaşaçı auditoriyasına təqdim etməkdə gözəl bir məqam olur.

Bu o demək idi ki, gənc müğənni peşəkarlıq qazanıb və ona bəslənən ümidləri doğrultmaqdadır. Sonralar o, "Zabul-Segah", "Şur", "Mahur-Hindi" kimi mürəkkəb muğamları da dəstgah şəklində oxuyaraq ustalıqla tamaşaçı və dinləyicilərə çatdırır. İfasındakı fərdilik, özəllik istər muğam ifaçılarını, istərsə də muğam üçlüklərini ciddi düşündürür. Adil Bağırovun "Xatirə", Ağasəlim Abdullayevin "Araz", Möhlət Müslümovun rəhbərlik etdiyi Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblları Zakiri əməkdaşlığa dəvət edir və bu tanınmış musiqi kollektivlərinin müşayiəti ilə muğam və mahnıları lentə aldırır, bununla da sənət bioqrafiyasında yeni səhifələr açır. O, inkişaf edir, püxtələşir və pərəstişkar sevgisi qazanır.

Biz Zakiri artıq xeyli vaxtdır dinləyirik. Konsert salonlarında oxuduqlarına diqqət kəsilir, el şənliklərində onu görür və ifasına məmnun qalırıq. Bir faktı da qeyd edək ki, harada, kimin müşayiəti və hansı musiqini ifa etməsindən asılı olmayaraq Zakir həmişə özünə qarşı tələbkar, sənətinə məsuliyyətli, tamaşaçısına isə diqqətlidir. Onu dinləyənlərə hörmət bəsləməyi bacarır. Bu da sənətkara istedadla yanaşı uğur və məhəbbət qazandıran şərtdir.

Zakir deyir ki, mahnının sözlərini tam dərk edib orada tərənnüm olunan hissləri yaşamasa, musiqini bütün qəlbi və varlığı ilə duymasa, oxuya bilməz: "Atam musiqiyə bağlı insan olub. Həmişə evimizdə Zülfü Adıgözəlovu dinləyərdik. Bəlkə də ona görədir ki, ifalarımda Zülfü Adıgözəlov yolu daha çox nəzərə çarpır. 1981-ci ildə atam dünyasını dəyişdi. 1983-cü ildə mən müsabiqənin qalibi oldum. O, mənim uğurlarımı görə bilmədi, müğənni kimi səsimi eşitmədi. Nüsrət Kəsəmənlinin sözlərinə Namazəli Mehdiyevin bəstələdiyi "Biri vardı, biri yox" mahnısını atamın ruhuna ithafən oxuyuram. Mahnı bütövlükdə həyatımı əks etdirir. Birini tapanda, biri olmur..."

"Kimlər gəldi, kimlər getdi" mahnısını da müğənni eyni kövrək duyğularla oxuyur. Bu gəlimli-gedimli dünyada tapdıqları, itirdikləri gözləri önündən keçir... "Bir ağac var, sevgiyə bənzəyir o, gecə-gündüz yol gözləyir, o ..." - Zakirin kövrəklik aşılayan, sakit haraylı nəğmələrindəndir. Bu musiqinin daxilində elə bir məlahət və təsir gücü var ki, onu yanğısız, ürəksiz dinləmək olmur.

Zakir bütün mahnıları - istər bəstəkar əsəri olsun, istər xalq mahnısı, istər həzin, lirik olsun, istərsə də şən, nikbin - ürəklə, xüsusi incəliklə oxuyur. O, dinləyicisini nəinki heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə onu fikrindən ayırır, kədərini də, sevincini də unutdurur. Ona uğur qazandıran ən başlıca şərtlərdən biri də məhz budur.

Xanəndəlik sənətinin inkişafı muğamlarımızla sıx bağlıdır. Muğamat musiqinin təməl daşı, onun bünövrəsi, dayaq sütunudur. Əsrlərdən bəri xalqımızın yaratdığı mahnılar, təsniflər muğamat üstündə qurulub. Bu gün Zakir Əliyev muğam ifaçılığı sahəsində inamla addımlayır. Bəmdə və orta boyda sərbəst oxuyur, zilə çıxanda o qədər də çətinlik çəkmir. Səs imkanlarını cəlbedici xırdalıqlar, zəngulələr vasitəsilə bacarıqla nümayiş etdirir. Bir də görürsən səsinə bir neçə dinamik boyalar verməklə coşqun zəngulələr vurur. Tanrının verdiyi səs payına qane olub ona şirinlik, məlahət, incəlik qatır. "Mahur-Hindi"də aparıçı, əlaqələndirici şöbə olan "Şikəsteyi-fars"ı, digər keçidləri çox təbii şəkildə təqdim edir. Müğənninin oxuduğu muğamlar həm də dinləyici ilə dialoq kimi qəbul edilir, çünki onun səsindəki tanış, doğma bir ovqat fərdi olduğu qədər də sirayətedicidir. O, mətnləri muğam içində deklomasiya səviyyəsində aydın tələffüz edir. Bu da Zakirin muğam ifasının təsirini artıran, dinləyici ilə ünsiyyətini dərinləşdirən, onu düşüncələrə dalmağa vadar edən amildir. Ona görə ki, muğamda mətn mahnıdan fərqli yer tutur, ovqatyaradıcı bir əlamətdir və xüsusi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, Z.Əliyev sənəti bu amilləri bilir, nəzərə alır və səs imkanları ilə onlardan istifadə edir.

Öz sənətindən və sələflərindən danışmağı sevən müğənni ustad şəxsiyyətlər barədə söhbət açarkən qəlbi işıqlanır. O, Bülbülü, Seyid Şuşinskini, Zülfü Adıgözəlovu, Mütəllim Mütəllimovu, Yaqub Məmmədovu, Əbülfət Əliyevi, Arif Babayevi, Zeynəb Xanlarovanı, Sara Qədimovanı, Şövkət Ələkbərovanı, Əlibaba Məmmədovu, Hacıbaba Hüseynovu, Rübabə Muradovanı, Alim Qasımovu, Ağaxan Abdullayevi və başqa görkəmli sənətkarları muğam ifaçılığı zirvəsini fəth edənlərdən sayır: "Onların hər birinin ifaçılığı ayrıca məktəbdir. Bu insanlar "Bayatı-Şiraz"ı, "Zabul-seygah"ı, "Rast"ı, "Mirzə Hüseyn Segahı"nı, "Çahargah"ı və digər muğamları misilsiz məharət və böyük zövqlə oxuyurlar. Çox zil səs və coşqun zəngulələr tələb edən "Heyratı", "Mənsuriyyə", "Simayi-Şəms" kimi zərb muğamları ustalıqla ifa edirlər". Elə Zakir Əliyevin səsindəki xiffət və qüssə çalarları, həsrət və xatirə ovqatları həmin sənətkarların ifaları ilə həmahəngdir. Müğənninin ifasında "Kəsmə-şikəstə"ni, "Qarabağ şikəstəsi"ni dinləyəndə onun necə zəngin xəzinənin xələfi olduğunu görürük.

Z.Əliyevin repertuarında xalq mahnıları ilə yanaşı, Azərbaycanın görkəmli, eləcə də gənc bəstəkarlarının mahnıları da özünə yer alır. Hər mahnının ruhunu tutaraq onu özünəməxsus tərzdə oxuyur.

Zakir ulu öndər Heydər Əliyevin xatirəsini hər an ehtiramla yad edir. Deyir ki, ümummilli liderin qayğısı olmasaydı, mən, eləcə də bir dəstə mənimlə eyni yaşda olan, bu gün adlı-sanlı müğənnilərlə böyük səhnəni bölüşən həmkarlarım xalq tərəfindən tanınmaz və sevilməzdi.

İndi Zakirin səsi təkcə efirlərdə, el şənliklərində səslənmir. O, nəğmələri ilə bütün Azərbaycanı gəzib-dolaşır. Müğənninin ölkənin bütün şəhər və rayonlarında qastrolları uğurla keçir.

Bu səs hətta Azərbaycanın sərhədlərini də aşıb. Hələ 1985-ci ildə tələbə və gənclərin Moskvada keçirilən XII Ümumdünya Festivalının laureatı olub. Həmin il Bakıda dahi Üzeyir Hacıbəylinin 100 illiyi keçirilirdi. Zakir Əliyev dövlət tədbirində ustadı Arif Babayevin rəhbərliyi ilə "Leyli və Məcnun" operasından ilk pərdədə Məcnun rolundan bir parçanı ifa edib. Daha sonra bu çıxış Moskvada, "Böyük Teatr"da təkrar olunub.

Müğənninin xarici ölkələrdəki konsert "turu" isə hələ 1984-cü ildən Özbəkistanın paytaxtı Daşkənd şəhərindən başlanıb. Sonra o, Vilnüs və Kaunas şəhərlərində qastrol səfərlərində olub. Daha sonra isə Zakir Əliyevin ifası Türkiyədə, İranda dinlənilib. 2009-cu ildə TÜRKSOY-un xətti ilə İstanbulda və Türkiyənin digər şəhərlərində olan "Türk xalqlarının mahnı müsabiqəsi"ndə iştirak edib. 2012-ci ilin əvvəlində Özbəkistanda qastrolları böyük müvəffəqiyyətlə keçib. Müğənninin orada məşhur "İstiqlal" sarayında verdiyi solo konsertini tamaşaçılar və mətbuat yüksək dəyərləndirib. Müğənnini Almaniyanın Berlin şəhərində də alqışlayıblar.

Prezident İlham Əliyevin 10 dekabr 2013-cü il tarixli sərəncamı ilə Zakir Əliyev Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb. Bunu dövlətin və xalqın məhəbbətinin, etimadının yüksək ifadəsi kimi qəbul edib.

Zakir Əliyev səbirli və təmkinli müəllimdir. Vaxtilə ustadlarından gördüyü qayğını indi öz növbəsində gənclərə göstərir. 2005-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, 2009-cu ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışır.10 il Sumqayıtdakı S.Rüstəmov adına 3 saylı musiqi məktəbində dərs deyib, gənclərə xanəndəlik sənətinin sirlərini öyrədib.

Zakir Əliyev işgüzar, sadə və təvazökardır. O, qayğıkeş ailə başçısı və atadır. Bildiklərini tələbələri ilə səxavətlə bölüşən müğənninin özünün iki övladı - Aygün və Aqşin də musiqiyə çox bağlıdır. Qızı pianoda, oğlu isə tarda çalır. Aygün artıq Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Beləcə, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam kafedrasının müəllimi Zakir Əliyev özü üçün çətin, insanlar üçün isə gərəkli bir sənətkar ömrü yaşayır.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 7 iyun.- S.6.