Heydər Əliyev Fondu
Azərbaycan xalqının inam və
etimadını qazanıb
Bu gün Heydər
Əliyev Fondu ulu
öndərin adını şərəflə
daşıyır, ulu öndərin xatirəsinə
layiq fəaliyyət göstərir.
İlham
ƏLİYEV
Xeyirxahlıq və mərhəmət bəşər övladını daxilən saflaşdıran, başqalarının gözündə ucaldan, insanlığın ali zirvəsinə yüksəldən fenomen dəyərlərdən sayılır. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan insanlar isə, sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir. Yalnız yüksək mənəviyyatlı insanlar öz əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edirlər.
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu da yarandığı vaxtdan etibarən Azərbaycan xalqı qarşısında müstəsna xidmət və xeyirxah əməllərin daşıyıcısı olmaqla belə bir ucalığa yüksəlmiş, insanların səmimi rəğbətini qazanmışdır. Heydər Əliyev Fondu ictimai statusla fəaliyyət göstərməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verir, xalqın milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin yad təsirlərdən qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna rol oynayır. Fəaliyyət göstərdiyi son 10 ildə ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu cəmiyyətdə yüz minlərlə insanın ümid və pənah yerinə çevrilmişdir.
Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli genefondun qorunması, saf dəyərlərin ictimai şüurda möhkəmlənməsidir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. Məhz bu fəaliyyətin nəticəsi olaraq fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iki mötəbər mükafata - Fransa dövlətinin "Şərəf Legionu" ordeninə və UNESCO-nun "Qızıl Motsart" medalına layiq görülmüşdür.
Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq hər bir dövlətdə sosial müdafiəyə, xeyirxahlığa ehtiyacı olan köməksiz təbəqə olur. Bazar iqtisadiyyatının sərt reallıqlarına baxmayaraq, əksər dövlətlər bu həssas sosial təbəqənin ehtiyaclarına, problemlərinə biganə yanaşmır, onları imkan daxilində öz himayəsinə götürür. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqət çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən əsaslı dövlət kapital qoyuluşları xüsusi çəkiyə malikdir. Dövlət başçısı İlham Əliyev ölkədə yoxsulluğun aradan qaldırılmasını, insanları qayğılandıran bütün sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bununla belə, mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını bu işdən tamamilə kənarlaşdırmaq düzgün yanaşma olmayıb, sovet dövrünün yanlış düşüncə tərzindən irəli gəlir. Bu mənada Heydər Əliyev Fondunun dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün də nümunə, örnək sayıla bilər. Fondun fəaliyyəti Azərbaycan üçün müəyyən mənada yeni olan xeyriyyəçilik institutunun inkişafına, cəmiyyətdə filontropiya meyilli təbəqənin formalaşmasına xidmət edir.
Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Heydər Əliyev Fondunun ötən 10 ildə həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması da məhz bu reallığa söykənir. Fondun bu istiqamətdə gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət daşımışdır. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, ilk növbədə, ölkədəki məktəb binalarının vəziyyəti öyrənilmiş, aparılan monitorinqlər göstərmişdir ki, bir çox məktəblərdəki şəraitin yarıtmaz vəziyyətdə olması təhsilin keyfiyyətinə mənfi təsir edən mühüm amildir. 2005-ci ildə fond "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinə başladı və bu layihə çərçivəsində fondun dəstəyi ilə ölkəmizdə 412 yeni məktəb binası inşa olundu. Sonradan bu proqramı dövlət dəstəklədi və ölkəmizdə üç mindən artıq məktəb təmir olundu və yenidən quruldu.
Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində həyata keçirilən layihələr təşkil edir. Tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchizatında iştirak, xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunmasına, treninqlərin keçirilməsinə, həkimlərin mübadiləsinə dəstək, dünyanın bir sıra aparıcı tibb müəssisələri, səhiyyə şirkətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı bu yöndə həyata keçirilən fəaliyyətin ayrı-ayrı şaxələridir. "Talassemiyasız həyat naminə" layihəsi isə talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu önlərin doğum günündə istifadəyə verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsi oldu. Hazırda bu xəstəliklərlə mübarizə üçün dövlət tərəfindən xüsusi proqram hazırlanır.
Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub. Fondun təşəbbüsü ilə paytaxtımızda Beynəlxalq Muğam Mərkəzi inşa olunub və hər il muğam müsabiqəsi keçirilir. Qəbələ Beynəlxalq musiqi festivalı, Rostropoviç və Şostakoviç festivalları artıq ənənəvi şəkildə keçirilir və öz auditoriyasını qazanıb. Azərbaycanın qədim xalçaçılıq sənəti artıq UNESCO-nun Ümumbəşəri Mədəni İrs Siyahısına daxil edilib və bizim xalçalar dünyanın ən məşhur muzeylərində nümayiş olunur.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə bildirib: "Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir. Xüsusilə fondun təşəbbüsü ilə başlanmış "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama qoşularaq son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir. "Xocalıya ədalət!" kampaniyası da məhz fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir".
Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi istiqamətində işlər son illər daha da genişlənmişdir. Fondun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illər Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir. "Xocalıya ədalət" beynəlxalq kampaniyasına start verilməsi və ötən illərdə qarşıya qoyulmuş vəzifələrin uğurla reallaşdırılması da fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır.
Fondun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə bildirib: "On il bundan əvvəl - 2004-cü il mayın 10-da Heydər Əliyev Fondu öz fəaliyyətinə başladı. Fond müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin etmiş şəxsin adını daşıyır. Biz fəaliyyətimizin ilk günündən atdığımız addımlarla, gördüyümüz işlərlə bu yüksək ada layiq olmağa çalışmışıq. On il ərzində biz xeyli nailiyyətlər əldə etmişik. Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır".
Fondun son 10 ildə həyata keçirdiyi bütün layihələr milli xüsusiyyətlərə, yerli tələb və ehtiyaclara uyğunlaşdırılaraq olduqca maraqlı və rəngarəng forma almışdır. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafına, insan hüquqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda səmərəli fəallıq nümayiş etdirir.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 7 iyun.- S.6.