Qubada Abbasqulu Ağa Bakıxanovun 220

 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuQuba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərində Tarix İnstitutunun genişləndirilmiş elmi şurası və "Abbasqulu Ağa Bakıxanov-220" mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Abbasqulu Ağa Bakıxanovun Amsar kəndində yerləşən ev muzeyini ziyarət etdilər. Sonra Quba rayon Gənclər Mərkəzinin akt zalında konfrans başladı. Konfransı Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev açdı. Konfransda giriş sözü ilə çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin Abbasqulu Ağa Bakıxanovun yaşadığı dövrün, Azərbaycanın XIX-XX əsrlər tarixinin daha dərindən araşdırılmasına və tədqiqinə xüsusi diqqət yetirdiyini, Tarix İnstitutunda elmi tədqiqatların Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən aparıldığını, bu elmi konfransın da məhz dövlət başçısının tarix elminə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu qeyd etdi. Yaqub Mahmudov Abbasqulu Ağa Bakıxanovun tarix elminə və ictimai həyata, Azərbaycan maarifçiliyinə verdiyi töhfələrin, xüsusilə gənclər arasında yaydığı maarifçilik ideyalarının əhəmiyyətini vurğuladı.

Konfransda alimlər Hacı Həsənov, Elçin Qarayev, Şamil Rəhmanzadə, Tofiq Mustafazadə, Şahin Fərzəliyev, Kərim Şükürov, Camal Mustafayev, Nərminə Əmirbəyova Abbasqulu Ağa Bakıxanovun həyatı və fəaliyyəti, onun tarix elminin inkişafında rolu haqqında maraqlı məruzələrlə çıxış etdilər. Konfransın gedişində Abbasqulu Ağa Bakıxanovla bağlı təqdimat (slayd) nümayiş etdirildi.

Azərbaycanın tarixçi alimləri ilə yanaşı. Quba rayon ziyalıları, tarix müəllimləri də qatıldığı konfrans zamanı Tarix İnstitutunda Abbasqulu Ağa Bakıxanovla bağlı nəşr edilmiş kitabların sərgisi keçirildi. Sonda sərgidə nümayiş olunan kitablar Quba Rayon İcra Hakimiyyətinə hədiyyə edildi.

 

Azərbaycan.-2014.- 7 iyun.- S.7.