Dünyanı gəzən nəğmələr

 

Mirzə Şəfi Vazeh-220

 

Dünyanın ədəbiyyat tarixində Azərbaycan şairi Mirzə Şəfi Vazehin (1794-1852) keşməkeşli həyatına və sirli yaradıcılıq taleyinə bənzər ikinci bir ömür, poetik tale tapmaq çətindir. Varlı-karlı ailədə doğulmasına baxmayaraq, demək olar, həyatının çox hissəsini maddi və mənəvi ehtiyac içərisində, bəzən hətta evsiz-eşiksiz keçirən bu şairin əsərləri də sirli bir dünya, labirint kimi qalmaqdadır. Məlum olan budur ki, Vazeh üzərinə "Müdrikliyin açarı" yazılmış şeir dəftərini o zaman Tiflisdə yaşayan şagirdi F.Bodenştedtə - məşhur alman şairinə bağışlamış, F.Bodenştedt də həmin şeirləri özünün "Şərqdə min bir gün" (1850) adlı xatirələr kitabının müxtəlif səhifələrində Mirzə Şəfinin dilindən vermişdi.

Kitab böyük rəğbətlə qarşılanmışdı; oxucular, xüsusilə mətbəə işçiləri "Şərqdə min bir gün" kitabında verilən həmin şeirləri maraqla oxuyur, üzünü köçürür, əzbərləyirdilər. Bunu görən naşir Bodenştedtə bildirir ki, əgər Mirzə Şəfinin adından verilən şeirləri "Şərqdə min bir gün" kitabının içərisindən çıxarıb ayrıca çap etsələr, həm tez satılar, həm də mütərcimə və nəşriyyata geniş şöhrət, yaxşı qazanc gətirər. Təbiətcə şöhrətpərəst olan Bodenştedt nəşriyyat direktorunun bu təklifini məmnunluqla qarşılayır və tezliklə "Şərqdə min bir gün" əsərindəki şeirləri mətndən çıxarıb, 1851-ci ildə Berlində, Robert fon Dekkerin nəşriyyatında "Mirzə Şəfinin nəğmələri" adlı kitab çap etdirir. Bu kitab Almaniyada çox tez və sürətlə yayılır. R.Dekker mütərcimlə müqavilə bağlayaraq, iki-üç ildən bir "Nəğmələr"i nəşr edir və "1922-ci ilə qədər bu firma həmin kitabın inhisar naşiri olaraq qalır". Tanınmış vazehşünas tədqiqatçı Ə.Səidzadənin etibarlı alman mənbələri əsasında tərtib etdiyi cədvəldən aydın olur ki, "Mirzə Şəfinin nəğmələri" kitabı 1863-cü ilə qədər "...ümumiyyətlə, 12 dəfə çap olunduğu halda, təkcə 1865-ci ildə 6 dəfə nəşr edilmiş, 1870-ci ildən sonra isə nəşrlərin və tirajın miqyası daha da genişlənmiş, təxminən hər ildə 6-7 dəfə çap olunmuşdur. "Nəğmələr"in şöhrəti mədəni Avropanın hüdudlarını aşaraq, dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, italyan, flamand, çex, macar, İsveç, Norveç, Holland, Danimarka, polyak, rumın və qədim yəhudi dillərinə tərcümə edilib nəşr olunmuşdur. Əvvəllər Azərbaycan şairi Mirzə Şəfinin, sonralar isə F.Bodenştedtin orijinal yaradıcılığının məhsulu kimi təqdim olunan bu əsərlərin ideya estetik məzmunu və bədii sənətkarlıq xüsusiyyətləri o zamanın bir sıra görkəmli şəxsiyyətlərinin, xüsusilə sənət adamlarının diqqətindən yayınmamış, alman bəstəkarı Emil Pol "Nəğmələr" əsasında "Mirzə Şəfinin şərqiləri" adlı operetta yazmış, gənc bəstəkar Luiz Rot bu əsərə musiqi bəstələmişdir. XIX əsrin 70-ci illərində "Nəğmələr"in macar dilinə tərcüməsini oxuyan böyük macar şairi Dyula Revitski Azərbaycan şairinin xatirəsinə lirik bir şeir həsr etmiş, bu şeir 1878-ci ildə çapdan çıxmışdır. Həmin əsrin 80-ci illərində bolqar şairi Petko Slavekov "Nəğmələr"i serb dilindən bolqarcaya çevirmiş, onun təsiri ilə bir çox şeirlər yazmışdır.

"Nəğmələr" Rusiyada da geniş yayılmış və şöhrət qazanmışdır. Böyük rus inqilabçı demokratları N.Q.Çernışevski, A.İ.Gertsen və N.P.Oqaryovun yaxın dostu və məsləkdaşı, "...rusların fikrində zəlzələ yaratmış" (P.Bıçkov) "Qadınlar, onların tərbiyəsi, ailədə və cəmiyyətdə yeri", "Qadınlar universitetdə" kimi məqalələrin müəllifi olan istedadlı rus şairi M.L.Mixaylov XIX əsrin ortalarında M.Ş.Vazehin "Tulla gəl çadranı...", 60-cı illərin başlanğıcında isə "Bir zəhmətkeş arı kimi" adlı iki şeirini tərcümə edərək, əvvəl "Sovremennik" və "Russkoye slovo" jurnallarında, 1862-ci ildə isə Berlində çıxan "M.L.Mixaylovun şeirləri" kitabında dərc etdirmişdir. XIX əsrin 70-ci illərində başqa bir rus şairi -  V.Markov "Nəğmələr"dən bəzi nümunələri rus dilinə çevirərək "Vestnik Evropı" jurnalında verir. Sonralar o, tərcümələrinin sayını artıraraq "Görüşə" kitabında dərc etdirir.

Azadlıq ruhlu şeirlərin tərcüməsinə daha artıq fıkir verən M.L.Mixaylovdan fərqli olaraq, V.Markov əsasən "...bu nəğmələr haqqında ən dolğun məlumat verən səciyyəvi şeirləri" seçmiş, həm mövzu, həm də bədii forma baxımından rəngarəng olan "Züleyxa", "Hafızənin rəqsi", "Xalq içində vardır belə bir məsəl", "Bir gün sarayında göstərib hörmət", "İki rəqib", "Böyük şəhərə gəldim" və s. şeirləri tərcümə etməklə oxucularda "Nəğmələr" haqqında dolğun təsəvvür yaratmışdı. Mütərcim tərcümə etdiyi əsərlərin yüksək bədii məziyyətindən bəhs edərək yazırdı: "Bu parçalarda müəllifın ruh yüksəkliyi, həyata ayıq, şən baxışı ifadə olunmuşdur. Lakin buradan müəllifın müasir həyatın qaranlıq, xəstə cəhətlərinə laqeyd yanaşması düşünülməməlidir; əksinə, o, bunları kifayət qədər duyur və öz şeirlərində əks etdirir, onun şeirlərində möhkəm və parlaq bir ruh yüksəkliyi hakimdir".

XIX əsrin 70-ci illərində Vazeh yaradıcılığına maraq göstərən jurnallardan biri də 1873-cü ildən öz nəşrini Moskvada davam etdirən "Budulnik" olmuşdur. Səhifələrində Q.N.Julyev, D.D.Minayev, L.İ.Palmin kimi demokratik fıkirli satirik şairlərin, habelə A.İ.Levitov kimi yazıçıların yaradıcılığına geniş yer ayıran bu həftəlik jurnal 1878-ci il nömrələrindən birində "Mirzə Şəfinin nəğmələri"ndən bəzi nümunələr çap etmişdi. Onları rus dilinə çevirən şəxsiyyəti haqqında hələlik ətraflı məlumat öyrənə bilmədiyimiz F.Kaluqin idi.

XIX əsrin 80-ci illərində "Mirzə Şəfinin nəğmələri" Rusiyada daha geniş yayılır. N.E.Eyfert tərəfındən tam şəkildə tərcümə olunan "Nəğmələr" 1880-ci ildə "Pesni Mirzı Şafi s proloqom Fridrixa Bodenştedta " adı ilə Moskvada çap edilir. Bu kitab öz həcmi və əhatə etdiyi şeirlərin sayı etibarilə daha geniş olsa da, şairin Almaniyada çap olunmuş əsərlərinin hamısını əhatə etmirdi. Nəğmələrin dərin sosial məzmununu başa düşən çar senzoru İ.F.Raxmaninov N.Eyfertin çapa təqdim etdiyi kitabı nəzərdən keçirərkən oradakı "...xalis maddi, dünyəvi işrəti tərənnüm edən və dinin vəd etdiyi səmavi nemətlərə qarşı çevrilən", "...müəllifin hökumətə qarşı kəskin tənqidi və satirik baxışını göstərən" şeirlərin çap olunmasına icazə verməkdən ötrü "...çətin bir vəziyyətdə" qaldığını bildirərək yazırdı: "Müəllif dini məsələlərə çox yüngülcəsinə yanaşır, Allahın behişt və cəhənnəminə, məscidə və zahidə gülür; gələcək həyata ümid bəsləyir ki, bunların oxucularda yaxşı əxlaqi təsir buraxacağına ümid etmək olmaz... Müəllif oxucularına sübut etmək istəyir ki, insanın yeganə səadəti olan şərab, qadın və məhəbbət xatirinə hər şey unudulmalıdır. Hər halda, senzor şəxsən bu mənzumələri çapa icazə vermək məsələsində son dərəcə çətin bir vəziyyətdə qalmışdır".

İ.F.Raxmaninovun rəyində duyulan açıq narahatlıq və həyəcan, həmçinin onun bəzi səhifələrdəki şeirləri konkret göstərməsi məntiqi surətdə təsdiq edir ki, Eyfertin tərcümə etdiyi "Mirzə Şəfinin nəğmələri" kitabı nəşr olunarkən senzorun qeydləri nəzərə alınmış, narahatlıq doğuran şeirlər kitabdan çıxarılmışdır. Özünün qeyd etdiyi kimi, N.İ.Eyfert "Nəğmələr"i rus dilinə çevirərkən ciddi çətinlik qarşısında qalmış, üç il bu əsərlərin tərcüməsi üzərində "məhəbbətlə və büsbütün" işləmiş, imkanı daxilində nə varsa, hamısını etmişdi. Onun gərgin zəhməti sayəsində meydana gələn tərcümələri Bodenştedtin özü də bəyənmiş, bununla əlaqədar N.Eyfertə xoş sözlər söyləmiş, tərcümələri çap etdirmək üçün onu ruhlandırmışdı. Hətta N.Eyfert kitaba yazdığı müqəddimədə qeyd edirdi ki, əgər Bodenştedtin özü bu tərcümələri bəyənməyib, mənə ruhlandırıcı sözlər deməsəydi, onları oxucuların mühakiməsinə verməzdim.

Buna baxmayaraq, onun tərcümələrini ədəbi tənqid narazılıqla qarşıladı. Kitab çap olunandan az sonra Peterburqda çıxan gündəlik axşam qəzeti "Rossiya" tərcümələrin bədii cəhətdən zəif, qeyri-qənaətbəxş olduğunu göstərərək yazırdı: "Bodenştedtin nəğmələrinin bütün incəliyi, səmimiliyi və Şərq obrazlılığı cənab Eyfertin tərcümələrində tamamilə itir və son şeirlər məlum dördlük "Quşlar ağaclıqda yaşayır, onların cəhdi böyükdür..." kimi məzmunsuz və kobud frazalardan ibarətdir". Rəyçi məqalənin sonunda yazırdı: "Kim Mirzə Şəfi nəğmələrinin incəliyi haqqında anlayışa malik olmaq istəyirsə, cənab Eyfertin kitabını əlinə də götürməsin, V.Markov tərəfindən tərcümə olunub "Vestnik Evropı" jurnalının 1873-cü il aprel nömrəsində və "Görüşə" məcmuəsində çap olunmuş nəğmələri oxusun.

Nəğmələrin Rusiyada geniş yayılması, onun tərcümələri barədə söylənilən fikirlər oxucuların və ədəbiyyatçıların bu sahəyə marağını artırmış, M.Ramşev "Proloq"la bir yerdə 18 şeiri rus dilinə çevirib 1887-ci ildə çap olunan "Şeirlər" kitabında vermişdi. O da başqa həmvətənləri kimi, tərcümələrinə yazdığı müqəddimədə Bodenştedtin uydurmalarına əsaslanır, "Mirzə Şəfinin bir şəxsiyyət kimi mövcudluğuna və hətta qırxıncı illərdə ona (Bodenştedtə - Z.Ə.) Tiflisdə fars dilini öyrətməsinə baxmayaraq, heç vaxt şair olmamışdır" - deyə alman mütərcimini həqiqi müəllif kimi təqdim edir, şeirləri isə onun yaradıcılığının ilk dövrlərinin məhsulu sayırdı. Buna baxmayaraq nəğmələrlə bir yerdə onların həqiqi müəllifi Mirzə Şəfinin adı da bütün Rusiyanı gəzir, böyük sənətkarların diqqətini cəlb edirdi. Dahi rus yazıçısı L.N.Tolstoy 1880-ci ildə şair-tərcüməçi dostu A.Fetə göndərdiyi bir məktubunda yazırdı: "Bu günlərdə bizim ev müəllimi mənə "Mirzə Şəfinin nəğmələri" kitabını gətirdi... Orada gözəl şeirlər var. Siz onlarla tanışsınızmı?".

İstedadlı rus bəstəkarı A.Q.Rubinşteyn (1829-1894) isə nəğmələri yüksək bir aludəliklə oxumuş, öz fəlsəfi dərinliyi və melodik əlvanlığı ilə bütün dünyanı heyran qoyan məşhur "İran nəğmələri" adlı romanslar silsiləsini Azərbaycan şairinin əsərləri əsasında yazmışdır. Bəstəkarın "Dalğalı gecələr" romansını istedadlı rus müğənnisi F.Şalyapin sonsuz həvəs və məhəbbətlə ifa etmiş, musiqi ilə birlikdə mahnının sözlərini də məşhurlaşdırmışdır:

 

Qədəhim şərab dolu al günəşin töhfəsi,

Ürəkdə sevinc, həvəs, öpmək, qucmaq həvəsi,

Gözlərimə saçılır gözlərinin şöləsi.

Ah, nolaydı, nolaydı,

Daim belə olaydı.

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiyada Vazeh nəğmələrinə maraq yenə də güclü olmuş, ayrı-ayrı kitab və mətbuat səhifələrində onun əsərlərindən nümunələr verilmişdir. Bu dövrdə şairin məhəbbət lirikası, xüsusilə Züleyxa haqqında şeirləri daha çox diqqət mərkəzində dayanmışdır. Və maraqlı faktlardan biri budur ki, 1887-ci ildə Kiyevdə çap olunan "Xarici şairlərdən tərcümələr toplusu" kitabında dünyanın Dante, Bayron, Heyne, Jilber, A.Müsse, Şevçenko kimi qüdrətli poetik söz ustadlarının əsərlərindən nümunələrlə bir sırada Vazehin də "Züleyxa" şeiri çap edilmişdir. Deməli, naşirlər adları çəkilən şairlərlə eyni səviyyədə "Mirzə Şəfınin nəğmələri"nə də xüsusi əhəmiyyət verir, bu şeirlərin oxucular tərəfindən maraqla qarşılanacağına və qiymətləndiriləcəyinə şübhə etmirdilər.

XX əsrin əvvəllərində "Nəğmələr"dən bəzi nümunələr Tiflisdə çıxan "Qafqaz" qəzetində dərc olunmağa başlayır. 1901-ci ildə şair və jurnalist İvan-da-Mariya əxlaq mövzusunda yazılmış üç şeiri tərcümə edərək, Bodenştedtin əsərləri kimi "İllüstrirovannoe prilojenie k qazete "Kavkaz" (¹41) məcmuəsində çap etdirir. 1903-cü ildə isə kim tərəfındən tərcümə edildiyi qeyd olunmadan "Pesni Mirza Şafı" adı ilə iki şeir "Kavkaz"da (¹111), bir şeir də "İllüstrirovannoye prilojeniye"də (¹4) çap olunur. 1910-cu ildə İvan-da-Mariyanın tərcümə etdiyi yeni şeirlər "Şairə" və "Bahar təranələrindən" başlığı ilə "Kavkaz"da (¹30) verilir.

XIX əsrin lap sonlarında "Mirzə Şəfınin nəğmələri" Pribaltikada yaşayıb müəllimliklə məşğul olan şair İ.S.Prodanın diqqətini cəlb edir. O, V.Markov və A.Şillerin (M.Mixaylovun) tərcümələri ilə tanışlıqdan sonra onların "...böyük qismini çox zəif və qeyri-dəqiq" sayaraq, nəğmələrin müəyyən hissəsini yenidən rus dilinə çevirir. Əsasən məhəbbət nəğmələrindən və müdrik fıkirlərdən ibarət olan bu kitab 1903-cü ildə Yuryev (indiki Tartu) şəhərində çap olunmuşdur. Əvvəlki mütərcimlərdən fərqli olaraq İ.S.Prodan tərcümə etdiyi şeirlərin hər birinin dəqiq mənbəyini də göstərmişdir. Lakin kitaba yazdığı müqəddimədən aydın olur ki, o, N.Eyfertin tərcüməsindən xəbərsizmiş və buna görə "Nəğmələr"in rus dilinə bütöv şəkildə çevrilmədiyi fıkrini söyləmişdir. Bu nəşri səciyyələndirən cəhətlərdən biri də bu idi ki, tərcüməçi kitabın əvvəlində F.Bodenştedtin bioqrafıyası haqqında qismən ətraflı məlumat vermiş, onun adına çap olunan şeirlərin Şərq bədii-fəlsəfl fıkri ilə əlaqəli olduğunu əsaslandırmağa çalışmışdı.

1907-ci ildə N.Eyfertin tərcümələri heç bir dəyişiklik edilmədən "Mirzə Şəfi. Nəğmə və romanslar toplusu" adı ilə yenidən Moskvada çap olunur. Bundan sonra "Mirzə Şəfinin nəğmələri" xüsusi kitab kimi buraxılmamış, bəzi məcmuələrdə tək-tək şeirlər dərc olunmuşdur.

Rusiyada olduğu kimi, Vazehin irsi, onun xəyyamanə yazılmış nikbin ruhlu şeirləri XIX əsrin sonlarından başlayaraq, Pribaltika xalqlarının, xüsusilə estonların da dərin rəğbətini qazanmış, hətta "...eston ədəbiyyatçılarının diqqətini cəlb edən birinci Şərq şairi Mirzə Şəfi Vazeh olmuşdur". Azərbaycan şairinin ümumavropa şöhrəti və çoxsaylı alman nəşrləri bu şeirlərə qarşı Estoniyada da güclü maraq oyatmış, eston ədəbiyyatçıları M.Ş.Vazehin milliyyətcə kimliyini dəqiq surətdə bilməsələr də, onun nikbin ruhda yazılmış incə, aşiqanə nəğmələrini aludəliklə oxumuş və tərcümə etmişlər. Rusiyada milli oyanma dövründə vətənpərvəranə şeirləri ilə şöhrət qazanan görkəmli romantik şair Pyeeter Yakobson (1854-1899) 1885-ci ildə çap olunan "Şeirlər" kitabına Vazehdən tərcümə etdiyi beş nəğməni daxil etmişdi: "Yenə gəldi qızıl gülün dövranı", "Qızıl gül şikayətləndi", "Günəş işığını yayıb hər yana", "O dedi: xoşbəxtlik hər kəsə nə qədər düşür", "Sevgidən məhrum olan insan həyatı". 1889-cu ildə isə XIX əsrin sonu, XX əsrin əvvəlləri eston poeziyasının görkəmli yaradıcılarından olan şair Yuxan Liyv (1864-1913) Mirzə Şəfinin iki şeirini çevirərək, Azərbaycan şairinin öz imzası ilə "Sakala" qəzetində çap etdirmişdir.

Əlbəttə, M.Ş.Vazeh əsərlərinin eston dilinə tərcümələri bunlarla qurtarmır. 1894-cü ildə şair və mütərcim Qustav Iys (Vulf) "Gül və bülbül" ("Yenə gəldi qızıl gülün dövranı"...) şeirini çevirərək "Olevik" məcmuəsində çap etdirmiş, 1906-cı ildə isə tanınmış eston şairi Anna Haavanın "Dalğalar" kitabında (s.108) Vazehin "Gəl nəzər qıl, hökm ver" misrası ilə başlanan şeiri çap olunmuşdur. XX əsrin əvvəllərində şairin şeirləri Litva və Latviyada da yayılmış mətbuatda onun şəxsiyyəti və yaradıcılığı haqqında qısa məlumat verilmişdir.

XIX əsrdə Vazehin əsərlərindən bəzi nümunələr polyak dilinə çevrilib Polşa mətbuatında çap olunmuşdur. Ə.Səidzadənin qeydlərinə görə həmin şeirləri polyak dilinə almancadan şair Roman Zmorski çevirmiş, bu əsərlər əvvəlcə həftəlik "Dzennik literaturski" (1857) məcmuəsində, sonra isə tərcüməçinin "Poeziya" (1866) və "Orijinal və tərcümə əsərləri" (1900) kitablarında dərc edilmişdir. XX əsrdə "Nəğmələr" Yuqoslaviya xalqları arasında geniş yayılmış, onların bəziləri serb-xorvat dilinə çevrilmişdir. Şair və ədəbiyyatşünas Matey Borun tərcümə etdiyi həmin şeirlər əvvəlcə mətbuatda çıxmış, 1953-cü ildə isə onların bir qismi sloven dilində ayrıca kitab şəklində nəşr edilmişdir.

Beləliklə, inqilabdan əvvəlki dövrlərdə (sovet dönəminə qədər) Vazehin bədii irsi başqa Avropa ölkələrində olduğu kimi, Pribaltika, Polşa və Yuqoslaviyada da yayılmış, eston, latış, Litva, polyak, sloven oxucuları və ədəbi fikri onun haqqında müəyyən məlumata yiyələnmişlər.

Böyük Oktyabr Sosialist inqilabından sonra başqa xalqların klassik sənətkarlarının əsərləri kimi Azərbaycan şairi Vazehin də bədii yaradıcılığının rus dilinə tərcüməsi və nəşri işinə böyük qayğı və diqqətlə yanaşılmış, müxtəlif illərdə onun şeirləri çap edilmişdir. Sovet dövründə Mirzə Şəfinin əsərlərinin tərcüməsi üzərində şairlərdən V.Luqovskoy, Y.Dolmatovski, N.Qrebnev, L.Maltsev və başqaları çalışmış, onların tərcümələri ayrı-ayrı vaxtlarda Bakı, Moskva və Leninqrad şəhərlərində nəşr olunmuşdur.

1930-cu illərdə "Azərbaycan poeziyası antologiyası" çapa hazırlanarkən görkəmli rus sovet şairləri V.Luqovskoy və Y.Dolmatovski digər Azərbaycan klassikləri kimi Vazehin də yaradıcılığından bəzi nümunələri rus dilinə çevirmiş və bu nümunələr 1939-cu ildə həmin kitabda çap olunmuşdur.

Antologiyada şairin beş şeiri verilmişdi ki, bunların üçü Azərbaycan, ikisi isə fars dilindən çevrilmişdi. Əlbəttə, Vazehin əsərlərini rus dilinə bilavasitə onun öz poeziya dilindən çevirmək baxımından bu tərcümələr çox əhəmiyyətli idi. O da diqqətəlayiqdir ki, həm V.Luqovskoy, həm də Y.Dolmatovski tərcümə etdikləri şeirlərdə ifadə olunan bədii-estetik məzmunu rus dilində dəqiq verməyə cəhd göstərmiş, bundan ötrü müvaflq forma da tapa bilmişlər. Bu cəhətdən "Süsəni" rədifli müxəmməsin və "Nə qədər kim fələyin sabitü səyyarəsi var" misrası ilə başlanan qəzəlin tərcüməsində uğurlu bənd və beytlər, orijinalda ifadə olunan fıkirləri rus oxucusuna düzgün çatdımaq üçün yaxşı seçilən söz və ifadələr çoxdur. Hətta Y.Dolmatovski "Süsəni" şeirinin şəkli xüsusiyyətlərini, qafiyə sistemini də saxlamağa, məzmunla formanın vəhdətinə nail olmağa çalışmışdır.

Vazeh irsinin rus dilinə tərcüməsi və nəşri sahəsində şairlərdən N.Qrebnev və L.Maltsevin də əməyi yüksək qiymətə layiqdir. Onlar Mirzə Şəfınin əsərlərinin böyük bir qismini alman dilindən rus dilinə çevirərək, bəzilərini 1963-cü ildə "Yunost" jurnalında nəşr etdirmişlər. Həmin tərcümələr 1964-cü ildə Bakıda "Azərnəşr", 1967-ci ildə isə Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında buraxılmışdır. Əlbəttə, Azərbaycan şairinin əsərlərini onun öz dilindən deyil, başqa dildən tərcümə etmək, orijinalların əldə olmaması, habelə bu əsərlərin bir neçə tərcüməsinin mövcudluğu mütərcimləri müəyyən çətinlik qarşısında qoymuşdu. N.Qrebnev Vazehin "Lirika" kitabına müqəddiməsində yazırdı: "Bu kitabın tərcüməçiləri qarşısında iki yol dururdu: ya Bodenştedtin şeirlərin əsl mənasını dəqiq verdiyinə əsaslanıb mümkün qədər ona istinad etmək, ya da həqiqi Mirzə Şəfini ona aid edilənlərdən ayırmaq, Mirzə Şəfı şeirlərinin bəzən Bodenştedtin qəsdən pozduğu Şərq formasını bərpa etməyə cəhd göstərmək... L.M.Maltsev Bodenştedtə daha yaxın olmuş, mən isə çox zaman Mirzə Şəfini "bərpa etməyə" çalışmışam".

Şübhəsiz, bu yaradıcılıq cəhdlərinin nəticəsində onların işi uğurlu olmuş, tərcüməçilər müəyyən nailiyyət qazanmışlar. Bu da vacibdir ki, həm N.Qrebnev, həm də L.Maltsev Vazeh əsərlərinin rus dilinə tərcüməsi ilə bağlı yaradıcılıq işlərinə son qoymamış, ayrı-ayrı bənd və misralardakı sözlərin, ifadlərin yerini, yaxud özünü dəyişməklə "Nəğmələr"i rusdilli oxuculara daha poetik bir formada çatdırmağa nail olmuşlar. Bu tərcümələrin bir qismi həmçinin 1970-ci ildə Leninqradda nəşr edilən "Poetı Azerbaydjana" kitabında dərc olunmuşdur.

"Lirika" kitabı 1971-ci ildə Moskvada yenidən buraxılmışdır. Oradakı şeirlərin tərcüməsi özünün poetikliyi, fikirlərin sadə və aydın bir dildə verilməsi baxımından əvvəlki tərcümələrdən əsaslı şəkildə seçilirdi. Tərcüməçilərin həm alman mətnlərinə, həm də Azərbaycan poeziyasının özünəməxsus səciyyəvi cəhətlərinə eyni dərəcədə diqqətli münasibəti bu işdə xüsusi rol oynamışdı. Bununla belə, onlar tərcümə zamanı sərbəstliyə də çox yol vermişdilər ki, nəticədə fikirlərin bir çoxu qeyri-dəqiq, yaxud natamam tərcümə olunmuşdur. Bu cəhət Azərbaycan və fars dillərində olan şeirlərin xüsusilə "Nə qədər kim fələyin sabitü səyyarəsi var" misrası ilə başlanan qəzəlin tərcüməsində daha asanlıqla müşahidə olunur.

Həmin şeirin orijinalında aşiqin sinəsinə məşuqənin vurduğu yaralar çoxluğuna görə səmadakı ulduzların sayı ilə müqayisə olunur; göydəki ulduzlar aşiqin gözlərinə oxşadılır və bütün bu məcazlar vasitəsilə lirik qəhrmanın öz sevgilisi "yari-sitəmkarə"dən şikayətləri göstərilir:

 

Nə qədər kim, fələyin sabitü səyyarəsi var,

Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Deyil əflakdə kövkəb görünən, çərxi-bülənd

Oluban didə, sərapa sənə nəzzarəsi var.

Ruzigarı qara, daim gecəsi tar keçir,

Hər kimin eşqdə bir yari-sitəmkarəsi var və s.

 

Göründüyü kimi, burada əsas məqsəd ulduzların çoxluğu barədə məlumat vermək deyil, məşuqənin qəmzələrindən aşiqə dəyən yaraların çoxluğunu göstərməkdir. Tərcümədə isə göydəki ulduzların çoxluğundan, onların hər birinin kiçik yara kimi olmasından söhbət açılır. Doğrudur, burada orijinalda ifadə olunan fikri qismən dəqiq əks etdirən "No v nebe menğşe zvezd çem ran v moey qrudi", "Na svete obreçen vesğ vek projitğ vo tğme"  kimi misralara da rast gəlinir. Lakin bütövlükdə bu qəzəlin tərcüməsi orijinaldakı fikirləri dəqiq əks etdirə bilmir.

Şeirin məzmununu dəqiq vermək baxımından V.Luqovskoyun tərcüməsi daha uğurlu olmuşdur. Ancaq göstərilən kəsirlərə baxmayaraq, "Lirika" kitabı Vazeh irsinin rus dilinə tərcüməsi və nəşri sahəsində görülən ən diqqətəlayiq işlərdən biridir.

Əlbəttə, Vazeh əsərlərinin rus dilində nəşri bunlarla məhdudlaşmamış, müxtəlif mətbuat və kitab səhifələrində də şairin əsərlərindən bəzi nümunələr verilmişdir. Bunu da qeyd etmək vacibdir ki, dünyanın müxtəlif yerlərində və müxtəlif dillərdə çap olunan "Mirzə Şəfinin nəğmələri" adlı kitabın titul vərəqində müəllif olaraq həmişə Fridrix fon Bodenştedtin adı göstərilmiş və nəticədə "Nəğmələrlə" maraqlanan Qərb ədəbiyyatşünaslarının, demək olar, hamısı həmin kitablarda dərc olunmuş şeirləri F.Bodenştedt yaradıcılığının məhsulu kimi qiymətləndirmişlər. Halbuki "Nəğmələr"in içərisində Şərq şairlərindən Sədi, Hafiz, Füzuli, A.Bakıxanov-Qüdsi, eləcə də Mirzə Şəfi Vazehin şeirlərindən tərcümələr vardır. Onların dəqiq müəyyənləşdirilməsi çağdaş ədəbiyyatşünaslığın aktual vəzifələrindəndir.

 

Zaman ƏSGƏRLİ,

filologiya elmləri doktoru

Azərbaycan.-2014.- 8 iyun.- S.6.