Yeri görünən alim

 

Ömür vəfa etsəydi, görkəmli alim, tibb elmləri doktoru, professor Nazim Tağızadənin iyunun 3-də 60 yaşı tamam olacaqdı. Amma qəfil ölüm bu gözəl insanı elmi fəaliyyətinin ən qaynar çağında - 50 yaşının tamamına üç ay qalmış aramızdan apardı.

Bu qeyri-adi xarakterli insanı xatırlayarkən göz önünə ilk öncə onun həyat eşqi püskürən qaynar təbiəti, insanlara sevgi ilə aşılanmış xeyirxah əməlləri, təbəssümlü çöhrəsi gəlir. Bütün bunları düşündükcə Nazim müəllimin yoxluğuna inanmaq həqiqətən də çətindir. Nazim müəllimin yaxınlarının, onu tanıyanların fikirlərini dinlədikcə bir daha əmin olursan ki, əsl vətəndaş kimi yaşayıb xalqına layiqincə xidmət göstərən belə dəyərli ziyalılar, əqidə və məslək sahibləri, ömrü boyu yüksək ideallarla vətəndaşlıq mövqeyində dayanmış insanlar hər zaman ehtiramla yad edilməyə layiqdirlər.

Nazim Sabir oğlu Tağızadə 1954-cü ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Əslən Azərbaycanın dilbər guşəsi Şuşadan olan valideynləri ömürlərini insanlara şəfqət verməyə həsr etmişdilər. Qohum-əqraba arasında da həkimlik peşəsini seçənlər çox idi. Bəlkə də gendən gələn bir istedad idi ki, Nazimdə də tibbə maraq böyük idi. Elə bu maraqfitri istedad orta məktəbi başa vurduqdan sonra onun gələcək həyat yolunu Tibb İnstitutundan salır. 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən Nazim Tağızadə elə həmin ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mərkəzi Elmi-Tədqiqat laboratoriyasında elmi işçi kimi fəaliyyətə başlamışdır. 1980-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının A.Qarayev adına Fiziologiya İnstitutunda elmi işçi vəzifəsində çalışmış və namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının assistenti vəzifəsinə seçilən Nazim Tağızadə 1995-ci ildə kafedranın dosenti, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra isə kafedranın professoru vəzifəsinə seçilmişdir. 2000-ci ildən göz xəstəlikləri kafedrasına rəhbərlik edən tibb elmləri doktoru Nazim Tağızadə həmçinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi işlər üzrə prorektoru vəzifəsini də layiqincə yerinə yetirmişdir. Bu vəzifədə işlədiyi zaman institutun elmi istiqamətinin respublika səhiyyəsinin mövcud tələblərinə uyğun yeni səviyyəyə qaldırılmasında yaxından iştirak etmiş, kafedraların elmi-tədqiqat işlərinin və araşdırmalarının sürətləndirilməsinə, praktik tətbiqinə böyük töhfələr vermişdir. O, 70-ə yaxın elmi məqalənin, 6 ixtiranın və 25 səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi ilə bir neçə doktorluq və namizədlik işi müdafiə olunmuşdur.

Hər bir insanın ömründə ona xoşbəxtlik gətirən, həyat yolunu dəyişən, mənalı, gərəkli edən anlar olur. Nazim Tağızadənin də taleyinin dəyişməsində, necə deyərlər, formalaşmasında Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli oftalmoloq alim, akademik, son dərəcə səmimi və həssas qəlbli bir insan olan Zərifə Əliyevanın böyük rolu olub. 1978-ci ildə Nazim Tağızadəni Bakı Məişət Kondisionerləri Zavodunda, Zərifə Əliyeva yaratdığı göz xəstəliklərinə aid elmi-tədqiqat laboratoriyasına işləməyə dəvət edir. O zaman Nazim Tağızadə respublika Klinik Xəstəxanasının Anesteziologiya-reanimasiya şöbəsində işləyir və gələcək ixtisasını reanimatoloq kimi təsəvvür edirdi. Lakin Zərifə Əliyevanın bu təklifi Nazim Tağızadənin fəaliyyətinə verilən yüksək qiymət idionun elmi tədqiqatlara daha çox meyil etməsinə əsaslanırdı. Söhbət zamanı Zərifə Əliyeva bir ildən artıq onun işini izlədiyini və elmə meyilli bir həkim olduğunu bildirir.  Beləliklə, 1978-ci ilin oktyabr ayından Nazim Tağızadə Bakı Məişət Kondisionerləri Zavodunda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mərkəzi Elmi-Tədqiqat laboratoriyasının bir bölməsi olan gözün fiziologiyası və peşə xəstəlikləri laboratoriyasına işə qəbul edilir və Zərifə Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan ilk elmi işçi olur.

Zərifə Əliyeva bura həmçinin elmlər doktoru M.Sultanovu və T.Mirzəyevi də işə dəvət etmişdi. Bundan əlavə, iki laborant da götürülmüşdü. O vaxt bəziləri bu laboratoriyanın fəaliyyətinin effektivliyinə şübhə edirdi. Deyirdilər ki, bu qədər müasir avadanlığı olan zavodda insanların sağlamlığına nə təsir edə bilər? Lakin Zərifə Əliyeva inanırdı ki, kimyəvi maddələrdən istifadə olunan bütün müəssisələrdə, bu maddələrin insan sağlamlığına təsiri labüddür. O, bu qənaətə daha əvvəl Bakının istehsal müəssisələrində apardığı tədqiqatlar nəticəsində gəlmişdi. Zərifə Əliyeva əvvəlcə işçilərin şikayətlərinin qeyd edildiyi diaqnostik xəritəni hazırlayırdı. Onda göz diaqnostikasının bütün müasir metodları verilirdi və mütəxəssislərin elmi tədqiqatlarının nəticələri şərh olunurdu. Görülmüş işləri daim təhlil edən Zərifə Əliyeva nöqsanların aradan qaldırılmasına və effektivliyin yüksəldilməsinə kömək göstərirdi. Laboratoriyada onun təşəbbüsü ilə xüsusi cərrahiyyə şöbəsi də yaradılmışdı. Burada təkcə Bakı Məişət Kondisionerləri Zavodunun yox, qonşu müəssisələrin işçiləri də müalicə olunurdular.

Təbii ki, Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas qayəsini insanların sağlamlığının təmin edilməsi və bunun üçün yeni metodların aşkar olunması idi. Bununla yanaşı, görkəmli alim, laboratoriyada çalışanların peşəkarlar kimi yetişməsinə də xüsusi fikir verirdi. İşçilər daim ixtisasartırma kursları keçirdilər. Zərifə Əliyeva onları vaxtaşırı Moskvanın, Leninqradın, Odessanın və digər şəhərlərin oftalmologiya mərkəzlərinə ezamiyyətə göndərirdi. Onlar həmkarlarının təcrübəsini öyrənir və öz fəaliyyətlərində bundan istifadə edirdilər.

Nazim Tağızadə akademik Zərifə Əliyevanın rəhbərliyi altında peşə zərərləri ilə təmasda olan şəxslərin görmə orqanlarının klinik-fizioloji və morfo-kimyəvi  xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvəffəqiyyətlə elmi-tədqiqat işini aparmışdır. O, orqanizmə stiroltetraxdoretilen buxarlarının xroniki təsiri zamanı gözdə baş verən zədələnmələrə qarşı müalicə və profilaktika tədbirləri işləyib hazırlamışdır. O zaman Nazim Tağızadə və göz xəstəlikləri kafedrasının müdiri professor M.Sultanov tərəfindən peşə zərərlərinin yaşaparıcı yolların xəstəliklərinin etiologiya və patogenezinə təsiri aşkara çıxarılmış və müalicəsinin yeni üsulları təklif olunmuşdur (xarici dakriosistorinostomiya, dakrioduktorinostomiya üsulu, yaş kisəsinin hidropsunun müalicəsi və s).  Bütövlukdə aparılan araşdırmalar nəticəsində işıq duyğusunun və görmə sahəsinin pozulmaları, yaşaparıcı yolların, konyunktivanın və göz qapaqlarının xəstəliklərinin artması, gözün hidrodinamikasının pozulması kimi dəyişikliklər aşkar olunurdu. Bu isə təsdiq edirdi ki, müasir texnologiya ilə tikilmiş müəssisələr də görmə üzvünə mənfi təsir göstərir.

Zərifə Əliyevanın laboratoriyanı yaradarkən Nazim Tağızadəni buraya dəvət etməkdə və seçiminin düzgünlüyü gənc həkimin sonrakı elmi müvəffəqiyyətləri ilə parlaq şəkildə təsdiq olunmuşdur. Bu müvəffəqiyyətlər Zərifə Əliyevanın qayğısı sayəsində daha da artmışdır. Nazim Tağızadə "Görmə nöqtələrinin və kanallarının cərrahi müalicəsi və patologiyası" adlı monoqrafiyasını Zərifə xanıma ithaf etmişdi və üstündə belə yazmışdı: "Əziz müəllimim və elmi rəhbərim Zərifə Əziz qızı Əliyevanın parlaq xatirəsinə həsr edirəm".

Nazim Tağızadəni istər elm, istərsə də ictimai mühitdə apardığı genişmiqyaslı işləri yada salsaq görərik ki, görkəmli alimin həyatı elmi axtarışlarla, fədakarlıqlarla doludur. O, xalqına və vətəninə hörmət qazandıran böyük ziyalı olmaqla yanaşı, həm də əsl vətənpərvər insan idi. Dağlıq Qarabağda gedən döyüşlərdə yaralanan əsgərlərimizə baş çəkər, heç vaxt da onların yanına əliboş getməzdi.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun   tarixində görkəmli alimlər, peşəkar həkim və müəllimlər çox olmuşdur. Onların arasında tibb elmləri doktoru, professor Nazim Tağızadənin də öz yeri var. Arzuları yarımçıq qalsa da, zəngin, mənalı həyat yaşadı. İnsanlıq və ziyalılıq nümunəsi ortaya qoydu.  Elmi fəaliyyəti, yüksək insani keyfiyyətləri ilə institutun tarixində, Azərbaycan tibb elmində iz qoymuş Nazim Tağızadənin əziz xatirəsi onu tanıyanların, doğmalarının, onunla birgə çalışanların, həyat və fəaliyyət yollarında birgə addımladığı insanların qəlbində yaşayır.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 8 iyun.- S.6.