Azərbaycan nümayəndə heyətinin
Yaponiyaya səfərinin nəticələri
və iki ölkə arasında regional əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur
Yaponiyada
işgüzar səfərdə olan Azərbaycanın bir
sıra şəhər və rayon icra hakimiyyətləri
başçılarından ibarət nümayəndə heyəti
iyunun 9-da gündoğar ölkənin xarici işlər
nazirinin parlament məsələləri üzrə müavini
Takano Makino ilə görüşmüşdür.
Görüşdə
Azərbaycan nümayəndə heyətinin Yaponiyaya
işgüzar səfərinin nəticələri və
regional əməkdaşlığın perspektivləri
müzakirə olunmuşdur.
Azərbaycanlı
qonaqları Tokioda salamlamaqdan məmnun olduğunu vurğulayan
nazir müavini cari ilin aprelində ölkəmizə səfərini
böyük məmnuniyyətlə xatırlatmış, səfər
təəssüratlarını
bölüşmüşdür. Səfər çərçivəsində
Baş nazirin müavini Abid Şərifov, xarici işlər,
rabitə və yüksək texnologiyalar nazirləri ilə
görüşlərini qeyd edən T.Makino Yaponiyanın
İto şəhəri ilə dostluq sazişi imzalamış
İsmayıllı rayonunda keçirdiyi görüşlərin
də onda xoş təəssüratlar
yaratdığını bildirmişdir. Azərbaycanın
sürətli inkişafının onda xoş təəssürat
doğurduğunu diqqətə çatdıran T.Makino
Yaponiya-Azərbaycan münasibətlərinin uğurla davam
etdiyini vurğulamışdır. Bildirmişdir ki, iki ölkənin
regionları arasında formalaşmaqda olan dostluq münasibətləri
qədim və zəngin mədəniyyətə malik iki
xalqın bir-birinə daha da yaxınlaşmasına, əməkdaşlıq
əlaqələrinin inkişafına mühüm töhfələr
verəcəkdir.
Azərbaycan
nümayəndə heyətinin rəhbəri, Prezident
Adminstrasiyasının regional idarəetmə və yerli
özünüidarəetmə şöbəsi müdirinin
müavini Hüseyn Mövsümov səmimi qəbula və səfərin
yüksək səviyyədə təşkilinə göstərilən
köməyə görə Yaponiya tərəfinə minnətdarlığını
bildirmişdir. Azərbaycanın son illərdəki nailiyyətləri
barədə məlumat verən H.Mövsümov Prezident
İlham Əliyevin Yaponiya ilə əməkdaşlığı
yüksək qiymətləndirdiyini və diqqət mərkəzində
saxladığını vurğulamışdır. Azərbaycan
ilə Yaponiyanın regionları arasında əməkdaşlığın
böyük potensialı olduğunu qeyd edən şöbə
müdirinin müavini iki ölkə arasında elm, mədəniyyət,
təhsil və yüksək texnologiyalar sahələrində
də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini
vurğulamışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
H.Mövsümov Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin dəstəklənməsinə
əsaslanan prinsipial mövqe nümayiş etdirdiyinə
görə Yaponiya tərəfinə təşəkkürünü
çatdırmışdır.
Azərbaycanın
uğurlarının Yaponiya tərəfindən maraqla izlənildiyini
bildirən nazir müavini Takano Makino bu günlərdə
Ukrayna Prezidentinin inaqurasiya mərasimindən qayıdarkən
Almaniya televiziyasında Azərbaycanın turizm imkanlarına həsr
olunmuş filmi maraqla izlədiyini qeyd etmişdir.
Bildirmişdir ki, Azərbaycanda turizmin inkişafına yetirilən
diqqət ölkənin daha yaxından tanınmasına
müsbət təsir göstərəcəkdir.
Görüşdə
Yaponiyanın regionlarına səfər vaxtı şəhərlərin
meriyalarına verilmiş dostluq mübadiləsi və tərəfdaşlıq
barədə niyyət protokollarının layihələri
nazir müavininə də təqdim olunmuş, məsələnin
müsbət həlli üçün Yaponiya Xarici İşlər
Nazirliyinin öz köməyini əsirgəməyəcəyinə
inam ifadə edilmişdir.
Nazir
müavini T.Makino iki ölkənin regionları arasında
dostluq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini
təsdiq edərək, bu məqsədə çatmaq
üçün yapon tərəfinin mümkün olan
bütün addımları atmağa hazır olduğunu
bildirmişdir.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi
müxbiri
Tokio
Azərbaycan.-2014.- 10 iyun.- S.4.