İncəsənətin məqsədi
gözəlliyə xidmət etməkdir
Dövlət
mükafatı laureatları
Bütün zamanlarda incəsənətin gözəlliyi insanı valeh etmişdir. Gözəllik bizə paklıq, ucalıq və həzz bəxş edir. Biz qısa ömrümüz boyu rastımıza çıxan gözəlliyi qiymətləndirməyi və onu qorumağı bacarmalıyıq. Lakin Emersonun dediyi kimi, "gözəllik axtarmaq üçün bütün dünyanı gəzsək də, bunu birinci növbədə özümüzdə daşımalıyıq, yoxsa onu tapa bilmərik".
XX əsrin ikinci yarısı Azərbaycan təsviri incəsənətinin nümayəndələrindən biri olan Oqtay Sadıqzadə ilk təhsil illərini xatırlayarkən deyir ki, həmişə qədim yunanlar və həmçinin Mikelancelo, Rafael, Rembrandt kimi dahilərdən bəhrələnməyə çalışıb. Monenin, Deqanın, Renuarın işləri onu məftun etmiş, bunları canlı rənglərin poeziyası kimi təsəvvür etmişdir. Lakin Oqtay Sadıqzadə dahi fırça ustalarının gözəl prinsiplərinə sadiq qalaraq incəsənətdə öz yolunu axtarırdı.
O, məşhur ədəbiyyatçıların - yazıçı Seyid Hüseynin və şairə Ümgülsüm xanımın ailəsində, poetik bir aləmdə böyüdüyündən, təbiidir ki, incəsənətdə öz yolunu ədəbi obrazlar vasitəsilə tapmaq istəyirdi. Oqtay Sadıqzadə 1921-ci ildə Bakıda anadan olmuşdur. Oqtayın atası görkəmli yazıçı Seyid Hüseyn yeni sosial şəraitə uyğunlaşıb ədəbi yaradıcılığa meyil edir, o dövrün, demək olar ki, bütün ictimai hadisələrinə maraq göstərir, tez-tez qəzet və jurnallarda çıxış edirdi. Həmçinin M.Ə.Rəsulzadənin əmisi qızı olan anası Ümgülsüm də poeziyaya və milli azadlıq ideyalarına maraq göstərirdi. Seyid Hüseyn gələcək həyat yoldaşını şəxsən tanımamışdan qabaq tez-tez mətbuatda imzasına rast gəlir və həmin dövrdə Azərbaycan qadınlarının azadlığa çıxmasını, hüquqlarının qorunmasını, ictimai işlərdə fəal iştirak etməsini ürəkdən istəyən gənc Ümgülsüm kimi Azərbaycan qızının bu uğuruna sevinir və onun şəxsiyyəti ilə yaxından maraqlanırdı. Bu ailənin ilk övladı olan Oqtayın rəssamlığa meyli uşaqlıq illərindən başlamışdı. Nəhayət, o, atasının da razılığı ilə rəssamlığı seçdi və 1935-ci ildə Rəssamlıq texnikumuna daxil oldu. Oqtay ovaxtkı müəllimlərindən rəssam Piralovu minnətdarlıqla xatırlayır.
Oqtay Sadıqzadənin oxuduğu qrup çox qüvvətli idi. O, Azərbaycan rəngkarlığının indiki korifeyləri sayılan Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Əbdülxalıq, Qafar Seyfullayevlə bir yerdə oxuyurdu. Onlar istedadlı müəllimlərinin rəhbərliyi altında rəsmin, proporsiyanın, perspektivin incəliklərini öyrənir, incəsənət barədə uzun-uzadı söhbətlər edirdilər.
Oqtay Sadıqzadə dünya klassiklərinə maraq göstərir, Avropa, Rusiya, Azərbaycan ədəbiyyatından Flober, Balzak, Hüqo, Dikkens, Rable, Tolstoy, Sabir, Cavid, Məmmədquluzadə, həmçinin Seyid Hüseynin əsərlərini oxuyurdu.
Oqtayın ata və anasını 1937-ci ildə "xalq düşməni" kimi həbs etmişdilər (Oqtay bir də onlarla görüşə bilmədi). Uşaqları Seyid Hüseynin bacısı qızı 21 yaşlı Səyyarə öz öhdəsinə götürüb, həyatını dörd yetim uşağa həsr etmişdi. Oqtay birdən-birə ailə başçısını əvəz etməli oldu. O, çörək pulu qazanmalı, təhsilini davam etdirməli idi. 1939-cu ildə Oqtay Sadıqzadə Rəssamlıq məktəbini bitirdi. Arzu edirdi ki, dostları ilə bir yerdə Moskvada təhsilini davam etdirsin, lakin onun üzərinə düşən məsuliyyət və maddi çətinlik bu niyyətini həyata keçirməyə imkan vermədi.
O, respublika sərgilərində iştirak edir, əsərləri sərgi komitəsi tərəfindən yüksək qiymətləndirilirdi. 1940-cı ildə Moskvadan gələn komissiya Tretyakov qalereyasında açılacaq Ümumittifaq sərgisi üçün iki əsər seçir, onlardan biri 19 yaşlı Oqtay Sadıqzadənin "Çağırışçılar" tablosu olur.
Oqtay Sadıqzadənin bu uğuruna sevinməsi çox çəkmir. 1941-ci ildə "xalq düşməninin oğlu" kimi Altay ölkəsinə sürgün edilir. Onun o vaxt cəmi 20 yaşı var idi.
Bu ölüm-dirimli illər onun üçün böyük həyat məktəbi olur. Bakıya ancaq 1946-cı ildə qayıda bilir. O vaxtadək isə atasının taleyindən hələ də heç bir xəbər yox idi, anasının isə Mordva vilayətinin soyuq iqlimində 7 il ağır həbs cəzası nəticəsində 40 yaşında ikən əlil olub Bakıya qayıtdığını və 4 ay sonra evindən, uşaqlarından uzaqda Şamaxıda qəflətən vəfat etdiyi xəbərini eşidir. 1947-ci ildə ailənin daha iki üzvü - onlara analıq etmiş bibisi və kiçik qardaşı Cığatay dünyalarını dəyişir.
Ədalətsiz taleyin vurduğu yaralardan ürəyi ağrısa da, həyat davam edirdi və o yenə də ailə başçısı kimi öhdəsinə aldığı qardaşı və bacısına həyan olmalı, qayğılarına qalmalı idi.
Həmin vaxtdan Oqtay Sadıqzadə hər şeydə - həyatda, insanlarda, rəngkarlıqda, musiqidə, kinoda sevinc hissini, şadlığı və harmoniyanı qiymətləndirməyə başladı. Əvvəlki həyatında çoxlu qəm-qüssə, kədər olduğundan indi gülümsəyən, gülən, xoşxasiyyət adamlardan xoşu gəlməyə başladı. Axı əvvəllər pislik, qəzəb, laqeydlik görmüşdü.
1955-ci ildə Oqtay Sadıqzadəni "Azərnəşr"ə baş bədii redaktor vəzifəsinə dəvət edirlər. O, nəşriyyatda işlədiyi illərdə poliqrafiya mədəniyyətini yüksək səviyyəyə qaldırmağa çalışır, özü də kitablara illüstrasiyalar çəkməyə başlayır. İlk işləri N.Ostrovskinin pyeslərinə, "Əlibaba və qırx quldur" nağıl kitabına, Nizami Gəncəvinin süjeti əsasında yazılmış "Fitnə" uşaq kitabına çəkdiyi şəkillərdir. Sonralar "Uşaqgəncnəşr" və "Azərnəşr" tərəfindən nəşr olunmuş bir çox kitabın illüstrasiyalarını işləyir. O, hər kitaba böyük diqqət və məhəbbətlə yanaşır, hadisənin bəhs olunduğu dövrü, geyimləri, interyerləri öyrənir, həmçinin işlədiyi əsərə aid əlavə ədəbiyyat oxuyur, bununla da illüstrasiyaların canlı çıxmasına nail olurdu.
Bu illərdə Azərbaycan oxucuları Balzakın "Qorio ata", V.Hüqonun "Səfillər", Turgenevin "Atalar və oğullar", M.Qorkinin "Artamonovların işi" əsərinə çəkilmiş qəhrəmanların yaddaqalan gözəl obrazları ilə tanış olurlar. Azərbaycan ədəbiyyatından Oqtay Sadıqzadə H.Cavidin bütün pyeslərinə, C.Məmmədquluzadənin, S.Hüseynin, C.Cabbarlının bir çox əsərlərinə, M.F.Axundzadənin "Aldanmış kəvakib", həmçinin Rəşad Nuri Güntəkinin "Çalı quşu" romanına illüstrasiyalar çəkmişdir.
1956-cı ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirmiş bacarıqlı, ətrafına xoş enerji yayan, üzügülər Elmira Şahtaxtinskaya şöbədə çalışmağa başlayanda iş daha da fəallaşdı, maraqlı oldu. Elmira xanım istedadlı, öz yolunu axtaran prinsipial fikirli, gözəlliyi fitrən dərk edən, aristokratik zövqə və yaradıcı enerjiyə malik şəxsiyyət idi. O, nəşriyyatın işinə yeni istiqamət gətirir, başqalarını da yeni ideyalara həvəsləndirirdi.
Get-gedə gözəl, qüvvətli, hazırcavab, xoşməramlı bu qadından şölələnən işıq Oqtay Sadıqzadəyə nəinki nəşriyyatdakı iş saatlarında, hətta günün qalan hissəsində də sevinc gətirməyə başladı. Tezliklə hər ikisində daim ünsiyyətdə olmaq arzusu yarandı. Çünki onlar bir-birini son dərəcə tamamlayırdılar. Biri fəal və temperamentli, digəri sakit, təmkinli... Sonralar xarakterlərinin bir-birinə zidd olmasına baxmayaraq, bəlkə də elə buna görə onlar məhəbbət və sədaqətlə dolu uzun və xoşbəxt həyat sürəcək, incəsənətdə yeni-yeni nailiyyətlər qazanacaq, yaradıcılıq barədə prinsipial fikirlər söyləyəcək, uzun diskussiyalar aparıb bir-birinə kömək edəcək, böyük rəssam olacaqdılar.
Bu illərdə Oqtay Sadıqzadənin xəyalını Xəqaninin, Qətran Təbrizinin, Natəvan və Heyran xanımın, Nəsiminin, H.Cavidin, M.Müşfiqin poeziyası, həmçinin müğənnilərin, bəstəkarların, pambıqçı qızların obrazları məşğul edir. Nəticədə muzeylərimizi bəzəyən gözəl əsərlər yaranır.
Fırça ustasının qrafika və rəngkarlıq işləri hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Nizami adına Ədəbiyyat Muzeyində, Milli Tarix Muzeyində, C.Cabbarlı adına Teatr Muzeyində, Ü.Hacıbəylinin, S.Vurğunun, Bülbülün, H.Cavidin ev muzeylərində, Dövlət Şəkil Qalereyasında, Naxçıvanın muzey və qalereyalarında, Moskva Dövlət Tretyakov Qalereyasında, Orenburqun, Ulyanovskun muzeylərində saxlanılır. Bundan başqa, Oqtay Sadıqzadənin tabloları Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsrail, Rusiya, Belarus və Pakistanda şəxsi kolleksiyalarda da mövcuddur.
O, bu illərdə dövlət, mədəniyyət və elm xadimlərinə, tarixi şəxsiyyətlərə həsr olunmuş çoxsaylı gözəl əsərlər yaratmışdır. Həmçinin müharibə və repressiya qurbanları mövzusunda bir neçə tablo işləmişdir.
Bu portretlərin içərisində özünün mühümlüyü, bütövlüyü və dərinliyi ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, şairə Xurşud Banu Natəvanın, Qonça Bəyim və Ümgülsüm xanımın, akademik Zərifə xanım Əliyeva, İman Valeriya Poroxova, Fatma xanım Abdullazadənin, SSRİ xalq artisti Fidan Qasımovanın, Azərbaycanın xalq rəssamı Elmira Şahtaxtinskayanın portretləri xüsusi yer tutur. Rəssamın özü də məhz həmin portretləri daha müvəffəqiyyətli sayır.
Görkəmli şairə Natəvanın portreti 1983-cü ildə yaranmışdır. Oqtay Sadıqzadə bu portretdə nadir koloritli bütövlüyə və səlisliyə nail olmuşdur.
Rəssamın anası şairə Ümgülsüm xanımın portreti Xurşud Banu Natəvanın portretindən çox fərqlənir. Ölçüsünə görə böyük, stilinə görə təmtəraqlı olan Natəvanın portretində Oqtay Sadıqzadə görkəmli şairənin istedadının gücü qarşısında baş əyməklə yanaşı, öz gözəlliyini və hökmünü yaxşı dərk edən əzəmətli, zəngin, intellektual bir qadın obrazı təsvir etmişdisə, hər cür detallardan və xarici elementlərdən uzaq olan, ciddi xarakter daşıyan Ümgülsüm xanımın portretində qarşımızda zərif, yumşaq, incə, həssas ana obrazı canlanır. Əsərdə təsvir olunan şairəyə rəssamın münasibəti, oğulun anaya qarşı sönməz məhəbbəti, mənəvi yaxınlığı və onu itirdiyinə görə hiss etdiyi ürək ağrısı özünü göstərir. Məhzun baxışlı Ümgülsüm xanımın gözləri sanki ailəsindən tezliklə ayrılacağını duyurmuş kimi kədərlə doludur. Bu əsər rəssamın yaradıcılığında ən zərif, ən ehtiraslı portretdir.
Oqtay Sadıqzadənin 2000-ci ildə işlədiyi akademik Zərifə xanım Əliyevanın portretində kompozisiya və kolorit son dərəcə bütöv və yığcamdır. Həmsöhbətinə diqqətlə baxan, təbii və sərbəst vəziyyətdə durmuş bu qadının ağlının gücü, sifətindən nur yağan, səmimiyyətlə gülümsəyən parlaq baxışlı zərif siması bunu deməyə əsas verir ki, bu portret Oqtay Sadıqzadənin yaradıcılığında ən canlı əsərlərdən biridir.
O.Sadıqzadə H.Cavidin ev muzeyi üçün işə mürəkkəb, həm də ciddi hisslərlə başlamışdı. Bir tərəfdən bu mövzu onu cəlb edirdi, digər tərəfdən yarım əsr davam edən, çətinliklə unudulan köhnə yaranın közünü təzədən qopartmaq - atası, anası, qardaşı, H.Cavid və 1937-ci il repressiyaya məruz qalmış atasının digər dostlarının dərdini yada salmaq çox ağır idi. Ancaq ailənin keçmiş dostu, H.Cavidin qızı Turan xanımın xahişi və oğulluq borcu üstün gəldi və o işə başladı. Milli təhlükəsizlik Nazirliyində arxiv işləri ilə, 1937-ci ildə NKVD-də çəkilmiş fotoşəkillərlə tanış oldu. H.Cavidin, arvadı Müşkinaz xanımın portretləri, "1937-ci il repressiyasının qurbanları" adlı tablo, həmçinin "Hüseyn Cavidin aləmi" triptixi yaradıldı. Bu əsərlər hazırda dahi dramaturqun ev muzeyinin girişini bəzəyir.
Rəssam bu triptixə, əsərlərinə dərindən bələd olduğu və qiymətləndirdiyi Hüseyn Cavidə, onun yaradıcılığının yüksək romantizminə və simvolik mənasına məhəbbətini ifadə edən ruh yüksəkliyi ilə yanaşmış, necə deyərlər, bu böyük işə canını qoymuşdur.
Təxminən həmin vaxtlarda O.Sadıqzadə "Nizami Gəncəvi və dünya mədəniyyəti" adlı monumental silsilə əsərləri üçün material toplamağa başlayır. Bu əsərləri Nizami adına Ədəbiyyat Muzeyi mərkəzi salonunun əsas divarında asılacaq ekspozisiya üçün sifariş vermişdi. Divarın böyük sahəsi rəssamın öz mülahizəsinə görə doldurulmalı idi. Oqtay Sadıqzadə xeyli fikirləşəndən sonra beş böyük tablo işləmək qərarına gəlir. Ortada böyük (235x130), onun sağ və sol tərəflərində hərəsində nisbətən kiçik (220x100) iki tablo. Rəssam böyük hazırlıq işləri görür, Nizaminin dövrü, o dövrün memarlığı, incəsənəti, geyimləri barədə çoxlu material toplayırdı. Bu monumental əsərlərdə Antik və İntibah dövrlərindən başlamış XX əsrə qədərki dahi filosofların, musiqiçilərin, şairlərin, rəssamların 43 fiquru Nizamini əhatə edir. Nizaminin, onun çoxsaylı azərbaycanlı, şərqli, avropalı xələflərinin və sələflərinin gözəl obrazlarında humanizm ideyalarının varisliyi, bütün bəşəri mədəniyyətinin bir - birinə bağlı olan vəhdətliyi, həmçinin Nizaminin əsərlərinin dahiliyi və ölməzliyi, bu əsərlərin Şərqin və Qərbin qabaqcıl mütəfəkkirlərinə böyük təsiri və onun keçmişin nailiyyətlərinə hörmətlə yanaşması verilmişdir. Bu çox mürəkkəb və məsuliyyətli işə Oqtay Sadıqzadə 6 ildən çox vaxt sərf etdi və nəhayət, 1999-cu ildə əsərlərin təqdimatı oldu.
Ekspozisiyanın mərkəzindəki iri tablo silsilənin adını daşıyır: "Nizami Gəncəvi və dünya mədəniyyəti". Onun yanındakılar "Antik filosoflar", "Nizaminin sələfləri", "Nizaminin xələfləri" və "Nizami və Avropa mədəniyyəti" adlanır.
Antik və orta əsrlər dövründəki Azərbaycan miniatur məktəbinin yüksək ideallarına sədaqətlə yanaşan Oqtay Sadıqzadə ideyaca dərin humanistik əsərlərin canlı obrazlarında bəşəriyyətin dünyanın gözəlliyi və harmonikliyi barədə çoxdankı arzusunu təcəssüm etdirmək istəyirdi.
"Nizami Gəncəvi və dünya mədəniyyəti" silsiləsi Oqtay Sadıqzadə yaradıcılığının ən yüksək nailiyyətlərindən biridir. Bunu humanizmə, gözəlliyə, ümumbəşəri mədəniyyətə himn adlandırmaq olar.
Oqtay Sadıqzadənin Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, fəxri fərmanlar və mükafatlarla təltif edilmişdir. O, 1977-ci ildə Azərbaycan "Əməkdar incəsənət xadimi" fəxri adına, 1992-ci ildə Azərbaycan "Xalq rəssamı" adına layiq görülmüşdür. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən Oqtay Sadıqzadəyə müstəqil Azərbaycanın "Şöhrət" ordeni verilmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli təsviri sənətə verdiyi misilsiz töhfələrə görə Oqtay Sadıqzadəni "Şərəf" ordeni ilə təltif etmişdir.
2000-ci ildə Oqtay Sadıqzadə Azərbaycan Rəssamlıq Akademiyasında müəllimlik fəaliyyətinə başlamışdır.
2011-ci ildə Milli İncəsənət Muzeyində sənətkarın 90 illik yubileyi ilə əlaqədar təşkil olunan sərgi akademik sənət sevənlər üçün, sözün əsl mənasında, bir hədiyyə olmuşdur. Bu sərgi rəssamın yaradıcılığının panoramasını,onun həm rəngkarlıq, həm də qrafika sahəsində maraq və nailliyyətlərinin çox əlamətdar bir tamlığını nümayiş etdirmişdir. Sərgidə müxtəlif muzey və fondlardan toplanmış 45 əsər sərgilənmişdir. Rəssamın etirafına görə bu sərginin açılışı günü onun həyatında ən həyəcanlı, xoşbəxt günlərdən biri olmuş, sənətkar üçün yeni yaradıcılıq axtarışlarına xidmət edən qüvvətli amilə çevrilmişdir. Bu da çox sevindirici bir haldır, çünki insan nəsə yaradırsa, demək o hələ də cavandır və incəsənətin ali məqsədi olan gözəlliyə xidmət etməkdədir.
Bu il mayın 27-də Prezident İlham Əliyev tərəfindən Oqtay Sadıqzadəyə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respubkikasının Dövlət mükafatı təqdim edilmişdir. Böyük sənətkarı bu ali mükafat münasibətilə ürəkdən təbrik edirik.
Gülrəna
QACAR,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan.-2014.- 10 iyun.- S.5.