Valideyn himayəsindən məhrum olmuş yeniyetmə və

 gənclərin «Mən Yaradıram» adlı sərgisi keçirilib

 

Valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin "Mən Yaradıram!" layihəsinin yaradıcılıq sərgisi keçirilib. Sərgidə 50 nəfər iştirak edib və onların hazırladıqları əl işləri, rəsm əsərləri nümayiş olunub.

Sərgini giriş sözü ilə açan layihə rəhbəri Tərlan Səfərov bildirib ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin bacarıqlarını ictimaiyyətə təqdim etmək və cəmiyyətin onlara diqqətini artırmaqdır. Heydər Əliyev Fondu, xüsusən fondun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən  paytaxtımızda və bölgələrimizdə olan kimsəsiz uşaq və yeniyetmələrin məskunlaşdığı uşaq evləri və internat məktəblərində  yaradılmış yüksək şərait onlara öz bacarıqlarını göstərməyə geniş imkan yaradıb. Nəticədə yeniyetmə və gənclərin çəkdikləri maraqlı rəsmlər, hazırladıqları əl işləri ərsəyə gəlib: "Həmin əsərlərin hər biri saf düşüncənin məhsulu kimi maraqlı və gözəldir. Bu məqsədlə də diqqəti həmin gənclərə cəlb etmək üçün "Mən Yaradıram!" layihəsi çərçivəsində 11 saylı xüsusi İnternat məktəbində yaşayan və təhsil alan yeniyetmə gənclərin bacarıqlarını göstərən əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Bununla da gənclər bir daha hiss edirlər ki, onlar hər zaman cəmiyyətin diqqətindədirlər".

11 saylı xüsusi İnternat məktəbinin direktoru Gülnarə Abdullayeva çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə məhz bu kateqoriyadan olan gəncləri əhatə edir, onların yaratdıqları əl işlərinə diqqət yetirilir və dəyər verilir.

Sərgidə həmçinin Təhsil Nazirliyinin De-institutlaşdırma  şöbəsinin müdiri Həbib Kərimov, Sabunçu Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Sonda  "Mən Yaradıram!" layihəsində fəal iştirak edən yeniyetmə və gənclərə  diplomlar təqdim edilib, onların şəkilləri və əl işlərindən ibarət kataloq tədbir iştirakçılarına paylanılıb.

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.-10 iyun.-S.7.