Ən böyük futbol bayramı

 

Bir neçə gündən sonra Braziliyada futbol üzrə 20-ci Dünya çempionatı start götürəcək. Bu turnir haqqında danışmazdan əvvəl dünya çempionatı tarixinə səyahət edək.

Futbol üzrə dünya birinciliyiya ilk dəfə “Jül Rime kuboku” adlandırılan turnir 1930-cu ilin iyulunda Montevideoda (Uruqvay) keçirilmişdir. Dünya çempionatı yarışlarının prinsipləri isə daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpen (Brüssel) konqresində razılaşdırılmışdı. Turnirin ideya müəllifi və təşkilatçısı Fransa Futbol Federasiyasının prezidenti, həm də o vaxt Antverpendə FİFA-nın prezidenti seçilmiş Jül Rime idi. Elə dünya çempionatının əsas mükafatı da 1970-ci ilədək onun adını daşımışdır - “Jül Rime kuboku” (“Qızıl ilahə” kimi də tanınırdı). Yeri gəlmişkən, elə kubok da Jül Rimenin şəxsi vəsaiti hesabına hazırlanmışdı.

Futbol üzrə ilk dünya çempionatının keçirilməsi haqqında yekun qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı (Hollandiya) konqresində qəbul edilmişdir. Olimpiya oyunlarında bütün komandalar, demək olar ki, gizli peşəkarlıq nümayiş etdirdiyindən dünyanın bütün yığma komandalarının həvəskar statusu formal xarakter daşımağa başlamışdı. Müntəzəm dünya çempionatlarının keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli assosiasiyaların rəhbərləri dünya çempionatında çıxış etməkdə maraqlı oldular və peşəkar oyunçuları yığma olimpiya komandalarına göndərmədilər.

Peşəkar və həvəskar futbolçular üçün açıq olan belə çempionatların  təşkili o vaxtlar riskli idi. Həm də FİFA elə bir ölkə axtarırdı ki, bu işə tamahkarlıq məqsədilə girişməsin. Olimpiya turnirləri, demək olar ki, gəlir gətirmirdi. Beynəlxalq Futbol Federasiyası dünya çempionatlarının keçirilməsinə rəhbərlik etməklə gəlirin bölüşdürülməsində iştirak edə bilər və borca düşməzdi.

 

İlk dünya kuboku Cənubi Amerikada qaldı

 

1930-cu il dünya birinciliyinin Uruqvayda keçirilməsi təklifi yerinə düşmüşdü. Əvvəla, bu çempionat ölkənin İspaniya müstəmləkəçiliyindən azad olmasının 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərinin tərkib hissəsi olacaqdı. İkincisi isə, turnir futbolun La-Plata sahillərində böyük şöhrət tapmasına yol açacaqdı. Olimpiya oyunlarında iki dəfə qələbə qazanmış bu kiçik ölkədə ən yaxşı futbolçuları az qala ilahiləşdirirdilər. Təkcə futbol azarkeşlərinin təşəbbüsü ilə uruqvaylılar 400 min dollar toplayıb qısa müddətə o vaxtlar dünyada ən böyük stadionu - “Sentenarionu tikmişdilər. Lakin Avropa turnirə qatılmaq dəvətini qəbul etməyə tələsmirdi. Uruqvaylılar yarış iştirakçılarının gəmi ilə gəlmək haqlarını və başqa xərcləri ödəməyə hazır olsalar da məsafə uzaq olduğundan bu, müəyyən dərəcədə riskli idi.

Digər tərəfdən, dünya çempionatlarında iştirak etmək vətəndəki yarışlara bir neçə ay fasilə vermək və ya ən yaxşı komandaların tərkibini zəiflətmək, bununla da yerli oyunlara marağı azaltmaq, klubların və milli futbol ittifaqlarının onsuz da ağır olan maliyyə vəziyyətini daha da pisləşdirmək demək idi.

Yalnız Jül Rimenin işə qarışması ilə birinci dünya çempionatı baş tutdu. O heç olmasa 4 cəsur Avropa komandasının çempionatda iştirakını təmin etmək üçün bütün nüfuzundan istifadə etdi.

İyunun 21-də Fransa, Rumıniya və Belçika yığma komandaları”Konte Verde” gəmisində Cənubi Amerika sahillərinə yola düşdü. Bir neçə gündən sonra Marseldən daha bir gəmi çıxdı. Bu, Yuqoslaviyanın yığma komandasını aparanFlorida” gəmisi idi.

Çempionat 1930-cu il iyulun 13-də Fransa-Meksika matçı ilə start götürdü. Bu, fransızlar üçün xüsusi gün idi. Çünki futbolçular uzaq MontevideodaPokitosstadionunun yaşıl meydanına çıxanda vaxt fərqinə görə Fransada artıq iyulun 14-ü, yəni Bastiliyanın alınmasının başladığı gün idi. Sanki Lüsyen Loran milli bayram şərəfinə artıq görüşün 10-cu dəqiqəsində topu meksikalıların qapısına vurdu və adını dünya çempionatlarının “qoleador”ları siyahısının birinci sətrinə yazdırdı.

Final matçında isə Argentinanı 4:2 hesabı ilə məğlub edən Uruqvay dünya çempionatının ilk qalibi oldu.

 Bundan sonra ikinci dünya çempionatı 1934-cü ildə İtaliyada keçirildi. Final matçında Çexoslovakiya üzərində qələbə qazanan italyanlar kubokun sahibi oldular.

Futbol üzrə dünya çempionatı üçüncü dəfə yenə Avropa ölkəsində, 1938-ci ildə Fransada təşkil edildi. O dövrdə yüksək futbol nümayiş etdirən İtaliya yığması finalda Macarıstan millisini məğlub edərək ikinci dəfə çempion adını qazandı.

 

Mundialda 8 illik fasilə Braziliyanın hegemonluğu

 

1942-ci ildə növbəti dünya çempionatı baş tutmadı. İkinci Dünya müharibəsi bütün sahələrə təsir etdiyi kimi futboldan da yan ötmədi. Stadionların bəziləri dağıdılmış, bir çox futbolçular torpaqlarının azadlığı uğrunda könüllü olaraq müharibəyə getmişdilər.

Müharibə başa çatdıqdan sonra Avropada vəziyyət yaxşı olmadığından qərara alındı ki, 1950-ci il çempionatı başqa bir materikdə keçirilsin. Beləliklə, dördüncü dünya çempionatını Braziliya qəbul etdi. Finalda ev sahibi Braziliya millisini məğlub edən  uruqvaylılar tarixində ikinci dəfə dünya çempionu adını qazandılar.

1954-cü ilin dünya çempionatı İsveçrədə keçirildi. Final oyununun qalibi Macarıstan yığmasını 3:2 hesabı ilə məğlub edən Almaniya Federativ Respublikası (AFR) oldu.

1958-ci il mundialı İsveçdə təşkil olundu. Həlledici matçda Braziliya yığması meydan sahiblərini 5:2 hesabı ilə məğlub edərək ilk dəfə mundialın qalibi oldu.

1962-ci ildə çempionat Çilidə keçirildi. Finalda Braziliya Çexoslovakiyaya 3:1 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə kubokun sahibi oldu.

1966-cı il hər bir ingilis üçün tarixi ilə çevrilir. Həmin il İngiltərə finalda AFR-ə 4:2 hesabı ilə qalib gələrək kuboku qazanır.

1970-ci ildə Meksikada keçirilən DÇ-nin finalında Braziliya İtaliya yiğmasına 4:1 hesabı ilə qalib gələrək 3-cü dəfə kuboku qazanır.

1974-cü ildə AFR çempionata ev sahibliyi edirdi. Bu mundialda kubok ev sahiblərinə qismət oldu. Finalda Hollandiya yığmasına 2:1 hesabı ilə qalib gələn almanlar 2-ci dəfə dünya çempionu titulunu qazandılar.

1978-ci ildə Argentinada keçirilən çempionatın qalibi yenə meydan sahibləri oldular. Hollandlara 3:1 hesabı ilə qalib gələn Argentina kubokun sahibi oldu.

1982-ci ildə İspaniya mundialı qəbul etdi. Finalda İtaliya yığması AFR-i 2:1 hesabı ilə üstələdi kuboka sahib çıxdı.

1986-cı ildə dünya çempionatı ikinci dəfə Meksikada keçirildi.Turnir ilk dəfə idi ki, ikinci dəfə eyni ölkədə baş tuturdu. Final Argentina-AFR qarşılaşması Argentinanın 3:2 hesablı qələbəsi ilə tarixə düşdü.

1990-cı ildə İtaliyada təşkil olunan turnirin finalında AFR Argentina yığması ilə qarşılaşır. Görüşdə almanlar 1:0 hesablı qələbə ilə 3-cü dəfə kubokun sahibi olurlar.

1994-cü ildə ABŞ-da Braziliya 4-cü dəfə çempionluq qazandı. Final oyununda əsas əlavə vaxtda qapılara qol vurulmadı, penaltilər seriyasında isə Braziliya İtaliyanı üstələdi - 3:2.

1998-ci ildə mundialın ev sahibi - Fransa millisi finalda Braziliya yığmasını 3:0 hesabı ilə məğlub edərək 1-ci dəfə kuboku başı üzərinə qaldırdı.

2002-ci ilin dünya kuboku ilk dəfə iki ölkədə - Cənubi Koreya Yaponiyada təşkil olundu. Finalda Braziliya Almaniyanı 2:0 hesabı ilə məğlub edərək 5-ci dəfə dünyanın ən yaxşı yığma komandası olduğunu nümayiş etdirdi.

DÇ-2006 Almaniyada təşkil olundu. Finalda İtaliya-Fransa qarşılaşmasının əsas vaxtı heç-heçə (1:1)  başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşdi. Daha dəqiq olan italyanlar  5:4 hesabı ilə qələbə qazanıb 4-cü dəfə dünya çempionu oldular.

2010-cu il dünya çempionatı Cənubi Afrika Respublikasında təşkil olundu. Finalda İspaniya Hollandiyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə kuboku başı üzərinə qaldırdı.

Beləliklə, Braziliya 5 dəfə (1958, 1962, 1970,1994, 2002), İtaliya 4 dəfə (1934, 1938, 1982, 2006), Almaniya 3 dəfə (1954, 1974, 1990), Uruqvay 2 dəfə (1930, 1950), Argentina 2 dəfə (1978, 1986), İngiltərə bir dəfə (1966), Fransa bir dəfə (1998) İspaniya bir dəfə  (2010) dünya çempionu olmuşlar.

 

Dünya çempionatlarının rekordları

 

Dünya çempionatları həm rekordları ilə diqqət mərkəzində qalır.

Ən böyük hesablı qələbələr: Macarıstan-Cənubi Koreya - 9:0 (1954),  Yuqoslaviya-Əlcəzair - 9:0 (1974), Macarıstan-Salvador - 10:1(1982).

Ən erkən qolun müəllifi: 2002-ci il dünya çempionatının 3-cü yer uğrunda qarşılaşmasında Türkiyə meydan sahibi Cənubi Koreyanı 3:2 hesabı ilə məğlub edir. Görüşün 11-ci saniyəsində Hakan Şükür vurduğu qolla tarixə düşür.

Ən çox iştirak edən futbolçular: Antonio Karbaxal (Meksika, 1950-1966), Lotar Matteus (Almaniya, 1982-1998).  Hərəsi 5 dəfə mundialda iştirak edib.

Ən çox oyun keçirən futbolçu: Lotar Matteus - 25 oyun.

Ən çox qol vuran: Ronaldo (Braziliya, 1998-2006) - 15 qol.

Bir turnirdə ən çox qol vuran: Jüst Fonten (Fransa,1958) - 13 qol.

Bir oyunda ən çox qol vuran: Oleq Salenko (Rusiya) - 5 qol. 1994-cü il. Rusiya-Kamerun - 6:1.

Ən gənc futbolçu: Pele  (Braziliya), 17 yaş 249 gün. Futbol kralı bu yaşda qol vurmaqla da rekordçudur.

Ən yaşlı futbolçu: 42 yaşlı Roje Milla (Kamerun). O, bu yaşda qol vurmaqla həm ən qoca bombardirdir.

Futbolçu kimi ən çox dünya çempionu: Pele (Braziliya), 3 qat dünya çempionudur (1958, 1962, 1970).

Futbolçu məşqçi kimi ən çox dünya çempionu: Mario Zaqallo (Braziliya), 1958-ci 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş məşqçi, 2002-ci ildə ikinci məşqçi kimi bu titula sahib olub.

Finalda ən çox oynayan yığma: Braziliya Almaniya - hər ikisi 7 dəfə (ümumilikdə 92 oyun).

Ən çox oyun idarə edən hakim: Jozel Kinyo (Fransa, 1986-1994 ) - 8 dəfə.

Ən çox sarı qırmızı vərəqə olan mundial: DÇ-2006 - 56 oyunda 310 sarı, 25 qırmızı vərəqə qeydə alınmışdır. Bir matçda ən çox sarı qırmızı vərəqə həmin mundialda göstərilmişdi. Rusiyalı hakim Valentin İvanov Portuqaliya-Hollandiya görüşündə hər komandanı 2 qırmızı vərəqə ilə cəzalandırmışdı. O, Portuqaliya futbolçularına 9 sarı vərəqə göstərmişdi.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2014.-10 iyun.-S.6.