Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada qəyyumluğa götürülmüş yetim uşaqlar üçün xeyriyyə aksiyası keçirilmişdir

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü və İ.N.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Moskvada qəyyumluğa götürülmüş yetim uşaqlar üçün xeyriyyə aksiyası keçirilmişdir. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmişdir.

Qəyyumluğa götürülmüş yetim uşaqlar üçün bayram şənliyi Mandelştam adına parkda təşkil edilmişdi. Fəallar fokusçunun və rəqs qruplarının iştirakı ilə məxsusi bu uşaqlar üçün əyləncəli proqram hazırlamışdılar. Şənliyin balaca səbəbkarları müxtəlif müsabiqələrdə iştirak etmiş, oynamış, əylənmişlər. Uşaqları qəyyumluğa götürənlər də kənarda qalmamış, balacalarla bərabər əyləncəli  oyunlarda iştirak etmiş, pryaniklərin üstündə rəsmlər çəkmiş, müxtəlif oyuncaqlar düzəltmişlər.

Gənc Stomatoloqlar Assosiasiyasının fəalları balacalara dişlərə necə qulluq etmək lazım olduğunu öyrətmişlər. Bayram şənliyinin təşkilində və keçirilməsində iştirak edən fəallar arasında İ.N.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan, Yaponiya, Malayziya, Özbəkistan və Çindən olan tələbələri də vardı.

Şənliyin sonunda bütün uşaqlara hədiyyələr verilmiş, valideynlərə isə AMOR jurnalının nömrələri paylanmışdır. Həmin gün parkda yoldan keçənlər də xoşbəxt və qayğısız anlar yaşayan balacaların sevincinə qoşulmuşlar.

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 Moskva

Azərbaycan.-2014.-10 iyun.-S.7.