İstanbulda Dağlıq Qarabağ münaqişəsinin

 qurbanlarına həsr olunmuş fotosərgi açılmışdır

 

İstanbuldakı Memar Sinan Universitetinin XIV əsrə aid “Tophane-i Əmir” Mədəniyyət və İncəsənət Mərkəzində Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına həsr olunmuş fotosərgi açılmışdır.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə nümayəndəliyi tərəfindən təşkil edilən bu təsirli sərgidə tanınmış alman fotoqrafı Filip Ratmerin ruhlandırıcı işləri nümayiş olunur.

Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, Filip Ratmer əvvəllər Mixael Şumaxer, Ledi Qaqa, Jay Z, Sofi Loren və Luçiano Pavarotti kimi məşhurların fotoşəkillərinin müəllifi olmuşdur.

Qonaqlar arasında müəllif və teleaparıcı Pelin Batu, aktrisa Vilma Velles, İstanbul Opera və Balet Teatrının bədii rəhbəri Beyhan Merfi, qalereyaçı Murad Pirevneli, Türkiyə-Amerika Biznes Birliyinin prezidenti Zeynəb Dereli, Mədəniyyət və Elmi Axtarışlar Fondundan İnci Aksoy və Türkiyənin Belçikadakı konsulu Kəmaləddin Eruyğur kimi tanınmış simalar vardı.

Sərgilənən 50 fotoşəklin hamısı Ağcabədi rayon ərazisində yerləşən Taxtakörpü və Ağdamın Quzanlı qəsəbələrində, eləcə də Bakının Dərnəgül və Qızılqum məcburi köçkün düşərgələrində çəkilmişdir.

TEAS-ın Türkiyə nümayəndəliyinin rəhbəri Rəna Rzayeva sərginin açılış mərasimində çıxış edərək demişdir: “Mən sizin hamınızdan soruşmaq istəyirəm: siz, nə vaxtsa, öz evinizdən didərgin salınmısınızmı? Sizin torpaqlar nə vaxtsa qanunsuz olaraq əlinizdən alınıbmı? Siz nə vaxtsa tanış olmayan başqa məkana, köçməyə məcbur edilmisinizmi? Azərbaycan əhalisinin doqquzdabir hissəsi qaçqın və məcburi köçkündür. Azərbaycan torpaqlarının təxminən beşdəbir hissəsi isə erməni işğalında qalmaqdadır. Bu insan faciəsi 20 ildən artıqdır ki, davam edir və münaqişə öz həllini tapmır. Bütün azərbaycanlılar kimi, biz də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini axtarır və qanuni torpaqlarımızın tezliklə geri qaytarılmasını tələb edirik”.

Sonra o, bir neçə fotoşəklə istinad edərək bildirmişdir: “Bu gün axşam bizi qalereyada sərgilənən fotoşəkillərdəki uşaq və gənclərin, kişi və qadınların müxtəlif simaları əhatə edir. Onlardan hər biri öz şəxsi faciəsini açıqlayır. Bu layihədə yer almış ən yaşlı məcburi köçkünün fotoşəkli 86 yaşda olan Səmayə Məmmədovanındır. Onun üzündəki qırışlar sanki bu insanın əzablı və çətin həyatını təsvir edir. Erməni işğalı zamanı o, ailəsi ilə birlikdə Şuşanı tərk etmişdir. Onun oğlu könüllü olaraq müharibədə iştirak etmişdir. 1992-ci ildə o, itkin düşmüşdür və sonrakı taleyi haqqında heç nə məlum deyil. Həyat yoldaşının və doğma qızının ölümündən sonra Səmayə Məmmədovanın axirətdə onlara qovuşmaq kimi yeganə bir arzusu var”.

Filip Ratmer bu mövzuya öz yanaşmasını belə izah etmişdir: “Mən bu insanların simalarını iri miqyasda çəkməklə onların ağrı və acılarını təqdim etmək istədim. Hər sima, dolayısı yolla işıqlandırılmış qara fonda, eyni qaydada çəkilmişdir və bu zaman diqqətimi simalardakı həyat hekayələrinin göstərilməsinə yönəltdim. Siz onların gözlərindən və üzlərindəki qırışlardan ağrı və acını hiss edə bilərsiniz. Diqqətimi insanın halı, vəziyyəti, taleyinə cəlb etmişəm, hər kəsin adını, yaşını, işini, yaşadığı düşərgəni və köçkün düşdüyü məkanı qeyd etmişəm. Onların hər biri mənə öz arzu-istəklərini danışmışdır. Öz evinə qayıtmaq istəyi bu insanların ümumi arzusudur. Fotoşəkillərini çəkdiyim insanlar 6-86 yaşlar arasında idilər və bəziləri öz doğma yurdlarını belə görməmişdilər. Onların simalarında əzab və ağrıların, həmçinin günlərin birində hər hansı bir yolla işğal olunmuş rayonlara qayıdacaqlarının ümidi sezilir”.

 

Azərbaycan.-2014.-10 iyun.-S.7.