Şəmkir SES və Yenikənd SES

 

Ulu öndərin əvəzsiz yadigarı

 

Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su Elektrik Stansiyasının təməlini qoydum və bunu qurub-yaratdım. İndi o Azərbaycan xalqına xidmət edir.

 

Heydər ƏLİYEV

 

Şəmkir rayonunun ictimai-iqtisadi həyatında, insanların sosial həyat şəraitinin yaxşılaşmasında müstəsna əhəmiyyətə malik obyektlərdən biri  ümummilli liderin əvəzsiz yadigarlarından olan Şəmkir SES və Yenikənd SES-dir. Hər ikisinin təməli ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə sovetlər dönəmində qoyulub.

Böyük Qafqaz sıra dağlarının ətəklərində, Boz dağın qoynunda, Dəli Kürün üstündə qərar tutan bu qoşa nur seli dünya şöhrətli siyasətçi, tanınmış dövlət xadimi Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyata vəsiqə almışdır. Ulu öndər ölkənin təbii ehtiyatlarının potensialından uzaqgörənliklə istifadə etməklə Azərbaycanda elektrik enerjisi istehsalını önə çəkmiş, ölkənin elektrikləşdirilməsinə xüsisi diqqət və qayğı göstərmişdir. Kür çayı üzərində ucaldılan silsilə su elektrik  stansiyaları layihəsinin təşəbbüskarı və hamisi olan  respublika rəhbəri 1975-ci il avqustun 16-da Şəmkirə gəlmiş, Kür çayının qarşısında möhtəşəm bəndin təməlqoyma mərasimində iştirak etmişdir.

İllərlə insan ayağı dəyməyən bu yerlərə qısa müddətdə maşın-mexanizmlər gətirildi, nəqliyyat vasitələri, vaqon-evlər görünməyə başladı. Aylar bir-birini əvəz etdikcə bənd ucaldı, işlər artdıqca işçilər də çoxaldı. Bənddə görülən işlərin gedişi və problemlərlə yerindəcə tanış olmaq məqsədilə növbəti dəfə Şəmkirə gələn dövlət başçısının təşəbbüsü ilə burada çalışan fəhlə və mütəxəssislər üçün yeni yaşayış massivinin - Bitdili kəndindən yuxarıda energetiklər üçün Kür qəsəbəsinin əsası qoyuldu. Müasir texnika, zəhmətsevər əllər, insan nəfəsi bu yerlərin simasını tədricən dəyişdi. O zaman çoxlarına xəyal kimi görünən Şəmkir SES-in tikintisi SSRİ respublika rəhbərləri sırasında öz işgüzarlığı və siyasi uzaqgörənliyi ilə seçilən Heydər Əliyevin dəstəyi ilə reallaşmağa başladı. Nəhayət, 1982-ci il dekabr ayının 22-də Heydər Əliyevin xeyir-duası ilə SES-in ilk bloku işə salındı. Bir müddət sonra ikinci blok da işə düşdü. Beləliklə, ölkənin enerji sisteminə 380 meqavatlıq dəyərli bir obyekt qoşuldu. Bununla da Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasəti respublikamızın Qərb bölgəsinə, xüsusilə Şəmkir və Samux rayonlarının kolxoz və sovxozlarına məhsul bolluğu, evlərə ruzi-bərəkət gətirdi. Mingəçevirdən üzü Qazaxa kimi yüzlərlə insan burada özünə iş yeri, yeni peşə tapdı, sənət öyrəndi, işlədi, ali təhsil aldı, xoşbəxt ailə həyatı qurdu. Bir sözlə, cəmiyyətə layiq ailə, oğul-qız, ev-eşik sahibi oldu. Uzaq və yaxın şəhərlərdə işləyən neçə-neçə şəmkirli öz dədə-baba kəndinə qayıtdı, əl-qolunu çırmayıb SES-də həvəslə işlədi. Qəsəbə gündən-günə böyüdü və abadlaşdı. Dünyamızın narahat vaxtlarında - 1989-1990-cı illər Fərqanə hadisələri zamanı Özbəkistandan qaçqın düşərək gəlib Kür qəsəbəsində məskunlaşan, məlum hadisələr zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda Gədəbəyin Şınıx bölgəsində gedən döyüşlərdə mənfur erməni snayperinin gülləsinə tuş gələn, göstərdiyi şəxsi igidlik və şücaətə görə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən topçu İsgəndərin valideynləri, ailəsi də bu qəsəbədə yaşayır. Bir sözlə, özülü qoyulan gündən Şəmkir SES bu yerlərə yeni həyat, iqtisadi rifah gətirdi. SES-də işin səmərəliyini artırmaq məqsədilə enerjinin ötürülməsi üçün yeni yarımstansiyalar quruldu, maşınlı su kanalı işə salındı. İllərlə əkinçiliyə həsrət qalan torpaq sahələrinə suvarma suyu verildi, yeni təsərrüfat sahələri, müəssisələr, sex və sahələr yaradıldı.

Kür çayının üstündə əzəmətlə ucalan Şəmkir SES-də ötən illər ərzində  təxminən 25 milyard kilovat-saat ucuz və keyfiyyətli elektrik enerjisi istehsal edilərək Azərbaycan energetika sisteminə ötürülmüşdür ki, bu da azı 700 milyon manat civarında əmtəə məhsulu deməkdir. Ümummilli lider Heydər Əliyevin stansiyanın inzibati binasının həyətində mərmər lövhəyə həkk  olunan "Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su Elektrik Stansiyasının təməlini qoydum və onu qurub-yaratdım" kəlamı burada çalışan hər bir energetikin qürur mənbəyinə çevrilib.

Şəmkir SES silsiləsinin davamı olan Yenikənd SES  Qərb bölgəsində camaatın qəlbində, ən mötəbər məclislərdə ulu öndər Heydər Əliyevin əvəzsiz yadigarları sırasında xatırlanır. Şəmkir SES-in ikinci pilləsi olan Yenikənd SES-in təməli 1984-cü ildə qoyulub. Bu zaman Heydər Əliyev artıq Moskvada, SSRİ rəhbərliyində yüksək vəzifədə çalışırdı. Azərbaycanda yaranan məlum ictimai-siyasi hadisələrin gərginliyindən tikinti işləri çox zəif getdi, bəzən fasilələrə yol verildi. 1990-1991-ci illərdə, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu vaxtlarda burada sahibsizlik və özbaşınalıq yarandı, işlər tamamilə dayandırıldı.  Sonralar bu zaman kəsiyini təəssüflə yada salan ümummilli lider demişdir: "...Biz o illərdə, 70-ci illərdə Kür çayı üzərində tikiləcək Yenikənd Su Elektrik Stansiyasının layihəsini hazırladıq, təsdiq etdik.

Biz Şəmkir Su Elektrik Stansiyasından sonra bu su elektrik stansiyasının tikintisinə başlamalı idik. Ancaq təəssüflər olsun ki, bu məsələ hələ SSRİ mövcud olduğu zamanda - 80-ci illərin sonunda - SSRİ dağılandan sonra da, şübhəsiz ki, bunlara heç fikir verən olmadı".

Acı da olsa, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə bərbad vəziyyətə düşmüş bu mühüm obyektdə əsl həqiqət belə idi. Etiraf etməliyik ki, yalnız xalqımızın təkidli tələbi ilə yenidən respublikada siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi və tükənməz qayğısı sayəsində yarımçıq tikilinin üzünə gün doğdu, Yenikəndin yeni günləri başlandı. Ölkə rəhbəri o ağır illərdə yenidən bu sahəyə diqqət yönəltdi. Şəxsi nüfuzu və aparılan ciddi danışıqlar sayəsində Avropa Yenidənqurma və İnkişaf Bankından lazımi maliyyə dəstəyi alındı. Həmçinin respublikanın daxili imkanları bu sahəyə cəlb olundu, stansiyada tikinti-quraşdırma işləri canlandırıldı, əvvəl ikinövbəli, sonra da üçnövbəli iş rejimi yaradıldı. Nəhayət, ulu öndərin şəxsi əlaqələri, diqqət və qayğısı sayəsində tikinti keyfiyytlə başa çatdırıldı. 2000-ci il mayın 23-də hər biri 37,5 meqavat  gücündə üç hidroaqreqat işə salındı.

Açılış mərasimində Heydər Əliyev dördüncü hidroaqreqat üçün nəzərdə tutulmuş yerlə maraqlandı. Bu məsələ neçə vaxt idi ki, ləngiyirdi. Dövlət başçısı hidroaqreqatın alınmasına və quraşdırılmasına xeyir-dua verdi, işə tezliklə başlamaq üçün əməli yardım göstərdi. Bu operativ köməyin sayəsində gücü 37,5 meqavat olan dördüncü hidroaqreqat tez bir zamanda enerji sisteminə qoşuldu.

Ulu öndərin bu sahədəki ideya və ənənələri uğurla davam edir. Ölkəmizdə sabitliyin və tərəqqinin qarantı olan Prezident İlham Əliyev nəinki Şəmkirdə, ümumiyyətlə, respublikada energetika sisteminin inkişafına müntəzəm diqqət və qayğı göstərir. Ötən ilin sentyabrında Şabran rayonunun ərazisində istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan su kanalı, 2009-cu ilin yazında təməli qoyulmuş, icrası uğurla başa çatdırılmış və bu ilin sonlarında istifadəyə veriləcəyi nəzərdə tutulan Şəmkirçay dəryaçası bunlara bariz nümunədir. Ümumiyyətlə, son on ildə Azərbaycanda 14 su elektrik stansiyası tikilmişdir.

Prezident İlham Əliyevin 14 oktyabr 2005-ci il tarixli sərəncamına əsasən, Kiçik Qafqaz sıra dağlarının qoynunda, Qaraqocalı kəndindən yuxarıda üzü Şəmkir SES və Yenikənd SES-ə baxan  əzəmətli Şəmkir dəryaçasının əsası qoyulub. Respublikamızda həyata keçirilən ən böyük layihələrdən olan Şəmkirçay dəryaçasının istifadəyə veriləcəyi günə lap az vaxt qalır. Dəryaçada ildə azı 56 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək su elektrik stansiyası keçən ildən hazırdır. Ümumi su tutumu 175 milyon kubmetr, bəndinin hündürlüyü 190 metr, su səthinin sahəsi 504 hektardan artıq, maksimum dərinliyi 122 metr olacaq bu dəryaça istismara verildikdən sonra Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar  torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək. 6 ədəd hidroturbin quraşdırılıb ki, bunlardan 49  meqavat elektrik enerjisi alınacaq. Dəryaçanın sağ və sol sahillərində yaradılmış kanalların qarşısında 5 meqavat gücündə hidroturbin quraşdırılıb. Dəryaçadan Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su xəttinin çəkilişində tamamlama işləri yüksək  səviyyədə başa çatdırılıb.

Prezident İlham Əliyevin xeyir-duası ilə ərsəyə gələn bu möhtəşəm obyektin açılışını səbirsizliklə gözləyən şəmkirlilər dəryaçanı bolluq-bərəkət təknəsi, iqtisadi dirçəliş, işıq və nur mənbəyi, bir sözlə, yeni həyat simvolu kimi dəyərləndirirlər.

Azərbaycanın tarixində öz yeri, öz töhfəsi olan Şəmkir SES və Yenikənd SES isə ulu öndərin əvəzsiz yadigarları kimi həmişə ehtiramla xatırlanır.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2014.- 11 iyun.- S.1.