Azərbaycan Polad
İstehsalı Kompleksinin fəaliyyətinin
təmin edilməsi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Ölkədə metallurgiya sənayesinin yaradılması, bu sahənin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərin bir hissəsi olaraq "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Kompleksin fəaliyyətinin səmərəli təşkilinin təmin edilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması əsas vəzifələrdəndir.
Bu istiqamətdə işlərin davam etdirilməsini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2014-cü il
Azərbaycan.-2014.- 11 iyun.- S.1.