Qurtuluşdan başlayan
dinamik inkişaf yolu
Milli Qurtuluş
Tarixən
zamanın nəbzini tutmağı, hadisələrə obyektiv
qiymət verməyi, siyasi potensialını düzgün dəyərləndirməyi
bacaran liderlər cəmiyyətdəki prosesləri
düzgün istiqamətləndirməyə nail olur, təmsil
etdikləri xalqları dövrün sərt
fırtınalarından, çətin sınaqlarından
üzüağ çıxarır və nəticədə
milli xilaskara çevrilirlər. Müdrik və təcrübəli
dövlət xadimləri ən ekstremal şəraitlərdə
ağır vəziyyətdən az itki ilə
çıxış imkanına malik olmaqla optimal qərarlar qəbul
edir, həyatlarını riskə atmaqdan belə çəkinmirlər.
Azərbaycan
xalqının tarixində böyük iz qoymuş ulu öndər
Heydər Əliyev də 40 illik siyasi fəaliyyəti
dövründə üzləşdiyi çətinlikləri,
maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə
dəf edən, məğlubiyyət sözünü
yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla
insanın taleyində müstəsna rol oynayan sərkərdə
və lider kimi xatırlanır. Ümummilli
liderin hələ sağlığında əfsanəvi və
xarizmatik şəxsiyyətə çevrilməsində onun
millətinin mənafeyi naminə həyatını hər
cür riskə atması, sözünü məqamında deməyi
bacarması, milli ideallar uğrunda mübarizədə yüksək
qətiyyət və prinsipiallıq göstərməsi kimi
xarakterik xüsusiyyətləri mühüm rol
oynamışdır.
Ulu öndər Heydər Əliyev bu gün həm də
müstəqil Azərbaycan dövlətçiliyinin
xilaskarı və qurucusu kimi çağdaş tariximizə
möhürünü vurmuşdur. Böyük strateqin Azərbaycanın
dövlət müstəqilliyinin əldə edilməsi və
möhkəmləndirilməsi istiqamətində cərəyan
edən proseslərin önündə getdiyini birmənalı
olaraq təsdiqləyən faktlar kifayət qədərdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində
Azərbaycanda cərəyan edən mürəkkəb və
ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə
qalmayan ulu öndər Heydər Əliyev hələ
Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl
vətənpərvərliklə, lider təəssübkeşliyi
ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin
olunması prosesində yaxından iştirak etmişdir.
Respublikamızda geniş vüsət almış milli
azadlıq hərəkatı ilə eyni dövrdə xalqda
milli heysiyyəti, özünüdərki daha da gücləndirən,
milli dövlət rəmzlərinə hörmət təlqin
edən genişmiqyaslı addımlar da məhz ulu öndər
Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə
atılmışdır. Naxçıvan MSSR-in adının dəyişdirilməsi,
burada ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin
rəmzi olan üçrəngli dövlət
bayrağının bərpası, muxtar respublikada SSRİ-nin
saxlanılmasına münasibəti öyrənən
referendumun boykot edilməsi və digər mühüm hadisələr
deyilənlərin təsdiqidir.
Azərbaycan
1991-ci il oktyabrın 18-də dövlət
müstəqilliyini əldə etsə də, de-fakto bu niyyətini
reallaşdıra bilməmiş, hakimiyyəti ələ
keçirən naşı və səriştəsiz qüvvələr
ölkənin keyfiyyətcə yeni mərhələdə
üzləşdiyi problemlərin öhdəsindən gələ
bilməmişlər. Nəticədə ölkədə
iqtisadi tənəzzül prosesi dərinləşmiş,
xalqın yaşayış səviyyəsi pisləşmiş,
qanunçuluğun, hüquq qaydalarının təminatında
ciddi problemlər yaranmışdı. Həmin illərdə
Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi
siyasi qüvvənin olmaması dövlət idarəçiliyi
mexanizmlərinin formalaşmasında ciddi maneəyə
çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş
itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac
vermiş, qanunçuluğun və hüquq qaydalarının
təminatı, vətəndaşların azad, təhlükəsiz
yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin
qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
Belə
bir ağır durumda hakimiyyətini zorla qorumaq
üçün silaha əl atan AXC-Müsavat rəhbərləri
1993-cü il iyun ayının əvvəllərində
Gəncədə ciddi hərbi-siyasi məğlubiyyətlə
üzləşdikdən sonra ölkədə vəziyyət
daha dramatik vəziyyət almış, respublika vətəndaş
müharibəsi təhlükəsi ilə üz-üzə
qalmışdı. Böhranlı və
ağır vəziyyətdən xalqın
çıxış yolunu yenə də müdrik rəhbərinin
- ulu öndər Heydər Əliyevin hakimiyyət
sükanı arxasına keçməsində görməsi
bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki,
yaranmış ekstremal şəraitdə ölkədə
ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı
yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək,
dövlət təsisatlarının normal fəaliyyətini təmin
etmək bacarığına malik yeganə - alternativsiz lider məhz
Heydər Əliyevdir. Belə bir vəziyyətdə
Bakıya gəlmək və heç bir təhlükədən
çəkinmədən Gəncəyə,
qiyamçıların gözünü qan tutduğu bir
bölgəyə səfər etməyi, hadisələrə
düzgün siyasi qiymət verməyi yalnız Heydər
Əliyev kimi fenomenal şəxsiyyət bacara bilərdi!
Ulu
öndər Heydər Əliyevin 1993-cü il
iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə onun,
sadəcə, hakimiyyətə qayıdışı deyil,
eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Əgər xalqın təkidi ilə Heydər
Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi,
bugünkü müstəqil Azərbaycanın
varlığından danışmaq çətin ki
mümkün olacaqdı. Bu
qayıdış ilk növbədə Azərbaycanın
varlığını, müstəqilliyini, dövlətçiliyini
qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş
müharibəsindən, düşmən
işğalının geniş miqyas almasından xilas etdi.
Ümummilli liderin rəhbərliyi altında
ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz
silahlı birləşmələr zərərsizləşdirildi,
özbaşınalığın, hərc-mərcliyin,
qanunsuzluqların, kütləvi iğtişaşların,
aclığın, səfalətin qarşısı
alındı. Ermənistanın daha
geniş ərazilərimizi işğal etməsinin, kütləvi
qanlar axıdılmasının qarşısını
aldı, atəşkəsin imzalanmasına nail oldu. Bu da təsadüfi deyildir ki, ümummilli lider Heydər
Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri
seçilməsi respublikanın çağdaş tarixində
dönüş və qurtuluş mərhələsi kimi dəyərləndirilir.
Ulu öndər Heydər Əliyev bu mərhələdən
bir ictimai-iqtisadi formasiyadan digərinə keçid
dövründə respublikanın qarşısında duran
strateji vəzifə və hədəfləri düzgün
müəyyənləşdirməklə, dünyanın
qabaqcıl dövlətlərinin təcrübəsində
sınaqdan uğurla çıxmış, müsbət nəticələri
sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə
adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda
özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst
rəqabətə meydan açan, dövlətsizləşdirməni
özündə ehtiva edən, sosialyönümlü mahiyyət
daşıyan, habelə xarici iqtisadi əlaqələrin
gücləndirilməsi və münbit biznes mühitinin
formalaşdırılması yolu ilə ölkəyə
investisiya axınını stimullaşdıran liberal
inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə
nail olmuşdur. Həmin dövrdə respublikanın məhdud
maliyyə imkanları və zəif büdcəsi ilə
qarşıya qoyulmuş strateji məqsədlərin yaxın
gələcəkdə reallaşdırılmasının
qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici
kapital və sərmayə amilinin təkanverici rolunu
düzgün olaraq önə çəkən Heydər
Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan
sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini
nəzərdə tutan müqavilələrin imzalanmasına da
vacib məsələ kimi yanaşmışdır. XX əsrin
qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri
axtarışında olan müasir dünyanın yeni geoiqtisadi
xəritəsinin müəyyənləşməsinə əsaslı
təsir göstərən "Əsrin müqaviləsi"
Azərbaycanın siyasi və iqtisadi cəhətdən
möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər
sisteminə sürətli inteqrasiyasına da təkan
vermişdir. 20 ildə bir çox inkişaf
etmiş dövlətlərin əsrlərlə keçdiyi
inkişaf yolunu inamla qət edən respublikamızın
inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə
çevrilən bu müqavilə Azərbaycanın yüksək
siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə
etmək, təbii sərvətlərinə sahib
çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.
Avropa fəlsəfi
fikrinin görkəmli nümayəndəsi İmmanuel Kant
yazırdı ki, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi
ola bilməz. İdeologiya hər
bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən
olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu
kimi özünü göstərir. Dahi rəhbərin
lider kimi böyüklüyü həm də onun bütün
idarəçiliyi boyu azərbaycanlı olmasını
unutmamasında, xalqın milli mənlik şüurunu,
özünüdərk hissini, mənəvi dəyərlərə
bağlılığını gücləndirmək əzmini
nümayiş etdirməsində idi. Heydər
Əliyevin bütün zəngin və mənalı
ömrü Azərbaycan üçün yaşanmış,
bu xariqüladə şəxsiyyət həyatını Azərbaycanı
və azərbaycançılığı dünyaya
tanıtmağa sərf etmişdir. Xaricdə
yaşayan soydaşlarımızın tarixi vətənə
bağlılığını təmin edən ideoloji istinad
nöqtəsinin tapılması da ümummilli liderin dövlətçilik
qarşısındakı əvəzsiz xidmətləri sırasında
xüsusi diqqət çəkir. "İnsan
hansı ölkədə yaşamasından asılı
olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var.
İnsanlar, - mən azərbaycanlılar haqqında
danışıram, - gərək yaşadıqları ölkədə,
yenə deyirəm, o şəraiti mənimsəyərək,
orada özləri üçün yaxşı mövqelər
tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə,
milli köklərinə sadiq olsunlar. Bizim
hamımızı birləşdirən məhz bu amillərdir.
Bizim hamımızı birləşdirən, həmrəy edən
azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır"
deyən ulu öndər Heydər Əliyev xaricdəki
soydaşlarımızın vahid ideya, məqsəd və
prinsip ətrafında sıx birliyini təmin etmək
üçün azərbaycançılıq ideyasını
irəli sürmüş və onun ictimai şüurda
möhkəm intişar tapmasına nail
olmuşdur.
Böyük rəhbər Heydər Əliyevin Azərbaycan
xalqı və dövləti qarşısındakı misilsiz
xidmətləri, eyni zamanda, onun ciddi təmələ əsaslanmaqla
həyata keçirdiyi fəal maarifçilik siyasətində
parlaq təcəssümünü tapır. Ötən
illərdə Azərbaycan təhsilinin milli əsaslar üzərində
çağdaş dünya təhsil sisteminə
inteqrasiyası başlıca vəzifə kimi gündəlikdə
olmuş, elm sahəsində mütərəqqi islahatlar
ardıcıllıqla həyata keçirilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, 1993-2003-cü illərdə
tibbi təhsilin inkişafı, bu sahədə ixtisaslı
kadrların yetişdirilməsi, tibb təhsili verən ali təhsil ocaqlarının maddi-texniki
bazasının müasirləşdirilməsi məsələləri
də ulu öndər Heydər Əliyevin diqqət mərkəzində
olmuşdur.
Bu gün əminliklə demək olar ki, müstəqil
Azərbaycanın hazırkı böyük və həlledici
uğurları bünövrəsini 1993-cü ilin 15 iyun
tarixindən götürür. Respublikamız Heydər
Əliyevin dövlətçilik və siyasi idarəçilik
konsepsiyasına istinad edərək yeni nailiyyətlərə
doğru inamla irəliləyir. 2003-cü
ildən ölkəyə inamla rəhbərlik edən cənab
İlham Əliyev mütərəqqi inkişaf
strategiyasını davam etdirməklə yanaşı, yeni
dövrün tələblərinə uyğun olaraq onları
zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə
proseslərinin paralel şəkildə aparılmasına,
birinin digərini tamamlamasına çalışmışdır.
Dövlət başçısı İlham
Əliyevin prezidentliyinin hər iki mərhələsində məhz
bu postulat əsas götürülmüş və iqtisadiyyat
həyata keçirilən çoxşaxəli islahatların əsas
ağırlıq mərkəzini, nüvəsini təşkil
etmişdir.
Məhz
bunun nəticəsidir ki, Azərbaycan cəmi 23 il müddətində
inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb
dövlətlərinin onilliklər ərzində zərrə-zərrə
əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş,
demokratikləşmə, vətəndaş cəmiyyəti
quruculuğu, insan hüquq və azadlıqlarının təminatı
sahəsində müəyyən uğurlar əldə
etmişdir. Demokratiyanın davamlı milli
inkişaf baxımından qaçılmazlığı və
müstəsna əhəmiyyət daşıması fikri
ictimaiyyət tərəfindən də birmənalı qəbul
olunmuşdur.
Azərbaycan demokratik inkişaf yolunun təkamülə əsaslanan
suveren modelini qəbul edir. Azərbaycan gerçəkliyində
bu gün müəyyən kənar dairələrin xalqın
iradəsi əleyhinə hansısa addım atmasının
qeyri-mümkünlüyü də konkret reallıqlar fonunda
tam təsdiqini tapmışdır. Xalqın
inamına söykənən cənab İlham Əliyev
2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkiləri
zamanı bəzi destruktiv qüvvələrin ölkəni
yenidən 90-cı illərin əvvəlindəki xaos və
anarxiyaya, vətəndaş qarşıdurmasına
sürükləmək cəhdlərini puça
çıxarmış, milli maraq, mənafe naminə
böyük siyasi qətiyyət nümayiş etdirmişdir.
Demokratik quruculuq yolu ilə gedən
respublikamız həssas bölgədə yerləşsə də,
onun həm iqtisadi, həm də siyasi sahələrdə
özünəməxsus inkişaf modeli
formalaşmışdır. Bir sıra
postsovet dövlətlərində analoji tranzit "məxməri
inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda
demokratik inkişaf suverenlik və özünütəminetmə
prinsiplərinə söykənir. Bu
konseptual elmi-fəlsəfi yanaşma tərzi cılız
iddialarını yeni müstəqil dövlətlərə qəbul
etdirməyə çalışan, milli məxsusluğa arxa
çevirib dünyaya yeni mövcudluq üsulu vermək istəyən
ayrı-ayrı siyasi mərkəzlərə, ikili standartlardan
çıxış edən beynəlxalq təşkilatlara da
tutarlı cavabdır.
70 il inzibati-amirlik sistemində yaşamış, iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş bir respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Əksəriyyət etiraf edir ki, Azərbaycan məhz Heydər Əliyev dühasının müəyyənləşdirdiyi düzgün yolla irəliləyir, inkişaf edir. Məhz bunun nəticəsidir ki, cəmi 21 il müddətində inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində müəyyən uğurlar əldə etmişdir.
Bəli, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Respublikamız qlobal böhranı inamla geridə qoyaraq sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Cəmiyyətin bütün sahələrindəki dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da özünü qabarıq büruzə verir. Ən başlıcası, bu gün cəmiyyətin bütövlüyü və monolitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır.
İzzət
ŞAMXALOVA,
tibb elmləri
doktoru
Azərbaycan.-2014.- 11 iyun.- S.2.