Müasirləşən qədim Əlincə
Rayon mərkəzi Culfadan 35 kilometr şimalda yerləşən Əlincə kəndində 800-ə yaxın əhali yaşayır. 1573 hektar ərazisi olan Əlincədə əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və arıçılıqdır.
Bir zamanlar tarixin müxtəlif qanlı döyüşlərinə şahidlik etmiş bu qədim yurd yeri dəfələrlə dağıdılmış, yağmalanmışdır. Buna baxmayaraq, insanların qurub-yaratmaq əzmi qırılmamış, onlar çalışmış, öz gün-güzəranlarını yenidən bərpa etmişlər. İndi Əlincə muxtar respublikanın sayılıb-seçilən kəndlərindən biridir. Buralara can verən Əlincəçayın bol suyu kəndin dörd tərəfini yaşıllığa çevirib. Ataların "Səndən hərəkət, məndən bərəkət", "El bir olsa, dağ oynadar yerindən" sözləri sanki əlincəlilərin də boyuna biçilib. Bu gün Əlincə kəndi öz tarixiliyinə müasir naxışlar vuraraq daha da abadlaşan yaşayış məntəqəsidir. Təkcə bu il kənddə yeni sosial obyektlər, inzibati binalar, məktəb, kənd və xidmət mərkəzləri istifadəyə verilib.
Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Talıbov bildirdi ki, üç mərtəbədən ibarət olan kənd mərkəzində rabitə şəbəkəsi, sahə polis, baytarlıq, feldşer-mama məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün 51 yerlik iclas zalı var. Binanın 1-ci mərtəbəsindəki 384 nömrəlik elektron ATS Əlincə və qonşu Xoşkeşin kəndlərində 223 abonentə xidmət göstərir. Poçt bölməsində isə internet və danışıq kartlarının, eləcə də gündəlik mətbuatın satışı təmin olunub, həmçinin bank xidmətinin göstərilməsi üçün şərait yaradılıb. Artıq sakinlər kommunal xidmət haqlarını poçt bölməsində ödəyə bilirlər.
Kənddə əhalinin əsas məşğuliyyətinin heyvandarlıq olması baytarlıq xidmətinin yüksək səviyyədə təşkilini zərurətə çevirdiyindən Əlincə və Xoşkeşin kəndlərini əhatə edən baytarlıq məntəqəsinə dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulmuş, baytarlara nümunəvi iş şəraiti yaradılmışdır.
Burada yerləşən feldşer-mama məntəqəsi üçün isə 4 iş otağı ayrılıb. Əhaliyə ilkin tibbi xidmət göstərilməsi üçün məntəqə lazımi dərman və avadanlıqla təmin olunub və payız-qış aylarında binanın qızdırılması üçün fərdi qazanxana qurulub.
Digər bir obyektdə - xidmət mərkəzində kənd sakinlərinin gündəlik ehtiyaclarını ödəmək üçün bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Burada 5 nəfər daimi işlə təmin olunub.
Mərkəzin önündə rastlaşdığımız kənd ağsaqqalları Qasım Qurbanov, Qiyas Orucov, Ələkbər Ələkbərov və digərləri ilə söhbətləşdik. Gün-güzəranlarından söz saldıq. Qiyas kişi bildirdi ki, hər şey əhalinin rahatlığından başlayır: "Rahatlığı olan insan qurur da, yaradır da. Bizim kənddə əhalinin bütün rahatlığı təmin olunub. Qasım kişi isə vurğuladı ki, Prezidentin sərəncamı ilə Əlincəçay boyunca yerləşən kəndlərin hamısının istifadə etdiyi yol yeniləndi. Bizim kəndin də yolu abadlaşdı, məktəb, dükanlar, üçmərtəbəli inzibati mərkəz tikildi. Daha nə istəməliyik?! Bunlar övladlarımız, nəvələrimiz üçün böyük xeyirxahlıqdır. Gərək qədrini bilələr, oxuyalar, qayıdıb gəlib bu kənddə, bax, bu yaradılanların ardını onlar da davam etdirələr.
Qurulub-yaradılanları ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirən təqaüdçü müəllim Allahverdi Kalbalıyev isə Əlincə qalasının ətəyindəki müasir məktəb binasını göstərib dedi: "Bu cür binada müəllim də dərsini həvəslə deyər, şagird də həvəslə oxuyar".
Qeyd edək ki, 252 şagirdlik məktəb binası 2 mərtəbədən ibarətdir. Məktəbdə 14 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, kompüter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və açıq idman qurğuları var. Yenidənqurma işləri zamanı məktəb binasında informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, müasir kompüter otağı və 3 elektron lövhəli sinif yaradılıb. Kompüterlərin hər birinin internetə çıxışı təmin olunub, məktəbə elektron dərsliklər verilib.
İcra nümayəndəsi Novruz müəllim bildirdi ki, əlincəlilərdən Şirin Şirinov, Elşən Qurbanov, Kərim Əliyev heyvandarlıqdan, Rəşid Xəlilov, Behbud Şirinov, Allahverdi Kalbalıyev arıçılıqdan yaxşı gəlir əldə edirlər. Ələddin Yaqubov, İsmayıl Kalbalıyev, Məmməd Nəsirov əkinçilik, Saəddin Talıbov isə meyvəçilik üzrə yaxşı mütəxəssisdirlər. Demək olar ki, camaatımızın hamısı torpaq adamıdır. Hər kəs həyətyanı sahəsindən maksimum istifadə edir.
Bu yerlərin təbiəti, Əlincə qalası kəndin turizm potensialını da artırır. Amma gələcəkdə buraya turistlərin cəlb olunması, eyni zamanda, tarixin qorunub saxlanması üçün qalanın bərpasına ehtiyac var idi və artıq bu məsələ də həllini tapıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 11 fevral 2014-cü il tarixli "Culfa rayonundakı "Əlincəqala" tarixi abidəsinin bərpa edilməsi haqqında" sərəncamı məhz bu məqsədlə imzalanıb. Sərəncama əsasən, qalanın bərpa olunması ilə birlikdə burada "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyi də yaradılacaq.
Qeyd edək ki, möhkəm divarlar və bürclərlə əhatə olunmuş, vaxtilə Əmir Teymurun 14 il fəth edə bilmədiyi bu qalada Şəmsəddin Eldənizin hakimiyyəti illərində Atabəylər dövlətinin baş xəzinəsi mühafizə edilmiş, qalanın içərisində yaşayış evləri, təsərrüfat binaları tikilmiş, su hovuzları, arxlar çapılmış, eyni zamanda, orta əsrlərdə Azərbaycanın ayrı-ayrı dövlətlərinin zərbxanaları burada yerləşmiş, sikkələr kəsilmişdir.
Bütün bunların bölgəyə turist axınına, Əlincə qalasının tarixinin öyrənilməsinə, eyni zamanda, kənd sakinlərinin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olacağına şübhə yoxdur.
Elxan MƏMMƏDOV,
Azərbaycan.-2014.- 11 iyun.- S.3.