Tarix yaradan lider

 

Böyük şəxsiyyətləri fərqləndirən ali xüsusiyyətlərdən biri onların yalnız bu gün deyil, perspektiv barədə düşünmələri, insanların gələcək həyatında mühüm rol oynayan strateji qərarlar qəbul etmələridir. Başlanğıcda bəlkə də təbii qanunauyğunluq kimi nəzərdən keçirilən bu qərarların sonradan ümumilikdə xalqın, dövlətin tərəqqisi, inkişafı baxımından necə əlahiddə əhəmiyyət daşıdığı daha aydın görünür. Bu mənada ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi qərarların strateji əhəmiyyətini bugünün özündə də duyur, gündəlik həyatımızda, taleyimizdə qabarıq hiss edirik.

Azərbaycanın son 20 ildə keçdiyi yolu sadəcə müstəqillik dövrünün uğurları kimi məhdudlaşdıranlarla tam mənada razılaşmaq olmur. Bu gün obyektivlik hissini itirməyən tarixçilər də etiraf edirlər ki, SSRİ kimi nəhəng imperiyanın süqutuna, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran keşməkeşli və uzun mübarizə tarixinin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlaması ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır. Məhz Heydər Əliyev dühası Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini keçən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur.

Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin obyektiv qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Həmin dövrün inkişaf salnaməsini gözlərimiz önündə canlandırsaq, istər-istəməz bu qənaəti bölüşməli olacağıq: Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlanmışdır. Məhz bu mərhələdən Azərbaycan cəmiyyəti Heydər Əliyevin göstərdiyi səylər nəticəsində yeni inkişaf parametrləri qazanaraq özünün daha dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdən başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları ölkənin həyatının başlıca gerçəkliyinə, inkişafın təməl daşına çevrilmişdir.

Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını alaraq onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etmişdir. Məhz buna görədir ki, XX yüzillikdə azərbaycançılığın ən parlaq səhifələrinin 1969-cu ildən etibarən yazılması qənaəti birmənalı şəkildə qəbul edilən reallıqdır. Ulu öndər xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsipləri əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, millətin qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırmışdır.

Həmin dövrdə qarşıya qoyulmuş bu məqsədlərə nail olmaq üçün Azərbaycanın iqtisadi potensialının artırılmasının, onun SSRİ məkanında birincilər cərgəsinə çıxarılmasının vacibliyini əvvəlcədən görən Heydər Əliyev ölkədə genişmiqyaslı dəyişikliklərə start vermişdir. Eyni zamanda, iqtisadi və sosial sahələrdə dərin struktur islahatları aparmış, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadi cəhətdən azad olmayan millətin siyasi müstəqilliyindən söhbət gedə bilməz. Məhz Heydər Əliyevin səyi ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar hərtərəfli yüksəlişi və intensiv inkişafı nəzərdə tutan mühüm qərarlar qəbul etmişdir. O dövrdə Azərbaycan xalqı üçün, sözün əsl mənasında, tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 70-80-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdir.

Ulu öndər Heydər Əliyevin qətiyyəti ilə həmin dövrdə həyata keçirilən  tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafına, həmçinin iqtisadi, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji durumuna mənfi təsirinin qarşısının alınmasına gətirib çıxarmışdır. Beləliklə, Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır, bu səhifə ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Qətiyyətlə deyə bilərik ki, ölkənin iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

Ulu öndər Heydər Əliyevin respublika rəhbəri kimi ilk günlərdən başlayaraq diqqət yetirdiyi məsələlər təkcə iqtisadi potensialın artırılması ilə məhdudlaşmırdı. Bu dövrdə dahi rəhbər milli dilin inkişaf etdirilməsinə, dövlət müəssisələri də daxil olmaqla ictimai-siyasi həyatda geniş istifadəsinə ciddi fikir verirdi. 1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyevin müdrikliyinin və dahiyanə uzaqgörənliyinin parlaq nümunəsi idi.

Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında birmənalı göstərildi. Konstitusiyanın 73-cü maddəsində "Azərbaycanın dövlət dili Azərbaycan dilidir" müddəası təsbit edildi. Ulu öndər Heydər Əliyev çox sonralar - 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında demişdi: "...Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq".

Ulu öndər Heydər Əliyev həmin dövrdə dövlət idarəetmə strukturlarında, xüsusən də yüksək vəzifələrdə çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirir, bununla əlaqədar konkret addımlar atırdı. SSRİ-nin digər zorən müttəfiq dövlətlərində olduğu kimi, Azərbaycanda da kosmopolit əhval-ruhiyyə hökm sürdüyündən, milli kadrların hazırlanması arxa plana keçmişdi. Bu mənfi tendensiyaya da məhz Heydər Əliyev hakimiyyətinin ilk dövrlərindən etibarən son qoymuşdu. Milli şüura malik olan, milli düşüncə ilə yaşayan, milli mentalitetin daşıyıcısı sayılan gənc kadrların yetişdirilməsinə və onların idarəçiliyə cəlb edilməsinə start verilmişdi.

Hələ o illərdən ulu öndər Heydər Əliyevin yürütdüyü sosial siyasət cəmiyyətdə ayrı-ayrı zümrələrin həyat keyfiyyətinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə, ictimai rifahın, sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilmişdir. Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını da təmin etmişdir. Həmin siyasətin tərkib hissəsi kimi ulu öndər ötən əsrin 70-80-ci illərində cəmiyyətin digər sahələri kimi səhiyyə sisteminin də yüksəlişini təmin etmiş, bu sahənin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmişdir. Ümummilli lider həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə sahəsində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdur. Ötən əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, dayanıqlı və sabit inkişafına əlverişli şərait yaradırdı.

Həmin illərdə Azərbaycanın tibb təhsili sistemində də ölçüyəgəlməz islahatlar aparılmış, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm məbədlərindən birinə çevrilmiş, tibbi kadr hazırlığında öz sözünü demişdir. Ötən əsrin 70-ci illərində tibbi fənlərin diplomaqədərki və diplomdan sonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı və digər köməkçi şöbələr yaradılmışdır.

Azərbaycançılıq məfkurəsinin genişləndirilməsi və ictimi şüurda daha dərin iz buraxması üçün Heydər Əliyev yaradıcı insanların sərbəst düşünməsinə və fıkirlərini azad şəkildə ifadə etməsinə, beləliklə, milli-mənəvi idealın yüksəldilməsi üçün də lazımi mühit formalaşdırılmasına çalışırdı. Bu isə, öz növbəsində, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən şərait yaratmışdı. Heydər Əliyevin formalaşdırdığı bu şərait yüzlərlə azərbaycanlı ziyalını sovet totalitarizminin repressiya maşınından xilas etmişdi. Halbuki, Sovet İttifaqının bir çox başqa respublikalarında həmin dövrdə milli məfkurədən çıxış edən elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı təqib və təhdidlər özünü aşkar hiss etdirirdi. Həmin illərdə respublikada nəinki dissident hərəkatı olmamış, əksinə, ulu öndər Heydər Əliyev milli ziyalı elitasını sovet rejiminin sərt repressiyalarından, təqiblərindən qorumaqla, bu yolda bütün çətinliklərə mərdliklə sinə gərməklə əslində Azərbaycan xalqının genefondunu hifz etmişdir. 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə nə qədər sayğı və ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Ulu öndər nitqlərinin birində demişdi: "1937-ci ildə "millətçilikdə" ittiham edilərək sürgün olunan ölməz dramaturqumuz Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, mədəniyyətimizə, ədəbiyyatımıza olan sədaqət, sevgi mənə belə bir cəsarət göstərməyə imkan verdi".

Bütün bunlar Heydər Əliyevli Azərbaycanın 1970-1980-ci illərdəki uğurlarıdır. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərini - Heydər Əliyevsiz Azərbaycanı göz önünə gətirmək, müəyyən tarixi gerçəkliklərə nəzər salmaq isə olduqca üzücüdür. Xüsusən də 1991-1993-cü illərin gerçəklikləri bir həqiqəti ortaya qoydu ki, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməyi bacarmalıdır. 1991-ci ildən 1993-cü ilin iyununadək bütövlükdə yeni müstəqil dövlətin taleyi ciddi sual altında idi.

Müəyyən ekstremal situasiyalarda tarixi inkişafın diktə etdiyi ictimai-siyasi şərait hər bir şəxsiyyətin və liderin nəyə qadir olduğunu qabarıq şəkildə üzə çıxarır. Bu mənada əminliklə demək olar ki, ulu öndər ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə də qətiyyən biganə qalmamış, hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə milli müstəqilliyin bərpa olunmasında yaxından iştirak etmişdir.

1990-1992-cü illərdə - Heydər Əliyevsiz Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması ilkin mərhələdə özünü ciddi problem kimi göstərmiş, ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşməsinə, vətəndaşların hüquq və azadlıqlarının addımbaşına pozulmasına, dövlətçiliyə potensial təhdid olan cinayətkar qruplaşmaların baş qaldırmasına gətirib çıxarmışdı. O zamankı böhranlı və ağır şəraitdə respublikanın gələcəyini düşünən, reallığı adekvat qiymətləndirməyi bacaran nüfuzlu ziyalılar çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdülər. Ağır vəziyyətdən cana doymuş xalq Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, onun yenidən böyük siyasətə qayıdışını təkidlə istəyirdi.

Həmin dövrdə ölkədə qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, idarəçiliyin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən erməni təcavüzü genişlənir, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçılar məkrli niyyətlərlə baş qaldırırdılar. Gəncədəki qanunsuzluqlar və silahlı qiyam ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Faktiki olaraq, müəyyən xarici qüvvələrin dəstəklədiyi bu silahlı qiyam respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. 

Belə böhranlı və ağır şəraitdə Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyev idi. İyun ayının 9-da xalqın və həm də o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat hakimiyyətinin təkidli istəyi ilə Bakıya qayıdan ulu öndər xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyini itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur.

Ulu öndər Heydər Əliyev dərhal bir qrup ziyalı ilə birgə Bakıdan Gəncəyə yola düşərək baş vermiş silahlı qarşıdurmanın əsl səbəblərini araşdırmış, özünün müdrik və uzaqgörən addımları ilə silahlı qarşıdurmanın miqyasının genişlənməsinin qarşısını almışdır. Gəncədə olarkən "Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdırlar" - deyən ulu öndər bir daha prinsipial mövqeyini ortaya qoymuş, AXC-Müsavat cütlüyünün ölkəni vətəndaş qarşıdurması həddinə çatdırdığını açıq bildirmişdir. 1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratmışdır. Beləliklə də, 15 iyun Azərbaycanın böyük faciə və dəhşətlərdən qurtulmasının rəmzi ifadəsinə çevrilmiş, xalqımızın qəlbində özünə möhkəm yer tapmış, tarixə Milli Qurtuluş Günü kimi düşmüşdür.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu Prezident seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. Həmin ilin oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində "Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm" - deyən ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürmüş və onun həyata keçirilməsinə başlamışdır.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Sonrakı mərhələdən etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb oldu. Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirən ulu öndər sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.

Həmin dövrdə Qərbin aparıcı şirkətləri müharibə şəraitində, eləcə də iqtisadi tənəzzül mərhələsini  yaşayan Azərbaycana investisiyaların yatırılmasına tərəddüd edir, bunu riskli sayırdılar. Belə bir şəraitdə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmaq, Qərb şirkətlərini sərmayə qoyuluşlarının etibarlılığına inandırmaq son dərəcə çətin idi. Bu istiqamətdə gərgin danışıqların uğurla yekunlaşması isə məhz ulu öndərin şəxsi liderlik keyfiyyətləri, sözünə bütövlüyü, siyasət etikasına sadiqliyi ilə şərtlənirdi. Məhz bu təminat "Əsrin müqaviləsi" kimi Azərbaycanın gələcək inkişafında lokomotivə çevrilən bir layihənin reallaşmasına imkan yaratmışdı.

Bu mərhələdən iqtisadi, siyasi, hüquqi və digər sahələrdə kompleks islahatlar həyata keçirən, ölkənin milli-iqtisadi inkişaf modelinin xüsusiyyətlərini elmi şəkildə açıqlayan, yeni neft strategiyasını irəli sürən, cəmiyyətdə sabitliyin qarantı olan orta təbəqənin - sahibkarlar sinfinin formalaşması yönümündə ardıcıl addımlar atan ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin dövrün başlıca milli ideyasına çevirmişdir. Bu ideya respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri özündə ehtiva etmişdir.

Ulu öndər Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək yeni düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda, 90-cı illərdə xaos və tənəzzüldən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir.

Ötən illərdə ulu öndərin yürütdüyü siyasəti bütün sahələrdə çox böyük uğurla davam etdirən Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasında məhz "Güclü dövlət, sosial rifah" tezisi dayanır. Bu da təsadüfi deyil - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkib.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən dövlətdir. Hazırda  müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik surətdə gerçəkləşdirilməsini təmin etmişdir.

Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsində Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Ölkədə müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir. Bunun əsas səbəblərindən biri də xalqımızın tolerantlıq düşüncəsinin yüksək səviyyədə olmasıdır. Bakıda müxtəlif forumların keçirilməsi, ilk növbədə, respublikamızın sivilizasiyalararsı dialoq prosesində fəal mövqe tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını göstərir. Bu bir daha təsdiqləyir ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu məkan olaraq bu məqsədlərə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir. Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq tədbirlər sülh naminə çalışan insanlara dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafı üçün zəmin yaradır.

Azərbaycan son 10 ildə praqmatik xarici siyasətlə yanaşı, həm də milli maraqlara əsaslanan enerji diplomatiyası ilə Avropada və bütün dünyada mövqelərini möhkəmləndirmişdir. Hələ 2012-ci il iyunun

26-da Türkiyə ilə Azərbaycan arasında Trans-Anadolu Qaz Kəməri

(TANAP) layihəsi ilə bağlı yekun sazişin imzalanması ümumən Avropa ölkələri üçün son dərəcə əlamətdar hadisə olmuşdur. 2013-cü il iyunun 28-də isə "Şahdəniz" konsorsiumu Azərbaycan qazının Avropaya Trans-Adriatik Qaz Kəməri ilə (Trans-Adriatik Pipeline (TAP) nəqli barədə yekun qərar vermişdir. TAP-ın reallaşması Azərbaycanın "Şahdəniz", "Ümid", "Abşeron", "Alov", "İnam" və digər zəngin yataqlarından hasil olunan təbii qazın Avropaya nəqli üçün geniş imkanlar açmışdır. 2013-cü il dekabrın 17-də isə "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması XXI əsrin ən böyük enerji layihəsinin reallaşmasına imkan yaratmışdır.

Şübhəsiz, həyata keçirilən qlobal neft-qaz diplomatiyası Azərbaycanda insan kapitalının inkişafına xidmət edən uğurlu layihələrin reallaşdırılması üçün də yaxşı imkanlar açır. Modernləşmə xəttinin tərəfdarı olan cənab İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaqdır. Bu isə modernləşmənin cəmiyyətin şüuru, onun elmə, təhsilə, mədəniyyətə münasibəti ilə bağlılığını bir daha təsdiqləyir. Azərbaycanın sosiomədəni modernləşməsi təkcə yeni texnologiyaların və bazar mexanizmlərinin tez bir zamanda keyfiyyətli tətbiqini deyil, kreativ və innovasion şüurun köməyi ilə millətin sivil yeniləşməni şərtləndirə bilən institutların yaranmasını nəzərdə tutur. Prezident İlham Əliyev yaradıcı zəka sahiblərinin, intellektual, kreativ kadrların, gənc, qabiliyyətli insanların dövlətin lazımi diqqət və qayğısı ilə əhatə olunmasını da son dərəcə vacib sayır. Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. 2015-ci ilədək 5 minə yaxın Azərbaycan gəncinin dövlət hesabına Avropada ali təhsil almasına şəraitin yaradılması da məhz bu hədəfin reallaşdırılmasına xidmət edir.

Ölkə rəhbərliyinin milli təhsil sisteminə xüsusi diqqət və qayğısını bu gün ölkədə tibbi kadr hazırlığını həyata keçirən Azərbaycan Tibb Universiteti də yaxından hiss edir. Bu siyasətin nəticəsidir ki, son illər ATU-nun maddi-texniki bazası, infrastrukturu müasirləşmiş, elmi potensialı daha da güclənmişdir. Möhtərəm Prezident İlham Əliyevin 11 sentyabr 2007-ci ildə imzaladığı "Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının yaradılması haqqında" sərəncamı onun təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləmişdir. Sərəncama əsasən Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikası inşa olunmuşdur.

Universitetin cəmiyyət həyatındakı yerini yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev hələ 2010-cu il aprelin 28-də "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdı. Sərəncamda vurğulanırdı ki, respublikada təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir. Sərəncam əsasında səhiyyə və təhsil nazirlikləri Azərbaycan Tibb Universitetinin 80 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlamış və həyata keçirmişlər. Universitetin 80 illik yubileyi ilə əlaqədar ölkə rəhbərinin iştirakı ilə bu ali təhsil ocağının ən müasir standartlara cavab verən Tədris-Terapevtik Klinikasının təntənəli açılış mərasimi keçirilmişdir. Tədris-Terapevtik Klinikanın fəaliyyətə başlaması klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi tədqiqat işlərinin aparılması üçün əlavə imkanların yaradılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli sərəncamı əsasında universitetin cərrahiyyə klinikası inşa olunmuş, 2013-cü ilin sentyabrında klinikanın təntənəli açılış mərasimi keçirilmişdir. 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətin bu nüfuzlu ali təhsil ocağının inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğısının əyani göstəricisidir.

Ulu öndər Heydər Əliyevin ölməz ideyaları Azərbaycanın sabit və davamlı inkişafının başlıca qarantı kimi çıxış edir. On ildən artıqdır ki, ölkəmizə inamla rəhbərlik edən möhtərəm Prezident İlham Əliyev ulu öndərin qarşıda strateji hədəf kimi müəyyənləşdirdiyi əksər vəzifələrin həllinə nail olmuş, Azərbaycanı bütün sahələrdə dinamik inkişaf edən, məqsədlərinə doğru əzmlə irəliləyən dövlətə çevirmişdir. İnanırıq ki, xalqın siyasi iradəsi ilə bu siyasətin bundan sonrakı illərdə də davam etdirilməsi Azərbaycan səhiyyəsinin sürətli tərəqqisinə öz layiqli töhfələrini verəcəkdir.

 

Əhliman ƏMİRASLANOV,

akademik, SSRI Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 12 iyun.- S.2.