“ADA” Universitetində “Bakı dialoqları”adlı

 yeni layihənin icrasına başlanmışdır

 

İyunun 11-də “ADA” Universitetində yeni uzunmüddətli layihə olan “Bakı dialoqları” adlı silsilə tədbirlərin keçirilməsinə başlanmışdır.

AzərTAc xəbər verir ki, layihə çərçivəsində ilk görüş-müzakirə Pekin Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı və nüfuzlu “Foreign Policy” jurnalı tərəfindən 2012-ci ilin “Top 100 qlobal mütəfəkkir” siyahısına daxil olan professor Cisi Uanq ilə keçirilmişdir. Davos Forumu formatında keçirilən görüş “Çinin Avrasiyada geostrategiyası” mövzusuna həsr olunmuşdur.

“ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev layihənin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bu yeni layihənin əsas məqsədi Bakı şəhərini müzakirə, ideya mübadiləsi və tədqiqat mərkəzinə, önəmli beynəlxalq məsələlərlə bağlı yeni fikirlərin yarandığı, nəzər-nöqtələrinin müzakirə edildiyi bir şəhərə çevirməkdir.

Diqqətə çatdırılmışdır ki, “Bakı dialoqları” çərçivəsində dünyanın hər yerində akademik tədqiqatlarda istifadə üçün faydalı olacaq məsələlərin müzakirəsi baş tutacaqdır. İl ərzində dörd dəfə keçirilməsi nəzərdə tutulan müzakirələr ictimaiyyət üçün açıq olacaqdır.

Pekin Universitetinin dekanı Cisi Uanq görüşdə təqdimatla çıxış edərək Çinin iqtisadiyyatı, Avrasiyadakı geostrateji mövqeyi haqqında ətraflı məlumat vermişdir. Çinin iqtisadi baxımdan inkişaf etdiyini deyən C.Uanq ölkənin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulamışdır.

Alim bu yaxınlarda Şanxayda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Cinpinin görüşünü xatırlatmışdır.

Sonra müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Müzakirələr “ADA” Universitetinin internet səhifəsinə video formatda yüklənəcək, çıxışların mətni isə rüblük “Bakı dialoqları” jurnalında çap olunacaqdır.

 

Azərbaycan.-2014.- 12 iyun.- S.2.