XİLASKARLIQ MİSSİYASI
Milli
Qurtuluş
Tarixi şəxsiyyət yaratmır. Amma tarixi proseslərin gedişinə həlledici təsir göstərə bilən şəxsiyyətlər olur. Onlar fəaliyyətləri və gördükləri işlər sayəsində öz adlarını mənsub olduqları xalqın yaddaşına əbədi həkk edir, tarixi şəxsiyyətlərə çevrilirlər. O xalq xoşbəxtdir ki, taleyinin həlledici məqamlarında meydanda insanları ardınca aparacaq, hadisələrə güclü təsir göstərəcək lideri olur. Bu mənada Azərbaycan xalqını xoşbəxt hesab etmək mümkündür.
XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşmaq imkanı yarandı. Lakin əsrin əvvəlində baş verən hadisələrin, bu mənhus tarixin təkrarı - yenə də daxildəki çəkişmələr, hakimiyyət uğrunda amansız mübarizə, xaricdən təhdidlər və ermənilər tərəfindən torpaqların işğalı eyni iflas aqibətinin yaşanacağına şübhə doğurmurdu. Artıq nəinki yenicə qazanılan formal dövlət müstəqilliyi, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğu belə, real təhlükə qarşısında idi. Son anda Azərbaycan xalqı müdrikliyini nümayiş etdirdi, üzünü sınanmış və sədaqətli oğlu Heydər Əliyevə tutdu. Ulu öndər xalqın bu çağırışına biganə qalmadı. Respublika rəhbərliyinə qayıdaraq: "Mən ömrümün yerdə qalan hissəsini də xalqıma bağışlayıram" - deyə bəyan etdi. Qısa müddətdə bir neçə istiqamətdə yorulmadan çalışaraq ölkəni məhvolmadan, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin uğursuz taleyinin yaşanmasından xilas etdi.
Heydər Əliyev xalqın arzu və tələbi ilə dövlət rəhbərliyinə qayıtdıqdan sonra qısa zaman kəsiyində misilsiz işləri həyata keçirdi:
- Ən əvvəl, müharibə bölgəsində atəşkəsə nail oldu, bununla da, Azərbaycanın yeni ərazilərinin işğalının qarşısını aldı;
- çətin və ağır keçən neft danışıqları uğurla yekunlaşdı, əvvəlki iqtidarların heç birinin bacarmadığı məsələ həllini taparaq "Əsrin müqaviləsi" neft kontraktı imzalandı. Bununla da neft sənayesi iqtisadiyyatın digər sahələrinin böhrandan çıxarılması və inkişafı üçün lokomotiv rolunu oynamağa başladı;
- ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlərin qarşısını böyük qətiyyətlə aldı və beləliklə, Azərbaycanda zorakılıqla hakimiyyətə gəlmək kimi yaramaz ənənəyə son qoydu;
- yeni Konstitusiya layihəsinin hazırlanaraq referendum yolu ilə qəbul edilməsinə, bazar münasibətlərinə keçidlə bağlı mükəmməl hüquqi qanunvericilik bazasının yaranmasına nail oldu;
- dahi şəxsiyyətin rəhbərliyi ilə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı, Azərbaycan Avropa Şurasına üzv seçildi;
- özəlləşdirmə proqramları həyata keçirilərək dövlət əmlakı dövlətsizləşdirildi, bazar iqtisadiyyatı münasibətləri bərqərar olundu;
- aqrar islahatlar aparılaraq torpaq Azərbaycan tarixində ilk dəfə pulsuz olaraq əsl sahibinə, kəndlilərə qaytarıldı, bununla da ən çətin proseslərdən biri müvəffəqiyyətlə başa çatdırıldı;
- milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, zabit kadrlarının hazırlanması üçün müasir tələblərə cavab verən hərbi məktəblər formalaşdırıldı, ordunun gücləndirilməsi diqqət mərkəzinə gətirildi;
- Azərbaycan informasiya blokadasından çıxdı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin ədalətli həlli ilə bağlı beynəlxalq qurum və təşkilatlarda səmərəli fəaliyyətin təməli qoyuldu;
- Azərbaycana xarici sərmayənin yatırılması üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldü;
- regionların inkişafı, qeyri-neft sektorunun və sahibkarlığın yüksəlişi sahəsində dönüş yaradıldı;
- qaçqın və məcburi köçkünlərə daim dövlət qayğısı göstərilməsi, yeni qəsəbələr salınaraq onların yaşayış şəraitinin durmadan yaxşılaşdırılması dövlət siyasətinin prioritetinə çevrildi;
- demokratik proseslərin dərinləşməsi, mətbuat və söz azadlığı, çoxpartiyalı sistem, fikir plüralizmi təmin edildi, Azərbaycan demokratik cəmiyyət quruculuğunda mühüm uğurlar qazandı;
- azərbaycançılıq mükəmməl dövlətçilik ideologiyasına - ölkədə yaşayan bütün millətləri, etnik qrupları və dini konfessiyaları dövləti maraqlar ətrafında birləşdirən qüvvəyə çevrildi;
- dünya azərbaycanlıları ilə əlaqələr möhkəmləndirildi, diaspor quruculuğuna diqqət və dövlət dəstəyi gücləndirildi;
- Azərbaycan Avropanın enerji daşıyıcıları ilə təminatında etibarlı tərəfdaşa, Cənubi Qafqazda söz sahibi sayılan dövlətə çevrildi.
Bütün bunları ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün etdi!
Bütün bunlar ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən doğan şanlı tərcümeyi-halıdır!
Bütün bunlar həm də müstəqil və müasir Azərbaycanın yeni və şərəfli tarixidir!
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri saysız-hesabsızdır. Ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirən, dövləti daim tərəqqi və inkişaf yolu ilə aparan, xalqın rifahının durmadan yüksəldilməsini təmin edən siyasi kursun hazırlanmasıdır. Müstəqilliyin ötən dövrü ərzində ölkədə qazanılan uğur və nailiyyətlər bu kursun yaşarlığını və reallığını, xalqın istək və niyyətlərini gerçəkləşdirmə qabiliyyətini dönə-dönə təsdiq etmişdir.
Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də bu kursun layiqli siyasi davamçısını hazırlaması olmuşdur. Ümummilli liderimiz Azərbaycan xalqına ünvanladığı son müraciətində yazırdı: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ötən 11 il bu sözlərin ən ali səviyyədə gerçəkləşdiyi, ulu öndərin göstərdiyi etimadın layiqincə doğrulduğu məsuliyyətli tarixi bir mərhələ oldu!
***
Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı ilk gündən - 2003-cü ilin oktyabrından daim Heydər Əliyev siyasi kursuna sədaqətini nümayiş etdirmiş, ümummilli liderin və xalqın inamını əməli fəaliyyəti ilə doğrultmuşdur. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.
Möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini bəyan etmişdir: "Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin".
Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq hər bir vətəndaşın əzmkar Prezidenti və Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olduğunu sübuta yetirmişdir. Bu kurs Azərbaycan xalqı üçün ən əsas siyasi və mənəvi istinadgahdır! Xalq bu məqamı şəxsi təcrübəsində dəfələrlə müəyyən edib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.
"İlham Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cavan, eyni zamanda təcrübəli, enerjili, peşəkar liderə malik oldu. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycan dövlətçiliyini yaratdı, Azərbaycan millətini birləşdirdi və təbii ki, bu, ölkədə hakimiyyət dəyişikliyi zamanı özünü göstərdi. İlham Əliyev xaricə səfərləri zamanı təkcə Azərbaycan üçün deyil, bütün bölgə, eyni zamanda mənim ölkəm üçün çox iş görür". Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin Azərbaycan Prezidenti İlham Əliyev haqqında söylədiyi bu səmimi sözlərin altından yəqin ki, dünyanın əksər dövlət başçıları imza atar. Prezident İlham Əliyevlə görüşüb söhbətləşən siyasi və dövlət xadimlərinin hamısı onun iti zəka, dərin təfəkkür, yüksək mədəniyyət sahibi olduğunu etiraf edirlər.
Bütün beynəlxalq qurum və təşkilatlar da birmənalı şəkildə etiraf edirlər ki, İlham Əliyev dövlət sükanı arxasına keçdikdən sonra Azərbaycanın inkişafı sürətlənmiş, ölkəmiz ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Xalq İlham Əliyevə səs verməklə əslində Heydər Əliyev siyasi kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Xəzər neftinin və qazının çoxvariantlı marşrutla dünya bazarına çıxarılmasına, tikinti, quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, təbii sərvətlərimizin Avropanın enerji təchizatındakı rolunun yüksəlməsinə, Azərbaycanın Qafqazdakı lider rolunun artırılaraq MDB-nin lider ölkələrindən birinə çevrilməsinə, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına, güclü və müasir ordu quruculuğuna, bütövlükdə Azərbaycanın sürətli və davamlı inkişafının yeni mərhələyə qaldırılmasına, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Ona görə Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı - müdrik siyasəti, Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, bir də xalqına sonsuz sevgisi ilə! Təbii ki, insan bir işi ürəklə, vurğunluqla görməsə, yüksək nəticəyə çata bilməz!
Müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü və 2005-ci illərin postseçki mərhələsi nihilist, radikal və ziddiyyətli konfrantasiya ilə müşayiət olunsa da, cənab İlham Əliyev siyasi iradə göstərərək bu neqativ meyillərin qarşısını əzmkarlıqla almış, ölkənin yenidən anarxiya və xaos məngənəsinə yuvarlanmasına imkan verməmişdir. Sonrakı illərdə də dövlətçilik əleyhinə yönəlmiş xarici və daxili təhdidlərin qətiyyətlə aradan qaldırılması ölkə başçısının xalqın dəstəyinə arxalanan, müstəqilliyin möhkəmləndirilməsi üçün zəruri keyfiyyətlərə malik prinsipial lider olduğunu sübuta yetirmişdir. Eyni zamanda, cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüş, müstəqilliyin praktik olaraq möhkəmlənməsinə çalışmışdır.
Bir lider və şəxsiyyət kimi İlham Əliyev xarakterinin ən bariz xüsusiyyətlərindən biri sözünün sahibi olmasıdır. Onun prezidentliyi dövründə Azərbaycan xalqı bu mənəvi və mərdlik keyfiyyətinin dəfələrlə şahidi olmuşdur. Və bu gün Azərbaycan xalqı əmindir: onun Prezidenti vəd veribsə, sözsüz yerinə yetirəcəkdir. "Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa layiqdir və bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik" - vədini də cənab İlham Əliyev şərəflə yerinə yetirməkdədir.
Xalqın xoş gününə, rahat yaşayışına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərində də insanların yanında olub. Onlara diqqət və qayğısını, köməyini, sevgisini əsirgəməyib. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətənlaşlarla görüşüb, onlarla səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edib. Cənab İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında mütəmadi üzə çıxıb. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə və sağlam, etibarlı ünsiyyət körpüsü yaratmağa da nail olub. Bütün bunlar isə dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırıb, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaradıb. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlib.
Dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirir. Cənab Prezidentin son illərdə imzaladığı sərəncamlarla mütəmadi şəkildə, bəzən ildə bir neçə dəfə minimum əməkhaqları, pensiyalar, müavinətlər, təqaüdlər, qaçqın, məcburi köçkün və şəhid ailələrinə yardımların miqdarı artırılmış, yoxsulluğun sayı kəskin şəkildə aşağı düşmüşdür.
İndi respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Son illərdə Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişmişdir. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.
Dövlət başçısı ölkədə iqtisadi inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır. Etiraf etməliyik ki, bu problem bir çox hallarda ölkələrin müstəqilliyini təhdid edən, müstəqil dövlətlərin demokratik inkişafına maneə yaradan çox ciddi əngələ çevrilir. Azərbaycan isə nəinki belə problemlərdən uzaqdır, üstəlik, respublikamız Avropa regionunun enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri kimi çıxış edir.
Dövlətin müstəqilliyini təmin edən və yaşadan şərtlər çoxdur. Onlardan ikisi xüsusilə vacibdir. Biri xalqın təbii sərvətlərinin sahibi və sərəncamçısı olmasıdır. Bu məsələdə heç bir problemimiz yoxdur. Dövlət başçısı Azərbaycanın milli maraqlarına və iqtisadi mənafeyinə cavab verən müqavilələri seçib imzalayır. İkinci şərt isə dövlətin müstəqil xarici siyasət yürütməsidir. Artıq tarazlaşdırılmış və balanslaşdırılmış deyil, tam müstəqil siyasət yürüdən cənab İlham Əliyev üçün Azərbaycanın dövləti maraqları hər şeydən ucadır! Dövlət başçısı daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Azərbaycan Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan respublikamızın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq görünür. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Ötən dövrdə Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avrora İttifaqının "Yeni qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" proqramlarına, habelə NATO-nun "Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı"na qoşulmuş və modern ordu quruculuğunu təşkilatın standartlarına uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atmışdır.
Ümumilikdə, dövlət başçısının 2003-daxili və xarici siyasəti deməyə əsas verir ki, cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində milli mənafe və dövlətçilik marağı amilləri hər zaman olduğu kimi, bu gün də öndədir. Dövlət başçısı istər Dağlıq Qarabağ məsələsində, istər qonşu dövlətlərlə münasibətlərinin xarakterində, istərsə də xalqın təbii sərvətlərindən səmərəli istifadəsində, ilk növbədə, xalqın milli maraqlarını əsas götürür.
Beləliklə,
İlham Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olduğunu sübuta yetirib!
İlham Əliyev Azərbaycan tarixinə qurucu dövlət başçısı kimi daxil olub!
İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın ən güclü, müasir və modern dövlətinə çevirib!
İlham Əliyev ölkənin enerji, nəqliyyat və ərzaq təhlükəsizliyini təmin edib!
İlham Əliyevin iradəsi nəticəsində Azərbaycanın bütün bölgələrinə fasiləsiz elektrik enerjisinin verilməsi, yol infrastrukturunun yaradılması, əhalinin içməli su ilə təchizatı qaydaya salınıb, ölkənin başdan-başa qazlaşdırılması, kənd yollarının təmiri və yenilənməsi, rayon mərkəzlərində kanalizasiya şəbəkəsinin qurulması isə sürətlə davam etməkdədir!
İlham Əliyevin göstərişi və tövsiyələri əsasında hazırlanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası müstəqil dövlətimizin uzunmüddətli, dayanıqlı və tarazlı inkişafını bundan sonra da təmin edəcəkdir!
Bu mənada Cənubi Qafqazın ən böyük siyasi partiyası, öz sıralarında 600 mindən artıq insanı birləşdirən Yeni Azərbaycan Partiyasının V qurultayında cənab İlham Əliyevin növbəti müddət üçün prezidentliyə namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan xalqının seçimi idi!
***
Ötən ilin oktyabrında təyin olunmuş prezident seçkiləri uğurla başa çatdı - demokratik norma və prinsiplər əsasında, aşkarlıq, şəffaflıq, dinclik və xalqın böyük fəallığı şəraitində!
Seçkilər başa çatdı - Azərbaycan xalqı növbəti dəfə dövləti məharətlə idarə edəcək, müstəqilliyi qoruyub saxlayaraq möhkəmləndirəcək, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə daha da artıracaq, iqtisadiyyatı və xalqın rifahını sürətlə yüksəldəcək, bir sözlə, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirəcək ən layiqli namizədə səs verdi!
Seçkilər başa çatdı - cənab İlham Əliyev böyük üstünlüklə qalib gələrək xalqın sevdiyi və əvəzedilməz lideri olduğunu üçüncü dəfə dünyaya nümayiş etdirdi!
Seçkilər başa çatdı - beləliklə, ölkədə uzun müddət siyasi həyatın gündəmini zəbt edən ən məsuliyyətli prosesin son akkordları vuruldu!
Azərbaycan müstəqillik dövründə yeddinci dəfə prezident seçkiləri keçirdi. Bu dövrdə ən çox etimad göstərilən şəxsiyyət isə cənab İlham Əliyevdir!
Xalq öz sevimli və sınanmış oğluna üçüncü dəfə dövlət sükanını etibar etdi!
Əslində, bu, təkcə İlham Əliyevin qələbəsi yox, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının qələbəsidir!
Bəli, xalqın və millətin möhtəşəm qələbəsi!
Xalq bu seçimində növbəti dəfə də müdrikliyini, tarixin ibrət dərslərindən düzgün nəticə çıxardığını ortaya qoymuş oldu.
Cənab İlham Əliyevin birinci prezidentliyi dövründə xalq seçimində yanılmadığına əmin oldu!
2008-ci ilin oktyabrında heç kəsdə zərrə qədər də olsa belə, tərəddüd hissi yox idi! Xalqın məhəbbət və dəstəyi sayəsində cənab İlham Əliyev böyük fərqlə rəqiblərinə üstünlüyünü nümayiş etdirdi.
2013-cü ilin prezident seçkilərində də qeyri-adi heç nə baş vermədi! Azərbaycanın müstəqillik tarixinin ən mükəmməl, ən demokratik, ən şəffaf, vətəndaşların ən çox fəallıq nümayiş etdirdikləri prezident seçkiləri keçirildi! Xalq bir daha Heydər Əliyev ideyalarına sadiq qaldığını, İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin inkişafı, müstəqilliyimizin möhkəmlənməsi naminə gördüyü geniş və çoxcəhətli fəaliyyətini ürəkdən bəyəndiyini sübuta yetirdi.
Bütövlükdə Azərbaycan xalqı öz arzularının gerçəkləşməsinə, onun daha güclü və sabit, firavan və inkişaf edən, dünyada tanınan və sayılan dövlətdə yaşamasını təmin edən liderinə səs vermişdir.
Azərbaycan xalqı ölkəni BMT Təhlükəsizlik Şurasının üzvünə çevirən, bu mötəbər qurumun iclaslarına sədrlik edən ölkənin Prezidentinə növbəti dəfə səs vermişdir!
Azərbaycan xalqı Azərbaycan mədəniyyətini inkişaf etdirən, tarixi və mənəvi irsini qoruyan, Avropa musiqi yarışmalarında qələbəni təmin edən və belə yarışmaları öz ölkəsində uğurla keçirən insana səs vermişdir!
Azərbaycan xalqı respublikamızda Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinin cəmləşməsinə nail olan, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP transmilli layihələrini öz hesabına maliyyələşdirməyi bacaran dövlət başçısına bir daha səs vermişdir!
Azərbaycan xalqı öz vətəndaşına daim qayğı və diqqət göstərən, neft kapitalını insan kapitalına çevirən, Azərbaycanı idman dövləti edən Prezidentinə yenidən səs vermişdir!
Azərbaycan xalqı hər bir vətəndaşına sahiblik edən - döyüş tapşırığını qəhrəmanlıqla yerinə yetirərkən həlak olan Mübariz İbrahimovun cəsədini Vətənə gətirərək hörmət və izzətlə dəfn edən, ədalətsiz şəkildə xarici dövlətdə ömürlük həbs cəzasına məhkum olunan Ramil Səfərovu geriyə qaytararaq əfv edən, 50 illik yubileyini məcburi köçkünlərlə keçirən mərd və qeyrətli oğluna səs vermişdir!
Azərbaycan xalqı məcburi köçkünlərə, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, idmançılara, Kür daşqınlarında və Zaqataladakı zəlzələdə zərərçəkənlərə, jurnalistlərə dövlət hesabına ev tikdirərək hədiyyə edən böyük ürək sahibinə səs vermişdir!
Azərbaycan xalqı ölkədə fasiləsiz elektrik enerjisi olmasına, mənzillərdə mavi alovun şölələnməsinə, içməli su gəlməsinə, kanalizasiya şəbəkəsinin işləməsinə, yol infrastrukturunun qurulmasına, müasir, modern ordu yaradılmasına, sovet dövrü əmanətlərinin qaytarılmasına nail olan qurucu İlham Əliyevə səs vermişdir!
"Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir" - deyərək göstərdiyi dəstəyə görə xalqa minnətdarlığını bildirən dövlət başçısı bu dəstəyin zəruriliyini xüsusi vurğulamışdır: "Mən bütün addımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik. Məhz xalqla iqtidar arasındakı birlik, vəhdət Azərbaycanı fərqləndirən amillərdən biridir".
Rəhbərin gücü xalqına arxalanmasındadır!
Xalqın qüdrəti ona müdrik və uzaqgörən insanların rəhbərlik etməsindədir!
Xalq öz qələbəsindən qürur duyur, onu sevinc və iftixarla bayram edir!
Çünki taleyindən arxayındır!
Bilir ki, qarşıdakı illərdə də daim inkişaf edərək yüksələcək, müstəqilliyi etibarlı şəkildə qorunacaq, arzu və istəkləri həyata vəsiqə qazanacaqdır!
Elə Prezident İlham Əliyev də hamını buna əmin edir:
"Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm... Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq".
Təvazökarlığı, xalqa bağlılığı, qətiyyətliliyi ilə Azərbaycan xalqının könlünə yol tapan, onun liderinə çevrilən cənab İlham Əliyev dövlət səviyyəsində olan tədbirlərin və digər mərasimlərin həmişə işgüzar şəraitdə, təvazökar qaydada keçirilməsinin tərəfdarı olub. Öz çıxış və bəyanatlarında dəfələrlə dövlət məmurlarının qarşısında müxtəlif tədbirlərin, o cümlədən ad günlərinin, yubileylərin və digər mərasimlərin təmtəraqdan, dəbdəbən uzaq, sadə şəkildə keçirilməsi tələbini qoyub. Dövlət başçısının daim sadə insanlarla təmasları, bölgələrə səfərləri zamanı vətəndaşların qayğı və problemləri ilə yerindəcə tanış olması və digər faktlar Azərbaycan Respublikası Prezidentinin şəxsi timsalında sadəlik və təvazökarlıq nümunəsidir.
Prezident İlham Əliyevin fəaliyyəti onun Heydər Əliyev ideyalarını yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqlədi. Siyasətə ideyaların reallaşdırılması vasitəsi kimi yanaşan və "Əsl siyasət konkret, əməli iş görməkdən ibarətdir" - deyən dövlət başçısı hakimiyyətə, xalqa təmənnasız xidmət vasitəsi kimi yanaşır, hər bir fərdin maraq və mənafeyini uca tutur. Ölkə vətəndaşları ürəkdən inanırlar ki, Azərbaycanın hərtərəfli tərəqqi və yüksəlişinə xidmət edən bu siyasət qarşıdakı illərdə də inamla davam etdiriləcəkdir.
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 13 iyun.- S.3.