Azərbaycanın rəqabətqabiliyyətliyi artır

 

İlham ƏLİYEV: "İqtisadi islahatlar baxımından Azərbaycan

 son illər ərzində uğurlu yol keçmişdir"

 

Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Prezident İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanmışdır.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Ölkə rəhbəri yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.

Başqa sözlə, ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən mühüm cəhətlərdən biri də qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanlarla start verilmişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı yeni yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Ölkə rəhbəri regionların sosial-iqtisadi inkişafında davamlığın təmin edilməsi məqsədilə bu il fevralın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərman imzaladı. "Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə, ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir" deyən Prezident İlham Əliyev III Dövlət Proqramının da uğurla icra edilməsi üçün bütün iqtisadi potensialın olduğunu bildirib. Fərmanda da qeyd olunur ki, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlığının təmin edilməsi, infrastrukturunsosial xidmətlərin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.

Ümumilikdə ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.

Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadisosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir.

Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik "ASAN xidmət" mərkəzlərini yaratmaqla onların vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı kimi fəaliyyət göstərir. İdeyanın maraqlı cəhətlərindən biri odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim edilir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir. Adından göründüyü kimi, yeni mərkəzlər insanların, eləcə də sahibkarların işini asanlaşdırır, onların neqativ hallarla üzləşməsinin qarşısını alır. Bu yenilik, ölkə rəhbərinin də qeyd etdiyi kimi, bütün dünyada "Azərbaycan milli brendi" kimi qəbul olunur.

Ölkə iqtisadiyyatının inkişafı bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda da öz müsbət əksini tapmışdır. Son "Qlobal Rəqabətlik Hesabatı"nda "makroiqtisadi sabitlik" göstəricisi üzrə ölkəmiz dünya sıralamasında 8-ci, "əmək bazarının səmərəliyi" göstəricisi üzrə isə 30-cu olmuşdur. Hesabatda Azərbaycan bəzi altgöstəricilər üzrə ilk 20-liyə daxil olmuşdur: "İnflyasiyanın illik səviyyəsi" (1-ci yer), "işə götürmə və işdən azad etmə praktikası" (8-ci), "ümumi milli yığımın ÜDM-ə nisbəti" (10-cu), "ümumi dövlət borcunun ÜDM-ə nisbəti" (13-cü), "qabaqcıl texnoloji məhsulların dövlət alqısı" (14-cü), "dövlət büdcəsi saldosunun ÜDM-ə nisbəti" (15-ci). Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq agentlikləri ("Moody's", "Standart & Poor's" və "Fitch Ratings") tərəfindən də yüksək qiymətləndirildi. Beləliklə, Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olaraq qalmaqdadır.

Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransında çıxışında bu məqamlara da toxunmuşdur: "İqtisadi islahatlar baxımından Azərbaycan son illər ərzində uğurlu yol keçmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. İşsizlik 5 faiz səviyyəsindədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizini təşkil edir. Ölkəmizin rəqabətqabiliyyətliyi artır. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliyi üzrə dünyada 39-cu yerdədir. Biz bütün bunlara islahatların aparılması ilə nail ola bilmişik. Ancaq əgər neft amili, bizim zəngin yataqlarımız, resurslarımız olmasaydı və onlardan səmərəli şəkildə istifadə etməsəydik, buna nail olmaq üçün çox vaxt lazım olacaqdı".

Hərtərəfli və sürətlə inkişaf edən Azərbaycanın bugünkü nailiyyətləri  məhz Heydər Əliyev siyasətinin, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bütün bunlar deməyə əsas verir ki, respublikamız ən qısa vaxtda qarşıya qoyduğu digər hədəflərə də çatacaq.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 13 iyun.- S.6.