İpəkçiliyin inkişafı yeni mərhələdə

 

2014-cü il "Sənaye ili"dir

 

 

Şəkidə ipəkçiliyin tarixi çox qədimdir. Görkəmli pedaqoq, folklorşünas, etnoqraf Rəşid bəy Əfəndizadənin tədqiqatlarına əsaslansaq, Şəki dünyada ipəkçiliyin yarandığı məkanlardan sayılır. Bu qənaəti təsdiqləyən amillərdən biri də qədim Şəkinin təbii-coğrafi şəraitinin ipəkçiliyin inkişafındakı əhəmiyyətli roludur.

Şəkidə ilk ipək kombinatı 1931-ci ildə istifadəyə verilib. Fəaliyyətə başlamağı ilə rezonansa səbəb olan Şəki İpək Kombinatı 1999-cu ildən "Şəki-İpək" ASC adlanıb. Bu gün böyük minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Böyük İpək Yolunun bərpası ölkəmizin siyasi, iqtisadi, sosial inkişafına əsaslı şəkildə təsir edib. 2006-cı il avqustun 26-da beynəlxalq səviyyəli "İpək bayramı"nın Şəkidə keçirilməsi də təsadüfi deyil.

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yenidən fəaliyyətini davam etdirən "Şəki-İpək" ASC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2001-ci ildə ölkə Prezidentinin sərəncamı ilə müəssisəyə keçmiş pulla 1,5 milyard, o cümlədən Nazirlər Kabinetinin xətti ilə 500 milyon manat yardım edilib. 2005-ci ildə isə 2,5 milyon manat daxili investisiyaya qoyulub.

Hazırda "Şəki-İpək" ASC-də 680 işçi çalışır. Bu müəssisə təkcə Şəkidə deyil, eləcə də respublikada fəaliyyət göstərən iri müəssisələrdən biridir. "Şəki-İpək" ASC idarə heyətinin sədri Azad Şirəliyev bildirdi ki, müəssisədə 6 əsas sahə - baramaaçan, toxucu, boyaq-bəzək, pambıqəyirici, burucuxalça istehsalı sahələri fəaliyyət göstərir. Bütün istehsal sahələrində əsaslı təmir və yenidənqurma işləri görülüb, məhsulun keyfiyyətinin artırılması üçün müasir standartlara cavab verən xarici texnoloji avadanlıqlar quraşdırılıb.

A.Şirəliyev qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin 2014-cü ili "Sənaye ili" elan etməsi ilə əlaqədar kollektiv üzvləri işgüzarlığı daha da artırıblar: "Bu il yenidaha keyfiyyətli, standartlara cavab verən məhsulların istehsalının, eyni zamanda, bəzi istehsal sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Pambıqəyirici sahədə istehsalı artırmaq, keyfiyyətli pambıq parça, trikotaj məhsulları istehsal etmək üçün lazım olan maşın, avadanlıqları almaqdan ötrü dünyanın aparıcı toxuculuq avadanlıqları istehsal edən şirkətləri ilə danışıqlar aparılır. Bu işlərin görülməsi üçün ümumilikdə 10 milyon manat civarında investisiya qoyulması planlaşdırılır".

Kombinatda olarkən müxtəlif istehsal sahələrinə baş çəkdik. Mexaniki baramaaçan dəzgahlar baramaaçan istehsalatından çıxarılaraq avtomat dəzgahlarla əvəz edilib. Pambıqəyirici sahədə illik istehsal gücü 2600 ton iplik olan İsveçin "Rieter", Almaniyanın "Fruster" və "Slahforst" firmasının istehsal etdiyi avadanlıqlar quraşdırılaraq işə salınıb. Boyaq-bəzək bölməsində Hollandiyanın "Shtork" firmasına məxsus dairəvi gülvuran maşının əsaslı təmirindən sonra güllü parça istehsalı bərpa edilib.

Bundan əlavə, son 2 ildə "Stork" firmasının printer gülvuran maşını, "Frützschler" firmasının təzyiq altında boyama maşını, "SSM" firmasının təkrarsarıma avadanlığı, "Karl Mayer" şirkətinin əriş maşını və "Dornier" şirkətinin müasir toxucu dəzgahları montaj edilərək istifadəyə verilib.

Həyata keçirilən tədbirlər sayəsində son illər bütün istehsal sahələri üzrə məhsul artımına nail olunub. Müəssisədə pambıq ipliyi 2011-ci ildə 1202 ton istehsal olunurdusa, bu rəqəm 2012-ci ildə 1983, 2013-cü ildə isə 2562 tona yüksəlib. Həm də əsas diqqət xammal və yarımfabrikatların istehsalına deyil, daha çox hazır məhsul istehsalına yönəlib. 2011-ci illə müqayisədə boyanmış pambıq parça istehsalı 3,5, kəlağayıların istehsalı 5, saçaqlı ipək şərflərin istehsalı 3 dəfə artıb. Digər hazır məhsulların istehsalında da xeyli artım müşahidə olunub.

Azad Şirəliyev problemlərdən də söz açdı. Dedi ki, ipək sənayesinin inkişaf etdirilməsi üçün əsas xammal olan baramanın istehsalı respublikamızda hazırda yox dərəcəsindədir. "Sovetlər dönəmində Azərbaycanda 1800 ton barama istehsal olunurdusa, indi bu göstərici 10-12 ton civarındadır. Bu isə müəssisəmizin baramaaçan istehsalatının fəaliyyətinin dayanmasına, ipəyin xaricdən idxal edilməsinə istehsal olunan məhsulun maya dəyərinin artmasına səbəb olur".

Müəssisədə onu da bildirdilər ki, Şəki rayonu ərazisində 117, Qax rayonu ərazisində 4  Zaqatala rayonu ərazisində 15 hektar olmaqla 136 hektar torpaq sahəsi icarəyə götürülüb və həmin ərazilərdə yeni tut bağları salınaraq yüksək keyfiyyətli tinglər yetişdirilir. Barama istehsalı artsa, 2 minə yaxın yeni yeri açıla bilər.

Müəssisə mütəxəssislərinin köməyi ilə damazlıq üçün yüksək keyfiyyətli ipək qurdu toxumu da hazırlanıb. Bu indidavam etdirilir. Vacib məsələlərdən biri isə daha çox fermerin bu işə qoşulmasıdır.

Ümumilikdə Azərbaycanda ipəkçiliyin inkişafı ilə əlaqədar "Şəki-İpək" ASC-nin mütəxəssisləri tərəfindən hazırlanmış təkliflər müvafiq qurumlara göndərilib. Ümid etmək olar ki, həm Şəki ipəyinin şöhrətinin qaytarılması, həm də Azərbaycanda  ipəkçiliyin kompleks inkişafı üçün gərəkli tədbirlər tezliklə öz bəhrəsini verəcək.

 

Telman NƏZƏRLI,

Azərbaycan.-2014.- 13 iyun.- S.7.