Güllələnəndən
77 il sonra arzuları çin olan alim
Vəli Xuluflu-120
Türkçülüyün
əsaslarını yazan Ziya Göyalpın, eləcə də
ictimai-siyasi xadim
İsmayıl bəy Qaspıralının türk
dünyasında "Dildə, fikirdə, işdə
birlik" ideyasının türksoylu cümhuriyyətlər
arasında reallaşması uğrunda 1920-1930-cu illərdə
mübarizə aparan azərbaycanlı ziyalılardan biri Vəli
Xuluflu olmuşdur. O, həm də Azərbaycan folklor örnəklərinin
toplanması, nəşri və tədqiqi sahəsində
müstəsna xidmətləri olan görkəmli
folklorşünas alim, eyni zamanda Azərbaycanda 1920-1930-cu illərdə
latın qrafikalı əlifbaya keçidin
tərəfdarı və fəal təbliğatçısı
idi. Respublikada 1922-ci ildən fəaliyyət göstərən
Yeni Türk Əlifbası Komitəsinin apardığı
işlərdə yaxından iştirak etmiş, 1925-ci ilin may
ayında həmin komitənin nəzdində
yaradılmış daimi nəşriyyat komissiyasında
çalışmışdır. "Yeni türk əlifbası
ilə yazı qaydaları" adlı kitabın birinci, ikinci nəşrləri
və 1930-1931-ci illərdə alimin redaktorluğu ilə
çap edilmiş 3 cilddə "Azərbaycan dilinin canlı
danışıq sözlüyü" Vəli Xuluflunun
dilçilik elmi sahəsindəki xidmətlərinin bariz
nümunələridir.
Vəli Xuluflu 1894-cü ildə Şəmkir rayonunun
Xuluf kəndində anadan olmuşdur. İlk təhsilini kənddə molla
yanında alan Vəli 1912-ci ildə Gəncədə
"Mədrəseyi-ruhaniyyə"ni bitirmiş, mədrəsə
rəhbərliyinin təklifi ilə bir müddət həmin məktəbdə
müəllim işləmişdir. Vəli
Xuluflu burada altı ay işlədikdən sonra kəndə,
valideynlərinin yanına qayıdır, təsərrüfat
işlərində atasına yardımçı olur.
1917-ci ilin əvvəllərində Vəli yenidən Gəncəyə
dönür, pedaqoji təhsil verən iki aylıq kursa daxil
olur. Kursu bitirdikdən sonra "Mədrəseyi-ruhaniyyə"də
aşağı sinif müəllimi təyin edilir. Şəhər həyatı, milli
oyanışın və ictimai-siyasi hadisələrin
qaynarlığı 22-23 yaşlı gəncin
dünyagörüşünə, fəaliyyətinə
böyük təsir göstərir. Bəziləri
kimi, həmin dövrdə ona da elə gəlirdi ki, millətin
tərəqqisinə, inkişafına yol inqilabdan keçir.
Atasının, əmisinin, özünün
arzusunda olduğu mollalığa istəyin, mədrəsə
müəllimliyinin qanadları altında üzv olduğu
"Hümmət" təşkilatından uzaqlaşır.
Dövrün ictimai-siyasi-ideoloji mühitinin təsiri
ilə 1917-ci ildə Rusiya Sosial-Demokrat Fəhlə
Partiyasının sıralarına qoşulur. Fəhlələrin və məzlum kəndlilərin
mənafeyini qorumaq adı altında üsyanlar və inqilablar
etmiş bolşeviklərlə əməkdaşlığa
üstünlük verir. Təbiətən çox
enerjili və çevik olan bu gənc tanış
olduğu inqilabçı-bolşeviklərin tövsiyələri
ilə mühüm tapşırıqlar yerinə yetirir. Hətta 1919-cu ildə partiya bolşeviklərə və
menşeviklərə ayrılanda Vəli bolşeviklərin
sırasında qalmağa üstünlük verir. O,
bolşeviklər arasında təhsilli və savadlı
olması, ərəb, fars və rus dillərini
yaxşı bilməsi ilə bərabər, siyasi fəallığı
ilə də böyük nüfuz sahibi hesab olunurdu. Ölkəmiz
XI sovet ordusu tərəfindən işğal olunandan sonra -
1920-ci ildə Azərbaycan K(b)P-nin I
qurultayında nümayəndə kimi iştirak edir. Az sonra Gəncə Qəza Partiya Komitəsində
əvvəlcə təlimatçı, sonra katib vəzifəsində
çalışır, bölgədə aparılan sovetləşmədə
fəallıq göstərir, eyni zamanda bolşevik-daşnak həmrəyliyinin
quruculuq adı altında apardığı
soyğunçuluğun və camaata edilən zülmün
qarşısını almağa çalışırdı.
Yeni
quruluşa qarşı silahlı mübarizə aparan Şəmkir
qaçaqlarının, o cümlədən, qohumu -
Keçili qaçaqlarının başçısı
Əbdüləlinin, qapanlı Gürzalının, qaracəmirli
Eminli Tanrıverdinin, Ramazanoğullarının məskunlaşdığı
yer isə onlardan az aralıdakı ormanlıqlar idi. Vəli də, atası da, anası da, bacıları
da qaçaqlarla tez-tez rastlaşırdılar. Başqa kəndlərdə hökumət adamları
qaçaq görəndə, qaçaqlar da hökumət
adamı görəndə biri o birinin axırına
çıxırdı. Amma Xulufda belə
deyildi. Gəncə Qəza Partiya Komitəsinin
katibi Vəli Xuluflu ən məhdud dairədə gedən məsləhətləşmələrdən
böyük yığıncaqlaradək söhbətlərdə,
Həmid Sultanovun, İbrahim Əliyevin, inqilabi hökumətin
digər üzvlərinin "qaçaqların yerinin öyrənilib,
tutulub hökumətə təhvil verilməsi" təkliflərinə
heç vaxt məhəl qoymamışdı.
Bolşeviklərin çıraqla axtarıldığı kənddə
- evlərinin həndəvərində,
Kürqırağı ormanlarda gecələyən, bəzən
ərzaq üçün Vəlinin ata-anasına,
qardaşlarına müraciət edən qaçaqlar
haqqında bir kəlmə də
danışmamışdı, milli dəyər və adətlərə
sadiq qalaraq susmağı üstün tutmuşdu.
Nəinki
Gəncədə, ətraf kənd və rayonlarda da hamı
bilirdi ki, Keçili qaçaqlarının
başçısı Qaçaq Əbdüləli Vəli
Xuluflunun yaxın qohumu idi. Vəlinin
bacısı Əzət Qaçaq Əbdüləlinin
böyük qardaşı, qolçomaq, qaçaqların
himayədarı Məşədi Çobanın həyat
yoldaşı idi. Əzətin
uşaqları bolşeviklərin qatı düşməni
Qaçaq Əbdüləliyə əmi, bolşeviklərin
hörmətli və nüfuzlu rəhbəri - Gəncə Qəza
Partiya Komitəsinin katibi Vəli Xulufluya dayı deyirdilər.
Məhz buna görə də Qəza Komitəsinin katibi -
mötəbər vəzifə sahibi V.Xulufludan kommunistlər
şübhələnir, hər addımına göz
qoyurdular... Şübhələr doğru
çıxdığından 1921-ci ildə partiya
sıralarında "təmizləmə əməliyyatı"
aparılanda Vəli Xuluflu etimadı və etibarı
itirmiş adam kimi firqə
üzvlüyündən çıxarılır.
Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasını və süqutunu, XI
sovet ordusunun Azərbaycanı necə işğal etməsini
öz gözləri ilə görən, dövrün
çirkin hadisələrinin çoxunun şahidi olan Vəli
Xuluflu aldadıldığını biləndə, arzuları
boşa çıxanda elmə, ədəbiyyata üz tutdu. 1922-ci ildə Bakıya gəlib Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsinə
daxil olub bu elm ocağını müvəffəqiyyətlə
bitirdi. Tələbəlik illərində Yeni Türk
Əlifbası Komitəsində təlimatçı işləməklə,
əvvəlcə "Bakinski raboçi" kooperativ nəşriyyatında,
sonra da "Azərnəşr"də bədii-ədəbiyyat
şöbəsində redaktor kimi fəaliyyət göstərdi.
Yüksək tribunalardan söz demək, vətən və
xalq qarşısında daha çox iş görmək, həmçinin
tüğyan edən repressiyalardan yayınmaq, ən nəhayət,
düşmənlə düşmən dilində mübarizə
aparmaq üçün 1927-ci ildə yenidən kommunist
partiyasının sıralarına daxil oldu. Vəli
Xuluflu universitetdə oxuduğu vaxtlardan Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyətinin işlərində
fəal çalışır, tələbə-tədqiqatçı
kimi Azərbaycan folklor örnəklərinin toplanması və
nəşrinə böyük həvəs göstərirdi.
Bu cəmiyyətin xətti ilə Şəmkir, Tovuz, Gədəbəy,
Qazax rayonlarına gedib axtarışlar aparır, materiallar
toplayıb, 1926-cı ildə "Azərbaycan xalq ədəbiyyatından
materiallar" seriyasından "El aşıqları"
kitabını çap etdirir.
Bundan bir il sonra gənc tədqiqatçının
Şamxor və Tovuz saz-söz ustadlarından bəhs edən
ikinci "El aşıqları" kitabı işıq
üzü görür. 1927-ci ildə
"Koroğlu" dastanının Aşıq Hüseyn
Bozalqanlının yenidən yazdığı iki qolunu, 1929-cu
ildə isə dörd qolunu və altı nağılvari əhvalatı
kitab halında nəşr etdirir. 1928-ci ildə
"Tapmacalar" kitabını tərtib edir.
Vəli
Xuluflu 1928-ci ildə Bakıda keçirilən Azərbaycan
aşıqlarının I qurultayında iştirak edib bir
çox görkəmli aşıqlarla yaxından tanış olur. 1929-cu ildə Azərbaycan
Dövlət Elmi-Tədqiqat İnstitutuna elmi katib vəzifəsinə
irəli çəkilir. Az sonra
institutun bazasında yaradılmış Dil-ədəbiyyat və
incəsənət bölməsinə direktor (1932) təyin
edilir və 1933-cü ilin dekabrınadək bu vəzifədə
işləyir.
Həmin vaxt Vəli Xuluflu çoxdan arzusunda olduğu
şifahi xalq ədəbiyyatı nümunələrinin
toplanması və nəşrinə xüsusi diqqət
göstərir. Rəhbərlik etdiyi Dil-ədəbiyyat və incəsənət
bölməsi 1933-cü ildə ləğv edildikdən sonra
bir müddət Mərkəzi Arxiv İdarəsinin müdiri,
Azərbaycan SSR Xalq Maarif Komissarlığında Universitet və
elmi-tədqiqat müəssisələri idarəsinin rəisi,
həmin ilin may ayından Dövlət Elm Şurasının
sədr müavini olur. 1936-cı ildən
SSRİ EA Azərbaycan Filialının (AMEA o vaxt belə
adlanırdı) baş mütəxəssisi, SSRİ EA Azərbaycan
Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini
(1936-1937) və digər vəzifələrdə
çalışır.
Vəli Xuluflunun əsas xidmətlərindən biri də
1920-ci ildə Azərbaycanı Öyrənmə Mərkəzinin
(Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti)
əsasını qoyması və inkişafındakı fəaliyyəti
ilə bağlıdır. Mərkəzdə Azərbaycan
ədəbiyyatı, tarixi, arxeologiyası, coğrafiyası,
dilçiliyi öyrənilir və tədqiq edilirdi.
Əbdürrəhim bəy Haqverdiyev, Hənəfi Zeynallı,
Salman Mümtaz və dövrün digər görkəmli alimləri
ilə birlikdə Vəli Xuluflu Azərbaycan tarixində ilk dəfə
olaraq akademik səviyyədə tədqiqatların
aparılmasında, yeni elmi kadrların hazırlanmasında
böyük xidmətlər göstərmişdir.
"Folklor xalqın qan yaddaşıdır. Onu toplamaq, gələcək
nəsillərə çatdırmaq, keçmişimizlə gələcəyimiz
arasında varisliyi qoruyub saxlamaq lazımdır" deyən Vəli Xuluflu məsul
vəzifələrdə işləyərkən gənc nəslin
milli ruhda tərbiyə olunmasına, milli
varlığımızın qorunub saxlanılmasına
çalışıb. 1920-1930-cu illərdə latın qrafikalı yeni türk əlifbasına
keçidin tərəfdarı və fəal təbliğatçısı
olub. Hətta bu barədə 1925-ci ildə
"Yeni türk əlifbası ilə yazı qaydaları"
adlı kitab da hazırlayıb nəşr etdirib. Rəsmi sənədlərdə tarixçi-şərqşünas
kimi göstərilən Vəli Xuluflunun dilçiliyə və
ədəbiyyatşünaslığa dair
çıxışları, əsərləri, tədqiqat
işləri onu elmi dairədə, təşkilatçı
folklorşünas alim, fəal yazıçı-publisist kimi
tanınıb və ictimai rəydə böyük nüfuz
qazandırıb.
Türk
dünyasına möhkəm tellərlə bağlı olan Vəli
Xuluflu ərəb, fars, rus, türk dilləri
ilə yanaşı, alman, türkmən, tacik dillərini də
bilir, xaricdəki türkoloji mərkəzlərdə də
tanınırdı. Bir sıra beynəlxalq
türkoloji konfransların iştirakçısı olmuş,
1926-cı ildə Bakıda I Türkoloji qurultayın təşkili
və keçirilməsində yaxından iştirak
etmişdi. Qurultaya hazırlıq ərəfəsində,
1924-cü ilin sentyabr-oktyabr aylarında S.Ağamalıoğlu,
C.Məmmədquluzadə, X.Səidlə birlikdə SSRİ ərazisində
türk xalqlarının yığcam yaşadığı
Krıma, Qazaxıstana, Özbəkistana,
Başqırdıstana, Kazana, Türkmənistana və
Tacikistana səfərlər edərək, mütəxəssislər
və elm adamları ilə görüşmüş,
mühazirələr oxumuş, latın əlifbası ilə əlaqədar
fikir mübadiləsi aparmışdı. Latın
əlifbasınna keçidin reallığa çevrilməsi
üçün Yeni Əlifba Komitəsinin təşkilatçılığı
ilə 1928-ci ildə Daşkənddə, 1930-cu ildə isə
Alma-Atada (Almatı) keçirilən türkoloji plenumlarda
iştirak etmişdi. Zaqafqaziya
Federasiyasının yaradılmasının 10 illiyi münasibətilə
elmi-ictimai sahədə gördüyü xidmətlərə
görə Vəli Xuluflu "Fəxri tərifnamə" ilə
təltif edilmiş və ona qızıl qol saatı hədiyyə
edilmişdi.
Azərbaycanlı alimin türk xalqlarının
yaxınlaşmasına xidmət edən fəaliyyəti
respublikanı müstəmləkə buxovunda saxlayan Kremlin
diqqətindən yayınmırdı. Türk xalqlarının ortaq latın əlifbasına keçməsini
qısqanclıqla qarşılayan Moskva bu təşəbbüsə
çox mənfi münasibət bəsləyirdi. Moskvanın göstərişi ilə türkdilli
respublikalardakı bütün türkoloq alimlər ciddi nəzarətə
götürülmüşdü.
1929-cu ildən dosent, 1931-ci ildən professor kimi şərəfli
bir ad daşıyan, 1936-cı ildə Az.FAN-ın həqiqi
üzvlüyünə qəbul edilən tədqiqatçı-alim
zahirən siyasətlə məşğul olmaqdan neçə
illər idi ki, əl götürmüşdü. Amma
dolayısıyla, elmi yolla xalqını birliyə, bu birliyin
fonunda azadlığa, müstəqilliyə səsləyən
məqalələr yazır, konfranslarda
çıxışlar edir, kitablar çap etdirir, ancaq
dövlət əleyhinə dilindən
açıq-saçıq söz qaçırmırdı.
Rejim isə bu vətənpərvər alimi həbs etmək
üçün bəhanə axtarırdı. Amma ortada
tutarlı bir fakt yox idi. Lakin Stalin xalq və
yeni quruluşun düşmənləri adı altında
milyonlarla insanın ölümünə səbəb olan
repressiya maşınını işə salanda Vəli
Xuluflunun da əksinqilabçı və millətçi təşkilatın
üzvü olduğu qeyd edilərək, tezliklə həbs
edilməsi qərara alınmışdı.
Vəli
Xuluflu Səmədağa Ağamalıoğlu, Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid, Salman Mümtaz, Əhməd Cavad, Mikayıl Rəfili,
Bəkir Çobanzadə, Xəlil Səid Xocayev, Abdulla
Şaiq və dövrün digər görkəmli
ziyalıları ilə yaxın dost olub. O zaman respublika rəhbəri
Mir Cəfər Bağırov ictimai rəydə və ədəbi
aləmdə böyük nüfuz sahibi olan Vəli Xuluflu ilə
tez-tez görüşərmiş. Alimin 95
yaşlı qızı Sima xanım deyir ki, o zaman Əzət
bibim (Vəli Xuluflunun bacısı) onlara süfrə
açar, çay-çörək verərdi. Mir Cəfər Bağırov həmişə atamla ədəbiyyatdan,
siyasətdən, aşıq sənətindən uzun-uzadı
söhbətlər edərdi. Hərdən
fikirləri çəp gələndə mübahisələri
düşərdi. Atam dediyini kitablardan gətirdiyi
iqtibaslarla sübutlayanda Mir Cəfər Bağırov gülərək
əlini əlinə vurub, atamın Kürün
qırağında, hər tərəfi meşəlik olan
doğulduğu Xuluf kəndini yada salaraq, qibtəylə deyərdi:
"Bay atonnan, meşədən də belə baş
çıxar?".
Vəli
Xuluflu Dövlət Təhlükəsizliyi İdarəsinin
4-cü şöbəsi tərəfindən 1937-ci il yanvarın 28-də gecə həbs edilir. Onun həbs olunması barədə qərarı
NKVD-də məsul vəzifə tutan, həmin dövrdə azərbaycanlılara
qənim kəsilən erməni Sumbatov və onun əlaltısı
Qalstyan imzalayırlar.
Cəmi
43 il ömür yaşamış, çoxtərəfli elmi fəaliyyəti,
geniş dünyagörüşü, beynəlxalq elmi-ədəbi
aləmdə baş verən yeniliklərdən, kəşflərdən
xəbərdar olan, Azərbaycan elm tarixində xüsusi
çəkisi və mövqeyi ilə seçilən Vəli
Xuluflu yaradıcılığının və
ömrünün çiçəkləndiyi bir vaxtda
zamanın haqsızlığına məruz qalır.
Türkiyənin
xeyrinə casusluqda müqəssir bilinərək həmin il oktyabrın 13-də güllələnən
Vəli Xuluflunun işinə 1956-cı il noyabrın 17-də
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası yenidən
baxıb, fəaliyyətində cinayət tərkibi
olmadığına görə ona bəraət verir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini
bərpa edəndən sonra Vəli Xuluflu irsinə daha tez-tez
müraciət edilir, xatirəsi əziz tutulur. Bir neçə
ildir ki, Bakının ən yaraşıqlı küçələrindən
birinə Vəli Xuluflunun adı verilib. Gəncədə
adına küçə və məktəb
var, anadan olduğu Şəmkir rayonunda orta məktəb və
ən böyük küçələrdən biri onun
adını daşıyır. Türksoylu
xalqlar arasında da folklorşünas alim, repressiya qurbanı Vəli
Xuluflu şəxsiyyətinə və
yaradıcılığına böyük diqqət və
ehtiram var.
Bu
günlərdə redaksiyamıza Vəli Xuluflunun nəvəsi
Vüsalə Muradovanın göndərdiyi teleqramda deyilir:
"Hörmətli redaksiya, 120 illik yubileyi böyük təntənə
ilə qeyd edilən babam Vəli Xuluflu, bilindiyi kimi, türk
dünyasının böyüklüyü və
inkişafı uğrunda fəaliyyətində dövrün ədalətsizliyinin
qurbanı olub. Lakin Azərbaycan öz tarixi müstəqilliyinə
qovuşandan, daha doğrusu, dünya şöhrətli siyasətçi
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
qayıdandan sonra, 1937-ci ildə repressiyaya məruz qalan
babamın müstəqillik arzuları 77 ildən sonra çin
olub - xalqımız azad, Azərbaycan isə müstəqil
dövlətdir...
Bu gün
Vəli Xuluflunun yeganə övlad yadigarı, 95 yaşlı
Sima (Sunduz) xanım, eləcə də bu nəslin onlarla,
yüzlərlə yetirməsi Azərbaycan Prezidentinin Vəli
Xuluflu şəxsiyyətinə, Vəli Xuluflu
yaradıcılığına və irsinə göstərdiyi
qayğıdan fərəh hissi keçirir. Dövlətin
köməyi və dəstəyi onun irsinin təbliğinə
və kitablarının çapına qayğını
artırıb. Bütün bunlara görə
Azərbaycan Prezidenti İlham Əliyevə ürəkdən
minnətdarıq.
Bu teleqramın surətini yubiley tədbirlərinin
keçirilməsində əməyi olan Mədəniyyət
və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinə,
Atatürk Mərkəzinə, AMEA-nın rəhbərliyinə,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna, Nəsimi
adına Dilçilik İnstitutuna, Folklor İnstitutuna, digər
aidiyyəti qurumlara və ali təhsil müəssisələrinə
ünvanlayaraq dövlət başçısına və
onlara bir daha təşəkkürümüzü
bildiririk".
Rəhman SALMANLI,
Azərbaycan.-2014.- 13 iyun.- S.8.