Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması haqqında qəbul olunan qərarın önəmini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, enerji, nəqliyyat, birgə layihələr və digər istiqamətlərdə əməkdaşlığımızın yüksək səviyyədə olduğu bildirildi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı zamanı dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyəti vurğulandı, ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək vermələrinin önəmi qeyd olundu.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanaraq bu baxımdan Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının səmərəli olacağına əminlik ifadə edildi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

Azərbaycan.-2014.- 14 iyun.- S.1.