Bakıda Türkdilli Ölkələrin Parlament

 Assambleyasının V plenar iclası keçirilmişdir

 

 

İyunun 13-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar iclası keçirilmişdir. İclası açan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov V plenar iclasda aparılacaq fikir mübadilələrinin, veriləcək tövsiyələrin, qəbul olunacaq qərarların təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə kömək edəcəyinə əminliyini bildirmişdir.

Milli Məclisin sədri türkdilli xalqların tarixindən, keçdiyi inkişaf yolundan danışmışdır. Bildirilmişdir ki, tarix boyu dünyanın çox geniş bir ərazisinin geosiyasi mənzərəsini müəyyən edən türkdilli xalqlar vahid sivilizasiya əlamətlərini heç zaman itirməmişlər.

Vurğulanmışdır ki, Türkdilli Ölkələrin Parlament Assambleyası 5 ildən artıq fəaliyyəti ilə özünü xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli bir vasitəsi kimi göstərə bilmişdir. Assambleya çərçivəsində işbirliyi dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da dərinləşməsinə şərait yaratmışdır.

Oqtay Əsədov demişdir: “TürkPA-nın üzvü olan parlamentlər öz ölkələrinin siyasiictimai həyatında vacib rol oynayırlar. Onların vahid bir assambleyada birləşməsi ümumi məqsədlərimizin həyata keçirilməsi yollarının axtarılmasına kömək göstərir. TürkPA tarix, dil və mədəniyyət ümumiliyinin verdiyi imkanlardan istifadə edərək xalqlarımızın və dövlətlərimizin ümumi problemlərinin açıq müzakirəsi üçün əlverişli siyasi dialoq forumu rolunu oynayır.

Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyası dünyanın nüfuzlu regional qurumlarından biridir. Təşkilatımız Parlamentlərarası İttifaqdaİslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında müşahidəçi statusuna malikdir, ATƏT-in Parlament Assambleyasında xüsusi qonaq kimi iştirak edir.

Avropa Parlamenti, MDB-nin Parlamentlərarası Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, Rusiya Federal Məclisinin Federasiya Şurası ilə əməkdaşlıq əlaqələri həyata keçirilir. Təşkilatın beynəlxalq fəaliyyətinin bir uğuru da TürkPA-nın baş katibinin Parlament Baş Katibləri Assosiasiyasına üzv qəbul edilməsi olmuşdur". 

Oqtay Əsədov bildirmişdir ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyəti ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, mədəni, humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır. Ənənəvi diplomatiya mexanizmlərini tamamlayan parlament diplomatiyası dövlətlərin qarşılaşdığı problemlərin həllinə parlament vasitələrinin köməyi ilə sanballı töhfə verir.

O.Əsədov demişdir: “TürkPA-nın üzvü olan hər bir dövlətin uğuru digər dövlətlərin uğurudur. Bizim dövlətlərimiz siyasi, iqtisadi və hərbi cəhətdən nə qədər güclü olarsa, onların ümumi işimizə verə biləcəyi töhfə də bir o qədər böyük olar”.

Diqqətə çatdırılmışdır ki, hazırda ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimal ilə Cənubu bir-birinə sıx bağlayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri təəssüflə qeyd etmişdir ki, indiyədək həll edilməyən bir sıra münaqişələr həm beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır, həm də regional inteqrasiya proseslərinin inkişafına mane olur. İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir, 1 milyondan çox vətəndaşımız qaçqın və köçkün vəziyyətində yaşayır. Biz əminik ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında nizama salınması digər münaqişə ocaqlarının da aradan qaldırılmasına kömək edə bilər.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin diqqətini dövlətimiz üçün ən vacib problemin həllinə cəlb etməyə çalışır. Bu yolda uğurlarımız az deyildir. Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, İslam Əməkdaşlıq Təşkilatının Parlament Məclisi kimi nüfuzlu parlament təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dövlətimizin haqlı mövqeyini dəstəkləyən sənədlər qəbul etmişlər.

Sonra çıxış edən Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Kabibulla Djakupov Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyə ötən sədrlik dövründəki səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirmişdir. Qeyd edilmişdir ki, Türkiyə tərəfinin ötən ilki fəaliyyəti üzv dövlətlər arasında əlaqələrin daha da inkişafına xüsusi töhfələrini vermişdir.

Kabibulla Djakupov TürkPA-nın sədrliyini qəbul etmiş Oqtay Əsədova gələcək sədrlik dövründəki fəaliyyətində uğurlar arzulamışdır. O, Azərbaycan tərəfinin də təşkilatın daha da genişlənməsinə və nüfuzunun artmasına önəmli töhfələr verəcəyinə əminliyini bildirmişdir.

İyunun 5-də Türkiyənin Bodrum şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı barədə danışan K.Djakupov həmin toplantının türkdilli ölkələr arasındakı əlaqələrin daha da genişləndirilməsi baxımından çox önəmli olduğunu demişdir. Diqqətə çatdırılmışdır ki, parlamentlərarası əlaqələrin genişlənməsi ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından çox önəmlidir. O demişdir: “Biz beş ilə yaxın müddətdə çox mühüm işlər görmüşük. Lakin türk dünyası birliyini daha da gücləndirmək üçün görüləsi işlərimiz də çoxdur”.

Qazaxıstan Məclisinin sədri assambleyanın hər zaman qlobal məsələlərin müzakirəsinə önəm verdiyini diqqətə çatdırmışdır. O, bu plenar iclasda da gündəlikdə duran məsələlərin çox önəmli olduğunu demişdir. K.Djakupov əminliklə bildirmişdir ki, müzakirə olunacaq məsələlər və qəbul olunacaq qərarlar ölkələrimiz arasındakı əlaqələrin inkişafına xidmət edəcəkdir.

K.Djakupov demişdir: “Bizim əsas gücümüz türk dünyası xalqları arasında din, dil, tarix və mədəniyyət ortaqlığıdır”.

Qırğızıstan Respublikası Jogorku Keneşinin sədri Asilbek Jeenbekov da TürkPA-nın ötən bir illik fəaliyyətini yüksək qiymətləndirmişdir. O, Türkiyə tərəfinə qurumun inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildirmişdir.

Qeyd edilmişdir ki, TürkPA-ya üzv dövlətlər arasında münasibətlər möhkəm dostluq və qardaşlıq əlaqələrinə əsaslanır.  Təşkilat tərəfindən qəbul olunan bütün qərarlar xalqlarımızın təhlükəsiz yaşamasına və rifah halının yaxşılaşmasına xidmət edir.  Bizim inkişafımız üçün bir yerdə olmağımız, bütün problemlərimizi birgə həll etməyimiz çox önəmlidir. Düşünürəm ki, bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə ehtiyacımız vardır. Ölkələrimiz arasında ən yüksək səviyyədə görüşlərin keçirilməsi, önəmli qərarların qəbul olunması münasibətlərin gələcək inkişafına xidmət edir. Artıq görülmüş işlər müsbət nəticələrini verməkdədir. Bizim bir olmağımız gözəl nəticələr əldə etməyimiz üçün yol açır.

Jogorku Keneşin sədri vurğulamışdır ki, TürkPA-nın Bakıda keçirilən V plenar iclası səmərəli olacaqdır.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxış edərək bu toplantının ortaq tarixə, dinə, dilə malik dövlətlər arasında möhkəm bir əməkdaşlığın qurulmasına xidmət edəcəyinə əminliyini bildirmişdir. O, türkdilli dövlətlər arasındakı əməkdaşlığın xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşılaşmasına xidmət etdiyini vurğulamışdır. Əlavə etmişdir ki, bu münasibətləri daha da möhkəmləndirmək qarşıya qoyulmuş ən əsas məqsədlərimizdəndir.

C.Çiçək TürkPA-ya sədrlik dövründə Türkiyə tərəfinin xalqlarımız arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə çalışdığını demişdir. TürkPA-nın daha böyükgüclü təşkilata çevrilməsi üçün bir sıra önəmli addımların atıldığını deyən Böyük Millət Məclisinin sədri bundan sonra da bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır.

C.Çiçək bildirmişdir ki, artıq yenidən formalaşan dünyada parlamentlərin rolu daha da artmaqdadır. Xalqlarımızı təmsil edən parlamentlər arasında diplomatiyanın önəmi xeyli artmışdır. Parlamentlər arasında əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması çox vacibdir. TürkPA türk dünyası ölkələri arasında bu işləri görür. Bura bizim parlamentlərimizin müzakirə aparacağı bir yerdir. TürkPA qədim tarixi əlaqələri olan xalqlarımızın gələcək inkişafına xidmət edən qurumdur. Problemlərimizin həlli yolları, gələcək layihələrin müzakirəsi və qərarların qəbulu çox önəmlidir. Bu da ancaq xalqlarımızın bir-birinə qarşılıqlı inamı şəraitində mümkün ola bilər.

Bildirilmişdir ki, artıq 2008-ci ildən fəaliyyət göstərən TürkPA  bu gün nüfuzlu bir təşkilata çevrilmişdir. Digər türk dövlətlərinin də təşkilata qatılmasının vaxtı çatmışdır. Əlbəttə ki, bu, bizi daha da gücləndirəcəkdir.

Türk dünyası ölkələrinin qardaş olduqlarını vurğulayan C.Çiçək bu xalqların sevincləri ilə yanaşı, kədərlərinin də ortaq olduğunu vurğulamışdır. O demişdir: “Bizim vəzifəmiz hər zaman bir-birimizin yanında olmaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi gündəlikdə duran ən önəmli problemdir. Azərbaycan torpaqlarının işğalı davam edir. Bu, haqsızlıqdır. Regionda sabitliyin bərpa olunması işğala son qoyulması, bir milyondan artıq insanın yenidən doğma torpaqlarına geri qayıtması ilə bağlıdır. TürkPA olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən və Ermənistanın işğalçılıq siyasətinə qarşı birgə mövqe tutmaqdan geri çəkilməyəcəyik. Bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. İştirak etdiyim bütün tədbirlərdə dəfələrlə vurğulayıram ki, bu problem həm də bizim problemimizdir”.

Daha sonra plenar iclasın gündəliyi təsdiqlənmişdir.

TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədov  Macarıstan Milli Məclisinə TürkPA-da müşahidəçi statusunun verildiyini söyləmişdir. Bildirilmişdir ki, iyunun 13-də keçirilən TürkPA Şurasının V iclasında Macarıstan Milli Məclisinə Assambleyada müşahidəçi statusun verilməsi ilə bağlı müvafiq qərar qəbul olunmuşdur.

Sonra Macarıstan Milli Assambleyasının vitse-spikeri Sandor Lezsak çıxış etmişdir. O, qurumun türkdilli ölkələr arasında əməkdaşlığın formalaşdırılması baxımından xüsusi önəm kəsb etdiyini vurğulamışdır. S.Lezsak TürkPA-ya üzv ölkələrə təkliflərini müsbət dəyərləndirdiklərinə görə təşəkkürünü bildirmişdir.

Sonra QDİƏT Parlament Assambleyasının sədr müavini Mehmet Necati Çətinkaya, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Akademiyasının Prezidenti Darxan Kıdırali, Marmara Qrupu Fondunun prezidenti Akkan Suver, Dünya Türk Gəncləri Birliyinin baş əlaqələndiricisi Elşad Abdullayev başqaları çıxış edərək qurumun fəaliyyətini yüksək qiymətləndirmiş, Bakıda keçirilən növbəti iclasın da üzv ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliklərini ifadə etmişlər.

İclasda üzv dövlətlərin nümayəndə heyətləriTürkPA fəaliyyətinin məzmunumövzusunda müzakirələr aparmışlar. Bundan başqa, daimi komissiyaların sonuncu toplantılarında təsdiqlənmiş hesabat məruzələri tövsiyə qərarları müzakirə olunmuşdur.

Beşinci plenar iclasda, həmçinin daimi komissiyaların sədr sədr müavinləri seçilmiş, Azərbaycanda keçirilən prezident seçkilərinə dair TürkPA beynəlxalq müşahidəçilər missiyasının hesabatı qurumun 2015-ci il üçün büdcəsi  təsdiq olunmuşdur.

İclasın sonunda Bakı Bəyannaməsi qəbul olunmuşdur.

 

AzərTAc

Azərbaycan.-2014.- 14 iyun.- S.3.