Qurtuluşdan dinamik inkişafa

 

Milli Qurtuluş

 

 

Tarix boyu böyük siyasi liderlər üçün səciyyəvi keyfiyyətlərdən biri onların xalq və dövlət üçün ən böhranlı, çətin sınaq anlarında məsuliyyəti çiyinlərinə götürmələri, bütöv bir xalqın, millətin xilaskarına çevrilmələri olmuşdur. Bu mənada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fitri idarəçilik keyfiyyətləri sırasında onun çətin və millətin taleyi baxımından ən məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən düzgün qərarlar qəbul etmək məharətini xüsusi qeyd etmək lazımdır.

Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. Əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.

1991-1993-cü illlərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladırlar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtaracaq, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxaracaq yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. İctimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinin adekvat modelini yaratmışdır.

Ulu öndər Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur.

 

Sosialyönümlü bazar iqtisadiyyatı

 

Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış, 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirilmiş, ümumilikdə bu sektora 60 milyard dollar xarici sərmayə yönəldilmişdir.

Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması, daha səmərəli və çevik mexanizmlər əsasında qurulması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması da mühüm addımlardan biri olaraq biznes mühitinin liberallaşmasına öz müsbət təsirini göstərmişdir.

Ümumiyyətlə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Son 10 ildə tam şəkildə formalaşan və dünyada tanınan bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir.

2003-cü ildən bu siyasəti uğurla həyata keçirən və yeni çalarlarla zənginləşdirən möhtərəm Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevirmişdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər".

Son 10 ildə iqtisadi inkişaf göstəriciləri ilə dünyanı heyrətləndirən, 2020-ci ilədək istehsal etdiyi ümumi daxili məhsulu 2 dəfə artırmaq, inkişaf etmiş dövlətlər sırasına yüksəlmək niyyətini bəyan edən Azərbaycan bu istiqamətdə sisemli tədbirlər həyata keçirir. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında son illərdə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması üçün yaxşı imkanlar açır. Bu kontekstdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi, 2014-cü ilin "Sənaye ili" elan edilməsi, bu istiqamətdə ardıcıl tədbirlərin görülməsi də diqqət mərkəzindədir.

 

Modernləşmə azad sahibkarlığın inkişafından keçir

 

Keyfiyyətcə yeni mərhələdə, eyni zamanda, Azərbaycanın modernləşməsi mərhələsi uğurla başa çatdırılmalıdır. Şübhəsiz, modernləşmə dedikdə, kosmetik deyil, keyfiyyətcə təkmilləşdirməni, iqtisadiyyatın xarakterinin mahiyyətcə dəyişdirilməsini başa düşmək lazımdır. Bu, ilk növbədə, iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən, sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini sağlamlaşdırmaqdan ibarətdir. Eyni zamanda, cəmiyyətin varlı və yoxsul təbəqələri arasında aralıq mövqe tutan orta sinfin yaradılması üçün dövlətin məqsədyönlü səyi olmadan modernləşmə mümkün deyil.

Demokratik inkişaf və modernləşmə yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Bu da kifayət qədər əsaslı yanaşma olaraq Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Dövlət başçısının iqtisadi siyasəti sayəsində son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır. Orta burjuaziyanın formalaşması cəmiyyətdə ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsi və ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsi, situasiyanın səmərəli idarə olunması, inkişafın dayanıqlı və davamlı olması baxımından son dərəcə mühüm amillərdir.

Son 10  ildə Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədinə hesablanmışdır. Üstəlik, sosialyönümlük respublikanın milli iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir. Bu baxımdan, Azərbaycanın inkişaf modeli İsveç modelinə nisbətən daha yaxındır. İsveç modelində sosial siyasət vacib yer tutur və işçi qüvvəsinin (əsasən yüksək ixtisaslı) təkrar istehsalı üçün qismən normal şəraitin yaradılmasını təmin etməklə, sosial gərginliyin azaldılmasında, sinfi antaqonizm və münaqişələrin neytrallaşdırılmasında mühüm rol oynayır.

Ümumiyyətlə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkib. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Qeyri-neft sektorunda müşahidə edilən yüksək artım tempi hökumətin ortamüddətli perspektivdə qarşıya qoyduğu strateji hədəflərə əsaslanaraq, ilk növbədə makroiqtisadi sabitlik amili ilə şərtlənir. İlin birinci rübündə Azərbaycanda ümumi daxili məhsulun 2,5 faiz artması, strateji valyuta ehtiyatlarının 53 milyard dollara yüksəlməsi respublikamızın həm daxili, həm də xarici sərmayələr üçün açıqlığını təmin etmişdir. Həmin dövrdə həyata keçirilən çevik investisiya siyasəti sayəsində əsas kapitala bütün maliyyə mənbələrindən 3 milyard 125,9 milyon manat və 2013-cü ilin birinci rübü ilə müqayisədə 7 faiz çox vəsaitin yönəldilməsi bunu bir daha təsdiqləyir. Daxili investisiyaların yüksək artım tempi, ilk növbədə, respublikanın sosialyönümlü siyasətinin mahiyyətindən, cəmiyyət həyatının bütün sahələrində modernləşməyə nail olmaq, iqtisadi potensialın səmərəli reallaşmasına etibarlı zəmin formalaşdırmaq məqsədindən irəli gəlir.

Ölkə iqtisadiyyatına ümumi investisiya qoyuluşunda daxili investisiyaların xüsusi çəkisinin ilbəil artması həm də ölkənin öz milli iqtisadiyyatını daxili resursları hesabına maliyyələşdirmək imkanında olduğunu, digər tərəfdən onun xarici amillərdən asılılığının azaldığını təsdiq edir. Qeyri-dövlət bölməsinin inkişafı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində əsas kapitala investisiya qoyuluşlarında özəl sektorun rolu da artır. İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ildə ölkədə əsas kapitala investisiya qoyuluşlarında qeyri-dövlət bölməsinin payının 47,5 faiz olacağını, bunun da 70,4 faizini daxili investisiyaların təşkil edəcəyini proqnozlaşdırır. İnvestisiyaların 68,5 faizinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi gözlənilir və bu da iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mahiyyətindən irəli gəlir.

Ölkə rəhbərinin 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər son dövrlər daha sürətlə reallaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir. Ümumiyyətlə, son 10 il ərzində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlar nəticəsində sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisi 83 faiz təşkil etmişdir.

Son illər ölkəmizdə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının sadələşdirilməsi, bu sahədə müasir informasiya kommunikasiyalarının mütərəqqi yeniliklərinin tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, e-xidmətlərin geniş tətbiqi biznes mühitinin yaxşılaşdırılmasına şərait yaratmışdır. Dövlət başçısının 2014-cü il 3 mart tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı isə bu sahədə ötən illərdən başlanmış islahatların mütərəqqi davamını təmin edəcək mühüm sənəddir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına geniş imkanlar açır. Sənəddə, həmçinin, tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması; elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi; daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması; kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi; idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılmışdır.

 

Heydər Əliyev ideyalarını yaşadan fond

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 10 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi tərəqqi və inkişaf kursunun uğurla həyata keçirilməsində ulu öndərin adını daşıyan fondun müstəsna xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Yarandığı gündən ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu son 10 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir.

2004-cü ilin mayında fəaliyyətə başlayan, yaranmasının 10 ili tamam olan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, milli genofondun qorunmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında mənəvi körpünün salınmasına, sülh və tərəqqiyə xidmət edən mütərəqqi, sağlam ideyaların təbliğinə yönəlmişdir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf idealların ictimai şüurda möhkəmlənməsinə çalışan fond son 10 ildə nəinki respublikada, eləcə də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qarşıya qoyduğu xeyirxah missiya yıxılanı ayağa qaldırmaq, köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır.

Heydər Əliyev Fondunun Azərbaycanda mədəniyyət diplomatiyasını mütəşəkkil, sistemli, təşkilatlanmış, müasir dövrün çağırışlarına uyğun, ən əsası, təkcə lokal çərçivədə deyil, qlobal miqyasda həyata keçirən ilk və ən böyük təşkilatdır. Bu mənada fondun sırf bu sahədəki fəaliyyətini bir çoxları Almaniyanın Höte İnstitutu və ya Böyük Britaniyanın Britaniya Şurası kimi təşkilatlarla müqayisə edirlər. Adıçəkilən qurumlar kimi, bu fond da təkcə Azərbaycanın deyil, Şərq dünyasının mühüm simvollarından birinə, milli dəyərlərinin əsas təbliğatçısına çevrilmişdir. Fond yarandığı vaxtdan bəri digər sahələrdəki nailiyyətləri ilə yanaşı, bütün dünyada mədəniyyət diplomatiyasının da mükəmməl örnəyini yaradır.

Heydər Əliyev Fondunun başlıca məramlarından biri ulu öndərin mənəvi irsinin, ideyalarının öyrənilməsi və təbliğidir. Bir çox tədqiqatçılar bu məqsədi fondun mədəniyyət diplomatiyası sahəsindəki novatorluğu kimi qiymətləndirirlər: fond xalqın mədəni və mənəvi dəyərlərini özündə təcəssüm etdirən bir şəxsiyyəti təbliğ etməklə, əslində, bütünlükdə Azərbaycan xalqının dəyərlərini təbliğ edir. Çünki Heydər Əliyev elə bir şəxsiyyət idi ki, Azərbaycan xalqının bütün mədəni dəyərlərini öz şəxsiyyətində və fəaliyyətində əks etdirib. Buna görə də Heydər Əliyev şəxsiyyətini təbliğ etmək eyni dərəcədə Azərbaycan mədəniyyətini təbliğ etmək, onu dünyaya tanıtdırmaq deməkdir.

Müasir dünyanın insanı kifayət qədər realist və praqmatik olduğundan, həyata keçməyən ideyalarla, şüarlarla onun diqqətini uzun müddət hansısa məsələlərə cəlb etmək, düşüncəsini, fəaliyyətini yönləndirmək mümkün deyil. Bu mənada, ən cəlbedici ideyaları da sadəcə müzakirələr səviyyəsində saxlamaqla qısa müddətdə gözdən salmaq olar. Çünki insanları real iş və nəticə maraqlandırır. Heydər Əliyev Fondunun ötən 10 illik fəaliyyətinin diqqətçəkən uğuru məhz ondadır ki, təşkilat ictimai fəaliyyət müstəvisinə irəli sürdüyü ideyaların real icra mexanizmləri ilə birgə qədəm qoymuşdur. Fond özünü Azərbaycan cəmiyyətinə fəaliyyətinin başlanğıc mərhələləri üzrə müəyyən etdiyi tədbirlərin real nəticələri ilə təqdim edə bilmişdir. Ölkə vətəndaşları təşkilatın məqsədi, məramı barədə hər hansı yazılı proqramlardan, mətbu materiallardan deyil, fondun real fəaliyyət istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən öyrənmişdir. Bütün bunlar isə Azərbaycana bağlı hər kəsin Heydər Əliyev Fonduna, təşkilatın rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin rəğbət qazandırmışdır. Beləliklə, Azərbaycanın sabahı naminə addım-addım reallaşdırılan strateji əhəmiyyətli layihələr Heydər Əliyev Fondunu Azərbaycanın milli dövlətçilik tarixinə ən parlaq faktlardan biri kimi daxil etmiş, ictimai şüurda Mehriban xanım Əliyeva fenomeni formalaşdırmışdır!

Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədlərin hər biri Azərbaycanı qəlbən sevən bütün fərdlərin arzularıdır. Sadəcə, hər hansı fərd bu arzuları məqsədə çevirərək qarşıya qoymaq, onların reallaşmasına nail olmaq gücündə deyil. Lakin fərdi güclər birləşəndə, ümumun gücü qarşıya qoyulmuş hədəflərə doğru istiqamətlənəndə həmin məqsədlərin reallaşması da qaçılmaz olur. Bu mənada, Heydər Əliyev Fondu fərdlərin arzuları kimi, güc və imkanlarını da bir araya gətirmiş, mövcud potensialın Azərbaycanın gələcəyi üçün ən vacib istiqamətlər üzrə aşkarlanmasına, məqsədə doğru hərəkətinə nail olmuşdur. Ümumi hədəflərə doğru yürüyənlərin, bu prosesin iştirakçılarına çevrilmək istəyənlərin, kiçicik dəstəklə də olsa, bu prosesə töhfə vermək arzusunda olanların sırası gündən-günə genişlənməkdə davam etdir. Bu yolda addımlayan hər kəs Heydər Əliyev Fondunun timsalında ölkənin gələcəyinə, özünün, ailəsinin, övladlarının sabahına töhfə verdiyinin fərqindədir. 

Fond ictimai təşkilat kimi cəmiyyət həyatında fəal rol oynamaqla yanaşı, həm də onun potensialına, hərtərəfli dəstəyinə güvənir; həmfikir və əqidə yoldaşlarını bir araya gətirərək ümumi səyi, fəaliyyəti lazımi məcraya yönəldir. Əgər fondun müxtəlif sahələrdə həyata keçirdiyi layihələrə nəzər salsaq, etibarlı tərəfdaşların ümumi işdə böyük payının şahidi olarıq. Bu da təbiidir, çünki Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə arxalanaraq həyata keçirir.

 

Xeyriyyəçilik missiyası

 

Fondun ilk gündən cəmiyyətə aşılamaq istədiyi mühüm dəyərlərdən biri də xeyriyyəçiliklə bağlıdır. Fondun prezidenti, Milli Məclisin deputatı, UNEScO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hesab edir ki, xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli, həssas sahəsidir və fəaliyyətin bütün iştirakçılarından - xeyriyyəçilərin özlərindən, bu fəaliyyətdən bəhrələnənlərdən və vasitəçilərdən ümumbəşəri əxlaq, etika, nəzakət normalarına dönmədən riayət olunmasını tələb edir. Xeyriyyəçilik yoluna doğru ilk addımlarını atan hər kəs başlanğıcda anlamalıdır ki, "xeyriyyəçilik" sözünün arxasında müəyyən səbəblərə görə müxtəlif hallar üzündən həyatda çətin vəziyyətə düşmüş insanların problemləri dayanır: xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətini tətbiq etmək sahəsini həmişə tapa bilər. "İctimai əxlaqa xas olan bəzi naqisliklər - şəxsiyyətlərarası etimadın, insanların bir-birinin kədərinə şərik olması və təmənnasızlıq kimi keyfiyyətlərin qıtlığı onların öz vəsaitlərini, qüvvələrini və vaxtını başqalarının naminə, bütövlükdə cəmiyyətin naminə qurban verməyə könüllü hazır olması ruhunun tam üzə çıxmasına mane olur. Təəssüflə deməliyəm ki, bütövlükdə xeyriyyəçilik, könüllülük bizdə hələ sözün həqiqi mənasında kütləvi hal almamışdır", - deyə Heydər Əliyev Fondunun prezidenti vurğulayıb.

Heydər Əliyev Fondunun fəaliyyətində ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün nümunə sayıla bilər. Ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu "ümid qapısı" kimi məhz bu ünvanı döyürlər. İnsanlar onların problemlərini, sözün əsl mənasında, həll edənlərə üz tuturlar. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, fondda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır, mümkün qədər vətəndaşların problemlərinin həllinə qayğı göstərilir. Bu mənada, fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Fondun prezidenti özü bu barədə belə deyib: "Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri davam etdirməyə çalışırıq".

Fondun humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti təhsil və səhiyyə sahəsində həyata keçirilən layihələrdə də parlaq təcəssümünü tapıb. Ötən illər ərzində bu istiqamətlər üzrə vətəndaşlara böyük sevinc bəxş edən bir sıra humanitar aksiyalar həyata keçirilmiş, səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insan yenidən sağlam həyata qaytarılmışdır. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri isə vətəndaşların Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir.

Sonda vurğulamaq istərdik ki, ölkəmizi anarxiya və xaosdan tərəqqi  yoluna çıxarmış ulu öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya son 20 ildə inkişaf prosesində lokomotiv rolunu oynamışdır. Müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşacağı isə heç kəsdə şübhə doğurmur.

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2014.- 14 iyun.- S.4.