Bakıda bədii gimnastika üzrə XXX Avropa çempionatının

 təntənəli açılış mərasimi keçirilmişdir

 

İyunun 13-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXX Avropa çempionatının təntənəli açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin paradı olmuş və Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qonaqları salamlamış, idmançılara yarışda uğurlar arzulamışdır.

Nazir bildirmişdir ki, Bakı artıq üçüncü dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edir. Bizə göstərdiyi etimada görə Avropa Gimnastika İttifaqının rəhbərliyinə minnətdarıq. Sizi əmin edirəm ki, biz bu dəfə də etimadı öz işimizlə doğruldacağıq. Bədii gimnastika Azərbaycanda sevilən idman növüdür və daim çoxsaylı tamaşaçı rəğbətini qazanmışdır. Xüsusilə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə seçildikdən sonra idmanın bu növünə maraq artmış, gimnastlarımızın nailiyyətləri çoxalmış, ölkəmizin ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunmuş və hamı üçün idman bayramına çevrilmişdir.

Azad Rəhimov vurğulamışdır ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkədə uğurlu idman siyasətinin aparılmasında müstəsna rol oynayır. Dövlətin idmana göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda yeni idman obyektləri inşa edilir. Bədii gimnastika üzrə XXX Avropa çempionatının keçirildiyi möhtəşəm Milli Gimnastika Arenası dövlətimiz tərəfindən idmançılara və azarkeşlərə böyük idman hədiyyəsidir. Ümid edirəm ki, bütün idmançıların və mütəxəssislərin sevəcəyi bu məkan gələcəkdə beynəlxalq tədbirlərə tez-tez ev sahibliyi edəcəkdir.

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki demişdir ki, düz bir ildən sonra idmanın 19 növü üzrə Avropanın 6 mindən artıq idmançısının ilk dəfə keçirilən Avropa Oyunlarında iştirak etmək məqsədilə Bakıda toplaşması tarixi hadisəyə çevriləcəkdir. 2015-ci ilin Avropa Oyunları zamanı gimnastikanın 6 növü üzrə yarışları qəbul edəcək bu möhtəşəm, yeni, ixtisaslaşdırılmış məkan, bədii gimnastika üzrə Avropa çempionatından sonra gözəl gimnastika ənənəsinin varisi olacaqdır. Bu gözəl arenanın vaxtında ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edirəm.

P.Hikki qeyd etmişdir ki, Avropa ənənəvi olaraq güclü idman qitəsidir. İstedadlı idmançıların gərgin əmək və səylərinin nəticəsidir ki, Avropa Olimpiya dəyərlərinə möhkəm əsaslanan lider rolunu oynamağa davam edir.

Avropa Gimnastika İttifaqının prezidenti Georges Guelzec rəhbərlik etdiyi qurumun çempionatın keçirilməsini Azərbaycana həvalə edərkən yarışın uğurla təşkil ediləcəyinə əmin olduğunu demişdir. O vurğulamışdır ki, çempionatda qrup hərəkətləri üzrə komandalar gələn il Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar. Bu, turnirin gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir. Son bir neçə ay ərzində bu mühüm tədbirin uğurlu olması üçün səylə çalışan Azərbaycan Gimnastika Federasiyası, Təşkilat Komitəsi və bütün könüllülərə səmimi təşəkkürümü bildirirəm. Gimnastlara ən xoş arzularımı çatdıraraq, iştirakçı ölkələrin və tamaşaçıların bir çoxunun Azərbaycanın paytaxtında maraqlı yarış günləri yaşayacaqlarına inanıram.

G.Guelzec Avropa Gimnastika İttifaqı adından çempionatı açıq elan etmişdir.

Rəsmi hissə başa çatdıqdan sonra hazırlanmış xüsusi şou təqdim olunmuşdur. İncəsənət ilə bədii gimnastikanın vəhdətini ifadə edən şou müxtəlif hissələrdən ibarət olmuşdur. Gimnastlarımız rəsmlərə uyğun olaraq nümunəvi çıxışlarını təqdim etmişlər. “Qobustan”, “Nizami Gəncəvi”, “Piano” və digər hissələrdən ibarət şou tamaşaçılarda xoş təəssüratlar yaratmışdır.

Avropanın 33 ölkəsindən 200-dən artıq gimnastın birincilik uğrunda mübarizə apardığı çempionata iyunun 15-də yekun vurulacaqdır.

 

Azərbaycan.-2014.- 14 iyun.- S.5.