Qan donorları dövlətin qiymətli xəzinəsi, qızıl fondudur

 

Doqquz ildir ki, Ümumdünya Səhiyyə Assambleyasının yekdil qərarı ilə hər il 14 iyun - Ümumdünya Qan Donoru Günü (ÜQDG) kimi qeyd olunur. Bu gün həm də insanlarda qan qruplarının kəşfinə görə Nobel mükafatı laureatı olmuş avstriyalı həkim-immunoloq Karl Landşteynerin doğum günüdür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti, Beynəlxalq Qanköçürmə Cəmiyyəti və Beynəlxalq Qan Donorları Təşkilatı tərəfindən keçirilən ÜQDG könüllü, təmənnasız qan donorlarının şərəfinə qeyd olunur. Tədbirlərin əsas məqsədi dünya ictimaiyyətini təhlükəsiz qanonun komponentlərinin zəruriliyi haqqında məlumatlandırmaq, həmçinin öz qanlarından başqalarının həyatının xilası naminə pay verən, ən ali bəşəri dəyərləri özündə əks etdirən comərd insanlara minnətdarlıq izhar etməkdir.

Hər il keçirilən bu tədbirlərdə BMT-nin üzvü olan 193 ölkə, 181 Milli Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri, 50 könüllü donor təşkilatları, bütün dünya ölkələrinin qanköçürmə üzrə çoxsaylı mütəxəssisləri iştirak edir.

Qanonun komponentlərinin ehtiyat fondu nə qədər zəngin olarsa, bu, ehtiyac duyulduğu bütün ekstremal hallarda milyonlarla insanın ölümün pəncəsindən qurtularaq yenidən həyata qovuşması deməkdir.

Hər il dünyada qan donoru kimi qeydiyyatdan keçən təxminən 107 milyon nəfərin yarısı yüksək gəlirli inkişaf etmiş ölkələrin payına düşür. Dünya əhalisinin 15 faizinin yaşadığı cəmi 60 ölkə öz vətəndaşlarını qan ehtiyatı ilə 100 faiz təmin edir. Təəssüf ki, dünya əhalisinin əksəriyyətinin yaşadığı inkişaf etməkdə olan ölkələrdə isə kəskin donor çatışmazlığı müşahidə edilir.

"Dünya üçün yeni qan", "Hər bir qan donoru qəhrəmandır", "Həyat bağışlayın" kimi müxtəlif şüarlarla keçirilən Ümumdünya Qan Donoru Gününün builki şüarı isə belədir: "Anaların xilası üçün təhlükəsiz qan".

BMT-nin yeni məlumatlarına əsasən, ana ölümünün səviyyəsi 1990-cı illə müqayisədə 45 faiz azalmışdır. Belə ki, 1990-cı ildə ana ölümünün sayı 523 min nəfər olmuşdusa, 2013-cü ildə bu göstərici 289 min nəfərə enib. Hər gün dünyada 800-ə yaxın qadın hamiləlik və ya doğum zamanı baş verən ağırlaşmalardan həlak olur. ÜST-ün son tədqiqatlarının nəticələrinə görə, ana ölümlərinin 25 faizindən çoxunun səbəbi ağır dərəcəli kəskin qanaxmalardır.

Bugünkü tədbir çərçivəsində hər bir ölkə əhalisinin diqqətini bu problemə cəlb  etmək niyyəti ilə simvolik olaraq "Dünyanı qırmızı rəngə boya" çağırışı altında informasiya vasitələrində, elmi müşavirələrdə, mərasimlərdə, aktual mövzu ilə bağlı olan nəşrlərdə, futbol oyunlarında, konsertlərdə qırmızı örtüklərdən və ya işıqlandırmadan istifadə ediləcək.

Dünya üzrə etibarlı qan ehtiyatı fondunu yalnız müntəzəm, könüllü və təmənnasız qan donorluğunun sayəsində yaratmaq olar. Nəcib və xeyirxah amala imza atan bu cür QAN donorları hər bir dövlətin qiymətli xəzinəsi, qızıl fondudur.

 

Ülviyyə QƏNBƏRLİ

Azərbaycan.-2014.- 14 iyun.- S.7.