Londonda keçirilən «Cinsi zorakılığa son» mövzusunda

beynəlxalq sammit çərçivəsində sessiya təşkil edilmişdir

 

Londonda keçirilən "Cinsi zorakılığa son" mövzusunda beynəlxalq sammit çərçivəsində "Nazirlər günü" adlı sessiya təşkil edilmişdir.

Azərbaycanı sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.

Sessiya müxtəlif ölkələrdən gəlmiş nazirlərin, QHT rəhbərlərinin, mütəxəssislərin və başqa mövzu ilə əlaqədar rəhbər şəxslərin dilindən cinsi zorakılığın mahiyyəti və təsiri haqqında fikirlər eşitmək, ekspertlərin diqqətini bu müzakirələrə cəlb etmək, beynəlxalq səviyyədə bu sahədə vacib sayılan şəxslərin tövsiyələrini dinləmək məqsədilə təşkil olunmuşdur. Bundan başqa, sessiya müxtəlif ölkə təmsilçilərinə öz milli perspektivlərini və mövzu ilə bağlı problemlərini müzakirə etmək imkanı yaratmışdır.

Açılış mərasimində sammitin həmsədrləri - Böyük Britaniyanın xarici işlər naziri Uilyam HeyqBMT-nin qaçqınlar üzrə ali komissarının xüsusi elçisi Ancelina Coli çıxış edərək seçilmiş mövzu ilə bağlı beynəlxalq səviyyədə ciddi addımlar atılmasının vacib olduğunu, artıq bu istiqamətdə aparılan müzakirələrin, görüşlərin nəticə verməsinin, qəbul edilmiş qərarların icrasının vaxtının çoxdan çatdığını diqqətə çatdırmışlar.

Çıxışlarda xüsusilə münaqişələr zamanı dünyada cinsi zorakılığın daha çox olduğu bölgələrdən nümunələr gətirilmiş və məsələnin həlli barədə təkliflər irəli sürülmüşdür.

Sonra mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olunmuşsessiya işini "dəyirmi masa" formatında davam etdirmişdir.

 

 

Azərbaycan.-2014.- 14 iyun.- S.7.