Londonda beynəlxalq sammit çərçivəsində keçirilən

«dəyirmi masa»larda Xocalı faciəsinin acı

 nəticələrindən bəhs edilmişdir

 

Londonda keçirilən "Cinsi zorakılığa son" mövzusunda beynəlxalq sammit çərçivəsində "Nazirlər günü" sessiyasının "dəyirmi masa"ları təşkil olunmuşdur.

Sessiyanın "Cinsi zorakılığın gizlədilmiş qurbanları" və "Qadınların iştirakı ilə irəliləyiş əldə edilməsi" mövzularına həsr olunmuş "dəyirmi masa"larında Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil etmişdir.

Müzakirələrə qatılan H.Hüseynova tədbir təşkilatçılarına, o cümlədən həmsədrlər - Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqə və BMT-nin qaçqınlar üzrə ali komissarının xüsusi elçisi Ancelina Coliyə beynəlxalq səviyyədə aktual olan mövzunu diqqət mərkəzində saxladıqlarına görə minnətdarlığını bildirmişdir.

O, xüsusilə beynəlxalq münaqişələr zamanı zorakılıqdan əziyyət çəkən qadınların və azyaşlı uşaqların toxunulmazlığı naminə ciddi tədbirlər görülməsinin vacibliyini vurğulamışdır.

Komitə sədri Azərbaycanın erməni işğalından əziyyət çəkən, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan bir ölkə kimi hər zaman münaqişə və cinsi zorakılıqlara son qoyulması naminə görülən beynəlxalq səviyyəli işləri dəstəklədiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yalnız bir şəhərdə - Xocalıda aralarında 63 azyaşlı, 106 qadın və 70 qoca olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 150 insan itkin düşmüş, 76-sı uşaq olmaqla 487 nəfərə işgəncə verilmişdir. Ağlasığmaz işgəncələrlə hamilə qadınlar qətlə yetirilmiş, qocalaruşaqlar şikəst edilmişdir. Bu faktlara və münaqişə ilə bağlı Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, münaqişə hələ də davam edir. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların dünyada zorakılıq, şiddət, dinc əhalinin qətlə yetirilməsi, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hallarını təkzib etməsinə baxmayaraq, Azərbaycan xalqına edilən ədalətsizliyə qarşı bugünədək ciddi tədbirlər görülməmişdir.

Münaqişələrdə zorakılığın xüsusilə azyaşlı uşaqların psixologiyasına ciddi təsirindən söz açan H.Hüseynova onların cəmiyyətə inteqrasiyasının getdikcə çətinləşdiyini vurğulamışdır.

Sonda Hicran Hüseynova beynəlxalq ictimaiyyəti mövzu ilə bağlı ciddi tədbirlər görməyə çağırmışdır. O, insan hüquqlarının müdafiəsi, münaqişələr zamanı dinc əhalinin qorunması ilə ciddi şəkildə məşğul olan beynəlxalq qrupun yaradılmasının önəmini diqqətə çatdırmışdır. Beynəlxalq və regional hesabatlığın vacibliyinə diqqəti cəlb edən komitə sədri cəzasız qalan ədalətsizliklərin daha da arta biləcəyini qeyd etmiş, bu sahədə qlobal fəaliyyətlərin nəticə verəcəyinə ümidvar olduğunu söyləmişdir.

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

 London

Azərbaycan.-2014.- 14 iyun.- S.7.