Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa
Komissiyasının
sədri Joze Manuel Barrozunun geniş tərkibdə
görüşü
İyunun
14-də təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri
Joze Manuel Barrozunun nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olmuşdur.
Prezident
İlham ƏLİYEV dedi:
- Cənab
sədr, bir daha xoş gəlmisiniz. Sizi Azərbaycanda yenidən
görməyimə şadam. Biz planlarımız və
görülmüş işlər barədə çox
yaxşı müzakirələr apardıq. Avropa
İttifaqı ilə əlaqələr bizim üçün
prioritetdir. Çox şadam ki, bu əlaqələr uğurla
inkişaf edir. Sizin köməyinizlə biz çox sürətlə
irəli getməyə müvəffəq olduq. Bizim əlaqələrimiz
bir çox sahələri - siyasi, iqtisadi, enerji, təhlükəsizlik
sahələrini əhatə edir. Biz yaxşı tərəfdaşlar
kimi çox fəal işləyirik. Biz əvvəllər də
görüşlər keçirmişik - Bakıda, Brüsseldə,
başqa yerlərdə. Mən əməkdaşlığımızın
səviyyəsindən çox razıyam. Ümidvaram ki, Sizin
səfərinizdən sonra bu əməkdaşlıq daha da
genişlənəcək, daha çox sahələri əhatə
edəcək və inkişaf edəcəkdir. Bir daha Azərbaycana
xoş gəlmisiniz.
X X X
Avropa
Komissiyasının sədri Joze Manuel BARROZU dedi:
- Cənab
Prezident, xoş sözlərinizə və qəbulunuza görə
təşəkkür edirəm. 2011-ci ildəki səfərimdən
sonra mən yenidən burada olmağımdan çox şadam.
Mən “Cənub” dəhlizi ilə bağlı Birgə Bəyannamənin
imzalandığı əvvəlki səfərimi çox
yaxşı xatırlayıram. Bu layihə hazırda uğurla
həyata keçirilir. Mən, eyni zamanda, ötən ilin
iyulunda Sizi Brüsseldə salamlamaq şərəfinə nail
oldum. Biz, həmçinin Vilnüsdə “Şərq tərəfdaşlığı”
Sammitində görüşdük. Mən görüşlərimizin
intensivliyini görməkdən çox şadam.
Dünən
gecə buraya gələn kimi Bakının əhəmiyyətli
dərəcədə müasirləşdiyini gördüm,
2011-ci illə müqayisədə yaxşılığa
doğru çoxlu fərqlər vardır. Mən bununla
bağlı Sizi təbrik edirəm. Mən, cənab Prezident,
Sizin, hakimiyyətin və Azərbaycan xalqının daha
müasir, sabit, inkişaf edən ölkə uğrunda səylərinizi
görürəm. Mən, həmçinin Sizi təkcə
diplomatik deyil, mühüm beynəlxalq uğurlarınız -
“Eurovision” mahnı müsabiqəsi, Azərbaycanın dəstəklədiyi
komandanın İspaniya çempionatında qələbəsi
münasibətilə təbrik edirəm.
Azərbaycan.-2014.- 15 iyun.- S.1.