Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Avropa
Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla
çıxış etmişlər
Avropa Komissiyasının sədri Joze
Manuel Barrozunun
bəyanatı
- Cənab
Prezident, çox səmimi sözlərə görə Sizə
təşəkkür edirəm. Bizim dialoqumuzun səviyyəsi
və keyfiyyətinə, bir qədər əvvəl
keçirdiyimiz çox acıq, səmimi və dost xarakterli
müzakirəyə görə Sizə təşəkkür
edirəm. Prezident İlham Əliyevin dəvəti
ilə yenidən Azərbaycanda olmağımdan çox məmnunam.
Bu, mənim Azərbaycana ikinci səfərimdir.
Bu, Avropa İttifaqının Azərbaycana və
vacib ikitərəfli əlaqələrimizə verdiyi əhəmiyyətin
bariz nümunəsidir. Bundan əlavə,
bu, mənim ölkənizlə bağlı şəxsi
mövqeyimlə əlaqəlidir, çünki ölkənizin
müasirləşməsi istiqamətində atılan
addımlar məni valeh edir.
Mən sonuncu dəfə Azərbaycanda 2011-ci ildə
olmuşam və üç ildən sonra burada böyük
yeniliklərin şahidiyəm. Ölkəniz gündən-günə
müasirləşir, eyni zamanda, ölkəniz
özünün ənənələri və tarixi irsi ilə
fəxr edir. Zənnimcə, bu, çox
vacib bir məsələdir.
Biz
Prezident Əliyevlə bir necə dəfə
görüşmüşük - ötən il
Brüsseldə və daha sonra “Şərq tərəfdaşlığı”
Sammiti çərçivəsində Vilnüsdə. Artmaqda olan bu görüşlər və fikir
mübadiləsi bizim möhkəmlənməkdə olan
münasibətlərimizin göstəricisidir. Bu münasibətlər həm Azərbaycan xalqı,
həm də Avropa İttifaqı vətəndaşlarının
firavanlığı naminə inkişaf edəcəkdir.
Biz bu gün ikitərəfli münasibətlərimizə
dair və bir sıra regional məsələlər ətrafında
geniş fikir mübadiləsi apardıq. Biz
əlaqələrimizin gələcək inkişaf istiqamətlərinə
toxunduq və qeyd etmək istərdim ki, Azərbaycan bizim
üçün çox mühüm tərəfdaşdır.
Məsələn, biz enerji sahəsində
strateji etibarlı tərəfdaş əldə etmişik.
Biz bundan sonra da bu istiqamətdə demokratiya və
birgə dəyərlər, xüsusilə də fundamental
azadlıqlar üzərində qurulmuş uzunmüddətli əməkdaşlığı
davam etdirmək niyyətindəyik. Mən
Prezident Əliyevə açıq şəkildə bildirdim
ki, çoxpartiyalı demokratiya, açıq cəmiyyət,
açıq iqtisadiyyat davamlı sülh və sabitliyin əldə
olunması üçün ən yaxşı vasitədir.
Biz hesab edirik ki, çiçəklənən
vətəndaş cəmiyyəti demokratiya üçün
çox vacib məsələdir və uzunmüddətli
sabitliyi təmin edir, müasir dövrdə dövlətlərin
və cəmiyyətlərin müasirləşməsinin mühüm
elementidir.
Burada olmağımın daha bir səbəbi
yaratdığımız çox güclü enerji tərəfdaşlığıdır. Fəxr edirəm ki, bu tərəfdaşlığın
təməli mən və Prezident Əliyev tərəfindən
bir neçə il öncə məhz bu
salonda qoyulmuşdur.
Azərbaycan bu gün Avropa İttifaqının ən
böyük və etibarlı enerji tərəfdaşlarından
biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə
də öz töhfəsini verməkdədir. Məmnunam ki,
biz “Cənub” qaz dəhlizi ilə bağlı irəliləyişi
də müzakirə etdik. Mən və Prezident Əliyev
bu sahədə bir neçə il ərzində
çox fəal çalışmışıq və
şadıq ki, biz artıq real addımların
atılmasının şahidiyik.
Bu gün biz “Şahdəniz” qazının - Avropa
istehlakçılarına nəql olunacaq qazın
başlanğıc nöqtəsi olan Səngəçal
terminalına birlikdə səfər edəcəyik. Bu, ilk mərhələdə
2019-cu ildən etibarən əlavə 10 milyard kubmetr qazın
Avropaya nəql edilməsi deməkdir və gələcəkdə
qazın həcmi artacaqdır. Biz “Cənub”
qaz dəhlizi layihəsinin sürətləndirilməsi və
genişləndirilməsi məsələsinə də
toxunduq və razılığa gəldik ki, qarşıdan gələn
illər ərzində bu məsələ bizim
qarşılıqlı prioritetimiz olacaqdır. Mən bu layihənin inkişafı ilə
bağlı əlavə imkanların müzakirəsini nəzərdə
tuturam.
Avropa İttifaqı “Cənub” qaz dəhlizinin uğurlu
inkişafı ilə bağlı öz üzərinə
düşənləri edəcəkdir. Bu, istehlakçılar
və mənbələrin şaxələndirilməsi
işində mühüm məsələdir. Eyni zamanda, bu, Avropa Komissiyası tərəfindən
Şuraya təqdim edilmiş Avropa İttifaqının enerji təhlükəsizliyi
strategiyasının tərkib hissəsidir. Həmin strategiya bu ayın 27-də Avropa İttifaqı
Şurasında müzakirəyə
çıxarılacaqdır.
Enerji əməkdaşlığına diqqət yönəltməyimin
səbəbi odur ki, ötən illərdə bu sahədə
böyük nailiyyətlər əldə edilmişdir. Lakin Azərbaycan
ilə Avropa İttifaqı arasında çox mühüm əməkdaşlığı
nəzərə alsaq, biz yalnız enerji sahəsi ilə məhdudlaşmamalıyıq
və münasibətlərimizin digər sahələrdə də
genişləndirilməsi arzusundayıq. Yeri
gəlmişkən, biz ticarət sahəsində də
çox vacib tərəfdaşıq. Siyasi
sahədə də dialoqumuz genişlənir və dərinləşir.
Dediklərimin
konkret nümunəsi Azərbaycanın Avropa
İttifaqının müxtəlif proqramlarında
iştirakını təmin edəcək az
öncə burada imzalanan Sazişdir. Bu, elm, təhsil,
ətraf mühit və istehlak siyasəti, səhiyyə kimi
sahələrdə əməkdaşlığımızı
inkişaf etdirəcəkdir.
Görüşümüzdə Prezident Əliyev təhsilin
Azərbaycanın inkişafı və müasirləşməsi
üçün nə dərəcədə əhəmiyyətli
məsələ olduğunu diqqətə
çatdırdı. Mən şadam ki, Azərbaycandan olan
çoxsaylı alim və tələbələr Avropa
İttifaqının təhsil ocaqlarında, elm mərkəzlərində
çalışır və təhsil alırlar. Bu da çox ümidverici sahədir. Biz Azərbaycan ilə əlaqələri genişləndirmək
arzusundayıq və bu mənada assosiativ üzvlüklə
bağlı dəvətimiz qüvvədədir.
Eyni zamanda, biz anlayırıq və bunu açıq
şəkildə müzakirə etdik ki, “Şərq tərəfdaşlığı”
çərçivəsində vahid modelin bütün
dövlətlərə şamil edilməsinə
çalışmamalıyıq. Əminəm ki, əməkdaşlığımızın
“Şərq tərəfdaşlığı” dəyərləri
üzərində qurulması vacibdir və vaxt yetişib ki, əməkdaşlığımız
konkret nəticələrlə ölçülsün. Prezident Əliyevlə belə bir razılığa
gəldik ki, Strateji Müasirləşmə Tərəfdaşlığı
sənədinin müzakirəsinə təkan verək və
onu sürətləndirək. Ümid edirəm
ki, bu danışıqlar yaxın aylarda başa
çatacaqdır. Çox şad
olardım ki, yaxın gələcəkdə Prezident Əliyev
Brüsselə səfər etsin və həmin sənədi
imzalasın. Bununla da bu, Sizin Brüsselə
altıncı səfəriniz olacaq və futbol termini ilə
desək, hesab 6:2 Sizin xeyrinizə olacaqdır.
Yeri gəlmişkən, çox məşhur bir Avropa
komandasının dəstəklənməsi sahəsində Azərbaycanın
gördüyü işlərə görə təbriklərimi
çatdırıram. Bu, insanlar arasında təmasların
qurulması üçün əlavə bir vasitəsidir,
çünki futbol sərhəd tanımır və
dünyanın hər yerindən olan insanları bir araya gətirir.
Zənnimcə, bu, istər idman, istərsə də
xalqlar arasında təmaslar üçün vacib məsələdir.
Şadam ki, biz, eyni zamanda, mühüm ticarət
tərəfdaşlarıyıq.
Çox
şadam ki, 2013-cü ildə Avropa İttifaqı ilə Azərbaycan
arasında ticarət dövriyyəsinin həcmi 17,9 milyard avroya çatıb. Bu isə
Azərbaycanın xarici ticarətinin 42 faizi deməkdir. Bu, ölkənizdə Avropa şirkətləri
üçün geniş imkanların olduğunu göstərir.
Prezident Əliyev burada çox düzgün qeyd
etdi ki, Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlıqla
yanaşı, ikitərəfli formatda üzv dövlətlərlə
də uğurlu əməkdaşlıq mövcuddur. Biz üzv ölkələrin dövlət və
hökumət başçılarının Azərbaycana
tez-tez səfərə gəlməsini və yaxınlarda
Prezident Əliyevin Avropa İttifaqına üzv dövlətlərə
nəzərdə tutulmuş səfərini
alqışlayırıq.
Eyni zamanda, qeyd etmək lazımdır ki, bizim əməkdaşlığımız
hökumətlər və dövlət qurumları arasında
əməkdaşlıqla məhdudlaşmır. Biz
xalqlarımızı və cəmiyyətlərimizi bir araya gətirmək
üçün çalışırıq və Prezident
Əliyev Avropa Komissiyasına səfər edərkən Azərbaycan
və Avropa İttifaqının mümkün qədər
yaxın olması arzusunu ifadə etmişdi.
Biz bu yaxınlarda viza sadələşdirilməsi və
readmissiya Sazişini imzaladıq. Ümid edirəm ki, bu
saziş Azərbaycan və Avropa İttifaqı arasında
gediş-gəlişi sadələşdirəcəkdir. Açıq səma Sazişi də bu sahədə
öz töhfəsini verə bilər.
Biz, həmçinin Dağlıq Qarabağ
münaqişəsi məsələsini müzakirə etdik. Avropa
İttifaqının qənaətinə görə bu
münaqişənin ədalətli həlli olmadan Cənubi
Qafqazda sülh və sabitlik bərqərar olmayacaqdır.
Status-kvo davamlı deyildir. Biz
ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını və
irəliləyişin əldə edilməsi
çağırışlarını dəstəkləyirik.
Mən bu münaqişənin həllində
Avropa İttifaqının münaqişə tərəflərinin
mövqelərinin yaxınlaşdırılmasında
konstruktiv rol oynamağa hazır olduğunu Prezident Əliyevin
diqqətinə çatdırdım. Bundan
əlavə, biz Ukrayna kimi qlobal və regional əhəmiyyətli
məsələləri müzakirə etdik.
Cənab Prezident, Azərbaycan bizim üçün çox yaxın tərəfdaşdır və biz artıq enerji sahəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişik. Ümid edirəm ki, Sizin rəhbərliyiniz və dəstəyiniz sayəsində biz yaxın zamanlarda Strateji Modernləşmə Tərəfdaşlığı Sazişini imzalayacağıq ki, bu da qeyd etdiyimiz kimi, Azərbaycanı Avropa İttifaqına mümkün qədər yaxınlaşdıracaqdır. Qeyd edə bilərəm ki, aramızda yüksək səviyyəli strateji etibar da mövcuddur.
Biz Azərbaycanın beynəlxalq müstəvidə qlobal sülh və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə tutduğu mövqeyə görə də minnətdarlığımızı ifadə edirik. Burada biz görürük ki, Azərbaycan və Avropa İttifaqının mövqeləri bir-birinə çox yaxındır. Bu səbəbdən biz əməkdaşlığı inkişaf etdirmək arzusundayıq. Təbii ki, bu əməkdaşlıq demokratiya və qanunun aliliyi kimi birgə dəyərlər üzərində qurulmalıdır.
Əminəm ki, bugünkü
görüşümüz ikitərəfli münasibətlərimizi
möhkəmləndirdi. Avropa İttifaqı olaraq biz Azərbaycan
ilə açıq, səmərəli əməkdaşlığı
dərinləşdirmək niyyətindəyik, siyasi, iqtisadi və
sosial müasirləşmə kimi strateji əhəmiyyətli
məsələlərdə Azərbaycana dəstək verməyə
hazırıq. Hesab edirik ki, bu, eyni zamanda, Avropa
İttifaqının marağındadır və həmin səbəbdən
bu əməkdaşlığı inkişaf etdiririk. Diqqətinizə
görə təşəkkür edirəm.
Azərbaycan.-2014.- 15 iyun.- S.2.