Mütərəqqi
islahatlar kursunun banisi
Hər
bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik
etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin
çoxşaxəli fəaliyyətində təcəssümünü
tapmışdır. XX əsrdə Azərbaycan xalqının
yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli
dövlət xadimlərindən olan Heydər Əliyev
insanlarımızın istiqlal duyğularında
qığılcım kimi közərən milli dövlətçilik
düşüncəsini məhz ötən əsrin 70-ci illərinin
əvvəllərindən başlayaraq əsrin sonlarına
doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli
bir reallığa qovuşdurmuşdur.
Azərbaycan
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə
etsə də, de-fakto bu istəyini reallaşdıra bilməmiş,
hakimiyyətdə olan naşı və səriştəsiz
qüvvələr ölkənin ictimai-iqtisadi formasiya dəyişkənliyinin
doğurduğu ağır problemlərin öhdəsindən
gələ bilməmişlər. Nəticədə ölkədə
iqtisadi tənəzzül prosesi dərinləşmiş,
xalqın yaşayış səviyyəsi pisləşmiş,
qanunçuluğun, hüquq qaydalarının təminatında
ciddi problemlər yaranmışdı. Xüsusən də
1992-ci ilin mayında silahlı yolla hakimiyyətə gələn
AXC rəhbərliyinin siyasi səriştəsizliyi, qətiyyətsizliyi
bütövlükdə Azərbaycan dövlətçiliyinə
qarşı ciddi təhlükəyə çevrilən
neqativ meyillərin baş qaldırmasına - siyasi mübarizədə
qanunsuz silahlı birləşmələrdən istifadəyə,
etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib
çıxarmışdı. Nəhayət, 1993-cü ilin
iyun ayında Gəncədə olan hərbi qiyam isə ölkədəki
hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə
qarşı total inamsızlığın məntiqi
sonluğa yetişməsi idi. Müəyyən xarici qüvvələrin
dəstəklədiyi bu silahlı qiyam respublikamızın
yenicə nail olduğu dövlət müstəqilliyinə
ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş
müharibəsi, Azərbaycanın ayrı-ayrı bölgələrə
parçalanması təhlükəsini
alovlandırmışdı.
Ümummilli
liderin 1993-cü ilin 9 iyununda xalqın təkidli istəyinə
səs verərək Bakıya
qayıtması isə onun nə qədər qətiyyətli,
prinsipial, heç bir riskdən çəkinməyən,
dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət
olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin,
dərəbəyliyin hökm sürdüyü, qanunsuz
silahlı dəstələrin at oynatdığı,
düşmənlə mübarizə apara biləcək nizami
ordunun olmadığı, ərazilərinin
işğalının gündən-günə genişləndiyi,
bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi,
beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir
vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini
qısa zamanda dəyişmək, normal məcrasına salmaq
böyük siyasət və müdriklik tələb edirdi.
Bugünkü prizmadan bir daha aydın görünür ki, Heydər
Əliyevin qan içində çalxalanan paytaxta gəlməsinin
özü bir qəhrəmanlıq nümunəsi, liderlik
örnəyi idi. Başıpozuq bir ölkədə,
qardaş qardaşın qanını axıtdığı
dövlətdə ulu öndərin təhlükəsizliyinə
heç kim zəmanət verə bilməzdi. Ölkəyə
rəhbərlik edənlər Gəncədə böyük fəlakətlər
törətdiklərinə, qanlar axıtdıqlarına
baxmayaraq, günahsız olduqlarını, bu qarşıdurmaya
sərəncam vermədiklərini israr edir, bir-birini
günahlandırır, canlarını təhlükədən
qurtarmağa, sığortalanmağa
çalışırdılar. Belə bir vəziyyətdə
Bakıya gəlməyi və heç bir təhlükədən
çəkinmədən Gəncəyə, hadisələrin
cərəyan etdiyi, qiyamçıların gözünü
qan tutduğu bir bölgəyə səfər etməyi,
proseslərə düzgün siyasi qiymət verməyi
yalnız Heydər Əliyev kimi fenomenal şəxsiyyət
bacara bilərdi!
Ulu
öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk
gündən de-yure müstəqil sayılan Azərbaycanı
de-fakto qurmağa, onun milli dövlətçilik
atributlarını formalaşdırmağa başlamış,
müstəqilliyi şərti müstəqillik aktı və
bəyanatlar səviyyəsindən
çıxarmışdır. Müstəqillik yolunun bir
çoxlarının düşündüyündən də
uzun və əzablı yol olduğunu yaxşı bilən
ümummilli lider Heydər Əliyev, ilk növbədə, Azərbaycanı
taleyin ixtiyarına buraxılmış dövlət
düşüncəsindən
uzaqlaşdırmışdır. Eyni zamanda müstəqilliyimizin
əbədiliyinə xələl gətirəcək, ölkəmizi
yenidən hansısa dövlətin müstəmləkəsinə
çevirə biləcək amilləri aradan
götürmüşdür.
Ümummilli
lider bu mərhələdən Azərbaycanın yeni dövr
üçün demokratik inkişaf modelini müdrikliklə irəli
sürmüş, eyni zamanda bu mütərəqqi dəyişikliklərin
ictimai şüurda tədricən qəbul olunması zərurətini
önə çəkmişdir. Böyük öndərin
dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini
və müasir Avropa dəyərlərini özündə
birləşdirən yeni inkişaf modeli olmuşdur.
İctimai-siyasi sabitlik faktoru bu modelin əsas dayaqlarından,
istinad nöqtələrindən biri kimi çıxış
etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə
sisteminə keçid formulunu reallaşdırmaq, bazar
iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi
fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün
deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir
ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin
tənzimlədiyi sərhədlərdən kənara
çıxmır və dialektik inkişafa uyğun olaraq
getdikcə ictimai şüur tərəfindən tam şəkildə
mənimsənilir.
Ümumiyyətlə,
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
iqtisadi inkişaf strategiyasının əsasının
üç mərhələdə həyata keçirilməsi
nəzərdə tutulmuşdur:
birinci mərhələdə güclü dövlət tənzimlənməsi
ilə böhrandan çıxmaq, ikinci mərhələdə
iqtisadiyyatın sabitliyini təmin etmək,
üçüncü mərhələdə iqtisadi dirçəlişə
nail olmaq. Hər bir mərhələyə uyğun həyata
keçirilən iqtisadi islahatlar nəticəsində
1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin
edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət
meyillər özünü göstərməyə
başlamışdır.
İqtisadi
islahatların ardıcıl və sistemli şəkildə həyata
keçirilməsinin tərəfdarı kimi
çıxış edən Heydər Əliyev yeni mərhələdə,
ilk növbədə, torpaq islahatı və dövlət
mülkiyyətinin özəlləşdirilməsi vacibliyini
önə çəkmiş, bu proses keçid
dövrünün bəzi kiçik
çatışmazlıqlarına rəğmən, uğurla
başa çatdırılmışdır. Ümummilli lider
yaxşı başa düşürdü ki, dövlət
mülkiyyətinin xalqın mənafeyinə uyğun formada
özəlləşdirilməsi sərbəst bazar rəqabəti
prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar
olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə
inteqrasiyası, insanların şüurunda, həyat tərzində
əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata
keçirilmiş özəlləşdirmə prosesinin məqsədi
də məhz hər bir vətəndaşın iqtisadi
islahatlarda şəxsi marağını təmin etmək, əhalinin
həyat səviyyəsini yaxşılaşdırmaq,
sağlam rəqabətə əsaslanan istehsal
üçün şərait yaratmaq olmuşdur.
İqtisadiyyatın bütün sahələrini əhatə
edən özəlləşdirmə prosesi müstəqil
respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə
formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin
yüksəlməsinə ciddi zəmin yaratmışdır.
Böyük
strateq Heydər Əliyev Azərbaycanın həqiqi müstəqilliyinin
təmin edilməsi üçün hər bir fərdin mənafeyinə
cavab verən hüquqi islahatların aparılmasını da
vacib saymışdır. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təminatını
da dövlətin ali məqsədi kimi ön plana
çıxarmışdır. Konstitusiyada hakimiyyət
bölgüsü prinsipləri dəqiq əksini
tapmış, zamanın tələbilə səsləşən
məhkəmə-hüquq islahatlarının həyata
keçirilməsinə fundamental hüquqi zəmin
yaradılmışdır. Əsas Qanunda əksini
tapmış müddəaların üçdə ikisinin
sırf insan hüquqları ilə bağlı olması da ulu
öndərin insan hüquqlarına necə böyük həssaslıqla
yanaşmasının bariz təcəssümüdür.
Ümummilli
lider Heydər Əliyevin müstəqil dövlətçilik
konsepsiyasının uğurlu amillərindən biri də
xalqın milli təhlükəsizliyinin, dövlətin ərazi
bütövlüyünün təmin olunması sahəsində
kompleks tədbirlərin görülməsidir. Ölkənin
Silahlı Qüvvələrinin yaradılması dövlətçiliyin
əsas atributu və qarantı hesab olunsa da, təəssüf
ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti
ələ keçirməyə müvəffəq olmuş məlum
səriştəsiz qüvvələrin səbatsız siyasəti
nəticəsində bu amil Azərbaycanın dövlətçiliyi
üçün təminata deyil, təhlükəyə
çevrilmişdi. Ordu quruculuğunda və ölkənin
milli təhlükəsizlik sisteminin
formalaşdırılmasında yol verilən kobud səhvlər
son nəticədə respublikada qanunsuz hərbi birləşmələrin
timsalında vətəndaş müharibəsinin subyektlərinin
meydana çıxmasına səbəb olmuşdu. Ordunun
siyasiləşməsi, dövlətçilik prinsiplərinə
əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən
formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi
üçün ciddi təhlükə mənbəyi idi. Ulu
öndər Heydər Əliyev xalqın təkidli tələbi
ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya
qarşı ciddi mübarizə aparmış, dövlətin
milli təhlükəsizliyinin və ərazi
bütövlüyünün təminatçısı
funksiyasını yerinə yetirən sabit və güclü
silahlı qüvvələrin yaradılmasına nail
olmuşdur.
Ümummilli
liderin Azərbaycan xalqı qarşısındakı
böyük xidmətlərindən biri də cəmiyyətin
vahidliyinin, bütövlüyünün təmin olunması,
milli ideologiyanın sistem halında təqdimatıdır. Bu,
bir reallıqdır ki, ulu öndər cəmiyyətin
vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər
- sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət
amili baxımından parçalanmasına imkan verməmişdir.
Bu, Azərbaycan dövlətçiliyinin yaşaması,
inkişaf etməsi
baxımından ən düzgün seçim idi və
ötən illərin reallıqları da deyilənləri təsdiqləmişdir.
"Hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə fəxr
etmişəm və bu gün də fəxr edirəm ki, mən
Azərbaycanlıyam" - deyən ulu öndər dünya azərbaycanlılarını
azərbaycançılıq ideologiyası ətrafında səfərbər
etmişdir.
Milli
ideyaların uğurla həyata keçirilməsi, müstəqilliyin
möhkəmləndirilməsi prosesində ən mühüm
şərtlərdən biri də cəmiyyətin milli-mənəvi
dəyərlər ruhunda səfərbər olunmasıdır.
Bu mənada, 23 illik müddətdə dövlət müstəqilliyinin
Azərbaycan üçün ən böyük töhfələrindən
biri sovet dövründə basqılara, təzyiqlərə məruz
qalan milli-mənəvi irsin tam bərpa edilməsi, yeni
dövrün tələblərinə uyğun gənc nəslə
təqdimatıdır. Hələ sovet Azərbaycanına rəhbərliyi
dövründə formalaşdırdığı mütərəqqi
ənənələri müstəqillik illərində də
inamla davam etdirən ulu öndər Heydər Əliyev bu məqsədlə
Azərbaycanın görkəmli şairlərinin,
yazıçılarının, elm və incəsənət
xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin
yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır.
Heydər Əliyevin bu sahədəki mədəni quruculuq
siyasəti nəticəsində mənəvi dəyərlərimiz
qorunmuş, milli adət-ənənələrimiz
yaşadılmış, klassiklərimizin yüz illərin
sınağından günümüzə gəlib
çatmış mənəvi irsinin gələcək nəsillərə
itkisiz çata bilməsi üçün bütün zəruri
addımlar atılmışdır.
Fəlsəfi
dilçilik məktəbinin banisi, alman dilçisi V.Humboldt
yazır ki, "Xalqın dili onun ruhudur və xalqın ruhu
onun dilidir - bundan da güclü olan eynilik təsəvvür
etmək çətindir". Hazırda hər bir xalq, etnos
özünəməxsusluğunu, milli ruhunu və mənəvi
irsini qorumağın ümdə şərtlərindən biri
kimi ana dilini yad təsirlərdən, assimilyasiyadan qorumağa
çalışır. 1995-ci ildə Azərbaycan
Respublikasının ilk milli Konstitusiyasının qəbulu ərəfəsində
ulu öndərin ictimaiyyətin müxtəlif təbəqələrinin,
dilçi alim və ziyalıların iştirakı ilə
keçirdiyi genişmiqyaslı müzakirələr,
diskussiyalar, nəhayət, yekdil qərarın qəbulu ilə
nəticələnmişdir: xalqımız referendum yolu ilə
öz prinsipial mövqeyini nümayiş etdirərək, Azərbaycan
dilinin Konstitusiyada dövlət dili kimi təsbitlənməsinə
səs vermiş, bununla da ana dilimizə qarşı edilmiş
haqsızlıq, biganəlik aradan qaldırılmış,
onun cəmiyyətdəki mövqeyi bərpa edilmişdir.
Ulu
öndər müstəqillik illərində də xalqın
milli-mənəvi dəyərlərini və düşüncə
sistemini yaşadan, günümüzə gətirib
çıxaran folklor nümunələrinə - qəhrəmanlıq
eposlarına daim xüsusi diqqətlə
yanaşmışdır. Heydər Əliyevin 1997-ci il aprelin
20-də imzaladığı "Kitabi-Dədə Qorqud"
dastanının 1300 illik yubileyi haqqında fərmanı,
yubiley komissiyasını yaratması və ona sədrlik etməsi,
bunu dövlət işinin tərkib hissəsinə çevirməsi
milli-mənəvi irsin qorunması, yaşadılması,
öyrənilməsi və gələcək nəsillərə
çatdırılması sahəsində olduqca əhəmiyyətli
hadisə olmuşdur.
Ulu
öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın,
milli əxlaq və düşüncə modellərinin qorunub
saxlanılması üçün də səylərini əsirgəməmişdir.
Bu baxımdan Heydər Əliyevin 2001-ci il 13 avqust tarixli bəyanatı
da milli-mənəvi dəyərlərin qorunması məqsədinə
xidmət etməklə, gənc nəslin tərbiyəsinə
mənfi təsir göstərən neqativ amillərin aradan
qaldırılmasına xidmət etmişdir. Ulu öndər həmin
tarixi bəyanatında haqlı olaraq demişdir: "Hər
xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının
mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq
bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə
bənzər dəyərlərə malik ola bilməz. Yenə
də deyirəm, hər xalqın özünə, öz tarixi
köklərinə, əcdadları tərəfindən
yaradılmış milli-mənəvi dəyərlərinə
bağlılığı böyük amildir. Biz də indi
dünyanın mütərəqqi mənəvi dəyərlərindən
istifadə edərək, xalqımızın mədəni səviyyəsini
daha da inkişaf etdirərək, gənc nəsli daha da
sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə
tərbiyələndirməliyik".
Ötən
illərdə Azərbaycan təhsilinin milli əsaslar üzərində
çağdaş dünya təhsil sisteminə
inteqrasiyası başlıca vəzifə kimi gündəlikdə
olmuş, elm və təhsil sahəsində mütərəqqi
islahatlar ardıcıllıqla həyata keçirilmişdir.
Ölkədə elmə, təhsilə, yüksək
ixtisaslı kadrların hazırlanması məsələlərinə
daim ciddiliklə yanaşılmış, ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycana rəhbərliyi
dövründə Bakı Dövlət Universitetini də qətiyyən
unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin
üzləşdiyi problemlərin həllini diqqətdə
saxlamışdır. Ulu öndərin dəfələrlə
universitetə gəlişi bu böyük təhsil müəssisəsinə
yeni həyat vermiş, çətinliklərə rəğmən
onu yeni dövrün tələbləri səviyyəsində
kadr hazırlığına sövq etmişdir. Bir sözlə,
müstəqillik illərində Bakı Dövlət
Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli
səhifələri yenə də məhz Heydər Əliyevin
böyük diqqət və qayğısı sayəsində
yazılmışdır. Bir faktı xüsusi vurğulamaq
lazımdır ki, universitetin 1969-cu ildə 50 illik, 1979-cu ildə
60 illik, 1994-cü ildə 75 illik, 1999-cu ildə isə 80 illik
yubiley mərasimlərinin keçirilməsi ümummilli liderin
adı ilə bağlıdır.
Ulu
öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən
biri də özündən sonra dövlətçilik irsinin əbədiliyini
təmin edəcək qüdrətli varis və lider
yetişdirməsidir. Ötən 11 ildə ulu öndərin
müəyyənləşdirdiyi strategiyanı uğurla davam
etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik
fəaliyyətini diqqətlə nəzərdən
keçirdikdə onun xalqına və dövlətinə qəlbən
bağlı lider olduğu bir daha aydın görünür.
Ölkə başçısı özünün dövlətçilik
konsepsiyasını məhz ulu öndər Heydər
Əliyevin müəllifi olduğu strateji kurs üzərində
formalaşdırır və onu yeni dövrün tələblərinə
uyğun zənginləşdirməyə
çalışır. Milləti Heydər Əliyev
ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı
sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu
öndərin yarımçıq qalmış
arzularının, ideyalarının həyata keçirilməsi
istiqamətində səfərbər edir.
Azərbaycanda
müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin, vətəndaş
sülhü və həmrəyliyinin qorunub saxlanılması
naminə ilk gündən nümayiş etdirdiyi yüksək
prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət
başçısının istənilən ekstremal situasiyada
çevik və optimal qərar qəbul edən qətiyyətli
lider olduğunu göstərmişdir. 2003 və 2005-ci illərin
postseçki mərhələsi nihilist, radikal və ziddiyyətli
siyasiləşmə ilə müşayiət olunsa da, cənab
İlham Əliyev siyasi iradə göstərərək bu
neqativ meyillərin qarşısını əzmkarlıqla
almış, ölkənin yenidən anarxiya və xaos
mühitinə yuvarlanmasına yol verməmişdir. Sonrakı
illərdə də dövlətçilik əleyhinə
yönəlmiş xarici və daxili təhdidlərin qətiyyətlə
aradan qaldırılması dövlət
başçısının xalqın dəstəyinə
arxalanan, müstəqilliyin möhkəmləndirilməsi
üçün zəruri keyfiyyətlərə malik lider
olduğunu sübuta yetirmişdir. Eyni zamanda cənab İlham
Əliyev səlahiyyətlərinin icrasına
başladığı ilk gündən cəmiyyətin
bütün siyasi qüvvələrinin, sosial
qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin
etmək istiqamətində ardıcıl siyasət
yürütmüş, müstəqilliyin praktik olaraq möhkəmlənməsinə
çalışmışdır.
Ötən
10 ildə ulu öndərin yürütdüyü siyasəti
bütün sahələrdə uğurla davam etdirən
Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasında
məhz "Güclü dövlət, yüksək rifah"
tezisi dayanmışdır. Bu da təsadüfi deyildir -
güclü iqtisadiyyat qurmadan güclü dövlətə
nail olmaq, insanların yüksək sosial rifahını təmin
etmək qeyri-mümkündür. Neft gəlirlərinin
iqtisadiyyatın vacib sahələrinə, xüsusən də
qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi,
yeni müəssisələrin açılması yolu ilə
işsizlik probleminin aradan qaldırılması, bir sözlə,
əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi
Azərbaycanda həyata keçirilən
sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil
edir. Dövlət başçısı iqtisadi inkişafa
yalnız neft amili hesabına nail olmağı məqbul
saymayaraq tarazlı və davamlı tərəqqi naminə
qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini
önə çəkir. Bu siyasət neftdən
asılılığı azaltmaqla ölkədəki dinamik
iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental
əsasların yaradılmasını nəzərdə tutur.
2009-cu ildə
keçid dövrünü geridə qoyan respublikanın
iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə
qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən
biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin
yüksəldilməsinə və dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına nail olmaqla
ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdən ibarətdir.
Son illər dövlət başçısının
imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət
proqramlarında bu hədəfin reallaşması
üçün yerinə yetirilməsi zəruri olan vəzifələr
müəyyənləşdirilmişdir. "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanmasında məqsəd də
respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək
və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər
etməkdir.
Gələcəyə
dair baxışlar, strategiyalar nə qədər mükəmməl
olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz
hadisələrdən, ssenarilərdən deyil, bütün
hallarda lider missiyasından - qərarların qəbulu sənətindən
asılı olur. Azərbaycan öz inkişafının
dönüş mərhələsində yaşayır və
bunu mümkün edən isə düzgün hədəflər
və onların davamlı reallaşdırılmasından irəli
gələn nəticələrdir. Bu siyasətin gedişində
yalnız konkret ölkə miqyasında deyil,
bütövlükdə regionda və dünyada proseslərin
axarını yeni məcraya yönəldə biləcək
tarixi qərarlar verilir. Konsepsiyada nəzərdə tutulmuş
tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına
düşən ÜDM-in həcminin iki dəfədən
çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı
gözlənilir. Həmin dövrədək Azərbaycanın
Dünya Bankının adambaşına düşən
Ümumi Milli Gəlir təsnifatına görə
"yuxarı orta gəlirli ölkələr" arasında
və BMT İnkişaf Proqramının İnsan
İnkişafı ilə bağlı təsnifatına əsasən
"yüksək insan inkişafı" ölkələri
qrupunda üst sıralara yüksəlməsi hədəflənir.
Prezident
İlham Əliyevin söylədiyi kimi, son 10 ildə
inkişaf dinamikasına görə Azərbaycanla müqayisə
oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 10 il,
ilk növbədə, dünya siyasətinə təsir
göstərən möhtəşəm layihələrin
reallaşdırılması ilə səciyyəvidir.
Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi
olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin,
Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə
verilməsi, "Ümid", "Abşeron" kimi
perspektivli yataqların kəşf olunması, Şərqlə
Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
tikintisinə başlanılması, TANAP, TAP kimi layihələrin
gerçəkləşməsi bu baxımdan xüsusi qeyd
olunmalıdır.
Prezident
İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə,
qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan
xarici siyasət sahəsində hansısa uğurlu nəticələr
əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə
bildirmişdir. Azərbaycan Prezidentinin yeritdiyi uğurlu diplomatiya
sayəsində dünya siyasətinə təsir imkanları
getdikcə artan Azərbaycanın bütövlükdə
Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq
mərkəzinə, habelə beynəlxalq miqyaslı
enerji-kommunikasiya layihələrinin lokomotivinə
çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət
strategiyası müstəqil dövlətimizin milli mənafelərinə
hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar
və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin
daha da genişləndirilməsi müstəvisi üzərində
qurulmuşdur. Azərbaycan hazırda sülh və əməkdaşlıq
paytaxtı kimi tanınır və
belə bir müsbət imicin formalaşmasında cənab
İlham Əliyevin təşəbbüsü ilə
respublikamızda keçirilən beynəlxalq
toplantıların əhəmiyyətini xüsusi vurğulamaq
lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan
cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş,
insan hüquq və azadlıqlarının təminatı,
demokratikləşmə sahəsində mühüm
uğurlara imza atmışdır. Ötən dövrdə
Avropa Şurası qarşısında götürülən
öhdəliklərin yerinə yetirilməsi prosesi başa
çatmış, ölkəmiz Avropa Birliyinin "Yeni
qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı"
proqramlarına, habelə NATO-nun "Fərdi əməkdaşlıq
üzrə fəaliyyət planı"na qoşulmuş və
modern ordu quruculuğunu təşkilatın standartlarına
uyğunlaşdırmaq istiqamətində mühüm
addımlar atmışdır.
Ötən
10 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən
balanslı xarici siyasət yeridən respublikamız
özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli
ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən
maksimum faydalı şəkildə yararlanmağa, habelə
beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə
çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya
və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına,
etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin
ən cəlbedici məkanlarından birinə çevrilən
Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə
toqquşan maraqlarının optimal balansına da uğurla nail
olmuşdur.
Respublikamızın
konkret zaman, məkan və şəraitə uyğun olaraq
müəyyənləşdirdiyi xarici siyasət
strategiyasında müstəqilliyin möhkəmləndirilməsi,
milli maraqların qorunması, ərazi bütövlüyü
və suverenliyin bərpası, ölkə həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması,
regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli, diaspor və
lobbi quruculuğu kimi prioritetlər xüsusi aktuallıq kəsb
etmişdir.
Yalnız
bir neçə fakt Azərbaycan diplomatiyasının
uğurları barədə dolğun təsəvvür
yaradır: Azərbaycan son 3 ildə BMT Təhlükəsizlik
Şurasına üzv seçilmiş, Rusiyanın Qəbələ
rayonunda yerləşən Radiolokasiya Stansiyasının fəaliyyəti
dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun
Azərbaycana ekstradisiyası reallaşdırılmış,
türk və islam dövlətləri ilə münasibətlər
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin,
Azərbaycanın təşəbbüskarlığı və
ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı
mötəbər beynəlxalq tədbirlərin nəticəsidir
ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na
çevrilmişdir.
Azərbaycan
son illər bəşəriyyətin gələcək
inkişafı naminə mədəniyyətlərarası,
konfessiyalararası və sivilizasiyalararası dialoq
üçün real imkan və mexanizmlərin müəyyən
edilməsinə xidmət göstərən bu cür
müzakirələrin təşəbbüskarı və təşkilatçısı
missiyasını yerinə yetirir. 2011, 2012, 2013-cü illərin
oktyabrında paytaxtımızda keçirilən 1, 2 və
3-cü Bakı Beynəlxalq Humanitar forumları müxtəlif
ölkələrin dövlət siyasətində
multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə,
etnik və mədəni özünüdərk arasında azad
seçimin təmin olunmasına, azadlıq, bərabərlik və
dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə
bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər
olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli
hadisə kimi daxil olmuşdur.
Ölkəmiz
bu gün heç kimdən asılı olmayan tam müstəqil
siyasət yürüdür, milli maraq və mənafeyini təmin
edir. Akademik Ramiz Mehdiyev
"Modernləşmə xətti yenə də gündəlikdədir"
əsərində bununla bağlı yazır: "Demokratik dəyərlərin
universallaşması prosesinin tərs üzü
"demokratiyanı müdafiə etmək" bayrağı
altında müstəqil ölkələrin daxili işlərinə
kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək,
dövlətin öz vətəndaşının hüquq və
azadlıqlarına riayət etməsinin səviyyəsini qiymətləndirərkən
ikili standartlar qəbul etdirmək cəhdləridir.
Razılaşın ki, XXI əsrdə demokratiyadan
danışarkən ikili standartlar, yəni kiçik ölkələr
üçün bir standart, iri dövlətlər
üçün başqa standart tətbiq etmək
praktikası yolverilməzdir. Əsrlər boyu yaranmış
milli ənənələri bir anda məhv etmək
mümkün deyil və ümumiyyətlə, xalqın milli
xüsusiyyətlərinə məhəl qoymamaq
ağılsızlıqdır. Demokratiyanın kənardan zorla
qəbul etdirilməsi cəhdləri isə bu gün İraqda
və Əfqanıstanda müşahidə etdiyimiz vəziyyətlərə
gətirib çıxarmışdır. Cəmiyyətin
demokratikləşməsi sosial, siyasi və iqtisadi prosesdir və
hər bir konkret sosium üçün onun özünəməxsus
fərqləndirici cəhətləri vardır. Axı
demokratiyanın müxtəlif formaları var və ciddi tədqiqatçıların
hamısı bunu qəbul etmişdir".
Bəli,
demokratiya iqtisadi inkişaf, azadlıq və konsensusla
bağlıdır. Tarix boyu kasıb ölkələrdə
demokratiya olmamışdır. Çünki demokratik təsisatların
təmin edilməsi üçün ölkənin özü
inkişaf etməlidir. 1990-cı illərin əvvəllərində
Azərbaycanda adambaşına düşən məhsulun həcmi
300-400 dollar arasında idi. Təbii ki, müstəqil Azərbaycan
demokratik proseslərin əsaslarını qoysa belə,
demokratik ölkə sayıla bilməzdi. Son 10 il ərzində
Azərbaycanda adambaşına ümumi daxili məhsulun həcmi
artmış və 8000 dollara yaxınlaşmışdır.
Yaxın 10 ildə bu rəqəm 13 min dollara yüksələcəkdir.
Milli gəlir artdıqca, adambaşına düşən məhsul
istehsalı artdıqca, təbii ki, təhsilə, elmə, səhiyyəyə,
informasiya vasitələrinə, informasiya texnologiyalarına
ayrılan vəsaitlər də artır və bu da
insanların bir-birinə yaxınlaşması, demokratik proseslərin
inkişafı üçün böyük təməl
yaradır.
Müstəqil
Azərbaycanın qazandığı böyük iqtisadi
nailiyyətləri bu gün Bakı Dövlət Universitetinin
çoxsaylı tələbə-müəllim heyəti də
öz gündəlik həyatında hiss edir və
ardıcıl olaraq həyata keçirilən, hər bir
ölkə vətəndaşının mənafeyinə əsaslanan
islahatları böyük rəğbətlə
qarşılayırlar. Hamıda belə bir səmimi inam var
ki, xalqımızın böyük dəyər verdiyi bu
Qurtuluş Günündə ikinci dəfə siyasi hakimiyyətə
qayıdaraq milli müstəqilliyə davamlı təminat
yaratmış ulu öndər Heydər Əliyevin siyasətini
uğurla davam etdirən cənab İlham Əliyev yaxın
perspektivdə Azərbaycanı dünyanın ən inkişaf
etmiş dövlətləri səviyyəsinə
qaldıracaq, xalqın dəstəyi ilə bütün
problemlərin həllinə nail olacaqdır.
Abel
MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin
rektoru, akademik, Milli Məclisin deputatı
Azərbaycan.-2014.- 15 iyun.- S.5.