Davamlı yüksəlişə etibarlı təminat

 

Bir vaxtlar Azərbaycan keçid dövrünün ən ciddi problemləri ilə üz-üzə qalmışdı. Onda zamanın tələbinə uyğun çevik islahatlara, müstəqil iqtisadiyyatın formalaşmasına ciddi ehtiyac vardı. Hər şeydən əvvəl cəmiyyəti sosial uçurumdan xilas etmək üçün yollar müəyyən olunmalı idi. Heç şübhəsiz ki, keçid dövrünün ağır şərtlərindən, sosializm psixologiyasından xilas olmaq, sürətli iqtisadi inkişaf yoluna çıxmaq, dünya inteqrasiya sisteminə keçidi təmin etmək üçün güclü liderə ehtiyac vardı. Mürəkkəb tarixi siyasi şəraitdə dövlət müstəqilliyini qazanan Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən iqtisadi islahatlar, uzaqgörən xarici siyasət nəticəsində sürətli inkişaf yoluna qədəm qoydu.

Ümummilli lider ölkə daxilində milli birliyi, dövlətçiliyimizin əsaslarını gücləndirmək üçün gərgin aparırdı. Onun əsas amal kimi qəbul etdiyi azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin əsaslarının möhkəmlənməsinə güclü təsir göstərdi. Ölkədə vətəndaşların bərabər şəraitdə fəaliyyət göstərməsinə ciddi təminat yaradıldı. Azad və bərabər bazar münasibətləri getdikcə iqtisadi sistemdə ciddi uğurlarla nəticələndi. Hər kəs hiss etdi ki, sosial ədalət anlayışı bazar iqtisadiyyatını üzləşə biləcəyimiz ən ciddi fəsadlardan xilas edir. Əslində, quruculuğun yeni başladığı illərdə iqtisadiyyatın müxtəlif modelləri təklif olunurdu. Özübu modellər uzun illərin sınağından uğurla çıxmışdı. Hələ o illərdə Qərbin inkişaf etmiş ölkələrində tətbiq olunan sınanmış iqtisadi modellər də nəzərdən keçirilirdi. Amma cəmiyyətin iqtisadisosial tərəqqisinə nail olmaq üçün etibarlı və düşünülmüş seçimə ehtiyac vardı. Belə bir inkişafın yeni Azərbaycan modelinin konturlarını ümummilli lider Heydər Əliyev cızdı. Özübu model vətəndaşların sosial müdafiəsini, həyat tərzini, rifahını başlıca prinsip sayırdı. Elə Azərbaycan Respublikasının Konstitusiyasında da açıq şəkildə qeyd olunub ki, "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".

Ulu öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda müstəqil iqtisadiyyat formalaşıb. Qətiyyətlə deyə bilərik ki, aparılan uğurlu iqtisadi islahatlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına etibarlı və inamlı təminat yaratmışdır. Neftqaz sektorunda həyata keçirilən uğurlu layihələr sayəsində Azərbaycan dünya birliyinin, inkişaf etmiş Avropa ölkələrinin etibarlı tərəfdaşına çevrilmişdir. Ulu öndər Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan kəməri tam istifadəyə verilmiş, bəzi xarici qüvvələrin bu layihənin reallaşmasına mane olmaq cəhdi boşa çıxmışdır. Azərbaycan nəhəng qaz ehtiyatları istismarına başlamaqla iqtisadiyyatda strateji çəkisini daha da artırdı, Avropanın qaz təchizatına yeni töhfələr verdi. Cənubi Qafqazda regional əməkdaşlığı genişləndirmək üçün ölkəmizdə yeni ehtiyat mənbələri üzə çıxdı. Azərbaycanın maliyyə potensialını daha da gücləndirmək üçün çevik layihələr hazırlandı, iqtisadiyyatda uzun illərə hesablanan inkişaf strategiyası müəyyən olundu. Odur ki, ölkəmiz əsas iqtisadi göstəricilər üzrə dünyanın inkişaf etmiş dövlətləri ilə rəqabətə tablaşır, düzgün iqtisadi konsepsiya istehsal sahələrində dirçəlişə, inkişafa meydan açır. Beynəlxalq maliyyə hesabatlarında iqtisadi inkişafın davamlı artımına görə Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən biri sayılır. Ən çətin tarixi mərhələdə ölkəmizin milli inkişaf modeli o qədər çevikliklə, dəqiqliklə hazırlanıb ki, illər ötsə də, yeni layihələr tərəqqiyə və inkişafa stimul yaradır. Ötən onilliklərin xronologiyasını ardıcıllıqla izləsək, görülən işləri, onların yüksək nəticələrini asanlıqla təhlil edə bilərik. İnkişafın Heydər Əliyev modeli iqtisadiyyatda, eləcə də digər sahələrdə tarazlığı qoruyur, Azərbaycanı regionda əsas aparıcı dövlətlərindən birinə çevirir.

Məlumdur ki, sovet iqtisadiyyatı dağılandan sonra ölkələr arasında əlaqələr qırılmış, vəziyyət xeyli çətinləşmişdi. Ulu öndər Heydər Əliyevin qayıdışına qədər ölkənin iqtisadi sərvətləri talan olunmuş, bütün sahələrdə gerilik, tənəzzül başlamışdı. Müstəqilliyin bərpasından sonrakı ilk illərdə hakimiyyət başında olan qüvvələrin naşılığı, səriştəsizliyi, şəxsi mənafeyi ön plana çəkmək cəhdləri iqtisadiyyatın daha da çökməsinə gətirib çıxarmışdı. Belə bir vaxtda ulu öndər ölkənin iqtisadi potensialını gücləndirmək üçün ilk növbədə Azərbaycanda yeni neft strategiyasının işlənməsini vacib saydı. Xarici neftqaz şirkətlərinin bu sahəyə meyil və marağını artırdı, onların ölkəmizlə əməkdaşlığına hər cür şərait yaratdı. Təyinatı üzrə ayrı-ayrı sahələrə investisiya yatırımının həcmi əhəmiyyətli dərəcədə artdı. "Əsrin müqaviləsi"nə gedən ilk yol belə başladı. Bundan sonra ulu öndər "Azərbaycanda dəniz neftqaz yataqlarının işlənilməsinin sürətlənməsi haqqında" sərəncam imzaladı. Bu tarixi sənədin imzalandığı vaxtdan 20 ildən çox ötsə də, onun dəyəri və əhəmiyyəti indi də qüvvədədir. Ona görə ki, məhz həmin sənəd dünyanın aparıcı neft-qaz şirkətləri ilə həyata keçirilən danışıqların və müqavilələrin bünövrəsini qoydu. O illərə qayıdanda bir həqiqəti də unutmamalıyıq. Onda bəzi Qərb şirkətləri Xəzərlə bağlı hər hansı layihənin gerçəkləşəcəyinə şübhə ilə yanaşırdılar. Amma ulu öndərin prinsipial mövqeyi, xarakter və əqidə möhkəmliyi kənar müdaxilələri ardıcıllıqla dəf etdi, Qərb ölkələrini bu işin perspektivinə inandıra bildi. Bu gün qürurla deyə bilərik ki, Heydər Əliyevin əzmkarlığı "Əsrin müqaviləsi"nə olan maraqları birə-beş artırdı. Azərbaycanın qazandığı uğurların coğrafi meridianı da xeyli genişləndi. Xəzər açıq-aşkar beynəlxalq əməkdaşlıq üçün sayılıb-seçilən məkana çevrildi. Əgər 1993-cü ildə neft təsərrüfatı tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşmişdisə, "Əsrin müqaviləsi"ndən sonra bu sahə yeni dirçəliş yoluna qədəm qoydu. Köhnə avadanlıqların çoxu istismar müddətini başa vurmuş, platformaestakadalar bərbad vəziyyətə düşmüşdü. O illərdə hər şeyin yeniləşməsinə, təzələnməsinə ehtiyac vardı. Xarici neft şirkətlərində istifadə olunan avadanlıqların Azərbaycana gətirilməsi çoxlarına xəyal kimi görünürdü. Amma ulu öndər ən qısa zaman kəsiyində "Əsrin müqaviləsi" çərçivəsində bütün çətin problemləri uğurla həll etdi. Ən başlıcası, bu müqavilələrin imzalanması zamanı Azərbaycan xalqının maraqlarına xüsusi üstünlük verir, bunu əsas şərt sayırdı. Hələ o vaxtlar müsahibələrinin birində ulu öndər bununla bağlı demişdir: "Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz maraqları var. Bu, tamamilə təbii məsələdir. Ancaq, eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafeyindən üstün tutmalıyıq". Bu prinsipləri başlıca meyar sayan ulu öndər ömrünün sonuna qədər Azərbaycanın maraqlarını qoruyarkən heç bir güzəştə getmədi. Xarici neft şirkətlərinin Azərbaycana marağını və baxışını  dəyişdi. Dünyanın aparıcı neft-qaz şirkətləri Azərbaycanın maraqları ilə hesablaşmağa, razılaşmağa başladı. Bütün bunlar ulu öndərin apardığı dinamikçevik siyasətin nəticəsidir. "Əsrin müqaviləsi" Bakını neft mərkəzlərindən biri kimi daha da şöhrətləndirdi. Başqa sözlə, sənayenin bu sahəsi o qədər dirçəldi ki,  ölkəmizin ayrı-ayrı regionlarının inkişafına da təsiri oldu.

Bu gün iri layihələrin reallaşmasında neft-qaz sənayesinin payı daha çoxdur. Halbuki 1994-cü ildə Azərbaycanın valyuta ehtiyatları yox dərəcəsində idi. Cəmi on il sonra həmin ehtiyatların həcmi 21 milyard dollara çatmışdı. İndi həmin rəqəm daha da artıb. Hər bir müqavilə çərçivəsində büdcəmizə daxil olan gəlirin məbləği müstəqilliyin ilk illəri ilə müqayisədə fantastik rəqəm kimi görünsə də, bu, bir reallıqdır, həqiqətdir. Mütəxəssislər belə bir hesablama aparıblar ki, təkcə "Əsrin müqaviləsi" çərçivəsində Azərbaycanın neft ehtiyatları ən azı 200 ilə çatacaq. Yeni kəşfiyyat hesabına bu həcm daha da artırıla bilər. Azərbaycanın kifayət qədər böyük neftqaz ehtiyatlarına malik olması ölkəmizin beynəlxalq nüfuzunu da artırıb. Özüneftqaz satışından əldə olunan gəlir təkcə bu gün üçün nəzərdə tutulmayıb. Ulu öndər fəxrlə deyirdi ki, bu sərvət ölkəmizin gələcək inkişafına da etibarlı təminat yaradır. Azərbaycanda neftqaz gəlirlərinin idarə olunmasında şəffaflıq başlıca meyara çevrilib. Bu sahədə əldə olunan gəlirin istifadəsinin səmərəlik dərəcəsi də xeyli artıb. Bütün bunları ölkəmizin inkişafına yönəltmək üçün Heydər Əliyev ardıcıl və məqsədyönlü görürdü. Nəticə ona yönəlmişdi ki, ölkəmizdə makroiqtisadi sabitlik tam qorunur.

Beləcə ulu öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünya bazarında mühüm və etibarlı enerji təchizatçısına çevrildi. Bakıda keçirilən XVI Beynəlxalq neft-qaz sərgi və konfransı ilə bağlı ABŞ-ın dövlət başçısı Barak Obama Prezident İlham Əliyevə göndərdiyi məktubda yazırdı: "Azərbaycan beynəlxalq şirkətlərin iştirakı ilə enerji ehtiyatlarının işlənilməsinin sürətli tərəqqi və ən qabaqcıl texnologiya ilə nəticələnməsinin nümunəsidir. 90-cı illərin ortalarında neftqaz yataqlarının işlənilməsi üçün beynəlxalq sərmayəçilərin Azərbaycana dəvət edilməsi, Şərq-Qərb enerji dəhlizinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin reallaşması Sizin xüsusi nailiyyətinizdir. Üç ölkənin ərazisindən keçən, yüzlərlə kilometr məsafəni qət edən və bir çox beynəlxalq enerji şirkətini bir araya gətirən həmin layihələr yorulmaz fəaliyyət və əməkdaşlıq sayəsində nəyə nail oluna biləcəyini əks etdirir. ABŞ bu mühüm layihələri həyata keçirən Azərbaycan və digər iştirakçılarla tərəfdaş olmaqdan iftixar hissi keçirir".

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dünya dövlətləri üçün enerji təhlükəsizliyi sferasında böyük rol oynayır. Artıq 10 ildən çoxdur ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan beynəlxalq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev ləyaqətlə davam etdirir. Elə bunun nəticəsidir ki, Azərbaycan regionda lider dövlətə çevrilib.

Onu da qeyd edək ki, Azərbaycan keçid dövrünün irili-xırdalı problemlərini arxada qoyub. Ölkəmiz dünya birliyinə inteqrasiya etmək üçün ən məqbul yollar axtarır. Ona görə ki, belə əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli dərəcədə qazanc və gəlir gətirir. Bu yolun başlanğıcına da ulu öndər xeyir-dua vermişdir. Heydər Əliyevin yaratdığı iqtisadi model bütün sahələri əhatə edir. Aqrar islahatların uğurla başa çatmasında da Azərbaycan xarakterik və mükəmməl yol seçdi. Belə ki, ölkə ərazisində yaşayan bütün vətəndaşların torpaqdan istifadə və icarə hüququ saxlanıldı. Azərbaycanın hər bir vətəndaşının torpağın alqı-satqı prosesində iştirak etmək hüququ oldu. Adamlara yeni mülkiyyət münasibətlərində birbaşa iştirak səlahiyyəti verildi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə torpaq islahatlarının son dərəcə uğurla aparılması vətəndaşın hüququnun yüksək  səviyyədə müdafiəsi və qorunması ilə nəticələndi. Bu prosesdə sosial ədalət prinsipinin axıra qədər qorunması bir daha sübut edir ki, Heydər Əliyevin aqrar sahədə seçdiyi modeldünya praktikasına tam uyğundur.

İlk mərhələdə müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektlərinin yaradılması bu gün uğurlu nəticələr verir. Aqrar sahədə özəlləşdirmə siyasətinin fərdi mülkiyyətçinin xeyrinə həll olunması inkişafa stimul yaradır. Kənd sakini bir daha inanır ki, onun güvəndiyi, istinad etdiyi qanunlar gələcəkdə də hüquqlarının müdafiəsinə etibarlı təminat yaradacaq. O illəri yaxşı xatırlayırıq. Torpaq islahatlarının ilk mərhələsində Azərbaycanda mövcud olan iki mindən artıq kolxozsovxoz ləğv edildi. Torpaq üzərində yeni mülkiyyət forması yaradıldı. Heydər Əliyev uzaqgörənliklə deyirdi ki, gərək biz mövcud qanunvericilik əsasında dövlət mülkiyyətində olan torpaqları Azərbaycan vətəndaşlarının istifadəsinə və ya icarəyə verək. Onda adamlarda torpağa bağlılıq daha da güclənir, hər qarış torpaqdan öz mülkiyyəti kimi istifadə edir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də aqrar islahatların inkişafına xüsusi diqqət yetirir, bu bölmədə çalışanlara əlverişli şərait yaratmaq üçün müvafiq fərman və sərəncamlar imzalayır. "Kənd təsərrüfatı məhsulları istehsalına dövlət dəstəyi haqqında" sərəncamın əhəmiyyətini bir daha xatırlatmaq istərdik. Həmin sərəncamın uğuru olaraq kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan yanacağın, motor yağlarının və mineral gübrələrin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi bu istiqamətdə görülən uğurlu tədbirlərdəndir. Səmərəli aqrar islahatların nəticəsidir ki, Azərbaycan bir sıra strateji məhsullara, o cümlədən taxıla olan tələbatı əsasən yerli istehsal hesabına ödəyir. Artıq ölkəmizdə taxıl istehsalı 3 milyon tonu ötüb ki, bu da kifayət qədər böyük göstəricidir. Xüsusi qeyd etməliyik ki, kənd təsərrüfatı məhsulları istehsalına verilən yardımlar, texnika və gübrə alınmasına edilən güzəştlər xeyli artıb. Əlbəttə, belə güzəştlər aqrar sektorun sürətli inkişafına, kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə təminat yaradır. Ulu öndər Heydər Əliyev yeni Azərbaycan modelini hazırlayarkən aqrar sektorun da ölkə iqtisadiyyatında əsas payını diqqət mərkəzində saxlamışdır. Belə düzgün və tarazlaşdırılmış siyasət bu günuğurlu nəticələr və böyük səmərə verməkdədir.

Azərbaycanın sürətli inkişafında, orta təbəqənin formalaşmasında mühüm rol oynayan amillərdən birisahibkarlar sinfinin yaradılmasıdır. Ulu öndər idarəertmə sahəsində aparılan kompleks islahatlar sırasında sahibkarlığın inkişafını ön plana çəkirdi. Azərbaycanda bazar iqtisadiyyatına keçid özəl sektorun, sahibkarlığın inkişafına stimul yaradır. Bütün bunlar Azərbaycanın yeni inkişaf modelinin bir qoludur. Ulu öndər bu modeli hazırlayarkən iqtisadi baxımdan inkişaf etmiş Qərb dövlətlərinin təcrübəsindən daha çox faydalanmağa üstünlük vermişdi. O deyirdi ki, "dövlət hər şeyi edəcəkdir ki, biz yeni inkişaf yolu ilə gedə bilək. Bunun üçün ilk növbədə xarici investorlara hüquqi baza yaradılmalı, onların mənafeyini müdafiə edən qanun mexanizmi işləməlidir. Xarici investorların Azərbaycanda fəal olması üçün münbit şərait vardır".

Bugünə qədər sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilib. Ulu öndər Heydər Əliyev sahibkarlığın inkişafına dövlət nəzarət sistemini təkmilləşdirmək və bununla əlaqədar qanunvericilik bazasında da mühüm dəyişikliklər edilməsini vacib sayırdı. O deyirdi ki, ölkənin sosial-iqtisadi inkişafı sahibkarlığın tərəqqisi ilə üzvi surətdə bağlıdır. Ona görə də bu sahəyə dövlət qayğısının artırılmasını daim diqqət mərkəzində saxlayırdı. Sahibkarlığa dövlətin maliyyə dəstəyini artırmağı təklif edən ulu öndər qanunvericilik bazasında ciddi dəyişikliklərə də ehtiyac duyurdu. İqtisadiyyata nəzarət edən dövlət qurumlarının çoxluğu, süni yoxlamalar inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatları ləngidir. Ona görə də iqtisadi sahədə bir-birini təkrarlayan lüzumsuz yoxlamaların sayını azaltmaq, vətəndaşların hüquqi mənafeyinin qorunmasına üstünlük verilməlidir. Ulu öndər dəfələrlə qeyd edirdi ki, yersiz inzibatçılıq da inkişafa mane olan amillərdən sayılır. Hələ 2002-ci il sentyabrın 28-də "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərman da adamlarının hüquqi müdafiəsinə yönəldilən tarixi sənəddir. Sahibkarlığa dövlət qayğısını daha da artırmaq üçün ulu öndərin mühüm sərəncam və fərmanları bu gün də yüksək nəticələr verir. Bütün bunlar ölkədə sahibkarlıq sinfinin inkişafı ilə bağlı atılan mühüm addımlardır. İndi özəl sektorun inkişafında yeni mərhələ başlayıb. Qətiyyətlə deyə bilərik ki, bugünün iqtisadi siyasəti də həmin ənənənin davamı kimi sahibkarlığın tərəqqisinə xidmət edir. Bu yöndə aparılan işlər uğurla davam etdirilir, qanunvericilik bazası təkmilləşdirilir. Şübhəsiz ki, bütün bunlar sahibkarın mənafeyinə xidmət edən dövlət qayğısıdır. Bir sözlə, ulu öndər sahibkarlığın maneəsiz inkişafı üçün elə bir baza yaratdı ki, bu gün də həmin ənənə ardıcıllıqla davam edir.

Sahibkarlığa Kömək Milli Fondunun yaradılması da ulu öndərin təşəbbüslərindən biridir. Güzəştli kredit vəsaitinin ayrılması, onun səmərəli istifadəsi sahibkarlara dövlət dəstəyinin güclənməsindən soraq verir. Bu istiqamətdə görülən işlər yeni mərhələdə də uğurla davam etdirilir.

Ümumiyyətlə desək, iqtisadi texnologiyanın yeniləşməsi, dünyaya inteqrasiyanın sürətlənməsi Azərbaycanın iqtisadi modelində başlıca şərtlərdəndir. Elə ulu öndər də öz tövsiyələrində bu prinsiplərə daha çox üstünlük verir, iqtisadi modelin daha da təkmilləşməsini istəyirdi. Fəxrlə deyə bilərik ki, bu ənənə - yeniliyə, tərəqqiyə üstünlük prinsipləri ləyaqətlə qorunur, aydan-aya, ildən-ilə böyük uğurlara imza atır.

 

Rasim NƏBİYEV,

Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, iqtisad elmləri doktoru,  professor

Azərbaycan.-2014.- 15 iyun.- S.7.