Qaratelin qeyrəti
1992-ci il iyun ayının 14-də Qazax rayonunun Aşağı Əskipara kəndi uğrunda gedən döyüşlərdə beş nəfər həlak oldu. Surxay Məmmədov, Mərdan Əsgərov, Alı Alıyev, Şəmistan Əmiraslanov və bir də Qaratel Şəmsi qızı Hacımahmudova.
Əsir düşməmək üçün son anda özünə atəş açan Qaratelin taleyi əsl qeyrət və hünər dastanına bənzəyir. 1948-ci ildə Aşağı Əskipara kəndində anadan olub. Əvvəlcə Bakı Ticarət Texnikumunda oxuyub. Sonra Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsində qiyabi təhsil alıb. Bir müddət Bakıda, neft kəşfiyyatı idarəsində işləyib. 90-cı illərin ən gərgin günlərində doğma kəndinə qayıdır və elə ilk günlərdən könüllü müdafiə dəstəsinə qoşulur.
Qazaxın qara günləri idi. Namərd düşmən hər tərəfdən hücuma keçir, silahsız adamlara divan tuturdu. Bakının başı hakimiyyət savaşına qarışmışdı. Kəndi yalnız ürəyiyanan insanlar, qeyrətli övladlar müdafiə edirdilər.
Azərbaycandan Ermənistana gedən yol Aşağı Əskiparadan keçirdi. Nankor qonşular nəyin bahasına olursa-olsun, bu mühüm strateji mövqeyi ələ keçirməyə çalışırdılar. Ölüm qaşla göz arasında idi. Təqribən 30 nəfərlik özünümüdafiə dəstəsi düzəlmişdi. Qaratel də ön sırada idi. İyun ayının 8-də 5-6 ev yandırılsa da, daşnakların hücumu dəf edildi. İyunun 9-da yenidən gərgin atışma oldu. Qaratel bir yerdə qərar tuta bilmir, gecə-gündüz gəzib dolaşır, silah-sursat gətirir, yemək tədarük edirdi. Deyirdi ki, bir an da dayanmaq olmaz. Daşnaklar namərddirlər. Hər bir həmləyə hazır olmalıyıq.
Düşmən mövqeyində Qaratelin adı tez-tez çəkilir, ona qarşı bəd əməl hazırlanırdı. Belə gərgin günlərdən birində kiçik qardaşı Hümbətlə görüşür. Hümbət Qarabağda vuruşurdu. O, anası Teyyubə xanımla nə qədər çalışdısa da, Qarateli evə yollaya bilmədi. Qəhrəman qız sözünün üstündə möhkəm dayanmışdı. "Qardaşım Məhəmmədin qəbrinə and içmişəm. Son nəfəsimə kimi vuruşacağam, qoymaram namərdlərin ayağı bu torpağa dəysin" - dedi. İyun ayının 14-də erməni quldurları üç istiqamətdən Aşağı Əskiparaya hücuma keçdilər. O günlərin şahidi Vəli Namazov deyirdi ki, namərd qonşular Qaratelin başına pul qoymuşdular, hər nə cür olursa-olsun, onu diri tutmaq istəyirdilər. Qaratel isə bunu bilə-bilə əsla çəkinmir, geri durmurdu.
Gərgin döyüşlərdən birində Vəli Namazov kənd sakinləri ilə birgə əsir düşmüşdü. İyunun 26-na kimi əsirlikdə qaldı. Şəhidlərin meyitləri də bura gətirilmişdi. O deyirdi ki, Qaratelin al-qana boyanmış üzünü görəndə, sözün tam mənasında, sarsıldım. Ermənilər eşitmişdilər ki, kişi qeyrətli Qaratel əsir düşməmək üçün son anda güllə ilə özünü vurub. Bu mərd qadının hünərinə heyran qalan daşnaklar iki-bir, üç-bir gəlir, bu cəsur döyüşçüyə tamaşa edirdi. İyunun 26-da Qaratel Hacımahmudovanın, Mərdan Əsgərovun, Şəmistan Əmiraslanovun, Surxay Məmmədovun və Alı Alıyevin meyitləri ilə birgə məni də girovlarla dəyişdilər.
Qaratelin
qeyrətinin sorağı
hər yana
yayıldı. "O, əsl
qeyrət qalasıdır
"- deyən Hüseyn Arifin sözləri dildən-dilə
düşdü.
Çatdı qulağıma acı
xəbərin,
Canıma
od saldı,
Qaratel balam.
Dünən cərgəmizdə əsl
həqiqət
Bu günsə xəyaldır
Qaratel balam.
Ötəcək fəsillər, ötəcək
illər,
Onu düşünəcək
yeni nəsillər.
Eşitsin obalar, eşitsin
ellər,
Ağıldı, kamaldı Qaratel balam.
Aşıqlar sazını çəkəcək
zilə,
Bir qeyrət
dastanı düşəcək
dilə.
Ey Hüseyn Arif, bu ölümüylə,
Dağ kimi ucaldı Qaratel balam.
Mərd, mübariz Qaratelin adı əfsanəyə döndü. Kənd sakini Zeynəb
Göyçəli deyir
ki, 1994-cü ildə televiziyaların birində
ulu öndər Heydər Əliyevin çıxışına baxmışam.
Milli qəhrəmanlar haqqında
söhbət gedirdi.
Dövlət başçısı
dedi ki, "...Milli Qəhrəman adı kimə verilməlidir? ...Qazaxda bir Qaratel
vardı, düşmən
əlinə sağ keçməsin deyə, özünü öldürmüşdü.
Bax, əsl Milli Qəhrəman adı o xanıma layiqdir".
Qəhrəman adını alsa
da, almasa da, qeyrətli Qaratel ürəklərdə
yuva salıb, könüllərdə yaşayır.
Haqqında əsərlər yazıldı, filmlər çəkildi, Qazax Diyarşünaslıq Muzeyində xatirə guşəsi yaradıldı.
Hər dəfə ad günündə
qəhrəmanın məzarı
gül-çiçəyə bürünür. Elə bu qeydləri
də Qazax torpağında elin qeyrətli qızına olan sonzuz məhəbbəti
görəndən sonra
qələmə aldım.
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 15 iyun.- S.12.