Azərbaycan Prezidenti İlham Əliyev Afina Akropolunda olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət
səfəri
iyunun
15-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva Afina Akropolunda
olmuşlar.
Altı
min illik tarixi olan Afina dünyanın ən qədim şəhərlərindən
biridir. Şəhər müdriklik ilahəsi Afinanın
adını daşıyır. Bütün dünyada
azadlıq, demokratiya və incəsənətin rəmzi hesab
olunan Afinaya xüsusi yaraşıq verən, şəhərin
özəlliyini artıran tarixi məkanlar arasında Akropol
xüsusi yer tutur. “Yuxarı şəhər” mənasını
verən və Afinanın rəmzi hesab olunan bu müqəddəs
qaya qədim sivilizasiya ilə müasirliyi bir araya gətirir.
Afinanın
mərkəzində hündürlüyü 156 metrə
çatan qayalıq meydançada yerləşən, dünya
tarixinin və mədəniyyətinin şah əsərləri
sırasında olan Akropol 3 min illik tarixə malik memarlıq
abidələri ilə zəngindir və sanki muzeyi
xatırladır. Qədim Afinanın həm dövlət, həm
də dini mərkəzi sayılan Akropolun qorunmasına
afinalılar bütün dövrlərdə ciddi fikir
vermişlər. Hətta Perikl zamanında Akropolun bərpası
üçün xeyli vəsait ayrılmış, tikintiyə
minlərlə insan cəlb edilmişdir. İndiyə qədər
gəlib çatan bir çox tarixi abidələr də məhz
elə o dövrdə inşa olunmuşdur. Akropolun əhəmiyyətini
artıran mühüm amillər sırasında təbii ki,
dünya memarlığının nadir inciləri olan Panteon,
Afina və Erektion məbədləri də vardır ki, bu
tarixi abidələrin böyük hissəsi günümüzə
qədər gəlib çatmışdır. Məsələn,
yunan memarlığının ən böyük əsəri
hesab edilən Panteon məbədinin xarici
görünüşündə istifadə olunan heykəltəraşlıq
nümunələri yunan sənətinin ən yüksək
zirvəsi kimi qəbul edilir.
Tarixən
Afinanın həm hərbi, həm də dini mərkəzi
rolunu oynayan Akropolun görkəmli yerində şəhərin
hamisi ilahə Afinanın şərəfinə
ucaldılmış Parfenon məbədi yerləşir.
Akropolun
aşağı hissəsində isə bir zamanlar Afinanın
ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora
yerləşir. Keçmişdə Sokrat və Platon kimi
görkəmli filosoflar gəzinti və söhbət
üçün məhz bu məkanı seçmişdilər.
Aqora ərazisində yerləşən memarlıq abidələri
müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta
eramızdan əvvəl XI əsrə aid abidələrə də
rast gəlmək mümkündür.
Sənayenin
ətraf mühitə vurduğu ziyanın aradan
qaldırılması ilə bağlı hazırlanan
böyük bərpa proqramı çərçivəsində
1980-ci ildən etibarən Akropolda mütəmadi bərpa
işləri həyata keçirilir.
Akropol
öz möhtəşəmliyi ilə onu görməyə gələn
hər bir turistin qəlbində unudulmaz hisslər yaradır.
Azərbaycan.-2014.- 18 iyun.- S.1.