Azərbaycan Prezidenti İlham Əliyevin

 Afinada rəsmi qarşılanma mərasimi olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət səfəri

 

 

Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndi.

Dövlət başçıları hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Yunanıstanın rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Karolos Papulyasa təqdim edildi.

Sonra prezidentlər rəsmi foto çəkdirdilər.

 

Azərbaycan.-2014.- 18 iyun.- S.2.