Azərbaycan və Yunanıstan prezidentləri
mətbuata bəyanatlarla
çıxış etmişlər
Iyunun
16-da sənədlərin imzalanması mərasimindən sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas mətbuata
bəyanatlarla çıxış etmişlər.
Yunanıstan Prezidenti Karolos
Papulyasın
bəyanatı
- Mən
Azərbaycan Prezidenti cənab İlham Əliyevi Afina şəhərində
səmimiyyətlə salamlamaqdan məmnunluq hissi duyuram.
Bugünkü səfər Yunanıstan ilə Azərbaycan
arasında gözəl münasibətlərin yeni bir işarəsidir,
əməkdaşlığımız üçün yeni
yollar, yeni üfüqlər açır.
Prezident
Əliyevin və mənim ikitərəfli münasibətlərimizin
hər bir aspektini nəzərdən keçirmək
imkanımız oldu. Burada həm siyasi, həm enerji, həm
iqtisadi, həm ticari, həm də mədəni sahələrdə
əlaqələr nəzərdə tutulur. Bizim, həmçinin
mühüm beynəlxalq və regional məsələlər
üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu.
Ölkələrimiz
arasında siyasi münasibətlər inkişaf edir. Bu,
ölkələr arasında həm dövlət səviyyəsində,
həm də siyasi səviyyədə çox mühüm səfərlərin
həyata keçirilməsindən görünür. Mədəni
münasibətlərimiz sahəsində də gözəçarpan
artım mövcuddur. Mən burada xüsusən də
universitetdə müasir yunan dili və sivilizasiyası mərkəzinin
açılmasını nəzərdə tuturam. Həmçinin
Bakı Slavyan Universitetində yunan dili tədris olunur.
Ölkələrimiz
arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini
bildirən Prezident Karolos Papulyas Azərbaycanın təbii
qazının Yunanıstan vasitəsilə Avropaya
çatdırılmasını mümkün edəcək TAP
təbii qaz boru kəmərinin əhəmiyyətindən
danışdı. Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin Yunanıstanın DESFA şirkətinin səhmlərinin
əsas hissəsini almasını müsbət hal kimi dəyərləndirən
Yunanıstan dövlətinin başçısı dedi:
- Bu
gün biz ölkələrimiz arasında ikitərəfli
münasibətlərin genişləndirilməsinə yeni
imkanlar açan üç sənədi imzaladıq:
Yunanıstan ilə Azərbaycan arasında Avropa
İttifaqı məsələləri haqqında memorandum, kənd
təsərrüfatı sahəsində əməkdaşlıq
haqqında saziş və gənclər sahəsində əməkdaşlıq
memorandumu.
Biz,
eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan
arasındakı münasibətləri nəzərdən keçirdik.
Bu münasibətlər Avropa İttifaqının qonşuluq
siyasətinin hissəsidir. Biz bu kimi məsələlərə
Avropa İttifaqının Şurasında sədrliyimiz
zamanı xüsusi diqqət yetirdik. Son altı ay ərzində
bu qəbildən məsələləri fəal şəkildə
təşviq etdik.
Prezident
Karolos Papulyas Kipr məsələsi ilə bağlı
aparılan danışıqların mühüm mərhələyə
daxil olduğunu vurğuladı. Yunanıstan dövlətinin
başçısı bəyanatını bu sözlərlə
bitirdi:
-
Yekun olaraq Azərbaycan Prezidentinə olduqca məhsuldar və əhatəli
danışıqların aparıldığına görə
təşəkkürümü bildirirəm və Sizə
Yunanıstanda xoş səfər arzulayıram.
Azərbaycan.-2014.- 18 iyun.- S.2-3.