Azərbaycan və
Yunanıstan prezidentləri
mətbuata bəyanatlarla
çıxış etmişlər
Azərbaycan Prezidenti İlham
Əliyev Yunanıstana dövlət səfəri
Azərbaycan Prezidenti İlham
Əliyevin
bəyanatı
-
Çox təşəkkür edirəm, hörmətli cənab
Prezident.
İlk
növbədə, dəvətə, mənə və
nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə öz minnətdarlığımı
bildirirəm.
Bu, mənim
Yunanıstana ikinci rəsmi səfərimdir. Prezident Papulyas da
üç il bundan əvvəl Azərbaycana rəsmi səfər
etmişdir. Bu səfərlər onu göstərir ki,
Yunanıstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir
və əminəm, mənim səfərim bu əlaqələrə
yeni təkan verəcəkdir.
Prezident
Papulyas qeyd etdiyi kimi, bizim siyasi əlaqələrimiz gündən-günə
güclənir və əminəm ki, gələcəkdə
daha da güclənəcəkdir. Biz beynəlxalq təşkilatlar
çərçivəsində uğurlu əməkdaşlıq
edirik. Xüsusilə Avropa Şurasında bizim nümayəndə
heyətlərimiz çox fəal əməkdaşlıq
münasibətləri qurmuşlar. Keçən ay Azərbaycan
Avropa Şurasında sədrliyi öz üzərinə
götürmüşdür və ilin sonuna qədər bu sədrliyi
davam etdirəcəkdir. Yunanıstan isə Avropa
İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa
İttifaqı münasibətlərinin inkişafına
çox böyük töhfə vermişdir. Avropa
İttifaqı-Azərbaycan əlaqələri çox
yüksək səviyyədədir, strateji xarakter
alıbdır. İki gün bundan əvvəl Avropa
Komissiyasının sədri cənab Barrozunun Azərbaycana
uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini
bir daha təsdiq etmişdir.
Biz
Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini
də geniş şəkildə müzakirə etdik. Regional təhlükəsizlik
üçün ən böyük təhdid Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll
olunmamasıdır. İyirmi ildən çoxdur ki, Ermənistan
Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınmış ərazilərinin 20 faizini işğal
altında saxlayır. Münaqişənin tezliklə həlli
bölgəyə sülh, əməkdaşlıq gətirəcəkdir.
BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə
bağlı dörd qətnamə qəbul etmişdir ki, orada
erməni silahlı qüvvələrinin işğal
edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxarılması nəzərdə tutulur. Ümid
edirəm ki, bu münaqişənin həlli yaxın zamanlarda
mümkün olacaq və beləliklə, dediyim kimi, bölgədə
əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.
Əlaqələrimizin
mühüm hissəsi enerji təhlükəsizliyi ilə
bağlıdır. Burada Yunanıstan-Azərbaycan əlaqələri
strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki
enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki
ölkə arasındakı dostluq əlaqələrini daha da
yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın
təşəbbüsü ilə icra edilən “Şahdəniz”,
TANAP və TAP hazırda Avropanın ən böyük
infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində
bundan sonra onilliklər ərzində Azərbaycan Avropa
bazarına öz təbii qazını ixrac edəcəkdir.
Bu
gün, eyni zamanda, qarşılıqlı investisiya
qoyuluşu məsələləri də müzakirə edildi,
mədəniyyət sahəsində əməkdaşlıq
haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə,
bizim əlaqələrimiz çox geniş xarakter
daşıyır və əminəm ki, gələcəkdə
daha da sürətlə inkişaf edəcəkdir.
Cənab
Prezident, qonaqpərvərliyə görə Sizə bir daha
minnətdarlığımı bildirmək istəyirəm.
Əminəm ki, səfərin nəticələri iki ölkəni
bir-birinə daha da yaxın edəcəkdir. Sağ olun.
Azərbaycan.-2014.- 18 iyun.- S.3.