Xaosdan sabitliyə, güclü dövlətə
və tərəqqiyə
XX əsrdə
Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirən
və millətimizin tərcümeyi-halında daim yaşayacaq
bir sıra tarixi günlər mövcud olub: 1918-ci il may
ayının 28-i, 1990-cı il noyabrın 17-də
Naxçıvan şəhərində ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar
Respublikasının Ali Məclisində üçrəngli
dövlət bayrağımızın rəsmi olaraq qəbul
edilməsi, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin
bərpa edilməsi və 1993-cü ilin 15 iyunu...
1993-cü
ilin 15 iyun tarixindən 21 il keçir. 1997-ci ilin iyun ayından milli qurtuluş bayramı
elan edilən bu günün mahiyyətini dərk etmək və
müvafiq nəticələr çıxararaq ibrət almaq
müstəqil dövlətimizin bugünü, gələcək
inkişaf perspektivlərini müəyyənləşdirmək
baxımından vacibdir. Bunun
üçün ilk növbədə 15 iyunadək olan
müstəqillik illərindəki ictimai-siyasi şəraitə
və ondan sonrakı dövrə nəzər yetirmək zəruridir.
Elə isə 15 iyunadək Azərbaycanda daxili
ictimai-siyasi şərait və ölkənin xarici siyasəti
necə idi?
15 iyunadək
olan şəraitə baxış
1991-ci il
oktyabtın 18-də dövlət müstəqilliyi bərpa
edilən Azərbaycan Respublikasına qarşı bir tərəfdən
Ermənistanın əsassız ərazi iddiaları ilə bir
neçə il əvvəl başladığı hərbi təcavüz
davam edir, bu respublikada tarixi torpaqlarında yaşayan azərbaycanlılar
qovularaq qaçqına çevrilir, təcavüzün
gedişində ərazilərimiz bir-birinin ardınca
işğal edilir, tarixi mənsubiyyətini itirmək
üçün yaşayış məntəqələri
yandırılır, əhali məcburi köçkün
edilir, digər tərəfdən isə hakimiyyət
uğrunda müxtəlif qruplaşmalar arasında amansız
mübarizə gedirdi.
1992-ci
ilin may ayında Azərbaycan Xalq Cəbhəsi silahlı yolla
hakimiyyəti devirdi. Ölkədə
AXC-Müsavat iqtidarı quruldu. Lakin yeni
hakimiyyət Azərbaycanın problemlərini nəinki həll
edə bilmədi, əksinə, onları daha da dərinləşdirdi.
İdarəçilikdə səriştəsizlik,
problemləri yanlış qoyma və həllinə primitiv, məhdud
yanaşma, idarəçilik bacarığının
olmaması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə
qanadları arasında qarşıdurma ölkəni böhrana
gətirib çıxardı. Dövlət
müstəqilliyinin bərpasında ötən müddət ərzində
bir neçə dəfə hökumət dəyişmişdi.
Yürütdüyü siyasətlə xalqdan
ayrı düşmüş hakimiyyət ona bəslənən
ümidləri doğrulda bilmirdi. Cəbhədəki
uğursuzluqlar bir-birinin ardınca gəlirdi. Hakimiyyət mövcud problemləri həll etmək
iqtidarında deyildi. Ölkənin
şimalında və cənubunda xaricdən
qızışdırılan separatçılıq hərəkətləri
Azərbaycanı didib-parçalayır, milləti və
ölkəni dağıdan, dövlətin
varlığını təhdid edən qondarma qurumlar
yaradılırdı. Tarixən tək millət
olmuş Azərbaycan dağılırdı. Bu
azmış kimi, 1993-cü il iyunun 4-də
Gəncədə polkovnik Surət Hüseynovun rəhbərliyi
altında hərbi qiyam baş verdi. Hərbçilər
Bakıya doğru yürüş etdilər. Azərbaycan öz tarixində o zamanadək
görünməmiş bir faciənin - qardaşın
bir-birinin qanının tökülməsi, vətəndaş
müharibəsi ərəfəsində idi. Bəlkə də Azərbaycan tarixində millət
və cəmiyyət heç bir zaman bu qədər qütbləşməmişdi.
Hissiyyatlara əsaslanan xarici siyasət
yürüdülürdü. Beynəlxalq aləmdə
Azərbaycanın səsi eşidilmirdi. Təşkilati,
dövlət idarəçilik bacarığına və
qabiliyyətinə malik olmayan, xalqın dəstəyini
itirmiş hakimiyyət beynəlxalq aləmdə ölkəni
təcridçiliyə gətirmişdi. Diplomatiya
dostlar əvəzinə daha çox düşmənlər
qazandırırdı. Qonşularla
münasibətlər gərgin idi. Ölkənin
maraqları etibarlı qoruna bilmirdi.
Azərbaycan dəhşətli bir vəziyyətə
düşmüşdü. Bu, Azərbaycanın
iqtisadi, siyasi, hərbi, mədəni, humanitar və psixoloji həyatını
tamamilə bürümüş ağır ümumi böhran
idi. Azərbaycan vətəndaşının
yaranmış şəraitdən çıxmağa, sabaha
ümidi yox idi! İnsanlar sual edirdilər: Azərbaycan
xalqının və dövlətinin taleyi necə olacaq? Azərbaycan öz tarixinin ağır günlərini
yaşayırdı. Müstəqil dövlət
sanki kağız üzərində, bəyanat xarakterli idi.
Bərpa edilmiş dövləti təmsil edən
hakimiyyət real olaraq hər hansı bir məsələni həll
etmək gücündə deyildi.
Xalq nicat yolu arayırdı. Belə şəraitdə
vəzifədə olanlar bir-birinin ardınca istefa verərək
məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini
"dondurdular", bəziləri isə qaçıb gizləndilər.
Bu, Azərbaycan dövlətçiliyi tarixində pis bir an
olub, gələcəkdə xatırlanası və müraciət
ediləsi deyil, utancverici bir tarix idi! Xalq bir suala cavab
axtarırdı: Nə etməli? Ölkəni ağır
şəraitdən kim və necə
çıxara bilər? Belə bir tarixi şəxsiyyət,
lider varmı?
Çoxlu mürəkkəb suallar qarşısında
qalan və xilaskar axtarışında olan Azərbaycan
xalqının nəzərləri uzun illər boyu
yaxşı tanıdığı, dövlət idarəçilik
bacarığına və liderlik keyfiyyətinə
inandığı Heydər Əliyevə yönəldi və
ümidlə ona üz tutdu. Xalqın inamına görə,
yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv
olmaqdan, ölkəni parçalanmaqdan, dağılmaqdan xilas
edə, xalqı mənəvi-psoxoloji böhrandan
çıxara, Ermənistanın davam edən
işğalını dayandıra, ölkəni fəlakətə
salmış xarici siyasət fəaliyyətini yeni əsaslar
üzərində qura bilərdi. Xalqın təkidli
tələbləri qarşısında çarəsiz qalan Azərbaycan
rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Heydər Əliyevi Bakıya dəvət etməyə
məcbur oldu.
Taleyin
hökmü idi: əgər sovet sistemi mövcud olduğu bir
şəraitdə ölkəmizin ərazisində ilk dəfə
olaraq məhz Heydər Əliyevin rəhbərliyi altında
Naxçıvan Muxtar Respublikasının Ali Məclisində
hələ bərpa edilməmiş müstəqil dövlətimizin
atributları olan üçrəngli bayrağımız,
gerbimiz və himnimiz rəsmi olaraq qəbul edilib Bakıya təklif
edilmişdisə, bərpa edildikdən bir neçə il sonra
Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi
qarşısında qaldıqda onu xilas edən
Naxçıvanda doğulan, Sovet Azərbaycanının və
dünyanın görkəmli siyasi və dövlət xadimlərindən
biri Heydər Əliyev oldu. Bu, taleyin verdiyi
ağır, lakin əbədiyaşar və müqəddəs
bir milli vəzifə idi.
Qurtuluş
naminə dönüş
Bu zaman Bakıda hələ heç bir vəzifə
tutmayan, millətin inam yeri olaraq milli liderlik missiyası
daşıyan Heydər Əliyev təcili olaraq qiyamın
baş verdiyi Gəncəyə getdi. Əhali ilə görüşərək
şəraitlə yerində tanış
oldu. Bakıya qayıtdı. Ağır bir şəraitdə iyunun 15-də Azərbaycan
parlamentinin sədri seçildi.
Məlum olduğu kimi, tarix boyu bəzi dövlət
adamları ikinci dəfə hakimiyyətə
qayıtmışlar. Vaxtilə görkəmli siyasi və
dövlət xadimləri olan Böyük Britaniyada Uinston
Çörçill, Fransada Şarl de Qoll seçkilər
yolu ilə ikinci dəfə hakimiyyət kreslosunda
oturmuşlar. Lakin Heydər Əliyevin
Bakıya gəlişi onlara qətiyyən bənzəmirdi.
Bu qayıdış sadəcə parlament sədri
vəzifəsini tutmaq demək deyildi. Bu, fərqli bir
dönüş idi! Bu, Azərbaycan xalqı və dövlətinin
xilası, gələcək inkişafını müəyyənləşdirmək
üçün olan əzablarla dolu ağır bir
dönüş idi!
Heydər
Əliyevin qarşısında daxili siyasət sahəsində
xeyli mürəkkəb və ağır vəzifələri
həll etmək dururdu: ölkəni dağılmaqdan, xaricdən
dəstəklənən separatçılıqdan xilas etmək,
milli birliyi bərpa etmək, hakimiyyətin qanadları
arasında yekdillik yaratmaq; xalqla hakimiyyət arasında
uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş
dövlət orqanlarını işlək hala gətirmək,
dövlətin əlində olması gərəkərkən
silahları ələ keçirmiş, ölkədə
kriminogen şərait yaradan ayrı-ayrı dəstələri
tərksilah etmək, insanların sakit və təhlükəsiz
yaşayışını təmin etmək, ağır
sosial-iqtisadi şəraitdə yaşayan xalqı inkişafa
aparmaq və xalqının mənəvi-psixoloji ruhunu yüksəldərək
dövlətin gücünü yaratmaq üçün
etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin
qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq
və s.
Xarici siyasət sahəsində Heydər Əliyevin
qarşısında duran əsas vəzifələr dövlət
quruculuğu üçün əlverişli beynəlxalq
şəraiti təmin etmək, Ermənistanın təcavüzünü
dayandırmaq, ölkəni fəlakətə salmış
biristiqamətli, savadsız, Azərbaycan xalqı və
dövlətinə düşmənlər qazandıran xarici
siyasət xəttindən imtina etmək və s. idi. Coğrafi-siyasi mövqeyi, təbii
sərvətləri ilə yüzilliklər boyu imperiya siyasəti
təcrübəsi olan böyük dövlətlərin
sınaq meydanına, "qurdlar süfrəsi"nə
çevrilmiş Azərbaycanda bütün bunları bir
dövlət xadiminin həll etməsi xeyli mürəkkəb
və çətin bir iş idi. Yaranmış
şərait təcili, düzgün qərarların qəbul
edilməsini və qətiyyətlə həyata keçirilməsini
tələb edirdi.
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə
müstəqil Azərbaycan dövlətinin və
xalqının tarixində yeni bir dövr başladı. Bu, dövlətin
və dövlətçiliyin xilası və möhkəm əsaslarda
qurulması dövrü idi.
Dövlət
və dövlətçilik xilas edilir
Hakimiyyətə gəlməsi ilə Azərbaycan
dövlətini dağılmaqdan, vətəndaş müharibəsindən
xilas edən Heydər Əliyev indiki Azərbaycan dövlətinin
qurucusu və memarı oldu. O, Azərbaycanın eksperimentlər
ölkəsinə çevrilməsi praktikasına son qoydu. 1994-1995-ci illərdə baş verən dövlət
çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə
alındı. Birdəfəlik dərk
edildi ki, silah ayrı-ayrı qrupların və şəxslərin
deyil, dövlətin əlində olmalıdır.
Müasir milli dövlət quruldu. Dövlətin
və millətin inkişafı baxımından bir sıra
tarixi əhəmiyyət daşıyan məsələlər
həll edildi. Azərbaycan dövləti 1994-cü il may ayının əvvəlllərində
NATO-nun "Sülh naminə tərəfdaşlıq"
proqramına qatıldı. Həmin ayda Ermənistan
ilə Azərbaycan arasında atəşkəs elan edildi.
Heydər Əliyev Azərbaycan xalqının və
dövlətinin tərəqqisi və gələcəyi
üçün yeni bir möhtəşəm addım
atdı.
1994-cü
il sentyabrın 20-də dünyanın bir
sıra böyük ölkələrini təmsil edən
transmilli şirkətlərlə "Əsrin müqaviləsi"
imzalandı. Yeni neft strategiyası işlənib
hazırlandı və reallaşdırıldı. Heydər Əliyevin bilavasitə iradəsi nəticəsində
"Əsrin müqaviləsi" imzalanaraq həyata
keçirilməyə başladı. O, bir-biri ilə
didişən ölkələri Azərbaycanda əməkdaşlığa
dəvət etdi, onları ortaq məxrəcə gətirdi.
Ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycan özündən
qat-qat böyük olan dövlətləri bir araya gətirdi.
Soruşulur: ərazisi və əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın
dünya siyasətində rolunu artıran, mövqelərini
gücləndirən, dünyanın cazibə mərkəzinə
çevirən amillər hansılar idi? Heç şübhəsiz
bu sualın konkret cavabı var: Heydər Əliyevin təkcə
daxili siyasət məsələlərini, xalqın
psixologiyasını deyil, dünya işlərini mükəmməl
bilməsi, zəkası, uzaqgörənliyi, müdrikliyi,
biliyi, bacarığı, qətiyyəti! Bu, Heydər
Əliyevin Azərbaycan xalqı qarşısında nadir xidmətlərindən
biri idi!
Heydər Əliyevin qətiyyəti özünü
"Əsrin müqaviləsi" imzalandıqdan sonra baş
verən dövlət çevirlişi cəhdlərinin
qarşısının alınmasında aydın şəkildə
göstərdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart
aylarında baş verən dövlət çevrilişi cəhdləri
məhz Heydər Əliyevin yenilməz qətiyyəti, siyasi
bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə
etdi. Bu çevrilişlərin
qarşısının alınmasının Azərbaycan
üçün tarixi və ibrətamiz bir tərəfi oldu.
Heydər Əliyev göstərdi ki, Azərbaycan
dövlət çevrilişləri üçün sınaq
meydanı deyildir, Azərbaycanda güclü dövlət
vardır. Bununla da silahlı yolla hakimiyyətə
gəlmək kimi acı təcrübəyə son qoyuldu.
Çevrilişlərin qarşısının
alınması digər bir mühüm məsələnin həllinə
kömək etdi. Məlum olduğu kimi, Azərbaycanda
sabitlik və sabaha ümidlər olmadığından xarici
ölkələr və donor təşkilatlar Azərbaycana
borc vermirdilər. Dövlət büdcəsində
isə vəsait yox idi. Dövlət
çevrilişlərinin qarşısı alındıqdan
sonra Azərbaycana investisiya axını başladı.
Yeni neft strategiyası ölkənin inkişafı,
güclü dövlət qurulması, Azərbaycan
xalqının daha yaxşı yaşayışını təmin
etmək üçün açar oldu. "Əsrin
müqaviləsi" Azərbaycanın bütün gələcək
inkişafına ciddi təsir edən, ölkənin tərəqqisinin
və müasirləşməsinin, vətəndaşın
rifah halının yaxşılaşdırılmasına
yönəlik siyasətin başlıca amillərindən biri
oldu.
1995-ci il noyabrın 12-də ümumi seçkilər
yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul
edildi və müstəqil Azərbaycan Respublikası parlamentinə
seçkilər keçirildi. Dünyanın ən
demokratik konstitusiyalaırndan biri olan ana qanunumuzda insan hüquq
və azadlıqları ilə bağlı müddəalarla
yanaşı, Azərbaycan xalqı və dövlətinin gələcəyi
ilə bağlı olan fundamental məsələlər təsbit
edildi. Xəzər dənizinin hüquqi
statusunun müəyyənləşdirilməsi üstündə
gedən mübahisələr dövründə ədalətə
və artıq mövcud olan praktikaya dayanaraq Xəzərin Azərbaycan
sektorunun ölkə ərazisi olmasının təsbit edilməsi
və ölkə ərazisinin yalnız ümumxalq referendumu
yolu ilə dəyişdirilməsinin mümkün olması Ermənistanın
təcavüzünün davam etdiyi bir şəraitdə tarixi
əhəmiyyət daşıyan bir addım idi. Bununla müstəqil Azərbaycan dövlətinin ilk
Konstitusiyasının memarı olan Heydər Əliyev müstəqil
Azərbaycan Respublikası dövlətinin gələcəyini
müəyyənləşdirən bir dövlət xadimi oldu.
İlk dəfə olaraq Milli Məclisə seçkilərin
keçirilməsi ilə yaxın tarixi keçmişin
acı təcrübəsi artıq tarixin arxivinə verildi. Parlament
çevrilişlər və dövlət əleyhinə
yönələn fəaliyyətləri müdafiə edən
deyil, müstəqil dövlət quruculuğunda xüsusi yeri
olan bir orqana çevrilmiş oldu.
Milli iqtisadiyyatın yenidən, azad bazar
iqtisadiyyatının tələblərinə uyğun
qurulması üçün addımlar atıldı. İqtisadiyatda
liberallaşma genişləndi.İslahatlara
başlanıldı. Özəlləşdirilmə
həyata keçirildi. Azad bazar
iqtisadiyyatına keçildi.
Sabitlik bərqərar
edildikdən sonra ölkədə vətəndaş cəmiyyətinə
keçid baş verdi. Ölkənin
demokratikləşdirilməsi istiqamətində islahatlar
aparıldı. Çoxpartiyalı sistemin əsasları
möhkəmləndirildi. Vətəndaş
cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində
ciddi tədbirlər həyata keçirildi. Ölkədə ölüm hökmü ləğv
edildi.
Azərbaycanın hərb sistemi quruldu. Ölkəni
xarici təcavüzdən qorumağa qadir olan güclü ordu
formalaşdırıldı. Ən
başlıcası, Azərbaycanda təməlləri möhkəm
olan, güclü dövlətçilik ənənəsinin, dərin
dövlətin əsası qoyuldu.
Heydər Əliyev milli ideyaları milli ideologiya olaraq
sistemləşdirdi və formalaşdırdı. O, bütün ölkə vətəndaşlarını
birləşdirən azərbaycançılıq
ideologiyasının əsaslarını işləyib
hazırlayaraq həyata keçirdi, etnik millətçiliyə
dayanan yanaşmadan imtina edərək, bütün vətəndaşların
şəxsiyyət vərəqəsində "Azərbaycan
Respublikasının vətəndaşı"
yazmağın təşəbbüskarı və onu
reallaşdıran dövlət xadimi olaraq, siyasi milliyyətçiliyə,
dövlət-millət anlayışına keçidin banisi
oldu. Bu, Azərbaycan tarixində görünməmiş
bir fəaliyyət və bir ilk idi.
Heydər
Əliyevin rəhbərliyi və yürütdüyü siyasət
nəticəsində Azərbaycanın müstəqillik
tarixində ilk dəfə sabitsizlikdən, anarxiyadan sabitliyə,
qarışıqlıqdan demokratiyaya, ağır həyat
şəratindən firavan bir yaşayışa keçid
baş verdi. Azərbaycan
xalqının sabaha və özünə inamı artdı.
Azərbaycan mədəniyyətinin inkişafı
üçün yeni imkanlar yaradıldı. Dünya
ölkələri ilə mədəniyyət sahəsində əlaqələr
genişləndi.
Azərbaycan Prezidenti tariximizdə ilk dəfə olaraq
xaricdə yaşayan həmvətənlərlə işin
qurulması və reallaşdırılması
üçün dövlət komitəsi yaratdı. Xaricdə
yaşayan soydaşlarımızla əlaqələr genişləndirildi.
Azərbaycan Respublikası dövləti
onların qürur mənbəyi oldu.
Dövlətin beynəlxalq əlaqələri və
xarici siyasəti sahəsində mühüm addımlar
atıldı.
Xarici siyasət yenidən quruldu. Heydər Əliyev Azərbaycan Respublikası dövlətinin
xarici siyasət strategiyasını müəyyənləşdirdi
və reallaşdırmağa başladı. Azərbaycan dövləti
tarazlaşdırılmış xarici siyasət xətti
yürütməyə başladı. Azərbaycanın
strateji müttəfiqləri, strateji tərəfdaşları,
ortaqları, qonşuları dəqiqləşdirildi.
Müxtəlif neft boru kəmərləri işə
salındı və ya təməli atıldı. Azərbaycanın
xarici ölkələrdən enerji
asılılığına son verildi.
Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin
əsası qoyuldu. Bu boru kəmərləri
layihələri təkcə iqtisadi deyil, eyni zamanda Azərbaycan
dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirən,
müstəqilliyi gücləndirən, xalqın maddi rifah
halının və mənəvi-psixoloji ruhunun yüksəlməsinə
kömək edən layihələr oldu.
Heydər Əliyevin səyləri ilə Böyük
İpək yolunun bərpası həyata keçirildi. Şərqlə
Qərbi birləşdirən, təkcə iqtisadi-ticarət
deyil, eyni zamanda böyük siyasi və strateji əhəmiyyət
daşıyan TRASEKA proqramı reallaşdırıldı.
Azərbaycan dünya ölkələrinin ticarətini
əlaqələndirən qovşaq bir ölkə oldu. Azərbaycanı dünyanın mərkəzlərindən
birinə çevirəcək Bakı-Tbilisi-Qars dəmir
yolunun layihəsi ideyası və onun həyata keçirilməsi
üçün hazırlıqlara başlanılması da
müstəsna tarixi əhəmiyyət daşıyan hadisə
idi.
Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi. Avropa ilə
Asiyanın qovşağında yerləşən Azərbaycanın
əhəmiyyəti artdı, Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa
başladı.
Problemlər
necə həll edildi
Azərbaycan dövlətinin dağılmasının və
ölkənin məhv olmasının qarşısını
Heydər Əliyev topsuz-tüfəngsiz, qan tökmədən,
böyük uzaqgörənliklə, müdrikcəsinə,
xalqa arxalanaraq həll etdi. Xalq isə ona etibar
etdi və inandı. Problemlərin həllində
Heydər Əliyev şəxsiyyəti və liderlik keyfiyyəti
müstəsna rol oynadı.
Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda
dövlət möhkəmləndirildi, ölkə müasirləşmə
üçün hazırlandı. Yaxın illərin təcrübəsi
sübut edir ki, yeni yaranan müstəqil dövlətlərdə
hələ dərin ənənələr
formalaşmadığından mürəkkəb məqamlarda
problemlər yaranır. Ona görə də
həmin ölkələrdə dövlət rəhbərinin
şəxsiyyəti və bacarığı müstəsna
aparıcı amillərdən biridir. Bu
baxımdan görkəmli dövlət və siyasət
adamı İlham Əliyevin 2003-cü ildə Azərbaycan
Respublikasının Prezidenti seçilməsi dövlətin və
xalqının şansı oldu. Nə
üçün?
Ənənə
davam edir: Azərbaycan xalqı və dövlətinin
şansı
Seçicilərin böyük əksəriyyətinin səsi
nəticəsində İlham Əliyevin Prezident seçilməsi
ilə Azərbaycan dövlətçiliyi və
xalqının tarixində yeni bir keyfiyyət mərhələsi
başladı.
2003-2013-cü illərdə o zamanadək olan
tariximizdə görünməmiş bir sıra ilklərə
imza atıldı. Ölkədə iqtisadi yüksəliş
baş verdi. Azərbaycan rəqabətədavamlı
bir ölkə oldu. Yeni iş yerləri
açıldı. Xalqın həyat şəraiti
yaxşılaşdı. Azərbaycanın
müasirləşməsinə və onun tərkib hissəsi
kimi modernləşməsinə başlandı. Ölkədə yeni texnologiyalar tətbiq edildi.
Hərbi-sənaye kompleksi yaradıldı. Azərbaycan beynəlxalq silah satış sərgi-yarmarkalarının
iştirakçısı oldu. Xalqın
özünəinamı artdı və milli ruhu yüksəldi.
Etnik və dini tolerantlığın hakim
olduğu Azərbaycan model bir ölkə halına gəldi.
Azərbaycan dövləti ərazisində hərbi
baza və obyekt saxlamayan bir ölkə oldu. Azərbaycan Prezidentinin planetar təfəkkürü
və yürütdüyü dəqiq siyasət sayəsində
ölkəmizin BMT Təhlükəsizlik Şurasına
üzv seçilməsi ilə tariximizdə qürurverici bir
ilk yaşandı. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik
Şurasının iclasına sədrlik etməsi, dünya
problemlərini gündəliyə gətirərək
mümkün həlli yollarını göstərməsi milli
tariximizin, diplomatiyamızın ən parlaq səhifələrindən
biri idi. Azərbaycan enerji, nəqliyyat və
informasiya təhlükəsizliyini təmin etdi. Kosmos klubunun üzvü olmaqla tariximizə yeni bir ilk
yazıldı.
İbrət dərsləri
15 iyunadək və ondan sonrakı tarixdən ibrət alınası bir çox şeylər vardır. Hər şeydən əvvəl, xalq öz taleyini və onu idarə edən hakimiyyət sükanını heç bir zaman naşı, populist adamlara, millət-dövlət maraqlarını düzgün müəyyənləşdirə bilməyən şəxslərə etibar etməməlidir. Sabitlik güclü dövlətin, tərəqqinin, rifahın və demokratiyanın təməllərindən biridir. Xalq əgər bunları istəyirsə, - heç şübhəsiz istəyir, - onda heç bir zaman anarxiyaya yol verməməlidir. Demokratiyanı bərqərar etmək üçün ilk növbədə dövlət olmalıdır. Zəif dövlət olan yerdə demokratik cəmiyyət qurmaq olmaz. Anarxiya, xaos və başıpozuqluq demokratiya ilə ziddiyyət təşkil edir. Hakimiyyətlə xalq arasında sıx birlik, hakimiyyətin qanadları arasında faydalı əməkdaşlıq daim qorunmalıdır. Fikir müxtəlifliyinin və ziddiyyətlərin mövcud olması demokratik cəmiyyətlərə xas bir əlamət olduğundan onlar qarşıdurmalara, toqquşmalara gətirməməli, ideyaların hansının daha çox fayda verməsi əsas götürülərək həll edilməsi ölkəni irəli aparar.
Bundan sonra yüzillər keçəcək, Azərbaycan xalqı və dövləti mövcud olduqca, dövlətimizi güclü və qüdrətli etmək istəyən, qarşıya çıxan problemləri həll etməyə çalışan rəhbərlər daim Heydər Əliyevin milli dövlətçilik və siyasi milliyyətçilik irsinə müraciət edəcəklər. Beləliklə, Azərbaycan xalqı və dövləti durduqca Heydər Əliyev də yaşayacaq, milli dövlətçilik haqqında nəzəri irsi və praktik təcrübəsi daim canlı olacaq.
Musa QASIMLI,
Milli Məclisin deputatı, tarix elmləri
doktoru, professor
Azərbaycan.-2014.-
18 iyun.- S.8.