Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar

mövzusunda 86-cı Rouz-Rout seminarı keçirilir

 

İyunun 16-da Bakıda Azərbaycan Respublikası Milli Məclisinin və NATO Parlament Assambleyasının (PA) təşkilatçılığı ilə “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı işə başlamışdır.

AzərTAc xəbər verir ki, Milli Məclis sədrinin müavini, NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun moderatorluğu ilə keçirilən açılış sessiyasında giriş nitqi ilə çıxış edən Azərbaycan parlamentinin sədri Oqtay Əsədov seminarın işinə uğurlar arzulamışdır. O, əminliklə bildirmişdir ki, seminarda aparılacaq fikir mübadiləsi və müəyyən ediləcək yanaşmalar Cənubi Qafqaz bölgəsində sabitliyin və təhlükəsizliyin təmin olunması problemlərinin həllinə öz töhfəsini verəcəkdir.

Milli Məclisin sədri demişdir: “Bakıda üçüncü dəfə keçirilən Rouz-Rout seminarı əlamətdar bir vaxta təsadüf edir. Bu yaxınlarda “Sülh naminə tərəfdaşlıq” Proqramının və Azərbaycanın bu proqrama qoşulmasının 20-ci ildönümü tamam olmuşdur. Prezident İlham Əliyevin dediyi kimi, “Sülh naminə tərəfdaşlıq” Proqramına 20 il üzvlük müddəti ərzində Azərbaycan ilə NATO-nun münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir”.

Bildirilmişdir ki, Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, təhlükəsizlik təhdidlərinə qarşı mübarizə, təhlükəsizlik və müdafiə islahatları ilə bağlı məsələlərdə praktik əməkdaşlıqdan ibarətdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov qeyd etmişdir ki, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, 1 milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırışlar edərək, ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir.

NATO PA-nın prezidenti Hu Beylin çıxış edərək demişdir ki, 86-cı dəfə keçirilən bu seminar regionda təhlükəsizliyin təmin edilməsi istiqamətində parlament nümayəndələrinin dialoqunun təşkili baxımından çox önəmlidir. Azərbaycan strateji baxımdan çox mürəkkəb bir regionda yerləşir. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionun ən aktual məsələlərindən biridir. Təbii ki, münaqişənin sülh yolu ilə həlli, qarşılıqlı anlaşma və etimadın yaradılması vacib şərtlərdən biridir. Bu istiqamətdə NATO öz səylərini əsirgəməyəcəkdir.

O, Azərbaycanın NATO-nunSülh naminə tərəfdaşlıq” Proqramındakı fəal iştirakını yüksək qiymətləndirmişdir.

Sonra çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer seminarın əhəmiyyətindən danışmışdır. Səfir seminarın Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

 

Azərbaycan.-2014.- 18 iyun.- S.9.