NATO PA-nın “Cənubi Qafqaz:
Çağırışlar və imkanlar”
mövzusunda 86-cı Rouz-Rout
seminarı müxtəlif mövzularda sessiyalarla davam etmişdir
Bakıda
NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz:
Çağırışlar və imkanlar” mövzusunda
86-cı Rouz-Rout seminarı iyunun 17-də işini müxtəlif
mövzularda sessiyalarla davam etdirir.
AzərTAc xəbər verir ki, “Azərbaycanda təhlükəsizlik sektorunda islahatlar” mövzusunda keçirilən birinci sessiyada Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi strategiya və müdafiə planlaşdırılması idarəsinin rəisi, polkovnik Elman Səmədov çıxış edərək bildirmişdir ki, Sovet İttifaqı dağıldıqdan sonra bölgədə gərgin vəziyyət yaranmış və bu gərginlik Azərbaycandan da yan keçməmişdir. O demişdir ki, Azərbaycanda ötən illər ərzində müdafiə sahəsinin inkişafı istiqamətində bir sıra sənədlər, xüsusilə Milli Müdafiə Konsepsiyası qəbul edilmişdir. Bu sənədlərdə ölkənin müdafiəsi ilə bağlı əsas prioritetlər müəyyən olunmuşdur. Keçən il müdafiə sahəsində strategiyanın qəbul olunduğunu deyən E.Səmədov bildirmişdir ki, bu sənəd beynəlxalq hüquq normaları əsasında hazırlanmışdır. Sənəddə terrorizmə qarşı mübarizə nəzərdə tutulmuşdur. Strategiya dəniz və hava qüvvələri tərəfindən icra olunan əsas sənəddir. Bu sənəd ölkənin müdafiə sahəsinin daha da inkişaf etdirilməsinə yönəlmişdir.
E.Səmədov qeyd etmişdir ki, regionda ən böyük hərbi qüvvəyə malik Azərbaycan NATO-nun üzvü olan bir sıra ölkələrin təcrübəsini öyrənmişdir və bu proses davam edir. Ölkədə müdafiə sahəsində islahatlar NATO standartlarına uyğun həyata keçirilir. Bu tədbirlər zamanı həm də vacib proseslərə start verilmiş, xüsusilə də korrupsiyaya qarşı mübarizə sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur.
Bolqarıstan Elmlər Akademiyasının Təhlükəsizlik və Müdafiə İdarəçiliyi Mərkəzinin rəhbəri, keçmiş müdafiə naziri Todor Taqayev “Müdafiə idarəçiliyi sahəsində islahatlar və bütövlüyün qurulması” mövzusunda çıxış etmişdir. O bildirmişdir ki, hazırda regionda əsas məsələ Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. Hər iki ölkə NATO-nun müdafiə sahəsində dəstəyini almışdır. Todor Taqayev vurğulamışdır ki, Silahlı Qüvvələrdə islahatlar davamlı olmalıdır. Əks halda bu, gələcəkdə həmin qüvvələrin vəzifələrini normal yerinə yetirməsinə mane olacaqdır. Todor Taqayev müdafiə sektorunda dürüstlüyün təmin olunmasının vacibliyinə toxunmuşdur.
Sessiya işini müzakirələrlə davam etdirmişdir.
NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin baş məruzəçisi Yulio Miranda Kalhanın moderatorluğu ilə keçirilmiş “Krım böhranı: Cənubi Qafqaz üçün nəticələri” mövzusunda sessiyada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” və Rusiya məsələləri üzrə tədqiqat proqramının direktoru Arkadi Moşez Ukraynada baş verən prosesləri təhlil etmiş və bu hadisələrin digər ölkələrə təsirindən danışmışdır.
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov Ukraynada baş verən hadisələrin regiona təsiri haqqında məlumat vermişdir. O, bildirmişdir ki, bu böhran Ermənistanın Avropaya inteqrasiya prosesini dayandırmışdır. Bu hadisə zamanı da biz Azərbaycana qarşı ikili standartlarla yanaşmanın bir daha şahidi olduq.
Avropa Siyasəti Məsələləri Mərkəzinin nümayəndəsi, siyasi təhlilçi Amanda Paul Ukraynada baş verən proseslərin yaratdığı siyasi nəticələrdən danışmışdır. O, çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasındakı uğurlu əməkdaşlığı xüsusi qeyd etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Amanda Paul bu münaqişədən bəzi qüvvələrin regionda vasitə kimi istifadə etdiyini bildirmişdir. O vurğulamışdır ki, Cənubi Qafqazla bağlı vahid strategiya olmalıdır.
“Gürcüstanın Avratlantik yolu: Perspektivlər və qalan çağırışlar” mövzusunda sessiya NATO PA-nın Alyansın tərəfdaşları alt komitəsinin məruzəçisi Pasa Yukneviçenenin moderatorluğu ilə keçirilmişdir.
Sessiyada Avropa və Avratlantik İnteqrasiya üzrə dövlət nazirinin birinci müavini David Dondua Gürcüstan-Rusiya münasibətlərindən danışmışdır.
Gürcüstan İnstitutunun ictimai məsələlər məktəbinin hüquq və siyasət fakültəsinin nümayəndəsi Tornike Şaraşenidze Gürcüstanın NATO standartları çərçivəsində gördüyü işlər barədə məlumat vermişdir.
“Enerji təhlükəsizliyi: Cənubi Qafqaz və Xəzər regionlarında yeni imkanlar” mövzusunda sessiya NATO PA-nın Aralıq dəniz və Yaxın Şərq Xüsusi Qrupunun sədr müavini Paolo Allinin moderatorluğu ilə keçirilmişdir. Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gülmirə Rzayeva Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışmışdır. O bildirmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır.
G.Rzayeva iştirakçılara “Cənub” qaz dəhlizi, Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) layihələri haqqında məlumat vermiş, Azərbaycan qazının Avropa bazarlarına nəqlində bu layihələrin əhəmiyyətini qeyd etmişdir. O vurğulamışdır ki, TANAP layihəsinin davamı olaraq, Azərbaycandan ixrac olunan qazın Avropaya nəqli istiqamətində bir sıra yollar təklif olunsa da, nəticədə 2013-cü ildə “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik qaz kəməri layihəsini seçmişdir. Eyni zamanda, Azərbaycanın gələcəkdə nəzərdə tutulmuş enerji layihələri barədə məlumat verilmişdir.
Enerji məsələləri üzrə baş təhlilçi Xristov Van Aqt çıxışında Xəzər regionunun neft bazarına verdiyi töhfədən danışmışdır. O, qeyd etmişdir ki, çoxtərəfli əməkdaşlıq Xəzərin səciyyəvi xüsusiyyətidir.
Sessiyanın sonunda müzakirələr keçirilmişdir. Müzakirələrdə vurğulanmışdır ki, NATO boru kəmərlərinin təhlükəsizliyinin təminatında rol oynaya bilər. Çünki bu layihələrdən ən çox yararlanan da məhz NATO-ya üzv ölkələrdir. Vurğulanmışdır ki, Ermənistan da bu enerji layihələrində iştirak edə bilərdi. Lakin bu ölkənin işğalçı siyasəti Ermənistan tərəfini həmin layihələrdən yararlanmaqdan məhrum etmişdir.
NATO PA-nın 86-cı Rouz-Rout seminarı iyunun 18-də başa çatacaqdır.
Azərbaycan.-2014.-
18 iyun.- S.9.