Milli-mənəvi sərvətlərimiz
keçmişimizlə gələcəyimiz arasında körpüdür
Festivalın başlanmasına az qalırdı. Şimaldan gələn qara bulud göyün üzünü birdən-birə
bürüdü. Güclü yağış
yağmağa başladı.
Festival iştirakçıları
islanmalarına baxmayaraq,
öz milli musiqi və rəqsləri ilə Masallı Rayon İcra Hakimiyyətinin qarşısında
qurulmuş tribunanın
önündən keçdilər.
Rayon rəhbərliyi, Mədəniyyət və
Turizm Nazirliyinin məsul işçiləri,
Masallı rayonundan seçilən deputatlar, festivalın keçirilməsində
əməyi olan alimlər, xarici ölkələrdən olan
qonaqlar burada idilər.
Tədbirə gələnlər Heydər
Əliyev meydanından
keçərək şəhərin
mərkəzində yerləşən
Nizami Gəncəvi adına parka gəldilər. Rayon Mədəniyyət evi, habelə bir sıra ictimai binalar burada yerləşir. Parkda Masallının
tarixini, adət-ənənəsini
əks etdirən müxtəlif sənət
nümunələri nümayiş
etdirilirdi.
Günortadan sonra yağış dayanmış, Günəş
öz zərrin şüalarını ətrafa
səpələmişdi. Bu isə hər bir Masallı əhlində, folklor tədbiri iştirakçısında
xoş ovqat yaradırdı. Şəhərin bayramsayağı bəzədilməsi
də indi aydın görünürdü.
Axşam folklor iştirakçıları
"Nağıl dünyası"
İstirahət Mərkəzində
toplaşdılar. Burada onlar bir nağıl dünyası
yaşadılar. Folklor
qruplarının rəhbərləri
çıxış edərək
belə bir tədbirdə iştirak etdiklərindən məmnun
olduqlarını, bunun
üçün Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinə, Masallı
Rayon İcra Hakimiyyətinə,
bu işdə əməyi keçənlərin
hamısına təşəkkürlərini
bildirdilər. Qardaş Türkiyənin
ölkəmizdəki səfirinin
müşaviri özü
ilə gətirdiyi hədiyyəni rayon icra hakimiyyətinin başçısına
təqdim etdi. Sonra gecə yarısına qədər xoş musiqilər, oynaq, hərarətli rəqs nömrələri bir-birini
əvəz etdi.
Ağcabədi rayonundan
gələn xanəndələrin
ifasında "Qarabağ
şikəstəsi" qanad
açaraq dağların
zirvəsinə ucaldı.
Elə burada xarici ölkələrdən
gələn festival qrupu
rəhbərlərinin bir
neçəsi ilə
görüşüb fikirlərini
öyrəndik.
Litvalı Raymandas MİKOLAYTİS: "Masallı gözəl təbiətə malikdir. Artıq ikinci gündür buradayıq. Göstərilən
mehribanlığa, qonaqpərvərliyə görə
deməyə söz tapa bilmirəm. Folklor festivalı əhəmiyyətinə
görə misilsizdir.
Müxtəlif xalqların
kollektivləri bir-birinin
keçmişi, adət-ənənəsi
ilə tanış
olmaqla bərabər, dostluq əlaqələri yaradırlar. Burada bir neçə nəfərlə tanış olmuşam.
Masallıya yenə gəlmək
arzusundayam".
Türkiyəli Semih CAMEL: "Qardaş
Azərbaycan torpağında
olmaqdan çox məmnunam. İlk dəfədir Masallıya
gəlmişəm. Çox yaxşı
yerdir. Təbiəti kimi, insanları
da gözəldir.
Folklor qrupumuzun tərkibində
17 sənətçi var. Dilimiz,
dinimiz kimi, folklorumuz da eyni qaynaqdan bəhrələnib. Altaydan
Azərbaycana, Anadoluya
kimi bir yol keçib gəlib. Bizim borcumuz onu yeni nəsillərə çatdırmaqdır. Bu baxımdan folklor festivalının əhəmiyyəti
çox böyükdür.
Bir sözlə, iftixar hissi keçirirəm.
Ona görə ki, Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlət olmaqla ən çətin və ən mutlu günlərdə
bir olmuşuq. Bu birlik indi daha böyük önəm kəsb edir. Çünki bizi istəməyənlər
də var. Qarabağ probleminin həlli üçün Türkiyə
həmişə Azərbaycanın
yanındadır".
Təbrizli Böyükbəy
ƏLƏKBƏROĞLU: "Üç
ildir ki, ard-arda Masallıda keçirilən folklor festivalında iştirak edirik. Bütün işlər yüksək
səviyyədə təşkil
olunub. Keçən illə müqayisədə
Masallı daha abad və gözəl
olub. Bunları gördükcə adamın ürəyi dağa dönür.
Vətənin o başı, bu
başı olmaz.
Masallı da, Təbriz
də qədim Azərbaycan torpaqlarıdır.
Folklor qrupumuza 15 nəfər daxildir. Hər il olduğu
kimi, bizi yenə böyük məhəbbətlə qarşılayıb
diqqət göstərirlər.
Buna görə Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinə, Masallı
Rayon İcra Hakimiyyətinə
öz dərin təşəkkürümüzü bildiririk".
Ertəsi günü Heydər Əliyev Mərkəzində
Masallı folkloru haqqında yazılmış
2 cildlik "Masallı
folkloru" kitabının
təqdimat mərasimi
keçirildi. Tədbiri açan Masallı
Rayon İcra Hakimiyyətinin
başçısı festivalın
keçmişlə gələcək
arasında mənəvi
körpü rolu oynadığından, bu zəngin xəzinənin gənc nəslə çatdırılmasının əhəmiyyətindən danışdı.
2 cildlik kitabın
müəllifi professor Fərahim
Sadıqov folklor toplusunun ərsəyə gəlməsində rolu olan rayon rəhbərliyinə,
məktəb kollektivlərinə
təşəkkürlərini bildirdi. Müzakirələrdə
çıxış edən
filologiya elmləri doktoru, professor Füzuli Bayat, Milli Məclisin
deputatı Elmira Axundova
və başqaları
da əsərin məziyyətlərindən danışdılar.
Folklor qrupları həmin gün rayonun Tüklə və Qızılağac kəndlərinə
gedərək əhali
qarşısında folklor
nümunələrindən ibarət maraqlı konsert verdilər.
Festivalın 3-cü günü Heydər Əliyev parkında final konserti oldu. Hər çıxış
tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı.
8 ölkədən gəlmiş 16 folklor kollektivinin hər biri diplom və
xatirə hədiyyələri
ilə mükafatlandırıldı.
Atəşfəşanlıq başladı. Kollektiv üzvləri növbəti il
keçiriləcək folklor
bayramında yenidən
bir araya gəlmək ümidi ilə görüşüb
ayrıldılar.
Seyran CAVADOV,
Azərbaycan.-2014.- 18 iyun.- S.13.