Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici

işlər naziri Sergey Lavrovu qəbul etmişdir

 

İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir.

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev xarici işlər naziri Sergey Lavrovun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı, Azərbaycan ilə Rusiyanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini söylədi. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə ötənilki səfərinin münasibətlərimizin inkişafına təkan verdiyini qeyd etdi, həmin səfər zamanı aparılan danışıqların və fikir mübadiləsinin əməkdaşlığımızın sonrakı inkişafı baxımından çox səmərəli olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz parlamentlər və nazirliklər səviyyəsində də səmərəli əməkdaşlıq edir. Humanitar və digər sahələrdə əməkdaşlıq da uğurludur. Prezident İlham Əliyev xalqlarımızın və ölkələrimizin rifahı naminə münasibətlərimizin bundan sonra da inkişafı üçün hər iki ölkənin səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

Xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Rusiya dövləti başçısının ölkəmizə ötənilki səfərini və səfər zamanı keçirilən görüşləri məmnunluqla xatırladığını dedi. S.Lavrov Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıması, iqtisadi, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsi barədə fikirləri ilə şərik olduqlarını bildirdi. Xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri çərçivəsində humanitar əməkdaşlıqla bağlı proqramın imzalandığını da xatırlatdı. O bildirdi ki, Azərbaycan ilə Rusiya regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir və xarici işlər nazirlərinin bugünkü görüşündə də bu barədə müzakirələr aparılmışdır. Sergey Lavrov bildirdi ki, müzakirələr zamanı Xəzəryanı ölkələrin qarşıdakı sammiti, həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin ötənilki görüşü, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə dair fikir mübadiləsi aparılmışdır. O, BMT, ATƏT və hazırda Azərbaycanın sədrlik etdiyi Avropa Şurasının Nazirlər Komitəsində ölkələrimizin qarşısında duran ümumi məsələləri də müzakirə etdiklərini dedi.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçkilərində Azərbaycanın namizədliyini dəstəklədiyinə görə bir daha Rusiya tərəfinə təşəkkürünü bildirdi və Azərbaycanın bu quruma sədrlik etdiyi dövrlərdə ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin ölkəmizin mövqeyi və prioritetlərini Avropa ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın bu quruma sədrliyi dövründə də ölkələrimiz arasında sıx əməkdaşlığın olacağına əminliyini bildirdi.

Dövlətimizin başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

Azərbaycan.-2014.- 19 iyun.- S.1.